Məhkəmə qərarları › İş №1(101)-227/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-227/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-227/2025 25.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X12 (sədrlik edən), X9 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs iştirakı ilə, 01 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-119/2024 saylı, 27 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1560/2024 saylı, 06 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd ov bıçağı, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxil olan külli miqdarda 5,638 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 21:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 23:07-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,638 qram olan narkotik vasitə heroin və əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən qanunsuz olaraq əldə edib gəzdirərək saxladığı soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər "xxxx" MMC-də mühasib işlədiyi dövrdə uşaqlıq dostu olan “Fərid” adlı şəxslə işlədiyi şirkətin direktoru arasında borc müqaviləsi bağlanmış, Fərid şirkətin direktorundan borc pul almış, o, sonuncuları özü tanış etdiyi üçün borc müqaviləsi üzrə zamin durmuşdur. Lakin Fərid borc öhdəliyinə əməl etməmiş, işlədiyi şirkətin direktoru öz pulunu tələb etdikdə Fərid sonuncuya borclu olduğu pulun yarısını vermişdir. Bundan sonra şirkətin direktoru ona təzyiq göstərməyə başlamış, bu səbəbdən o, pulu qaytarması üçün Fəridə xəbərdarlıq etmişdir. 07 dekabr 2023-cü il tarixdə Fərid onu polisə şikayət etdiyindən həmin şikayət əsasında Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində 2 gün saxlanıldıqdan sonra buraxılmışdır. Bundan sonra onun Fəridin ailəsi ilə danışıqları olmuş, sonuncunun ailə üzvləri ona bildirmişdir ki, 25 yanvar 2024-cü il tarixdə borclu olduqları pulu ödəyəcəklər. Həmin tarixdə işdən evə dönən zaman anasının Fəridin anası ilə telefonla danışdığını görmüş və ona məlum olmuşdur ki, Fərid borcunu ödəməyəcək. O, telefonu anasının əlindən alaraq Fəridin anası ilə bir qədər kobud şəkildə danışmışdır. Həmin axşam yumurta almaq üçün marketə gedərkən 5 nəfər tanımadığı şəxs qarşısını kəsərək, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Burada ona bildirmişlər ki, o, Fərid üçün təhlükə təşkil edir, bu səbəbdən ona təqdim olunan narkotik vasitəni qəbul etməli və videoçəkiliş zamanı bunun özünə məxsus olmasını etiraf etməlidir. Məruz qaldığı psixoloji təzyiqlərin nəticəsində ona əvvəlcədən təqdim olunmuş narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Halbuki o, narkotik vasitələrdən, ümumiyyətlə, istifadə etmir. Bundan başqa ona qarşı irəli sürülmüş ittihamın digər hissəsi ilə bağlı bildirir ki, yaşadığı məhəllədə küçə itləri çox olduğundan və sonuncular insanlara hücum etdiklərindən özünümüdafiə məqsədi ilə üzərində bıçaq gəzdirib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, bıçağı Binə qəsəbəsindən alıb, lakin üzərində hər gün gəzdirməyib. Mətbəx bıçağı cibinə yerləşmədiyi üçün o, məhz bu cür bıçaq alıb. Üzərinə baxış keçirilərkən və dindirilərkən müdafiəçisi orada iştirak etməyib. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü (köhnə redaksiyada) və 234.1-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili, polis mayoru Şahid ifadəsində göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış aparılması prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 25 yanvar 2024-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, özü bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupuna işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis leytenantı X10 və əməliyyat müvəkkili, polis leytenantı X13 daxil edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanının yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini müəyyən edilərək saxlanılmışdır. Əməliyyat qrupunun üzvləri həmin şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilərək onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar ona elan edilmiş və onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirməsi və daşıması barədə əməliyyat məlumatı daxil olduğu, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən səmimi şəkildə etiraf edib hazırda üzərində narkotik vasitə heroin və bir ədəd bıçaq olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş İdarənin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Baş X4 təhqiqatçısı Arif Rzayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs bu prosesin videoçəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələr izah olunmaqla bu barədə qərar ona elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs isə üstündə narkotik vasitə heroin və bıçaq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində olan 01 ədəd bıçağı onun cibindən götürülüb masanın üzərinə qoyulmuşdur. Sonra isə Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü və şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik maddə heroin olduğunu bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən qəhvəyi rəngli narkotik maddə heroinə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik maddəni 25 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında küçədən tapdığını, sonradan özü qəbul etmək və ya məhv etmək məqsədi ilə üstündə saxladığını və həmin maddəni satmaq məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni zamanda üstündən aşkar olunaraq götürülmüş bıçağı 3-4 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzindən aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxladığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd bıçaq təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb möhürlənmiş və qablaşmaların üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş və belə hallar olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis leytenantı X10 və əməliyyat müvəkkili, polis leytenantı X13 Şahid ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 25 yanvar 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 21:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq DİN-in ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada həmin tarixdə saat 23:07-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin oxşar maddə olan 01 ədəd sellofan büküm, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd bıçaq tipli əşya və şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 26 yanvar 2024-cü il tarixli 3-16- 16/2-6/544 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 6 nömrəli” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,638 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli 1095 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 02 fevral 2024cü il tarixli 3-16- 16/2-3/219 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişən düzəlişlər edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduğu, bu kimi maddələri satış məqsədi ilə əldə edib saxladığı barədə əvvəllər daxil olmuş əməliyyat məlumatı sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təsdiqini tapmamışdır. Əldə edilmiş əlavə əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs özünün narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu və üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini öz şəxsi istehlakı üçün əldə edib saxladığı bildirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub- olmamasının, onun yaxın əlaqələrinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin, qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddəni və soyuq silah hesab edilən bıçağı nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi istiqamətində keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır. Müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda dərhal məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2025-ci il tarixli, 15 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl ağır, 228.4-cü (köhnə redaksiyada) maddəsində nəzərdə tutulmuş təsnifatına görə böyük ictimai təhlükə törtəməyən cinayət əməlidir. Məhkəmə hesab edir ki, üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının göstərdiyi psixoloji təzyiqin nəticəsi olaraq videoçəkilişdən əvvəl ona təqdim olunmuş narkotik vasitə heroinin özünə məxsus olmasına dair etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsindən görünür ki, 25 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerdə təsadüfən 01 ədəd şəffaf sellofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün götürüb açıb içinə baxmış və yerdən tapdığı sellofan bükümün içərisində narkotik maddə heroin aşkar etmişdir. O, həmin maddənin narkotik maddə heroin olduğunu maddənin formasından və rəngindən tanımışdır. Həmin narkotik maddənin başqa şəxslərin, əsasən də uşaqların əlinə keçməməsi üçün götürüb əynində olan idman şalvarının cibinə qoymuşdur ki, sonra özü istifadə edər və ya kənar bir yerdə tullayar. Təqsirləndirilən şəxs hadisə ilə bağlı onu bildirmişdir ki, 25 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, eyni zamanda üzərində soyuq silah saxlamaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə narkotik maddə və bir ədəd bıçaq vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə narkotik maddə və bıçaq olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində olan 01 ədəd bıçağı cibindən götürüb masanın üzərinə qoymuşlar. Sonra onun özü əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü və şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik maddə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən qəhvəyi rəngli narkotik maddə heroin aşkar edilmişdir. Sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik maddəni 25 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında küçədən tapdığını və məhv etmək məqsədi ilə üstündə saxladığını və həmin maddəni satmaq məqsədinin olmadığını bildirmişdir. O, eyni zamanda üstündən aşkar olunaraq götürülmüş bıçağı 3-4 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzindən aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş, həmçinin özü də istifadə etməmişdir. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən narkotik vasitə heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, sağlamlıq vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan “Avrasiya” Hospital tərəfindən verilmiş 355 saylı arayışdan müəyyən edilmişdir ki, yuxarı ətraflarda keyimə, gücdən düşmə və buna əsasən xx.xx.2023-cü il tarixində aparılan MRT müayinəsinin nəticəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən etibarən xx.xx.2024-cü il tarixinədək mütəmadi fizioterapik və medikamentoz müalicə aparılmışdır. Lakin vəziyyətində heç bir müsbət dəyişiklik olmadığı üçün təcili əməliyyat tövsiyyə olunur. Sonuncuya “boyun fəqərələrinin çoxsaylı yırtıqlar kəskin servikal radikulopatiya, davamlı ağrı sindromu” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan “X17” Klinikası tərəfindən verilmiş mayinənin nəticələrinə dair 27 oktyabr 2023-cü il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs boyun nahiyəsi üzərində keçirilmiş MR müayinəsi nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: C2-C3 disk məsafəsində anterior subaraxnoid sahəni mərkəzdən sola meyilli olaraq daraldan sola meyilli anulyar qabarma izlənilir; C4-C5 disk məsafəsində aııterior subaraxnoid sahəni mərkəzdən sola meyilli olaraq daraldan 6 mm ölçüdə arxa mərkəzi sola meyilli yırtıq izlənilir.; C6-C7 disk məsafəsində anterior subaraxnoid sahəni sol anterior-lateraldan daraldan 5 mm ölçüdə sol paramedian yırtıq izlənilir. Sol lateral resess inferiordan daralıb. Cinayət işinin materiallarında olan “X6” MMC tərəfindən verilmiş X2 psixoloji vəziyyətinin yoxlanılmasına dair rəydən görünür ki, xx.xx.1995 təvəllüdlü X2 psixoloji vəziyyəti ilə bağlı keçirilən seanslar nanı müxtəlif metodoloji vasitələrdən istifadə etməklə psixoloji vəziyyəti ilə bağlı müayinələr keçirildi. Təqsirləndirilən şəxs 4 yanvar 2024-cü ildə mərkəzə müraciət edərək psixoloq Günel Xəlilovadan psixoloji dəstək xidməti almışdır. Aparılmış psixoloji konsultasiya zamanı müəyyən edilmişdir ki, pasiyentin mental sağlamlığında ciddi problem var. Pasiyent həmçinin panik atakdan əziyyət çəkir. Həyat keyfiyyətləri həddindən artıq aşağıdır. Mərkəzin klinik psixoloqu Fərhad Seyfiyev Təqsirləndirilən şəxs dərin depressiya təşhiz edib. Müalicəsində dərman müdaxiləsinin vacib olduğunu nəzərə alaraq psixoloq X7 Röyalı nevroloqa yönləndirib. Daha sonra nevroloq Kərimov Vüqar Təqsirləndirilən şəxs dərin depressiya təşhizini təsdiqləyib və dərman müalicəsi təyin edib. Cinayət işuinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs C2-C3 f/a diskdə qabarma, C4-C5 f/a diskdə yırtıq, C6-C7 diskdə yırtıq diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə "xxxx" tibb müəssisəsinə müraciət etmişdir. Sonuncuya “Sağ tərəfli nefrolitiaz, ureterolitiaz.” Diaqnozu qoyulmuşdur. Xəstə 14 gün müddətində stasionar şəraitdə müalicə almalıdır. KT müayinəsinin nəticəsinə görə xəstəyə stent qoyulması və cərrahi müdaxilə olunmalıdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 may 2025-ci il tarixli böyrəklərin ultrasəs müayinəsinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs “Sağ tərəfli nefrolitiaz, ureterolitiaz.” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan “Azərbaycan Çoxmübarizəli İdman Döyüş növləri Federasiyanının Sumqayıt və şimal region Nümayədəliyi” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən nümayəndəlik tərəfindən keçirilmiş açıq respublikası turnirində bacarıq göstərərək 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “14 nömrəli Uşaq-Gənclər İdman Məktəbi” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs sambo-cüdo üzrə yeniyetmələr arasında 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “AFC” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs cambat sanda üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “Azərbaycan əsəd döyüş növləri mərkəzi” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs MMA üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “Azərbaycan Respublikası NİNJİTSU” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs MMA üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “WMFC Azerbaijan” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs MMA üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “X5 Association” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs free fighting üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “Qara Bəbir” idman klubu tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs budo üzrə yarışda 2-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs budo üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs MMA üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Suraxanı rayon Gənclər və İdman idarəsi “Free Fighiting” peşəkar idman klubu” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs free fighting üzrə yarışda 1ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “X8 Center” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs MMA Pro üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “X8 Center” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs beynəlxalq turnirdə 1-ci yerə layiq görülmüşdür. Cinayət işinin materiallarında olan “X22 Arts Federation” tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs MMA üzrə yarışda 1-ci yerə layiq görülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki sağlamlıq vəziyyətini, idman sahəsindəki nəaliyyətlərini, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi cəzanın məqsədinə xidmət etməklə sonuncunun islah və yenidən tərbiyə olunmasını təmin edəcək. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs sağlamlıq vəziyyətini, idman sahəsindəki nəaliyyətlərini Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü (köhnə redaksiyada) maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə sonuncuya qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 119/2024 saylı, 27 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1560/2024 saylı, 06 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı 25 yanvar 2024-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək həbsdə, eləcə də 06 aprel 2024-cü il tarixdən hökmün elan olunduğu tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 01 (bir) il 06 (altı) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş soyuq silah hesab edilən 01 ədəd bıçaq dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 5,588 qram narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ümumilikdə, 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 25 yanvar 2024-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək həbsdə, 06 aprel 2024-cü il tarixdən hökmün elan olunduğu tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 01 (bir) il 06 (altı) ay müddət nəzərə alınmaqla hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş soyuq silah hesab edilən 01 ədəd bıçaq dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 5,588 qram narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar