Məhkəmə qərarları › İş №1(101)-2274/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2274/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2274/2024 03.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X7 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1987-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, subay, himayəsində biri yetkinlik yaşına çatmayan və biri azyaşlı iki uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi, nömrəsiz evdə faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi külli miqdar təşkil edən 695,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində olan çantada daşımış, 31 may 2024-cü il tarixdə, saat 01:35-də ünvan 2 ünvanında piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün, saat 02:50-də üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan qara rəngli çantanın içərisində saxladığı qara rəngli polietilen bağlamada ümumi təmiz çəkisi külli miqdar təşkil edən 695,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddət Rusiya Federasiyasında yaşadığından təhsil almamışdır, lakin oxuyub, yazmağı bilir. Birinci evliyindən xx.xx.2013-cü il təvəllüdlü Asya adlı, ikinci faktiki nikahından xx.xx.2022-ci il təvəllüdlü Lamiyə adlı qızı var. Həbs olunduqdan sonra uşaqları anasının himayəsinə verilmişdir. Həbs olunanadək heç bir yerdə işləməmişdir. Qızı Asyanın atası Vətən Müharibəsində şəhid olduğundan Asyaya şəhid ailəsinin üzvü kimi müavinət ödənilir. İkinci qızının atası da narkotik vasitələrlə bağlı mart ayında həbs edilmişdir. Təxminən 4-5 ildir ki, narkotik vasitələrdən, əsasən marixuanadan istifadə edir. O, bəzən narkotik vasitənin 100 qramına 80 manat, bəzən 100, 120 və 150 manat pul vermişdir. Narkotik vasitə üçün ödədiyi pul uşaqlarına görə dövlət tərəfindən ödənilən pullardan olmuşdur. “Mehdi” adlı şəxs ilə internet vasitəsi ilə tanış olmuş və ondan 3-4 dəfə narkotik vasitə almışdır. Belə ki, Mehdinin ona göndərdiyi müxtəlif bank kartlarına 100-150 manat pul göndərmiş, Mehdi də onun telefonuna narkotik vasitələri qoyduğu ünvanları göndərmiş, narkotik vasitəni qoyacağı yeri Mehdi özü təyin etmişdir. 30 may 2024-cü il tarixdə Mehdi ilə əlaqə saxlayaraq 150 manat müqabilində öz istifadəsi üçün 150-200 qram narkotik vasitə marixuana istəmişdir. Razılaşdıqdan sonra Mehdinin kartına 150 manat pul göndərmiş, o da narkotik vasitəni qoyduğu yerin ünvanını (konumu) onun telefonuna göndərmişdir. 30 may 2024-cü il tarixdə, təxminən saat 23:00-dan sonra taksi ilə Novxanı ərazisinə getmiş, Mehdinin ona göndərdiyi ünvanı taparaq bağlamanı özü ilə götürdüyü, qızına məxsus çantanın içərisinə qoyaraq geri qayıtmışdır. Yaşadığı ünvanda taksidən düşən zaman taksinin qarşısını “Range Rover” markalı avtomobil kəsmişdir. Həmin avtomobildən əlavə orada başqa üç ədəd, markalarını xatırlamadığı avtomobillər də olmuşdur. Avtomaşından düşən şəxslər ondan Mehdiyə səs atıb evə çatdığını söyləməsini tələb etmiş, o da deyilənləri etmişdir. Onlar həmin yerdə təxminən 20 dəqiqə “rəis” kimi adı çəkilən şəxsi gözləmişlər. “Rəis” gələndən sonra ondan adını, soyadını, üzərində pulunun olub-olmadığını soruşmuş, o isə üzərində pulunun olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu 43-cü Polis Bölməsinə aparmışlar. Orada vəkil gələnə qədər üzərinə, həmçinin əlində olan çantaya baxış keçirmiş, çantada olan qızına məxsus kitabları və digər əşyaları şkafın üzərinə boşaltmışlar, çantasında olan bağlamanı götürərək öz gətirdikləri, içərisində narkotik vasitə olan böyük bağlamanı onun çantasına qoymuşlar. Sonra otağa bir qadın və vəkil çağırılmış, onların yanında təkrarən onun üzərini axtarmağa başlamışlar. O qorxuduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona dediklərini təkrar etmişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitə istifadəçisi olmuşdur. Onun üzərində özünün istifadəsi üçün aldığı 150-200 qram çəkidə narkotik vasitə olan marixuana olmuşdur. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır. Himayəsində azyaşlı uşaqları var. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 30 may 2024-cü il tarixdə ona qərəzsiz və etibarlı mənbədən “Nihal” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən müvafiq sənədləşdirmə işləri aparılmış və qrup üzvü Şahid2 ilə birlikdə məlumatda qeyd olunan ünvana getmişlər. 31 may 2024-cü il tarixdə, saat təxminən 01:30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi ərazisində Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmış və 43-cü Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman Novxanıdan gəldiyini bildirmişdir. Bölmədə təhqiqatçı tərəfindən vəkil və Təqsirləndirilən şəxs qadın olduğu üçün üzərində baxış keçirilməsində iştirak etmək üçün bir nəfər qadın dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan çantanı təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Mehdi” adlı şəxsin dediyi yerdən götürərək özündə saxladığını, sonradan “Mehdi”nin dediyi yerə qoyacağını və buna görə “Mehdi”nin ona 500 manat verəcəyini bildirmişdir. Şəxsin üzərindən təxminən 700 qram narkotik vasitə aşkarlanmışdır. Bütün bunlar qanunauyğun şəkildə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən 200 qram narkotik vasitə aşkar olunması, onun üzərinə əvvəlcədən baxış keçirilməsi və tərəflərindən narkotik vasitənin qoyulması barədə dediklərini təsdiq etmir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir psixi və fiziki təzyiq göstərilməmişdir. “Mehdi” adlı şəxsin şəxsiyyəti ilə bağlı araşdırma aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs məxsus telefon yazışmalarından “Mehdi”nin İran vətəndaşı olduğu görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, vətəndaş X3, şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən imzalanmış 31 may 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə, saat 01:35 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, daha sonra Binəqədi RPİnin 43-cü PB-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan 1 (bir) ədəd qara rəngli əl çantasını təqdim edərək həmin çantada qurudulmuş marixuana olduğunu bildirdi. Bağlamanı açdıqda içərisində qara selllofan bağlama, həmin bağlamanın içərisində isə qara rəngli bağlama göründü. Qeyd olunan bağlamanı açdıqda onun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olundu. Həmçinin Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və 12 (on iki) manat məbləğində pul, şalvarının sol yan cibindən içərisində özünə aid şəxsiyyət vəsiqəsi və 6 (altı) ədəd bank kartı olan 1 (bir) ədəd saxlanc qabı aşkar olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsnın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və onun çəkisi 770 (yeddi yüz yetmiş) qram oldu. Aşkar olunmuş maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartları bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, saxlanc qabı, pul məbləği ona geri qaytarldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanmamışdan təxminən 1-2 saat öncə “Mehdi” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə Novxanı yolu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, qeyd olunan maddəni Mehdinin dediyi yerə qoyacağını, gördüyü işin müqabilində Mehdinin ona 500 manat məbləğində pul verəcəyini, narkotik vasitələrdən istifadə etdiyini, başqa hər hansı bir yerdə narkotik vasitə, psixotrop maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etdi. Şəxsi axtarış və götürmə Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edildi, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD əlavə olundu. Şəxsi axtarış və götürmə saat 02:50 dəqiqədə başlandı, 03:02 dəqiqədə bitdi (cild 1, i/v 31-33). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış DVD diskə baxış keçirilmiş və baxış zamanı 31 may 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 31 may 2024-cü il tarixli, 3-16-16-2-7/871 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadaki təmiz çəkisi – 695,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 695,0 qram, tədqiqata 0,2 qram istifadə olundu, 694,8 qram qalıq qalmışdır (cild 1, i/v 40-42). - “Maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir bağlamada təmiz çəkisi 694,8 qram olan narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, maddi sübut kimi tanınmış narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 694,8 qram qalığının saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 89, 91). - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulandan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona Təqsirləndirilən şəxs, müdafiəçi Ramiz Mirzəyevin, hal şahidləri Nadir Məmmədlinin və Ayşə Həsənovanın iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi: Üstündə 99-732-12-34 mobil nömrəsi olan gövdəsi qara gümüşü rəngli «Redmi Note 13Pro+ 5G» markalı smartfon tipli mobil telefonun qara rəngli üzlüyü vardır. Telefonu qurandan sonra yaddaş səhifələrinə baxış keçirilərək müəyyən edildi ki, telefonda bağlantıları, SMS və sosial şəbəkələr vasitəsi ilə bağlantılara dair bəzi məlumatlar müvafiq səhifələrdən silinmişdir. Baxış zamanı telefon aparatında “Whatsapp” səhifəsində “Sari” kimi qeyd edilmiş abonentlə yazışma səhifəsində həmin abonentdən xx.xx.2024-cü il tarixdə 00:29-da daxil olmuş fototəsvirdə ünvanı bilinməyən binanın girişi vardır, həmin abonentdən daxil olmuş səsli SMS-lərdə bağlamanı göndərməsi barədə məlumat verilir. Təqsirləndirilən şəxs bildirdi ki, “Sari” kimi qeyd edilən abonent ona qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı göndərmiş Mehdi kimi tanıdığı şəxsdir, sonuncunun göndərdiyi fototəsvirdə olan əlamətlərdən istifadə edərək Novxanı yolunda narkotik vasitəni gizlədildiyi yerdən götürmüşdür. Telefonun iş üçün əhəmiyyət kəsb edən whatsapp səhifələrinin təsvirləri çıxarılıb çap edilərək protokola əlavə olundu. Baxış keçiriləndən sonra telefon cinayət işində saxlanıldı (cild 1, i/v 60). - Həmin protokola əlavə edilmiş səs yazılarının məzmununa dair çıxarışdan görünür ki, Nəsirzadə X2 “M” kimi qeyd etdiyi +98 914 *** **** nömrəsinə göndərdiyi səsdə “Mehdi bu K nədir, 20K, nədir bu, dediyin zibil qutardı” demişdir. Bilinməyən nömrədən Təqsirləndirilən şəxs gələn səsdə “Salam necəsən, canın başın necədi. Bu gün də, axşam da heç kəslə danışmamışam, yəni danışmamışam deyəndə heç kəsdə mal yoxdur, bir dənə kanal ancaq Sumqayıtdadı. Mal rayonda ilişib, 20 dənə mal ilişib, nə problemi var bilmirəm. Verə bilirik, mənim borcum var ona mənə səs atır ki, borcunu ver. Malı da hələ ala bilmirəm, qalıb elə. Bir iki moment var, burdan uşaqların bir- ikisi mal yola salıblar şəhərə verəcək sənə, görüm nə edirəm” qeyd olunmuşdur. Bilinməyən nömrədən Təqsirləndirilən şəxs gələn səsdə “Nuri telefonu söndürmə, açıq saxla. Qoy görək bu otcu nə edəcək, bu gün verəcək görən”. Nəsirzadə X2 “Mehi” kimi qeyd etdiyi +98 914 *** ** ** nömrəsinə göndərdiyi səsdə “Mehdi sən götürmüsən hə, dünən malı, belə slaylik atmaqda götürmüsən”, “Ay Mehdi başına dönüm qoy varsa səndə, uşaq var e, səndən keçən dəfə gül alan. O istəyir pulu ilə patı istəyir, gör tapa bilirsən, tapa bilirsən deyəndə ki, gör var ya yox, yəni 2 qram 3 qram, lap 1 də olsa olar, vəziyyəti pisdi” qeyd etmişdir. İş üzrə həmçinin Təqsirləndirilən şəxs Whatsappına çox dəfə göndərilmiş və Nihal tərəfindən Sarı adı ilə qeyd olunan +994 *** ** ** 34 nömrəsinə göndərilmiş lokasiya Novxanı ərazisini göstərir. Həmçinin Nihal tərəfindən Sarı adlı şəxsə göndərilmiş şəkildə darvazanın qarşısında qara rəngli çantanın qoyulduğu da görünür (cild 1, i/v 61-65). - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 24/CİX 39-51 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr satdığı şəxslərin kimliyi və konkret hallar müəyyən edilməmişdir. Tapşırıq üzrə tədbirlər davam etdirilir, sübut əhəmiyyətli məlumatlar əldə edildiyi halda istintaqa təqdim ediləcəkdir (cild 1, i/v 143). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 X14 X4 17 iyul 2024-cü il tarixli, 4859 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 148-149). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2071 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 145-146). - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2024-cü il tarixli, 4(001)- 399/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 21, 22, 75-80). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 135). - xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə şəxsi axtarış zamanı götürülmüş ***-***-**-** simkartın istifadə olunduğu “Redmi Note 13 Pro+ 5G” markalı mobil telefonun iş üzrə maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışının videotəsvirləri olan DVD formatlı disk sübut əhəmiyyətli məlumatların olduğu elektron daşıyıcının maddi sübut kimi tanınması və cinayət işində saxlanılması qərara alınmışdır (cild 1, i/v 151-161). - Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası Təqsirləndirilən şəxs olan X11 xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. - 4 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12, anası Təqsirləndirilən şəxs olan X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən qurudulmuş marixuananın (kannabis) kütləsi 5 qram təşkil etdikdə xeyli miqdarda, 500 qram olduqda külli miqdarda, 50000 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 234.4.1-ci, külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin yaranması üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - bu əməlllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməlidir. - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə qeyd edir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması özü tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış yazışmaları, mobil telefonunda aşkar edilmiş fotoşəkillər və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadəni, yəni narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün alması, satmaq niyyətinin olmaması, miqdarının az olması barədə verdiyi ifadəni müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitəni saxlanılmamışdan təxminən 1-2 saat əvvəl “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə Novxanı yolu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, qeyd olunan maddəni Mehdinin dediyi yerə qoyacağını, gördüyü işin müqabilində Mehdinin ona 500 manat məbləğində pul verəcəyini, narkotik vasitələrdən istifadə etdiyini, başqa hər hansı bir yerdə narkotik vasitə, psixotrop maddə saxlamadığını, daha əvvəl üstünə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı Mehdi adlı şəxsdən qabaqcadan telefonla əlaqə saxlayıb Mehdinin göstərdiyi yerdən götürdüyünü, narkotik vasitədən şəxsi istifadəsi üçün də götürəcəyini, bütövlükdə bağlamanı sonradan Mehdinin deyəcəyi başqa yerə qoymaq üçün saxladığını, həmin yerdən isə kimin bağlamanı götürəcəyi ilə maraqlanmadığını, onun narkotiki kiməsə özünün satmaq niyyətinin olmadığını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi halları əvvəllər mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri yetkinlik yaşına çatmayan, biri azyaşlı olan iki uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalmış 694,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışının videotəsvirləri olan DVD formatlı disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi Note 13 Pro+5G” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Verdiktum” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2274/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Verdiktum” Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Verdiktum” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 31 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalmış 694,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışının videotəsvirləri olan DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi Note 13 Pro+5G” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, “Verdiktum” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar