Məhkəmə qərarları › İş №1(101)-227/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-227/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-227/2021 27.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslərin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, müdafiəçilər - Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx xxxx 2020ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində idarə etdiyi AC seriyalı 526054 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21725” markalı, “XETÇBEK” tipli ** OE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Güzdək-Puta yolunun Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindən keçən hissəsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin N metrliyində Puta qəsəbəsi istiqamətində 80-90 km\saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobilin idarə olunması zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə təhlükəsiz və dayanıqlı hərəkətinin təmin olunmalı, hərəkət zamanı sürücünün idarəetməni itirməsi ilə əlaqədar avtomobilin yoldan çıxması baş verməməli olduğu halda, bu qaydalara əməl etməyərək, avtomobilin idarəetməsini itirib, yolun hərəkət hissəsindən sol tərəfə çıxararaq aşırtmış və nəticədə, avtomobilin qabaq sərnişin oturcağında əyləşmiş Zərərçəkmiş şəxs1 və arxa sərnişin oturacağının orta hissəsində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan hadisə yerində ölmələrinə səbəb olan, Zərərçəkmiş şəxs1 - başın küt travması və kəllə sümüklərinin sınıqları nəticəsində baş beyinə qansızma, kəllə tağı sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, başın sağ təpə nahiyəsinin skalp olunmuş yarası, sağ qulaq sırğalığının və sağ əlin ovuc səthinin əzilmiş-cırılmış yaraları xəsarətlərindən ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini özündə əks etdirən xəsarətlər və Zərərçəkmiş şəxs2 isə - baş beyinə qansızma, baş beynin əzilməsi, kəllə sümüklərinin sınığı ilə deformasiyası, sağ bazunun orta 1/3-nin qapalı, yerini dəyişmiş sınığı xəsarətlərindən ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini özündə əks etdirən xəsarətlər yetirməklə hər iki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, istifadəsində olan **-OE- *** dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı, “Vaz 21725 modelli Xetçbek” tipli avtomaşını “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Baş vermiş avtoqəza nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun uzaq qohumlarıdır və onunla eyni qəsəbədə yaşamışlar. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs1 onlara gələrək, ona məxsus avtomobillə Güzdək qəsəbəsində işləyən qardaşı Zərərçəkmiş şəxs2 götürmək üçün həmin qəsəbəyə getməyi xahiş etmiş, o da, Asifi və Anarı tanıdığı üçün, həmçinin aralarında dostluq münasibətləri olduğu üçün razılaşmışdır. Onlar birlikdə özünün idarə etdiyi avtomobilə Güzdək qəsəbəsinə getmişlər. Orada Asifin işlədiyi yerin yaxınlığında avtomobili saxlayıb Anarla bir qədər söhbət etmiş, bir neçə dəqiqədən isə Asif də gəlmişdir. Anar avtomobilin qabaq sərnişin oturacağında, Asif isə arxa orta sərnişin oturacağında əyləşmiş və yola düşmüşlər. Yol ilə Puta qəsəbəsi istiqamətində hərəkətdə olarkən Anar və Asif öz aralarında söhbət etmiş, onun diqqəti isə avtomobilin idarə edilməsində olduğu üçün onların hansı mövzuda söhbət etdiklərini bilməmişdir. Həmin vaxt hava aydın, buludsuz, yağmursuz və işıqlı olmuş, saat 16 radələri olmuşdur. Yolla hərəkət edən zaman bir neçə yüz metrdən yolun sağında dayanmış markasını və əlamətlərini bilmədiyi yük avtomobilinin arxa hissəsini görmüşdür. Həmin avtomobil onun hərəkət hissəsinin sağında, yolun qırağında, daşlıqda hərəkətsiz vəziyyətdə dayanmış, buna görə də o, həmin sürətlə yoluna davam etmişdir. Yolun kənarında dayanmış həmin avtomaşına çatmağa 30-35 metr qalmış avtomobil qəflətən, sanki yerindən sıçramış kimi çəpinə onun hərəkət istiqamətinə yoluna girib anidən hərəkət zolağını tutmuş və həmin anda ayağını əyləcə basıb eyni hərəkətlə də sükanı sola çevirmiş, nəticədə idarə etdiyi avtomobil sola istiqamətlənmişdir. Bundan sonra özündən getdiyi üçün baş verənləri xatırlamamış və bir də gözünü xəstəxanada açmışdır. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Güzdək-Puta yolunda yerləşən hərbi hissənin təxminən N metrliyində baş verdiyini, qəzanın baş verməsinə boş ərazidə onun hərəkət istiqamətinin sağında yolun kənarında dayanmış dəqiq markasını bilmədiyi ərzaq daşıyan yük avtomobilinin qəflətən onun yoluna çıxması səbəb olduğunu, həmin maşına çatmağa təxminən 30- 35 metr qalmış qeyd etdiyi avtomobilin qəflətən onun hərəkət zolağına çıxdığını, hərəkət hissəsini tutduğu üçün həmin ərzaq avtomobili ilə toqquşmanın qarşısını almaq üçün dərhal ayağını sükana atıb eyni hərəkətlə də sükanı sola tərəf çevirdiyini, hadisə baş verən zaman Puta qəsəbəsi istiqamətində saatda 80-90 km\saat sürətlə hərəkət etdiyini, həmin avtomobilin onun hərəkət hissəsinə çıxaraq yolu bütünlükdə tutduğunu, həmin vaxt qarşı hərəkət zolağında hər hansı bir avtomobilin gəlib-gəlmədiyini dəqiq xatırlamadığını, idarə etdiyi avtomobili 2015-ci ildə saz vəziyyətdə aldığını və hadisə baş verməmişdən öncə həmin nəqliyyat vasitəsində hər hansı nasazlıq olmadığını bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, məlum avtoqəza nəticəsində həlak olmuş Anar və Zərərçəkmiş şəxs2lar onun qardaşlarıdır. Həmin vaxt Anar işsiz olmuş, Zərərçəkmiş şəxs2 isə Güzdək qəsəbəsində yük avtomobilinin sürücüsü işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16-17 radələrində yaşadığı evdə olan zaman tanımadığı nömrədən ona zəng gəlmiş və Güzdək-Puta yolunda yol-nəqliyyat hadisəsi baş verdiyi, qardaşları Anar və Asifin hadisə yerində aldığı xəsarətlərdən vəfat etdikləri bildirilmişdir. Bundan sonra o, hadisənin baş verdiyi yerə getmiş, oraya çatarkən qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı “Priora” modelli minik avtomobilinin aşdığını, qardaşları Asif və Anarın hadisə nəticəsində aldığı xəsarətlərdən yerindəcə vəfat etdiklərini görmüşdür. Həmin vaxt orada olan şəxslərdən öyrənmişdir ki, Azər də hadisə zamanı xəsarət aldığından onu xəstəxanaya aparmışlar. Samir Əlişanovun məhkəmədə verdiyi ifadəsinə görə, Təqsirləndirilən şəxs onun həyat yoldaşı tərəfdən qohumudur. Baş vermiş hadisə barədə onlara sonradan məlumat verilmiş, hadisə yerində o, hansısa yük maşını görməmiş, Azərin idarə etdiyi avtomaşının isə yoldan çıxaraq aşıb düz dayandığını görmüşdür. Sonradan Azər xəstəxanada müalicə alanda onun yanına gedib görüşmüş, hadisənin necə baş verdiyini ondan soruşmuş, həmin vaxt da Azər istintaqda və məhkəmədə verdiyi ifadədə olduğu kimi baş verənləri ona danışmış, qarşısına başqa maşın çıxdığına görə idarəetməni itirərək maşını aşırdığını bildirmişdir. Hadisə baş verəndən sonra Azərin özü və valideynləri tərəfindən onlara hər cür maddi və mənəvi köməklik göstərilmişdir. Həmçinin onların ailələri yaxın qohumlar olduğundan barışmışlar. Bu gün də onların arasında mehriban münasibətlər vardır. Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir iddiaları və tələbləri yoxdur, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Samir Əlişanov bu barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayından Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində psixatr-narkoloq vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində öz avtomobili ilə işlədiyi müəssisədən çıxıb Güzdək-Puta yolu ilə Qaradağ rayonu, Puta qəsəbəsi istiqamətində evə gedən zaman Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təxminən N metrliyində “VAZ Priora” markalı ağ rəngli avtomobilin hərəkət istiqamətində olan yolun sol tərəfində aşmış vəziyyətdə olduğunu, bir nəfər tanımadığı şəxsin huşsuz vəziyyətdə avtomobilin yanında dayandığını, avtomobilin qabaq hissəsinin sağ tərəfində bir nəfərin və sol tərəfdə bir qədər aralıda başqa bir nəfərin meyitlərini görmüşdür. X14 Nazirliyinin “102 zəng mərkəzinə” və X15 stansiyasına zəng vuraraq hadisə barədə məlumat vermiş, bundan sonra huşsuz vəziyyətdə olan şəxsə su vermiş, onun əlini və üzünü yumuşdur. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və X15 briqadası gəlmişdir. Polis əməkdaşları hadisə yerini, X15 briqadası meyitləri və huşsuz vəziyyətdə olan şəxsi müayinə etmişlər. Daha sonra huşsuz vəziyyətdə olan şəxsi təcili yardım maşını ilə xəstəxanaya aparmışlar və bundan sonra o, öz avtomobilinə əyləşərək yaşadığı evə getmişdir. Hadisə yerində olan zaman həmin yerdə başqa şəxslər olmamış, həmçinin həmin yerdə hər hansı yük avtomobili görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Məhkəmə Ekspertizası Mərkəzi Yol-Nəqliyyat hadisələri ekspertizası şöbəsinin eksperti X5 ifadəsində göstərdi ki, ibtidai istintaq orqanının qərarı əsasında o, hazırkı cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ekspertizanın keçirilməsini təmin etmiş və bununla bağlı onun tərəfindən xx xxxxx 2020-ci il tarixli 8\505 nömrəli rəy verilmişdir. Həmin rəyi o, cinayət işi üzrə tərtib olunmuş sənədlər, həmçinin təqsirləndirilən şəxsin ifadəsi əsasında vermişdir. Məhkəmədə verilən sualları cavablandıran ekspert Sahib Qədirov bildirdi ki, əgər hadisə baş verərkən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi, hərəkət etdiyi yolda yük avtomobili olmuşdursa da belə, həmin avtomobilin yolun hərəkət hissəsinə daxil olub sac zolağı tutması mümkün deyildir. Çünki təqsirləndirilən şəxs idarə etdiyi minik avtomobili ilə 1,2-1,5 saniyədə 30-35 metr məsafə qət etdiyindən qeyd etdiyi halın baş verməsi qeyri-mümkündür. Onun keçirdiyi ekspertizanın və verdiyi rəyin əsas məğzi ondan ibarət olmuşdur ki, minik avtomobilinin sürücüsü yol nəqliyyat hadisəsi baş verməmişdən qabaq manevr təhlükəsizliyini düzgün yerinə yetirməmiş və nəticədə minik avtomobilini aşırmışdır. O, ekspertiza tədqiqatı zamanı sürücünün hərəkətlərini tədqiq etmiş və hadisənin sürücünün düzgün manevr etməməsi, yəni hadisənin sürücü tərəfindən idarəetmə hərəkətlərinin düzgün yerinə yetirilməməsi ilə əlaqəli baş verməsi qənaətinə gəlmişdir. Buna görə də, o, ekspert kimi verdiyi rəyi müdafiə edir və nəticəyə gəlmişdir ki, sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş xx xxxxx 2020-ci il tarixli protokola əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsi yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində idarə etdiyi özünə məxsus ** OE *** dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı, Vaz 21725 modelli nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətdiyi yerin Bakı şəhəri, Qaradağ rayonu, “Puta” qəsəbəsi ərazisindən keçən Güzdək-Puta yolunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N metrliyində olan yolun hərəkət hissəsi olması təsdiq olunmuşdur (cild 1, iş vərəqi 64-67). İş materiallarına əlavə edilmiş baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məxsus ** OE *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı, Vaz- 21725 modelli, “Xeçpek” tipli, ******* mühərrik nömrəli, 2015-ci il buraxılışlı, XTA217250F0269121 ban nömrəli, ağ rəngli, AC seriya nömrəli 526054 nömrəli qeydiyyat şəhadətnaməsi olan minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı ** OE *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı, Vaz-21725 modelli minik avtomobilinin ağ rəngli olması, qabaq alın şüşəsinin sınması, mühərrik qapağının (kapotunun), ban hissə, yəni yuxarı hissəsinin əzilməsi, qabaq sağ qapının əzilərək yararsız hala düşməsi, sağ yan şüşələrin sınması müəyyən edilmişdir. Bundan başqa, nəqliyyat vasitəsinin üzərində izlərin və digər maddi sübutların olmaması, nəqliyyat vasitəsinin ox və təkərlərinin sayının iki ox dörd təkərdən ibarət olması, şinlərinin normal vəziyyətdə olması, nəqliyyat vasitəsinin yüklülük dərəcəsinin yüksüz olması, əl tormoz dəstəyinin və sürət ötürücüsünün normal vəziyyətdə olması, işıq sisteminin normal vəziyyətdə olması, hər təkərin şinində havanın təzyiqinin normal olması, digər aqreqat, mexanizm və hissələrin hadisədən əvvəl normal vəziyyətdə olması aşkar edilmişdir. Baxışın keçirilməsində iştirak edən ekspert Ruslan Lətifov hadisədən əvvəl “Lada Priora” markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə olduğunu bildirmişdir (cild 1, iş vərəqi 29-34). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və X10 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində baş beyinə qansızma, kəllə tağı sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, başın sağ təpə nahiyəsinin skalp olunmuş yarası, sağ qulaq sırğalığının və sağ əlin ovuc səthinin əzilmiş - cırılmış yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərildiyi kimi, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və Zərərçəkmiş şəxs1 ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması və kəllə sümüklərinin sınıqları nəticəsində baş beyinə qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 46-50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və X6 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli 34 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində baş beyinə qansızma, baş beynin əzilməsi, kəllə sümüklərinin sınığı ilə deformasiyası, sağ bazunun orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və Zərərçəkmiş şəxs1 ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması və kəllə sümüklərinin sınığı ilə deformasiyası nəticəsində baş beyinə qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nətiəsində 2,5% qatılıqda etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir (cild 1, iş vərəqi 51-55). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020ci il tarixli 8\505 nömrəli rəyindən görünür ki, ibtidai istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21725 markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, iş vərəqi 97- 100). Məhkəmə-Tibbi Ekspertiza və X1 xx xxxxx 2020-ci il tarixli 1263\K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir (cild 1, iş vərəqi 94-96). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində ** OE *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı, Vaz-21725 modelli, “Xeçpek” tipli, ******* mühərrik nömrəli, 2015-ci il buraxılışlı, XTA217250F0269121 ban nömrəli, ağ rəngli, AC seriya nömrəli 526054 nömrəli qeydiyyat şəhadətnaməsi olan minik avtomobili, həmçinin “BC” kateqoriyalı AC seriyalı 548976 nömrəli sürücülük vəsiqəsi vardır (cild 1, iş vərəq 63). Bakı şəhəri, Qaradağ RPİ 10-cu Polis bölməsinin xx xxx 2020-ci il tarixli 070-3937-1220 nömrəli məktubundan görünür ki, müxtəlif əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, hadisə şahidlərinin və həmin an hərəkətdə olan avtomobil sürücülərinin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 89). İbtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə «Vaz 21725» markalı ** OE *** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müafiq hökmü çıxarılanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixli qəbzlə Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, iş vərəqi 113-124, 171). Cinayət işinə əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli Fəxri fərmanın surətindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissəyə göstərdiyi dəstəyə görə həmin Fəxri fərmanla təltif edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 44). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini və 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Fəxri fərmanla təltif edilməsini Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, həmçinin barəsində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmasını mükmün hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ** OE *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı, Vaz-21725 modelli, AC seriya nömrəli 526054 nömrəli qeydiyyat şəhadətnaməsi olan minik avtomobilinin ibtidai istintaq orqanının qərarına əsasən Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsinin qanuni sahibi kimi onun sərəncamına verilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarına görə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, vurulmuş maddi ziyanın ödənilməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azadlıqdan məhrum etmə cəzasına aid hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş idarəsinin Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ** OE *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı, Vaz-21725 modelli, AC seriya nömrəli 526054 nömrəli qeydiyyat şəhadətnaməsi olan minik avtomobilinin ibtidai istintaq orqanının qərarına əsasən Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın və nəqliyyat vasitəsinin qanuni sahibi kimi onun sərəncamına verilsin. Məhkəmə məsrəfləri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, vurulmuş maddi ziyanın ödənilməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar