Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-227/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X22, X5, X9, X2 və X17, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X12, X6, X23, Dövlət ittihamçısı və X15, müdafiəçilər – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, 17 avqust 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 29 yanvar 2024-cü il tarixdə, saat 15:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,873 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq yaşadığı evdə gizlətməklə saxlamış, 18 noyabr 2022-ci il tarixdə saat 00:25 radələrində əldə etdiyi narkotik vasitə heroinin 0,752 qram hissəsini Təqsirləndirilən şəxs1 50 manat pul müqabilində satmış, həmin gün saat 13:05 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 11 ünvanının qarşısında saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqdan sonra saat 15:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 11 ünvanına müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilmiş baxış zamanı yataq otağında olan maqnitofonun kaset yerindən bir ədəd bükümdə təmiz çəkisi 2,121 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına görə, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 18 noyabr 2022-ci il tarixdə saat 00:25 radələrində Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,752 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 noyabr 2022-ci il tarixdə saat 20:45 radələrində Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanında yerləşən Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin inzibati binasının qarşısında saxlanılaraq 11-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və burada inzibati otaqlardan birində müdafiəçinin iştirakı ilə əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş həmin miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin noyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə günorta vaxtı o, narkotik vasitə olan heroindən istifadə etdiyini bildiyi üçün Təqsirləndirilən şəxs2 yaxınlaşıb heroin istəmiş, Təqsirləndirilən şəxs2 ondan səbəbini soruşduqda o, şəxsi istifadəsi üçün əldə etmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 mümkün olmadığını, özünün artıq narkotik vasitəni istifadə etdiyini dediyinə görə sonuncudan narkotik vasitəni alacağı vaxtı soruşub onun üçün də almasını xahiş edərək Təqsirləndirilən şəxs2 pul verdikdə sonuncu razılaşmışdır. Təqsirləndirilən şəxs2 həmin gün gecə saat 12 radələrində ona narkotik vasitə olan heroini alıb gətirmiş, narkotik vasitə olan heroinin miqdarı birdəfəlik istifadə etmək üçün olmuşdur. 11-ci Polis Bölməsi ilə üzbəüz yerləşən evinin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitədən istifadə etməsində şübhəli olduğuna görə bölməyə dəvət etdikdə, etiraz etmədən getmiş, polis bölməsində Təqsirləndirilən şəxs2 də görmüşdür. Həmin bölmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 50 manat pul verib narkotik vasitə olan heroini aldığını bildirmiş, o, əvvəllər Təqsirləndirilən şəxs2 narkotik vasitə almamış, bu ilk olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitəni aldıqdan bir neçə saat sonra polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxta kimi aldığı narkotik vasitə olan heroinin bir hissəsini istifadə edib evlərinin qarşısında oturmuş, bir hissəsini isə cibində saxlamışdır. Polis bölməsində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə axtarış və baxış keçirilərkən şalvarının arxa cibindən 1 ədəd kağız bükülüdə olan narkotik vasitə heroini çıxarıb stolun üstünə qoymuş, polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zorakılıq edilməmiş, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün heç bir əlavə kütlə təqdim olunmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi yoxdur. 18 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin 8-9 əməkdaşı onu evdə yatdığı yerdən götürüb bölməyə aparmış, həmin vaxt evdə anası, bacısı və xalasının nəvələri olmuşdur. Polis bölməsində onun üzərinə nümayiş etdirməsi üçün narkotik vasitə olan heroin qoymaq istəyərkən evdə 0,5 qram narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı evinə gətirib videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən o, evdə olan 0,5 qram narkotik vasitə olan heroini polis əməkdaşlarına təhvil vermiş, sonradan polis əməkdaşları narkotik vasitənin çəkisini artıraraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür. O, Təqsirləndirilən şəxs1 az miqdarda narkotik vasitə olan heroin vermişdir. Səhv etdiyini anlayır. Belə ki, Təqsirləndirilən şəxs1 50 manat verib ondan narkotik vasitə olan heroin istədiyinə görə, o, həmin pulun üstünə 50 manat əlavə qoyub 2 qram narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni yarıya bölüb yarısını Rüstəmə vermiş, bir hissəsini isə gecə özü istifadə etmiş, qalan hissəsi ilə, yəni 0,5 qram narkotik vasitə olan heroinlə polis əməkdaşları tərəfindən tutulmuşdur. O, narkotik vasitə olan heroini Məhəmməd adlı İran İslam Respublikası vətəndaşından internet vasitəsi ilə danışıb 100 manat pulu həmin şəxsin bank kartına yüklədikdən sonra 2 qram narkotik vasitəni “8 Noyabr” prospektindən götürüb yarısını Təqsirləndirilən şəxs1 vermiş, yarısı da özündə qalmışdır. Polis əməkdaşlarının 2 qram narkotik vasitə olan heroini boynuna qoymaq istəmələrinin səbəbini bilmir, onda 2 qram narkotik vasitə olmamış, istintaq zamanı ona fiziki zorakılıq edilmış, stula bağlayıb bədəninə xəsarət izləri düşməsin deyə ayaqlarının altından vurmuşlar. Polis bölməsində onun boynuna 5 qram narkotik vasitə olan heroin qoymaq istəyərkən evdə narkotik vasitə olan heroinin olduğunu demişdir. Polis əməkdaşları ondan miqdarını soruşanda yalandan 3-4 qram narkotik vasitə olan heroin olduğunu demiş, əks halda bölmədə cibinə 5 qram narkotik vasitə olan heroin qoyub videçəkilişdə çıxaracaqlarından ehtiyat etmişdir. Ruhin adlı polis əməkdaşı aldatdığına görə polis bölməsində ona zorakılıq ediləcəyi ilə hədələmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman bədənində xəsarətlər olmamış, döyülməyi ilə bağlı prokurorluğa şikayət etməmiş, yalnız qətimkan tədbiri seçilən zaman məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirmişdir. İbtidai istintaq zamanı narkotik vasitənin təsiri altında olduğuna görə ifadələri oxumadan imzalamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ittihamla bağlı özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroin istifadə etdiyinə görə əvvəllər məhkum edilmiş, narkotik vasitə olan heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. Təxminən 2 il əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxs ona 3 qram narkotik vasitə olan heroin pay verəcəyini bildirmiş, istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən “Whatsapp” tətbiqi vasitəsilə pay verdiyi heroinin olduğu yerin fotoşəklini çəkib atmış, həmin vaxt sonuncunun dediyi ünvana, yəni Bakı Metropolitenin “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığına gedərək ağacın altından bir büküm narkotik vasitə heroini götürüb üzərində saxlayıb daşıyaraq yaşadığı ünvana gəlmiş, “Məhəmməd” adlı şəxsin ona pay verdiyi bir bükümdə narkotik vasitə heroini istifadə etmişdir. O, 17 noyabr 2022-ci il tarixdə yenidən “Məhəmməd” adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışıb pul müqabilində 10 qram narkotik vasitə olan heroin sifariş etmiş, “Məhəmməd” adlı şəxs təxminən saat 19:00-da “Whatsapp” tətbiqi vasitəsilə zəng edib "xxxx" ASC-yə məxsus bank kartının fotoşəklini çəkib göndərərək narkotik vasitə olan heroinin pulunu həmin karta onlayn qaydada göndərməyini istədiyinə görə, o, Babək adlı şəxsdən 40 manat, Rüstəm adlı şəxsdən 50 manat götürərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən ödəmə terminalı vasitəsi ilə “Məhəmməd” adlı şəxsin ona göndərdiyi bank kartına ümumilikdə 90 manat pul göndərmiş, “Məhəmməd” adlı şəxs narkotik vasitə heroinin bir qramını 25 manata təşkil edəcəyini, o da pul göndərdikdən sonra qalan pulu, yəni 100 manatı sonra göndərəcəyini demişdir. 18 noyabr 2022-ci il tarixdə təxminən saat 00:05 radələrində “Məhəmməd” adlı şəxs “Whatsapp” tətbiqi vasitəsilə ona göndərdiyi narkotik vasitənin götürəcəyi ünvanın və yerin fotoşəklini çəkib atmış, həmin gün Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospektinə gedərək göstərilən yerdə daşın altından şəffaf sellofana bükülmüş bir bükümü götürərək şalvarının cibində saxlayıb yaşadığı ünvana gəlmiş, o, həyətdə olan yarımtikilidə bir büküm narkotik vasitə heroini açmış və ona “Məhəmməd” adlı şəxsin 10 qram narkotik vasitə heroin deyil, təxminən 8 qram çəkidə narkotik vasitə heroin göndərdiyi məlum olmuşdur. O, həmin narkotik vasitənin çəkisini gözəyarı müəyyən etmiş, həmin vaxt o, Babək və Rüstəmə zəng edərək yaşadığı ünvana gəlmələrini və pul müqabilində alacaqları narkotik vasitə olan heroinləri gəlib götürmələrini bildirmiş, həmin gün təxminən saat 00:25 radələrində Rüstəm onlara gəlmiş və o, Rüstəmə verdiyi pulun müqabilində ayırdığı bir bükümdə təxmini çəkisi 1 qram narkotik vasitə heroini verdikdə, Rüstəm ona demişdir ki, tək deyil, tanışlarına da narkotik vasitə heroin söz vermişdir. O da bu sözlərdən sonra özü üçün ayırdığı hissənin üzərindən götürüb ümumilikdə təxmini çəkisi 2 qram olan narkotik vasitə heroini Rüstəmə vermiş və Rüstəmdən əlavə olaraq heç bir məbləğdə pul almamışdır. Həmin gün təxminən saat 00:30 radələrində Babək adlı şəxs onun yaşadığı evə gəlmiş və o, Babəkə verdiyi pulun müqabilində ayırdığı bir bükümdə təxmini çəkisi 1,5 qram narkotik vasitə heroini vermiş, o, özü üçün ayırdığı hissədən bir qismini götürüb istifadə etmiş, qalan hissəni, yəni təxmini 2 qram hissəni isə gümüşü rəngli siqaretin kəsiyinə bükərək yaşadığı evdə yataq otağında maqnitofonun kaset yerində gizlətmişdir. 18 noyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 11 ünvanının qarşısında dayanmış, həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib şəxsiyyətini dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək polis bölməsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə 11-ci Polis Bölməsinə gəlmiş, polis bölməsinin inzibati binasında otaqların birində hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunub hüquq və vəzifələri izah edilmiş, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları təqdim etməsi təklif olunmuş, o, heç nə olmadığını, yaşadığı evin yataq otağında narkotik vasitə heroin saxladığını, könüllü olaraq həmin narkotik vasitə heroini təqdim edə biləcəyini bildirmiş, həmin vaxt üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Bundan sonra 11-ci Polis Bölməsinin əməkdaşları və müdafiəçisi ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 11 ünvanına gedib videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman o, yaşadığı evin yataq otağında maqnitofonun kaset yerində gizlətdiyi narkotik vasitə heroini götürüb polis əməkdaşlarına təqdim etmiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmiş, büküm zərfə qoyularaq möhürləndikdən sonra rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Qaradağ rayon Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın yaxınlığına gedib orada sonuncunu gördükdən sonra yaxınlaşıb 11-ci Polis Bölməsinə dəvət etmiş, polis bölməsində olduğu zaman Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərində hər hansı narkotik vasitə olmadığını, lakin yaşadığı evdə saxladığını bildirərək baxış keçirilməsinə razılığını bildirmiş, həmin razılıq əsasında Təqsirləndirilən şəxs2 yaşadığı evə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilən zaman yataq otağındakı maqnitofonun içərisində kaset qoyulmaq üçün nəzərdə tutulan yerdən 1 büküm narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, aşkarlananlar qablaşdırılıb möhürləndikdən sonra ekspertizaya göndərilmiş, ekspert rəyinə əsasən narkotik vasitə olan heroin olduğu müəyyənləşmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olmasını, Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs1 da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, hər hansı basqın və ya qanunsuz hərəkətlərə yol verilməmiş, Təqsirləndirilən şəxs2 ailə üzvləri narahat olduğundan baxış keçirilmə istintaq hərəkətini basqın kimi anlamışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmış, yaşadığı evin yaxınlığında, küçədə Təqsirləndirilən şəxs2 yaxınlaşıb 11-ci Polis Bölməsinə dəvət etdikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə, şəxsi axtarış istintaq hərəkəti aparılan zaman üzərində heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamış, proses protokollaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ərizəsi əsasında yaşadığı evinə baxış keçirilən zaman onun yataq otağındakı maqnitofonun içərisindən bir bükümdə heroin aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin aşkar olunan heroinin özünə məxsus olduğunu bildirmiş, büküm möhürlənib ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs2 heç bir fiziki və psixi zorakılıq edilməmiş, evində basqın aparılmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra müəyyən olunmuşdur ki, Şahid3 digər şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdiyi ifadələrinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Əbilfət oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru vəzifəsində xidmət etməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 18 noyabr 2022-ci il tarixdə saat 20 radələrində narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin qarşısında Təqsirləndirilən şəxs1 saxlayıb polis bölməsinə dəvət etmiş, müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümü təqdim edib həmin bükümün narkotik vasitə olan kakos, yəni heroin olduğunu, narkotik vasitə olan heroini Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində yaşayan Amil adlı şəxsdən 50 manata aldığını bildirmiş, aşkarlananlar qablaşdırılıb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 Şahid5 Əbilfət oğlunun ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hadisənin üstündən uzun müddət keçdiyindən təfərrüatlarını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs2 özü üçün narkotik vasitə almağa gedən zaman ona da narkotik vasitə almasını xahiş etmiş və sonradan Təqsirləndirilən şəxs2 30 manat müqabilində 0,5 qram narkotik vasitə olan kakos, yəni heroin götürmüşdür. Təqsirləndirilən şəxs2 ona zəng gedərək narkotik vasitə almağa getdiyini, istəyib-istəmədiyini soruşduqda o da onun üçün də almasını istəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid6 göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı qəsəbədən tanıdığı Amil adlı şəxs onu qəsəbədə görüb yaxınlaşaraq bildirmişdir ki, narkotik almaq üçün gedəcəkdir, lazımdırsa, onun üçün də ala bilər. O da həmin vaxt üzərində olan 40 manat pulu Amilə verərək onun üçün də narkotik vasitə heroin almasını demiş, Amildən ayrılan zaman sonuncu axşam saatlarında ona xəbər edəcəyini bildirmişdir. 18 noyabr 2022-ci il tarixdə gecə saat 00:30 radələrində istifadəsində olan ***-***-**-** mobil telefonla Amilin istifadəsində olan yadında qalmayan nömrəsinə zəng edərək gəlib-gəlmədiyini soruşmuş, onun ayağında izləmə cihazı olduğundan müəyyən olunmuş vaxtdan gec evə gələ bilmədiyindən, Amil evdə olduğunu bildirmiş, o, Amilin yaşadığı evə getmişdir. Orada Amil qapıya gələrək ona bir büküm narkotik vasitə olan heroin vermiş, həmin narkotik vasitə olan heroinin çəkisinin 1 qram olduğunu təxmin etdiyini demişdir. Amil adlı şəxsdən narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün 1 qramını 40 manata almış, Amildən narkotik vasitə heroini 18 noyabr 2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evin qarşısında alan zaman yanında heç kim olmamış, Amil ona narkotik vasitə olan heroini aldığı yeri və şəxsin barəsində məlumat verməmişdir. Belə ki, Amil ona narkotik vasitə alıb verdiyi zaman həmin narkotik vasitə olan heroinin üzərindən istifadəsi üçün götürdüyündən, heç vaxt həmin şəxsin barəsində ona məlumat verməzdi. Amilin kimlərə narkotik vasitə heroin satdığı barəsində məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Digər Təqsirləndirilən şəxs1 tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 18 noyabr 2022-ci il tarixdə saat 12-13 radələrində yaşadığı evə bir neçə mülki geyimdə olan polis əməkdaşı basqın edərək onun otağına daxil olub 15 yaşlı bacısının övladını yuxudan oyadaraq kobud şəkildə qardaşı Amilin harada olduğunu soruşmuş, daha sonra qardaşı Amilə fiziki zorakılıq etmişlər. Həmin vaxt o, polis əməkdaşlarından birini itələyib nə etdiklərini soruş, o, özünə xəsarət yetirmək istəyərkən polis əməkdaşları bıçağı əlindən almış, buna baxmayaraq o, damarlarını kəsdiyindən, polis əməkdaşları həmin prosesi videoya qeyd edərək özünə xəsarət yetirməsinin polis əməkdaşlarına heç bir aidiyyətinin olmadığını demişlər. Həmin vaxt anası Daxili İşlər Nazirliyinin “102” Zəng-Xidmət Mərkəzinə məlumat vermiş, qardaşı Amil Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə aparılmışdır. Anası da qardaşı Amilin arxasınca polis bölməsinə gedib qayıtdıqdan sonra Amilin narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə tutulduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur, aralarında ədavət və ya düşmənçilik yoxdur. Digər Təqsirləndirilən şəxs1 isə tanımır. O, 18 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 12 ünvanında olarkən saat 12-1 radələrində küçədə səs-küy çox olduğuna görə küçəyə çıxıb baxdıqda polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 qolunu burub apardıqlarını görmüş, Təqsirləndirilən şəxs2 anası bununla bağlı “102” Zəng-Xidmət mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X10 və X4 Təqsirləndirilən şəxs2 qonşusu olmaqla şahid X1 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 13 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan əldə edərək üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, “Əməliyyat qrupunun yaradılması haqqında” əmr və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7; 8) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 13:09-da Bakı şəhəri, Qaradağ rayonu, ünvan 13 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 12) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 15; 25) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq qərara əsasən, müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qadağan edilmiş əşya və ya predmet aşkarlanmamış, o, yaşadığı evdə yataq otağında narkotik vasitə saxladığını bildirmişdir. (Cild 1, iş vərəqə 32; 34-35) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan, xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 15 ünvanında baxış istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs2 yataq otağındakı dolabın üzərində olan maqnitofonun kaset yerindən bir ədəd bükümdə narkotik vasitə-heroinə oxşar qəhvəyi rəngli maddəni çıxarıb təqdim etdikdən sonra həmin maddənin narkotik vasitə-heroin olduğunu, İran İslam Respublikasının vətəndaşından ağrılardan çıxmaq üçün 10 qram aldığını, uşaqlara pul müqabilində payladığını bildirmiş, aşkarlananlar qablaşdırılıb möhürlənmişdir. (Cild 1, iş vərəqə 39; 111) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/6650 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №223” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 15 ünvanından aşkar olunmuş maddə...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,121 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,121 qram olmuş, tədqiqata 0,05 qram sərf edildikdən sonra 2,071 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 44-45) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə həmin tarixdə saat 20:45-də Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 55) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 57; 66) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, onu həmin gün saat 2 radələrində Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində yaşayan Amil adlı şəxsin evinin həyətində sonuncudan 50 manata alaraq özü qəbul etməsi üçün üzərində saxlayıb gəzdirdiyini, bir qismini artıq istifadə etdiyini bildirmiş, aşkarlanan büküm 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 73; 75-76; 130) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/6649 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №223” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs1 aşkar edilmiş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,752 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,752 qram olmuş, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,702 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 83) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 96-98) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 116-117) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(002)-203/2022 nömrəli qərarından görünür ki, əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(002)-29/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 18 mart 2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli, 4(002)-46/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 02 aprel 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 145-149; 225-227; 301-308) Azərbaycan Respublikasının medalının vəsiqəsindən və hərbi biletin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Qubadlının azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. (Cild 1, iş vərəqə 150; 151-152) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(002)-201/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək məhkəmə zalından dərhal azad edilmişdir. (Cild 1, iş vərəqə 153-157) xx.xx.2022-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 158-159) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 208) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər 3 dəfə mülkiyyət əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən barəsində 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. (Cild 1, iş vərəqə 209-210) Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 129 saylı Mənzil- Kommunal İstismar sahəsindən daxil olmuş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 220) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 283 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 229-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 332 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 232-233) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6707 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 aşkar olunmuş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə olan narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs1 aşkar olunmuş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edirlər. Qeyd: 1 nömrəli obyekt üzrə heroinin təmiz çəkisi 2,071 qram olmuş, 0,05 qram sərf edildikdən sonra 2,021 qram qalıq qalmışdır. 2 nömrəli obyekt üzrə heroinin təmiz çəkisi 0,702 qram olmuş, 0,05 qram sərf edildikdən sonra 0,652 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 236-237) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X26 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 7450 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 238-239) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X26 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 4830 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 240-241) Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 132 saylı Mənzilkommunal istismar sahəsindən daxil olmuş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 254) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 15 ünvanında aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,121 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,021 qram heroinin və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,752 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,652 qram heroinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılması qərara alınmış, xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci X21 Aslanovun üzərinə şəxsi axtarış keçirilən zaman protokola əlavə edilmiş 1 ədəd disk və həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman protokola əlavə edilmiş 1 ədəd disk sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş, şahid ifadələri, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 255-266) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 268- 269) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5399/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilərkən bədəni üzərində zədə izi aşkarlanmamışdır. Həmin məktuba əlavə edilmiş tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Aşkar olunmadı” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə bağlı Qaradağ rayon prokurorluğuna müraciət daxil olmamış, hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 249251-21-1/3/1883-18 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçdiyindən cəzasının əvvəli həmin tarixdən hesablanmış, ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu vaxta, yəni xx.xx.2022ci il tarixə 16 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 02 il 05 ay 10 gün hissəsi çəkilməmiş qalmışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün onlara şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında Təqsirləndirilən şəxs1 öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs1 etirafı iş üzrə bütün sübutların məcmusu ilə, yəni həm özünün ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən, 18 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 01 bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 223 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 6/6649 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №223” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs1 aşkar edilmiş...” sözləri və imzalar olan bir ədəd kağız zərfdə təqdim edilmiş, zərf açıldıqda içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,752 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Bundan başqa, digər Təqsirləndirilən şəxs2 isə ona elan edilmiş ittihamı mübahisələndirərək məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olubolmamasını dəqiqləşdirmək üçün həmin təcridxanaya sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2- 5534/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən bədəni üzərində zədə izi aşkarlanmamışdır. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1 və Şahid2 suallar verilmiş, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs2 qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra psixi və ya fiziki zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs2 dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəməyə verdiyi ifadəsində özündə 0,5 qram narkotik vasitə-heroin olduğunu, 2 qram çəkidə narkotik vasitə-heroin olmadığını, fiziki və psixi zorakılıq nəticəsində daha artıq çəkidə narkotik vasitənin ona məxsus olmasını etiraf edilməsinə məcbur qalmasından qorxaraq razılaşdığını, evinə basqın edildiyini bildirsə də, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs2 dediklərinin doğru olmadığını, ərizəsi əsasında yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 könüllü şəkildə yataq otağında olan maqnitofonun kaset yerindən 1 bükümdə narkotik vasitəni təqdim etdiyini, həmin büküm orada qablaşdırılıb möhürləndikdən sonra ekspertizaya göndərildiyini, hər hansı müdaxilə edilmədiyini, nümayiş etdirməsi üçün əlavə kütlə təqdim olunmadığını, Təqsirləndirilən şəxs2 yaşadığı evə basqın edilmədiyini, qanunvericiliyə uyğun şəkildə istintaq hərəkətinin aparıldığını bildirmişlər. Məhkəmə baxışı zamanı xx.xx.2022-ci il tarixli “Evə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişə baxarkən hər hansı prosessual pozuntuya yol verilmədiyi, Təqsirləndirilən şəxs2 könüllü şəkildə narkotik vasitəni təqdim etdiyi müəyyən edilmişdir. Həmin videoçəkilişdə kəsintiyə yol verilməmiş, təqdim olunan 1 ədəd büküm qablaşdırılıb möhürlənmiş və ekspertizaya göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/6650 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 15 ünvanından aşkar olunmuş maddə bir ədəd bükümdə təmiz çəkisi 2,121 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi həmin xüsusatlar həqiqəti əks etdirməməklə, özünümüdafiə xarakterli daşıyır. Bundan savayı, əlavə şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində 18 noyabr 2022-ci il tarixdə polis əməkdaşlarının yaşadığı evə basqın edib qardaşı Təqsirləndirilən şəxs2 zorakılıq edərək apardıqlarını demiş, digər şahidlər X3, X10 və X4 da 18 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 14 ünvanında küçədə səs-küy eşitdiklərini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 apardıqlarını gördüklərini bildirmişlər. Məhkəmə həmin xüsusatla bağlı qeyd edir ki, Xəyalə Nəcəfova Təqsirləndirilən şəxs2 yaxın qohumudur, yəni bacısıdır. Təqsirləndirilən şəxs2 zorakılıq edilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılsa da, bu hal müəyyən edilməmiş, təkzib olunmuş, evə basqın edilməsini deməsi ilə bağlı məhkəmə tərəfindən videoçəkilişə baxış keçirilərkən hər hansı hüquq pozuntusu aşkarlanmamışdır. Digər şahidlər isə polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 aparması ilə bağlı hissədə isə hər hansı hüquqazidd əməl müəyyən edilməmiş, cinayət işinin materiallarından görünür ki, həqiqətən də 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 iştirakı ilə sonuncunun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində yerləşən evinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, həmin istintaq hərəkətindən sonra Təqsirləndirilən şəxs2 polis bölməsinə aparılmışdır. Beləliklə, məhkəmə müdafiə tərəfinin gətirdiyi arqumentlərə tənqidi yanaşır, müdafiə xarakterli hesab etməklə, həqiqətəuyğun olmayan məlumat kimi qəbul edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadə verərkən tam səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadələr verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxslərin bilavasitə dinlənilmələri məhkəməyə onların verdikləri məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsini əsas götürür. Həmçinin məhkəmə bir halı da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli “Evə baxış keçirilməsi haqında” protokoldan görünür ki, aşkarlanmış 1 ədəd bükümdə narkotik vasitə heroin 46 nömrəli möhürlə möhürlənmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6707 nömrəli ekspert rəyinə əsasən müvafiq zərf 223 nömrəli möhürlə möhürlənərək tədqiqata təqdim edilmişdir. Həmin ziddiyyət məhkəmə baxışı zamanı araşdırılmış, müvafiq zərf proses iştirakçılarının iştirakı ilə tədqiq edilərək 223 nömrəli möhürlə möhürləndiyi müəyyənləşmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, “Evə baxış keçirilməsi haqqında” protokol tərtib edilərkən texniki səhvə yol verilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxslərin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs1 etiraf edici ifadələrini, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsini, şahidlər Şahid1, Şahid2, Şahid5 Əbilfət oğlu və Şahid4 və Şahid6 ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlaması və satmasına, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə, yəni qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən- narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə və evinə baxış keçirilən zaman ümumi təmiz çəkisi 2,121 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman ümumi təmiz çəkisi 0,752 qram narkotik vasitə olan heroin aşkarlanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından, təqsirləndirilən şəxs və şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəlcədən razılıq əldə edib istehlakçı, yəni digər Təqsirləndirilən şəxs1 1 ədəd bükümdə narkotik vasitə olan heroin satmış, Təqsirləndirilən şəxs1 bunu məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6707 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 aşkar olunmuş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə olan narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs1 aşkar olunmuş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edirlər. Bu hal da, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satdığına, habelə qalan hissəni də satış məqsədilə saxladığına dəlalət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə, evinə baxış keçirmə və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin külli miqdarda olmasına, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olmasına, hər iki təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin tərkibinin eyniliyinə, şahid ifadələrinə və digər sənədlərə əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə, Təqsirləndirilən şəxs1 isə əməli həmin Məcəllənin 234.1-ci maddəsinə düzgün tövsif edilmiş, onların həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs1 əməlində həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini qəsdən törətmişdir. Əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasını, səhhətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf etməsini, əvvəllər cinayət törətməməsini, “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunmasını, müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından çox olmasını, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin cəzaya məhkum edilmiş şəxslər yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək və məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr qoya bilər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına, həmin Məcəllənin 234.1-ci maddəsi isə az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-269/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyatdan keçdiyindən cəzasının əvvəli həmin tarixdən hesablanmış, ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu vaxta, yəni xx.xx.2022-ci il tarixə 16 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 02 il 05 ay 10 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. ökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə bir halı qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs2 əməlində ağırlaşdırıcı hal kimi cinayətlərin residivin olması qeyd edilsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, ibtidai istintaq orqanı düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, X11 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həbs qətimkan tədbiri seçilməsindən imtina edildikdən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutularaq hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməli, cəzaçəkməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs2 xx.xx.2022-cü il tarixli, 6/6650 nömrəli ekspert rəyi ilə bağlı 55 (əlli beş) manat, Təqsirləndirilən şəxs1 xx.xx.2022-cü il tarixli, 6/6649 nömrəli ekspert rəyi ilə bağlı 55 (əlli beş) manat, təqsirləndirilən şəxslərin hər birindən xx.xx.2022-ci il tarixli, 6/6707 nömrəli ekspert rəyi ilə bağlı 27,5 (iyirmi yeddi manat 50 qəpik) olmaqla, hər birinə münasibətdə 82,5 (səksən iki manat 50 qəpik) manat pul vəsaiti pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 2,021 qram heroin və 1 ədəd bükümdə 0,652 qram heroin məhv edilməli, xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci X21 Aslanovun üzərinə şəxsi axtarış keçirilən zaman protokola əlavə edilmiş 1 ədəd disk və həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman protokola əlavə edilmiş 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X26 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 7450 nömrəli və xx.xx.2023-cü il tarixli, 4830 nömrəli ekspert rəylərinə əsasən müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicə təyin olunmaqla, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-269/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 82,5 (səksən iki manat 50 qəpik) manat və Təqsirləndirilən şəxs1 82,5 (səksən iki manat 50 qəpik) manat olmaqla, tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məcburi müalicə təyin olunmaqla, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 3 (üç) gün müddət bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu deyilən ünvanda yerləşən nömrəsiz evi saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmaqla, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 2,021 qram heroin və 1 ədəd bükümdə 0,652 qram heroin məhv edilsin, xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman protokola əlavə edilmiş 1 ədəd disk və həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman protokola əlavə edilmiş 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-227/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-227/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver