Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-228/2019 07.03.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Ağalarovun sədrliyi ilə, hakimlər İradə Xəlil qızı Həsənzadə və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının vəkili X2 iştirakı ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Qaraçı kəndində qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X9 2 oktyabr 2015-ci il tarixdə gecə saat 2 radələrində sərxoş vəziyyətdə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri Məktəbli küçəsində yerləşən 15 saylı evin qarşısına getmiş, orada üzünü gizlətmək üçün əvvəlcədən götürdüyü əl-üz dəsmalını maska formasında sifətinə sarıyıb yapışqanlı lent vasitəsi ilə bağlayandan və hər ikisi əllərinə əlcək geyinəndən sonra daş hasardan aşmaqla əvvəlcə evin həyətinə keçmiş, özü həyətdə dayanıb gözləmiş, Şahid2 isə həyətdə qoyulmuş taxta nərdivanı götürüb evin ikinci mərtəbəsindəki aynabəndin pəncərəsinə söykəyərək yuxarı qalxmış, pəncərəyə çəkilmiş sintetik materialından olan toru əli ilə dartıb cırmaqla oradan qanunsuz olaraq evə girmiş, daha sonra içəri tərəfdən aynabəndin giriş qapısının qıfılını üstündəki açar vasitəsi ilə açıb onun qanunsuz olaraq evə girməsini təmin etmiş, bundan sonra əvvəlcədən razılaşdıqları kimi Şahid2 aynabəndin giriş qapısının qarşısında pusquda dayanmış, özü isə pul və qızıl-zinət əşyaları tapmaq məqsədi ilə evin ikinci mərtəbəsindəki otaqları, daha sonra Zərərçəkmiş şəxs yataq otağını axtarmış, səsə Zərərçəkmiş şəxs yuxudan oyanıb qışqırmağa başlayanda həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əli ilə ağzını tutub boğmaqla ona burun və alt çənə nahiyələrinin qançır və sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək evdə olan pulların yerini deməsini tələb etmiş, Zərərçəkmiş şəxs sayıq tərpənib əlindən çıxmaq üçün guya pulların evin birinci mərtəbəsində olduğunu deyib onunla birlikdə birinci mərtəbəyə düşərək həyətdən çıxıb qaçandan sonra evi axtarmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 ilə 2015-ci ilin noyabr ayında Gəncə bazarında tanış olmuş və həmin vaxtdan da onunla münasibəti yaranmışdır. Coşqunu əvvəllər Xaçmaz şəhərində bir neçə dəfə görsə də, onunla elə bir münasibəti olmamışdır. Həmin vaxtlar Coşqun öz avtomobili ilə Gəncə bazarına meyvə aparıb satmışdır. Söhbət əsnasında Coşqun ona borcunun olduğu, Xaçmaz şəhərində yaşlı bir qadının evində kirayədə yaşadığını, ev sahibinə də borcu olduğu üçün əşyalarının həmin evdə qaldığı barədə danışmışdır. Xaçmaz şəhərinə qayıdandan sonra bir neçə dəfə Coşqunla görüşüb birlikdə pivə içmiş, kompüter salonuna gedib kinolara baxmışdır. Birinci dəfə Coşqun ona zəng vurub birlikdə gedib kirayədə yaşadığı evdən əşyalarını götürmək istədiyini demiş, sonuncuya qonaqlıqda olduğunu bildirmişdir. Təxminən iki gün sonra Coşqun yenidən ona birlikdə kirayədə yaşadığı evdə qalmış əşyalarını götürməyi təklif etmişdir. Yenə də Coşquna işi olduğunu deyib, təklifini rədd etmişdir. 2 oktyabr 2015-ci il tarixdə axşam 21 radələrində Coşqunla birlikdə Xaçmaz şəhərində tanımadığı kafelərin birində oturub yeyib içmişlər. Bundan sonra idarə etdiyi «Mercedes Sprinter» markalı avtomobili ilə Bakı-Xaçmaz avtomobil yolunda Niyazabad kəndi istiqamətində maşını saxlayıb, maşının salonunda pivə içməyə başlamışlar. Bu zaman Coşqun ona kirayədə yaşadığı Zərərçəkmiş şəxs evinə getməyi təklif etmiş və o, razılaşmışdır. Təxminən gecə 2 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsi istiqamətində aşağı düşmüşlər. Həmin yol ilə getməkdə məqsədləri Zərərçəkmiş şəxs məxsus yaşayış evinin giriş hissəsinə nəzər yetirmək olmuşdur. «Ulduz» otelin qarşısından keçib maşını H.Z.Tağıyev küçəsində yolun kənarında saxlamışlar. Piyada məhlənin içi ilə gəlib Zərərçəkmiş şəxs evinin qarşısına çatmışlar. Bundan sonra maşında həmişə gəzdirdiyi sarı-ağ rəngli fəhlə əlcəyini çıxarıb hər ikisi əllərinə geyinmişlər. Maşında olan qırmızı-ağ rəngli əl dəsmalını ağzının ətrafına bağlayıb, arxadan skoç ilə bağlamışdır. Həmin vaxt Coşqun ona Zərərçəkmiş şəxs evdə olmadığını bildirmişdir. Evə baxanda evdə işıqların yanmadığını görmüşdür. Bundan sonra hər ikisi evin hasarından həyətə tullanmışlar. Evin böyük darvazası bağlı olduğundan Coşqun həmin darvazanı arxadan açmışdır. O, evin həyətində gözləmiş, Coşqun isə pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsinin qapısı bağlı olduğundan, Coşqun yenidən evin həyətinə düşmüşdür. Həyətdən nərdivan tapıb evin ikinci mərtəbəsinin pəncərəsinin qarşısına qoymuşdur. Pəncərənin torunu əli dartıb yerindən çıxardıb evin içərisinə daxil olmuşdur. Evin içərisindən qapını açaraq, onu evin içərisinə çağırmışdır. O da evin pilləkənı ilə yuxarı qalxmışdır. Bu vaxt Coşqun evin ikinci mərtəbəsindən ev sahibəsi Nərgizin qışqırıq səsinə pilləkənla qaçaraq, evin tək darvazasından çıxıb qaçmışdır. Coşqunun arxası ilə çölə çıxmış, lakin onun hansı istiqamətə qaçıb getdiyini görə bilməmişdir. Qaçaraq maşının istiqamətində gəlib, Coşquna zəng vurmuş, lakin sonuncuya zəng çatmamışdır. Maşını işə salıb yaşadığı kəndə gəlmişdir. Maşını evin qabağında saxlayıb, digər maşını olan «Mercedes 190» markalı avtomobilini işə salmışdır. Bir qədər Xaçmaz şəhərini fırlanandan sonra yenidən evə qayıdıb yatmışdır. 3 oktyabr 2015-ci ildə saat 9-10 radələrində Coşqun ona zəng vurub, sahə inspektorunun arxası ilə gəldiyini bildirmişdir. Coşquna: «polis arxanca gəlibsə, get ancaq məni satma, tutularsan al boynuna köməklik edərəm» demişdir. Coşqun polis tərəfindən tutulduğuna görə 5 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində Şirvanovka sərhəd keçid məntəqəsindən Rusiya Federasiyasına keçmişdir. O, Coşquna borcu olmasını deməmiş, ancaq Coşqun özü ona borcu olmasını bildirmişdir. Coşqunla birlikdə əvvəlcədən cinayət törətməyi planlaşdırılmamışdır. Coşqun ona kirayədə yaşadığı qadının evində olan əşyaları götürmək istədiyini dediyindən onunla birlikdə həmin ünvana getmişdir. Hər ikisi içkili olduqlarına görə onlarda evə daxil olmaq fikirləri yaranmışdır. Həmin vaxt evə daxil olsalar da, qadın qışqırdığına görə evdən heç nə götürə bilməmişdir. O, zərərçəkmişdən pul tələb etməmiş, onu vurmamış və ona xəsarət yetirməmişdir. Hadisə vaxtı Coşqunun əlində əlcək olsa da, üzündə maska olmamışdır. Zərərçəkmiş şəxsə qarşı küt alət və ya silahdan istifadə etməmişdir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, mərhum əri Hacınəbi Şahgəldiyevlə 1987ci ildə ailə həyatı qursa da, övladları olmamışdır. 1998-ci ildə əri rəhmətə gedəndən sonra sonra tək yaşamağa başlamışdır. Bütün qonşularla münasibəti yaxşı olmuş, heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Yaşadığı ev iki mərtəbəli olsa da, əsasən ikinci mərtəbədən istifadə edir. Evin ikinci mərtəbəsi aynabənd, aynabəndin yuxarı tərəfi mətbəx və iki otaqdan ibarət olmaqla otaqların birindən qonaq otağı, digərindən isə yataq otağı kimi istifadə edir. 1 oktyabr 2015-ci il tarixdə gecə saat 23 radələrində ikinci mərtəbədə olan yataq otağına girib yatmış, 2 oktyabr 2015ci il tarixdə təxminən gecə saat 2 radələrində səs eşidib yuxudan ayılanda tanımadığı bir şəxsin otağı axtardığını görmüşdür. Həmin şəxs onun oyandığını görüb, tez yaxınlaşıb əli ilə ağzını tutaraq onu boğmağa başlamış və pullarının yerini soruşmuşdur. Həmin şəxsin bir əlində əlcək, digər əlində isə başqa nə isə olmuş, lakin başını bürüdüyündən üzünü, həmçinin əlində nə olduğunu görə bilməmişdir. Həmin şəxsin təkidlə evdəki pulların yerini deməsini tələb etdiyini görəndə, birinci mərtəbəyə düşərlərsə qışqırıb qonşuları köməyə çağıra biləcəyini fikirləşmiş və buna görə də əlindən çıxmaq üçün ona yalandan pulların evin birinci mərtəbəsində olduğunu demişdir. Bundan sonra həmin şəxs bir əli ilə onun ağzından tutaraq yataq otağından aynabəndə çıxartmış, aynabəndə çıxanda başqa bir şəxsin aynabəndin qapısının ağzında dayandığını görmüşdür. İkinci şəxs onu görən kimi üzünü arxaya çevirib tez pilləkənlə aşağı düşdüyündən sifətini görə bilməmişdir. Daha sonra o, qabaqda, əli ilə ağzını tutmuş şəxs isə onun arxasınca pilləkənlə birinci mərtəbəyə düşmüşlər. Həyətə çıxandan sonra həmin şəxs birinci mərtəbədəki otaqlara girmək üçün pilləkənin altına tərəf keçəndə həyətdən küçəyə çıxmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü dəmir qapının açıq olduğunu görmüş, həmin qapıdan küçəyə çıxıb hasar qonşuluğunda yaşayan Məhərrəmgilə hadisə barədə məlumat verə biləcəyini fikirləşmişdir. Buna görə də tez küçəyə qaçmış və Məhərrəmin evinə gedərək hadisə barədə ona danışmışdır. Məhərrəm də öz növbəsində hadisə barədə polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək özünün iştirakı ilə evinə baxış keçirmiş, baxış zamanı həyətdəki taxta nərdivanın aynabəndə söykəndiyini görmüşdür. Evinə girmiş şəxslərin həmin nərdivanla yuxarı qalxıb pəncərəni açdıqları və pəncərəyə çəkilmiş yaşıl rəngli sintetik toru cıraraq oradan evə daxil olduqları məlum olmuşdur. Bundan başqa onun yataq otağından bir cüt fəhlə əlcəyi aşkar edilmişdir. Hadisə ilə bağlı polisə ərizə ilə müraciət edəndə qorxduğundan və bərk həyəcanlı olduğundan evinə girmiş şəxslərin əllərində tapança olduğunu göstərsə də, hadisə zamanı həmin şəxslərin əllərində konkret olaraq tapança olub-olmamasını dəqiq görməmişdir. Həmin vaxt evində 100 manat pul və özünə məxsus bir neçə ədəd qızıl-zinət əşyaları olmuş, lakin həmin şəxslər evdən nə pulu, nə qızıl-zinət əşyalarını, nə də ki, başqa hər hansı bir əmlakı apara bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz RPŞnin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanıdır. 2 oktyabr 2015-ci il tarixdə gecə saat 2 radələrində xidmətdə olduğu zaman növbətçi hissəyə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətindən iki naməlum şəxsin Xaçmaz şəhəri Məktəbli küçəsi 15 saylı evə daxil olub ev sahibəsi Zərərçəkmiş şəxs boğaraq ondan pul tələb etmələri barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Həmin ünvanda yerləşən evin həyətinə daxil olanda taxta materialından hazırlanmış nərdivanın evin ikinci mərtəbəsindəki aynabəndə söykədilmiş, nərdivan söykənən hissədə aynabəndin pəncərə laylarından bir ədədinin açıq və çöl tərəfdən həmin pəncərə layına çəkilmiş sintetik materialından olan yaşıl rəngli torun cırılmış vəziyyətdə olduğunu görmüşdür. Ev iki mərtəbədən ibarət olsa da, birinci mərtəbədə yaşayış olmamış, evin ikinci mərtəbəsi isə bir aynabənd, mətbəx, qonaq və yataq otaqlarından ibarət olmaqla mətbəx aynabəndin yuxarı hissəsində, otaqlar isə aynabəndə daxil olan kimi sol tərəfdə yanaşı yerləşmişdir. Evin ikinci mərtəbəsindəki aynabənddə, mətbəxdə, həmçinin otaqlarda olan avadanlığın səliqə-səhmanı pozulmamış, baxış zamanı evin ikinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yataq otağından ağ-sarı rəngli bir cüt fəhlə əlcəyi aşkar olunmuşdur. Baxışda iştirak edən ev sahibəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, əri rəhmətə gedəndən uzun illərdir evdə tək yaşamışdır. 1 oktyabr 2015-ci il tarixdə gecə saat 23 radələrində ikinci mərtəbədəki yataq otağında yatmış və 2 oktyabr 2015-ci il tarixdə təxminən gecə saat 2 radələrində səs eşidib yuxudan oyananda tanımadığı bir şəxsin otağı axtardığını görmüşdür. Otağı axtaran şəxs Zərərçəkmiş şəxs oyandığını görəndə tez yaxınlaşıb əli ilə ağzını tutaraq onu boğmuş və pulların yerini deməsini tələb etmişdir. Həmin şəxsin bir əlində əlcək, digər əlində isə başqa nə isə olmuş, başını bürüdüyündən onun sifətini, həmçinin əlindəkinin dəqiq nə olduğunu görə bilməmişdir. Onu boğan şəxsin əl çəkməyib təkidlə evdəki pulların yerini deməsini tələb etdiyini görəndə, Zərərçəkmiş şəxs birinci mərtəbəyə düşərlərsə qışqırıb qonşuları köməyə çağıra biləcəyini fikirləşmiş və buna görə də əlindən çıxmaq üçün ona yalandan güya pulların evin birinci mərtəbəsində olduğunu demişdir. Bundan sonra evə girən şəxs bir əli ilə Zərərçəkmiş şəxs ağzından tutaraq yataq otağından aynabəndə çıxartmış, aynabəndə çıxanda zərərçəkmiş şəxs başqa bir şəxsin aynabəndin qapısının ağzında dayandığını görmüşdür. Lakin qapının ağzında dayanmış şəxs Zərərçəkmiş şəxs görən kimi üzünü arxaya çevirib tez pilləkənlə aşağı düşdüyündən onun da sifətini görə bilməmişdir. Daha sonra əli ilə ağzını tutmuş şəxs arxada, Zərərçəkmiş şəxs isə qabaqda olmaqla pilləkənlə birinci mərtəbəyə düşmüşlər. Həyətə çıxandan sonra həmin şəxs birinci mərtəbədəki otaqlara girmək üçün pilləkənin altına tərəf keçəndə Zərərçəkmiş şəxs həyətdən qaçaraq küçəyə çıxmış və çəpər qonşuluğunda yaşayan Şahid3 evinə gedərək hadisə barədə ona danışmışdır. Şahid3 də öz növbəsində hadisə barədə polisə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs evinə girmiş şəxslərin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinə başlanılmış, keçirilmiş tədbirlər nəticəsində qeyd olunan tarixdə Zərərçəkmiş şəxs evinə əvvəllər həmin evdə kirayədə yaşamış Xaçmaz rayonunun Çarxı kəndində pasport qeydiyyatında olan Şahid2 Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan tanışı X9 ilə birlikdə girdikləri müəyyən edilmişdir. Bununla bağlı Şahid2 axtarılarkən onun 2 oktyabr 2015-ci il tarixdə saat 18 radələrində küçədə ucadan ünvansız nalayiq söyüşlər söydüyünə görə barəsində Xaçmaz rayon məhkəməsi tərəfindən 5 sutka inzibati həbs seçilməsi məlum olmuş və Xaçmaz RPŞ-nin müvəqqəti saxlanılma yerində saxlanıldığı müddət ərzində ətrafında əməliyyat tədbirləri keçirilmişdir. Aparılmış söhbətlər zamanı o, törətdiyi cinayət əməlini etiraf etmiş və həqiqətən qeyd olunan tarixdə tanışı Rəşad Əskərovla birlikdə əvvəlcədən danışıb razılaşaraq əvvəllər ailəsi ilə birlikdə kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri Məktəbli küçəsində yerləşən 15 saylı evə girdiklərini bildirmiş və bununla bağlı izahat yazmışdır. Bundan sonra Şahid2 8 oktyabr 2015-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nə təqdim edilmiş və o, cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İfadəsi yerində yoxlanılarkən Şahid2 2 oktyabr 2015-ci il tarixdə gecə saat 2 radələrində tanışı X9 ilə birlikdə Zərərçəkmiş şəxs qarşı törətdikləri cinayət əməlini hadisə yerində əyani olaraq göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2011-ci ilin avqust ayında Şahid4 ilə qeyri-rəsmi olaraq ailə qurandan sonra Xaçmaz şəhərinə köçmüşdür. Şahid4 ilə birlikdə müxtəlif ünvanlarda, o cümlədən Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri Məktəbli küçəsində yerləşən 15 saylı evdə təxminən bir il kirayədə yaşamışdır. 2014-cü ilin dekabr ayında ailəsi ilə birlikdə Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində yerləşən başqa bir evə köçmüşdür. Zərərçəkmiş şəxs qeyd olunan ünvanda tək yaşamışdır. Sonuncunun həmin evi qonşuluğunda yaşayan Hacı Məhərrəm adlı şəxsə satmasını, aralarında olan razılaşmaya əsasən ölənə kimi həmin evdə yaşayacağını, öldükdən sonra Hacı Məhərrəmin onu dəfn edəcəyini və bundan sonra evin ona qalacağını Zərərçəkmiş şəxs özündən eşitmişdir. X6 təxminən iki il olar ki, maşın ustası kimi tanımışdır. Tanışlıqları da məhz ona maşınının təmir etdirməsi ilə bağlı olmuşdur.Həmin vaxtdan etibarən aralarında münasibət yaranmışdır.Ailəsini dolandırmaq məqsədi ilə Xaçmaz rayonunun Bay-oba kənd sakini Qürbət adlı şəxsdən «Qazel» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, ayrı-ayrı şəxslərdən meyvə və tərəvəz məhsulları alaraq həmin avtomobillə Bakı şəhərinə və respublikanın digər bölgələrinə aparıb satmaqla çörək pulu qazanmışdır. 2015-ci ilin sentyabr ayının təxminən 15-20-si arası Quba rayonunun Mirzəqışlaq kənd sakini X8 ilə birlikdə Quba rayonunun Barlı kəndindən şərikli alma məhsulu alıb, satmaq məqsədi ilə idarə etdiyi avtomobillə Gəncə şəhərinə aparmışdır. Gəncə şəhər bazarında təsadüfən Rəşad Əskərovla rastlaşmış və onun özünə məxsus «Mercedes Sprinter» markalı avtomobillə həmkəndlisi Cəmil adlı şəxsə məxsus alma məhsullarını satmaq üçün bazara gətirdiyini bilmişdir. Bazarda Rəşadla ikisi birlikdə oturub çay içərkən Rəşad ona çoxlu borcunun olduğunu, ödəyə bilmədiyini və əgər bir yer olsa, oğurluq edib borclarını ödəyə biləcəyini bildirmişdir. Özünün də xeyli borcu olduğundan, o da Rəşada öz vəziyyəti barədə danışmış və bundan sonra borclarını ödəmək üçün pul əldə etmək məqsədi ilə ikisi birlikdə oğurluq etmək barədə danışıb razılaşmışlar. Söhbət zamanı Zərərçəkmiş şəxs yadına düşdüyündən onun barəsində Rəşada danışmış, onun evdə tək yaşadığını demiş, əvvəllər həmin evdə kirayədə qaldığını və Zərərçəkmiş şəxs şəraitinə bələd olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs evində yaşadığı vaxtlarda Rəşad bir neçə dəfə onun yanına gəlib-getdiyindən və onlar küçədə, Zərərçəkmiş şəxs evinin qarşısında görüşdüklərindən o, Rəşad da həmin evi tanımışdır. O, birlikdə Zərərçəkmiş şəxs evindən oğurluq etməyi təklif etmiş və Rəşad onunla razılaşmışdır. Sonuncu Xaçmaza qayıdandan sonra özünün də evə baxacağını və bununla bağlı qəti fikrini bildirəcəyini demişdir. Oğurluq etmək barədə söhbət yalnız Rəşadla onun arasında olmuş, həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Bundan iki gün sonra onlar Gəncə şəhərindən Xaçmaz rayonuna qayıtmışlar. 2015-ci ilin sentyabr ayının təxminən sonlarında Rəşad ona zəng edərək Zərərçəkmiş şəxs evini nəzərdən keçirdiyini, həmin evə girib oğurluq etməyin mümkün olduğunu bildirmiş və onlar qəti orlaraq Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişlər. 1 oktyabr 2015-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhərindən qayıdarkən yolda Rəşad ona zəng etmiş, Zərərçəkmiş şəxs evinə oğurluğa girəcəklərini və Xaçmaz şəhərində, keçmiş «Xəzər» kinoteart binasının arxa tərəfində yerləşən kompüter salonunda onu gözlədiyini demişdir. Həmin gün Bakı şəhərinə yol maşını ilə gedib qayıtdığından, icarəyə götürdüyü «Qazel» markalı avtomobili Xaçmaz rayonunun Hacıəlibəy kəndi ərazisində, yolun kənarında saxladığından Xaçmaz şəhərinə çatandan sonra qeyd olunan kompüter salonuna getmiş və orada Rəşadla görüşmüşdür. Oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs evinə gecə girmək qərarına gəldiklərindən gecənin düşməsini gözləmək məqsədi ilə vaxtı öldürmək üçün kompüter salonunda oturub oyun oynamış və hərəyə iki şüşə pivə içmişlər. Gecə saat təxminən 00:00 radələrində kompüter salonundan çıxmışlar. Rəşad ora özünə məxsus «Mercedes Sprinter» markalı avtomobillə gəldiyindən salondan çıxandan sonra maşına oturub bir qədər şəhərin içərisində gəzişmişlər. Daha sonra Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Ulduz» otelinin qarşısında maşını saxlamış və oradan piyada Zərərçəkmiş şəxs yaşadığı küçəyə girmişlər. Bu vaxt Rəşad ona qızıl mağazasının qarşı hissəsində müşahidə kamerasının olduğunu demiş və geri qayıdıb başqa istiqamətdən həmin küçəyə getməyi təklif etmişdir. Buna görə də hər ikisi geri qayıdıb maşına oturmuş və Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsinə getmişlər. Maşını həmin küçədə saxlayaraq oradan piyada Məktəbli küçəsinə getmişlər. Maşından düşəndə Rəşad iki cüt fəhlə əlcəyi, bir ədəd əl-üz dəsmalı və bir ədəd yapışqanlı lent götürmüş, evə girəndə həmin əlcəklərdən istifadə edəcəklərini, dəsmaldan isə maska hazırlayıb üzünü bağlayacağını bildirmişdir. Zərərçəkmiş şəxs onu tanıdığından evə Rəşadın girəcəyi, onun isə kənarda dayanıb müşahidə aparacağı, əgər şübhəli nəsə olarsa Rəşada xəbər verəcəyi barədə əvvəlcədən razılaşmışlar. Beləliklə, onlar ikisi birlikdə Zərərçəkmiş şəxs evinin qarşısına getmişlər. Nərgizin qonşusu Hacı Məhərrəmin evinin pilləkəninin yuxarı hissəsində müşahidə kamerası olduğunu və həmin kameranın Zərərçəkmiş şəxs həyətinə doğru istiqamətləndiyini bildiyindən bu barədə Rəşadı məlumatlandırmış və ehtiyatlı olmasını demişdir. Həmin vaxt artıq 2 oktyabr 2015-ci il gecə təxminən saat 2 radələri olmuşdur. Orada Rəşad götürdüyü əlcəklərdən bir cütünü ona vermiş və bir cütünü özü əllərinə keçirmişdir. Sonra isə Rəşad əl-üz dəsmalını yapışqanlı lent vasitəsi ilə maska formasında sifətinə bağlamış və yalnız gözləri açıq qalmışdır. Bundan sonra birinci olaraq özü, arxasınca isə Rəşad hasardan aşıb həyətə keçmişlər. Həyət qapısı içəri tərəfdən daxili qıfılla bağlandığından və açar qıfılın üstündə olduğundan törədəcəkləri hadisədən sonra həyətdən çıxıb getmək asan olsun deyə, qapını içəri tərəfdən açaraq açıq vəziyyətdə saxlamışdır. O, evin birinci mərtəbəsinin qapısının açıq olduğunu, lakin içəridə heç nə olmadığını bilmiş, buna baxmayaraq Rəşad əvvəlcə birinci mərtəbədəki otaqlara daxil olub axtarmış, lakin heç nə tapa bilməmişdir. Bundan sonra hər ikisi evin ikinci mərtəbəsinə qalxan pilləkənin aşağı hissəsindəki qapının açıq vəziyyətdə olduğunu görüb, oradan ikinci mərtəbəyə qaxmış, pilləkənin yuxarı hissəsində, ikinci mərtəbəyə daxil olmaq üçün nəzərdə tutulmuş qapı bağlı olduğundan Rəşad orada dayanıb gözləmiş, özü isə aşağı düşüb həyətdəki taxta nərdivanı evin ikinci mərtəbəsindəki aynabəndə söykəmiş və onunla yuxarı qalxmışdır. Aynabəndin pəncərəsi açıq vəziyyətdə olmuş, lakin həmin yerə sintetik materialdan tor çəkildiyindən əli ilə dartıb toru cıraraq oradan aynabəndə girmiş və daha sonra yaxınlaşıb aynabəndin qapısını açaraq Rəşadı içəri buraxmışdır. Zərərçəkmiş şəxs onu tanıdığından əvvəlcədən razılaşdıqları kimi o, pilləkənin yuxarı hissəsində, aynabəndin giriş qapısının qarşısında dayanıb gözləmiş, Rəşad isə bir-bir otaqları axtarmağa başlamışdır. Lakin Rəşad aynabənddən və digər iki otaqdan heç nə tapa bilməmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs yataq otağına daxil olmuş və bundan təxminən 15-20 saniyə sonra otaqdan Zərərçəkmiş şəxs qışqırıq səsini, Rəşadın isə ondan pulların yerini deməsini tələb etdiyini eşitmişdir. Zərərçəkmiş şəxs pulların evin birinci mərtəbəsində olduğunu deyəndə Rəşad onunla getməsini və pulların yerini ona göstərməsini bildirmişdir. Rəşad bir əli ilə Zərərçəkmiş şəxs ağzından tutub onu otaqdan aynabəndə çıxaranda sifəti açıq vəziyyətdə olduğundan Zərərçəkmiş şəxs onu görən kimi tanıyacağından qorxmuş, buna görə də orada dayanmayıb dərhal həyətə düşmüş və küçə qapısından çölə çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Rəşad isə orada qalmışdır. Yolda hadisə zamanı əllərinə geydiyi əlcəkləri çıxarıb atmış və Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Qoşa qapı» deyilən yerə getmişdir. Orada tanımadığı şəxsin idarə etdiyi qara rəngli «VAZ-2107» markalı taksi ilə Xaçmaz şəhərinin girişindəki dairəyə, oradan isə Xaçmaz rayonunun Armudpadar kəndindən olan Cavid adlı şəxsin idarə etdiyi «Opel» markalı taksi ilə Xaçmaz rayonunun Hacıəlibəy kəndinə, maşınını saxladığı yerə getmiş və gecəni maşının salonunda yatmışdır. Səhər ayılıb telefonuna baxanda Rəşaddan ona iki zəngin gəldiyini görmüş, lakin sonuncuya zəng etməmişdir. Həmin vaxt arvadı Dünya kiçik uşağı ilə birlikdə Bakı şəhərində xəstəxanada, böyük qızı Xədicə isə Xaçmaz rayonunun Alekseyevka kəndində, qaynanası Rəhimənin yanında olduğundan Xədicəni görmək üçün maşını işə salıb Alekseyevka kəndinə getmişdir. Alekseyevka kəndində, baldızı Ülkərin evində olduğu zaman Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində kirayədə qaldığı evin sahibi Elşən ona zəng etmiş və polis əməkdaşları tərəfindən axtarıldığını demişdir. Buna görə də o, Alekseyevka kəndindən çıxıb Xaçmaz istiqamətində hərəkətə başlamış və yolda Rəşadla telefon əlaqəsi saxlayıb ona polis əməkdaşları tərəfindən axtarıldığını demişdir. Rəşad ondan harada olduğunu soruşanda o, Qımıl-qışlaq kənd yolu ilə Xaçmaz istiqamətində hərəkətdə olduğunu demiş, bundan sonra Rəşad onunla görüşmək istədiyini və Qımıl-qışlaq yolunun kənarında yerləşən yanacaq doldurma məntəqəsində onu gözləyəcəyini demişdir. O, qeyd olunan yanacaq doldurma məntəqəsinə çatıb orada Rəşadla görüşmüş, söhbət əsnasında Rəşad ondan niyə görə onu hadisə yerində tək qoyub qaçdığını soruşmuş və hadisə zamanı əlində olmuş əlcəyin bir tayının Zərərçəkmiş şəxs evində düşüb qaldığını bildirmişdir. O, Rəşada Zərərçəkmiş şəxs onu görüb tanıyacağından qorxub hadisə yerindən qaçdığını bildirəndə Rəşad ona polislər tərəfindən tutarlarsa, hadisə ilə bağlı onun adını verməməsini tapşırmış və onun adını çəkərsə hər ikisinin tutulacağını və işlərinin ağır olacağını, əgər tək tutularsa narahat olmamasını, öz maşınlarını satıb ona kömək edəcəyini bildirmiş və bundan sonra ondan ayrılaraq çıxıb getmişdir. O isə Xaçmaz RPŞ-nə gəlmişdir. Şöbədə polis əməkdaşları Zərərçəkmiş şəxs evində baş vermiş hadisə ilə bağlı onu sorğu-sual etmişlər. O, əvvəlcə heç nəyi etiraf etməmiş və Rəşadla birlikdə törətdiyi cinayət əməlini boynuna almamışdır. Lakin sonradan oturub fikirləşmiş, polis əməkdaşlarının onların törətdikləri cinayət əməlindən artıq xəbər tutduqlarını və törətdiyi cinayət əməlini gizlədərsə vəziyyətinin daha ağır olacağını düşünmüşdür. Buna görə də səmimi olaraq hər şeyi etiraf etmək qərarına gəlmiş, bu səbəbdən öz xətti ilə izahat yazaraq Rəşad Əskərovla birlikdə Zərərçəkmiş şəxs qarşı törətdikləri həmin hadisəni tam təfsilatı ilə qeyd etmişdir. Hadisə zamanı nə özünün, nə də ki, Rəşad Əskərovun əlində tapança və ya digər hər hansı bir silah və silah qismində istifadə olunan əşya olmamışdır. X13 Həsənovanın yatdığı otağa daxil olandan sonra orada nə etdiyini görməmişdir. Rəşadın yalnız Zərərçəkmiş şəxs yataq otağından aynabəndə çıxararkən bir əli ilə onun ağzından tutduğunu görmüş, onlar aynabəndə çıxanda Zərərçəkmiş şəxs onu görüb tanıyacağından qarxaraq hadisə yerindən qaçıb getdiyinə görə sonradan Rəşadın Zərərçəkmiş şəxs qarşı daha nə kimi hərəkətlər etməsindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs çəpər qonşusu olmaqla onu 30 ildən çoxdur ki, tanıyır. Münasibətləri yaxşı olmuşdur. 2 oktyabr 2015-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı evin qapısı döyülmüş, o, durub qapını açanda Zərərçəkmiş şəxs təşviş və həyəcan içərisində içəri girmişdir. Sonuncunun sifət nahiyəsində, ağız ətrafında və boyun nahiyəsində xəsarət izlərinin olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona iki naməlum şəxsin evinə girdiyini və hazırda da orada olduqlarını bildirib, polisə məlumat verməsini xahiş etmişdir. Bundan sonra o, dərhal özünə məxsus mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək Zərərçəkmiş şəxs evinə baxış keçirmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır.Zərərçəkmiş şəxs evinə girmiş şəxslərin Şahid2 və Rəşad Əskərov adlı şəxslər olduğu sonradan ona məlum olmuşdur. Zərərçəkmiş şəxs onun yaşadığı Məktəbli küçəsində ev 15-də tək yaşamışdır. Mərhum Nərgizin həyat yoldaşı və övladı olmamışdır. Nərgiz həmin yaşadığı evi ona satmışdır. O da Nərgizin evini sökdürüb evinin həyətyanı sahəsini böyütmüşdür. Hadisə olandan bir müddət sonra Nərgizin ölməsini eşitmişdir. Nərgizin qohumlarını tanımamış və onlarla hər hansı əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid Şahid4 ifadəsindən görünür ki, Şahid2 onun əridir. Himayəsində iki azyaşlı övladları vardır. 2013-cü ilin təxminən noyabr ayından 2014-cü ilin dekabr ayına kimi Şahid2la birlikdə Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri Məktəbli küçəsində yerləşən 15 saylı evdə kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs özü də onlarla birlikdə yaşamaqla evin ikinci, Coşqunla o, isə evin birinci mərtəbəsində qalmışlar. Onlar bütün vaxtı bir yerdə keçirmiş və münasibətləri çox yaxşı olmuşdur. Zərərçəkmiş şəxs əri çoxdan rəhmətə getmişdir. Xaçmaz şəhərində qohum-əqrəbası olmamışdır. Getməyə yeri olmadığından Nərgiz çox vaxtı evdə olmuşdur. Zərərçəkmiş şəxs qardaşı uşaqları Bakı şəhərində yaşadıqlarından o, arabir Bakı şəhərinə onların yanlarına gedib-gəlmiş, lakin sonuncuların onun evinə gəlib-getmədiklərindən şəxsən onlardan heç birini tanımamışdır. Azyaşlı uşağının xəstəliyi ilə bağlı 2015-ci ilin avqust ayının sonlarından müalicə məqsədi ilə Bakı şəhərində yerləşən Qarayev adına xəstəxanada yatmış, 2015-ci ilin oktyabr ayının əvvəllərində xəstəxanada olduğu zaman əri Şahid2 Xaçmaz rayonunun Qaraçı kəndindən olan Rəşad adlı şəxslə birlikdə əvvəllər kirayədə yaşadıqları Zərərçəkmiş şəxs evinə oğurluğa girdiklərini eşitmişdir. Oktyabr ayının ortalarında xəstəxanadan çıxıb Xaçmaz şəhərinə qayıdanda törətdiyi cinayət əməlinə görə Coşqunun Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həbs edildiyini bilmişdir. Sonradan Coşqunun özü ilə görüşəndə o, Zərərçəkmiş şəxs evinə girdiklərini etiraf etmiş, hadisəni törədərkən sərxoş olduğunu və törətdiyi əməlinə görə peşman olduğunu bildirmişdir. İşin 2-ci cildinin 12-21-ci vərəqələrindəki hökmdən çıxarışdan görünür ki, Şahid2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsrli bilinib səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 1-ci cildinin 12-13-cü vərəqələrindəki «baxış keçirilməsi haqqında» 2 oktyabr 2015-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri Məktəbli küçəsində yerləşən 15 saylı evin 2-ci mərtəbəsindəki aynabəndinə taxta materialından hazırlanmış bir ədəd nərdivanın söykədilmiş, nərdivan söykədilmiş hissədə aynabəndin pəncərə laylarından bir ədədinin açıq, həmin pəncərəyə çəkilmiş yaşıl rəngli sintetik materialından olan torun cırılmış vəziyyətdə olduğu müəyyən edilmiş, evin ikinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yataq otağından, xalçanın üstündən isə ağ-sarı rəngli bir tay fəhlə əlcəyi aşkar olunaraq götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının 5 oktyabr 2015-ci il tarixli, 909 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun və alt çənə nahiyələrinin qançır və sıyrıqları kimi bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti 2 oktyabr 2015-ci il tarixə uyğun gələn və sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin edilməyən xəsarətlər olmuşdur. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 may 2018ci il tarixli, 749 saylı rəyindən görünür ki, X4 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, R.M.Əskərovda həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X9 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. R.M.Əskərov hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. X3 psixi inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Əqli və psixi inkişaf xüsusiyyətlərinə görə X9 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. X9 qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) halında olmamışdır. İşin 2-ci cildinin 2-4 və 115-119-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİnin tələbnaməsi, hökmün surəti və Xaçmaz rayon İcra və probasiya şöbəsinin məktubundan görünür ki, təqsirləndirilən şəxs X1 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya aktına əsasən cəzadan azad edilmişdir. İşin 1-ci cildinin 190-191-ci vərəqələrindəki Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X9 barəsində həbsetmənin əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 239-240-cı vərəqələrindəki Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası ərazisində tutulmuşdur. İşin 1-ci cildinin 249-25-ci vərəqələrindəki doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxs R.M.Əskərovun himayəsində iki azyaşlı uşağı vardır. İşin 2-ci cildinin 135-ci vərəqəsindəki sənəddən görünür ki, Zərərçəkmiş şəxs 16 may 2017-ci il tarixdə ölmüşdür. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxsin təqsirini təkzib edən hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X3 əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X3 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs X7 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2017-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmış bir tay və bir cüt olmaqla üç ədəd fəhlə əlcəyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixli hökmü ilə məhv edildiyi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2017-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınmış bir tay və bir cüt olmaqla üç ədəd fəhlə əlcəyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixli hökmü ilə məhv edildiyi nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-228/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-228/2019
07.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver