Məhkəmə qərarları › İş №1(101)-2270/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2270/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2270/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X2 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs rəsmi arvadı, lakin faktiki ər-arvad kimi yaşamadığı Şahid onun tanışı Zərərçəkmiş şəxs ilə yaxın münasibətləri olduğunu öyrənib xx.xx.2023cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanın qarşısına gələrək sonuncunu gözləmiş və Zərərçəkmiş şəxs həmin vaxt yaşadığı ünvandan gedərkən onu izləyib ünvan 4 qarşısında belinin arxa hissəsindən üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 128 mm, dəstəyinin uzunluğu 120 mm olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə arxadan Zərərçəkmiş şəxs 1 dəfə vuraraq ona sağ bel nahiyəsinin daxilə - periton boşluğuna nüfuz edən, qaraciyərin və yoğun bağırsaq müsaqirəsinin kəsilmiş yaralarından ibarət həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Şahid ilə 2010-cu ildə evlənmiş və birgə nikahlarından 2 azyaşlı övladları olmuşdur. Eminlə münasibəti yaxşı olduğundan sonuncu onun evinə tez-tez gəlmişdir. Bir müddət sonra Eminin onun arvadı Xumarla münasibəti olması barədə şübhələnməyə başlamışdır. Daha sonra Xumarın telefonunda Eminlə olan yazışmalarını görmüş və Xumarın ona xəyanət etdiyini başa düşmüşdür. Bundan sonra bu barədə Xumara demiş, lakin Xumar etiraf etməyərək heç bir münasibətləri olmadığını demişdir. Təkidlərindən sonra Xumar Eminlə münasibəti olduğunu etiraf edərək Emini sevdiyini demişdir. Xumar tez-tez evdən müxtəlif bəhanələrlə gedərək Eminlə görüşmüşdür. O, Eminlə bu barədə danışmış və Xumardan ayrılmasını demiş, lakin Emin onun sözlərinə məhəl qoymamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində arvadı Xumarın mobil telefonunda yenidən mesajları görmüş və əsəbləşərək onu döymüşdür. Xumar bu barədə Xətai RPİ-nin 34-cü PŞ-nə şikayət etmiş, lakin sonradan barışıq ərizəsi yazmışdır. Həmin şikayətə görə də qanunsuz olaraq 8 yanvar 2023-cü il tarixdə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı Xətai rayon məhkəməsinin qərarı ilə ona 15 gün inzibati həbs cəzası verilmişdir. 23 yanvar 2023-cü il tarixdə inzibati həbsdən çıxdıqdan sonra evə gəlmişdir. O, yenə də Xumarla danışmış və sərbəst həyat yaşamaq istəyirsə, boşanmasını demişdir. Bir müddət sonra Xumar uşaqları da götürərək ondan ayrı yaşamağa başlamışdır. O, Xumarın Eminlə münasibətinin davam etdiyini başa düşmüş və 13 iyul 2023-cü il tarixdə yaşadığı evdən qara rəngli tiyəsi olan mətbəx bıçağını götürərək şalvarının sağ tərəfinə qoyub evdən çıxmışdır. Həmin tarixdə saat 18 radələrində Eminin yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi bina 13-ün qarşısına gəlmişdir. Eminin onu tanımaması üçün kənarda dayanmış və ağzına qara rəngli tibbi maska geyinmişdir. Təxminən 15 dəqiqə sonra saat 19:00 radələrində Eminin yaşadığı binada blokdan çıxdığını görmüş, Emin blokdan çıxıb ona tərəf yox, əks tərəfdə yuxarıya doğru getməyə başlamışdır. O da Eminin arxasınca getməyə başlamışdır. Sonra da arxadan Eminə yaxınlaşmış və əlində olan bıçaqla Emini sağ bel nahiyəsindən 1 dəfə vurmuşdur. Emin zərbənin təsirindən qışqırıb ondan kənarlaşmış və o, ağzında olan tibbi maskanı aşağı çəkərək özünü göstərmişdir. Peşman olduğunu desə, namusuna və qeyrətinə zidd olacaqdır. Özü təslim olmuşdur. Bıçaq həmişə üstündə olmamış, həmin gün bıçağı üzərində götürmüşdür. Həmin gün spirtli içki qəbul etməmişdir. Xumar özü də Eminlə münasibəti olduğunu etiraf etmişdir. Xəyanətə görə Xumarı döymüşdür. Onu Emin və dostları döysə də, onlar barəsində cinayət işi başlanılmamışdır. 1 bıçaq zərbəsi vurmuş, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elşən əvvəllər onun yaşadığı məhəllədə yaşamışdır. Elşən onu qonşu kimi yaşadığı evə çay içməyə dəvət etmişdir. O da Elşənin dəvətini qəbul edib onun yaşadığı evə getmişdir. Bundan sonra bir neçə dəfə Elşənin evinə getmişdir. Elşən həm narkotik vasitələrdən istifadə etmiş, həm də satmışdır. O, narkotik vasitələrindən istifadə etdiyindən Elşənin evinə narkotik vasitələrdən istifadə etmək üçün getmişdir. Halhazırda isə reabilitasiya mərkəzində müalicə alır. Elşənin evinə gedən zaman arvadı Xumarla da tanış olmuşdur. Elşənin evinə gedəndə evdə müxtəlif şəxslərin olduğunu, vəziyyətlərinin pis olmasını görmüşdür. Elşəngilin evinə gedəndə həmişə narkotik vasitə istifadəçiləri görmüşdür. Bir neçə dəfə Elşənə iradını bildirərək ailəsi yaşadığı evə çoxlu adam gətirməməsini demişdir, lakin o, sözlərinə məhəl qoymamışdır. Xumar da ona hər dəfə Elşənin onu incitdiyini, vəziyyətlərinin pis olmasını demişdir. Bir müddət sonra onun Xumarla münasibəti yaranmışdır. Elşənin də onların münasibətlərindən məlumatı olmuşdur. Elşən və Xumar 4-5 dəfə kirayə yaşadıqları evləri dəyişirdirmişlər. Belə ki, Elşənin hərəkətlərinə görə ev sahibləri onları evdən çıxarmışdır. Sonuncu dəfə Xumar uşaqlarla birlikdə binanın blokunda Elşəndən ayrı yaşamağa başlamış, buna görə də Xumar və uşaqlarını televiziyadan gəlib çəkmişlər. Həmin çəkilişdən sonra Xumara yardım göstərilməyə başlanmış və Xumar uşaqlarla birlikdə ayrı evdə yaşamağa başlamışdır. Elşən yenə də tez-tez Xumara zəng edərək onu narahat etmişdir. Onun da Xumarla münasibəti davam etmişdir. 13 iyul 2023-cü il tarixdə yaşadığı ünvan 5 ünvanından çıxıb 150-200 metr getdikdən sonra qəflətən belinin arxa sağ tərəfindən nəsə bir şeyin dəydiyini hiss etmişdir. Narkotik vasitə istifadə etmək üçün Elşənin evinə getdikdə orada azı 3 nəfər narkotik vasitə istifadəçisi görmüşdür. Onun Xumarla münasibətinin olduğunu Elşən bilmiş və münasibətlərini qəbul etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Elşən onun Xumarla münasibətini bildiyi halda onların evinə getmişdir. Xumarla aralarında sevgi münasibəti olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı o, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyib hadisənin yerini əyani şəkildə göstərərək 13 iyul 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs gözlədiyi və arxasınca getdiyi yeri, həmçinin ünvan 4 qarşısında Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərib hadisənin necə baş verməsini əyani təsvir edərək göstərmişdir (cild 1, iş vərəqə 48-51). Cinayət işinin materiallarında olan “ CD diskə baxış keçirilməsi barədə” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:07:07-də ünvan 3 binanın qarşısında bir nəfərin ağ rəngli, uzunqol köynək geyinmiş şəxsin əlində paketlə kameranın qarşısından keçərək getməsi, həmin vaxt əynində qara rəngli qısaqol köynək və boz rəng şalvar olan bir nəfər kişi cinsli şəxsin isə onun arxasınca getdiyi saat 19:10:30-da bir az əvvəl kameranın qarşısından keçərək gedən ağ rəngli uzunqol köynəkli şəxsin əli ilə sağ bel nahiyəsini tutub qaçaraq bloka geri qaytıması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əynində ağ rəngli uzunqol köynək olan şəxsin Zərərçəkmiş şəxs olduğunu, əynində qara rəngli qısaqol köynək və boz rəng şalvar olan şəxsin isə özü olmasını, Eminin arxasınca gedərək ünvan 4 qarşısında arxa sağ bel nahiyəsindən bir dəfə bıçaqla vurduğunu bildirmişdir (cild 1, iş vərəqə 52). Cinayət işinin materiallarında olan “təqdim etmə, götürmə və baxış keçirilməsi barədə” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı istintaqa təqdim etmişdir (cild 1, iş vərəqə 11-12). Cinayət işinin materiallarında olan “baxış, təqdim etmə və götürmə barədə” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 3 saylı Kiliniki Şəhər Xəstəxanasından Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən əynində olmuş 1 ədəd açıq-qəhvəyi rəngli uzunqol köynək götürülmüşdür (cild 1, iş vərəqə 47). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, istintaqa təqdim olunan 1 ədəd “Samsung” markalı mobil telefondur, telefonun ümumi rəngi qaradır, istehsal bütövlüyünün pozulması müşahidə olunmur, yalnız ekran hissəsində yüngül çat izləri vardır, ekran sensorludur. Telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Samsung” sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun “iş masası” ekranda görünür. İş masası üzərində yerləşən “menu” bölməsində yerləşən “qalereya” adlı bölməyə daxil olunduqda burada Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arvadı Şahid birlikdə şəkillərinin olması aşkar edilir. Bundan sonra “WhatshApp” proqramına daxil olunduqda, orada söhbətlərin silinməsi aşkar olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs mobil telefonunda olan şəkillərin özü və Şahid məxsus olduğunu bildirir (cild 1, iş vərəqə 103-105). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 18 sentyabr 2023-cü il tarixli 1065 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ bel nahiyəsinin daxilə - periton boşluğuna nüfuz edən, qaraciyərin və yoğun bağırsaq müsariqəsinin kəsilmiş yaraları ilə qeyd olunan 1 ədəd deşilmiş-kəsilmiş yara deşici- kəsici əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya, ola bilsin bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs “X7” PŞH-da müəyyən edilmiş “Hepatit C” diaqnozu xəstəlik əlamətləri olmuş, onu travma ilə əlaqələndirmək mümkün deyil. Zərərçəkmiş şəxs bədənində müəyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə, eləcə də, öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir (cild 1, iş vərəqə 122-125). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 29 avqust 2023-cü il tarixli 363- 2023/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sağ yarısının aşağı hissəsində 1 ədəd deşilmişkəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Qeyd edilən zədənin müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması istisna olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşicikəsici xassayə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 126- 132). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 31 avqust 2023-cü il tarixli 507/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə B(İİİ)dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləklərdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B antigeni alınmışdır. Beləliklə bu qan ləkləri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş 1 ədəd bıçaq üzərində qan aşkar olunmamışdır (cild 1, iş vərəqə 133-138). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 18 sentyabr 2023-cü il tarixli 2660 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anammestik məlumatlar və hazırkı müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müainə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 139-140). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 3 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin törədilməsində istifadə edilən 1 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağı, eyni zamanda Zərərçəkmiş şəxs götürülmüş ona məxsus 1 ədəd açıq qəhvəyi-krem rəngli uzunqol köynək maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 143-152). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 110-112 və 115-121). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli hökmün icra edilməsi haqqında göstərişindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi haqqında Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü 3 oktyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 108-109). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22-23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 75-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin törədilməsində istifadə edilən 1 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağı, Zərərçəkmiş şəxs götürülmüş ona məxsus 1 ədəd açıq qəhvəyi-krem rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin törədilməsində istifadə edilən 1 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağı, Zərərçəkmiş şəxs götürülmüş ona məxsus 1 ədəd açıq qəhvəyi-krem rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar