Məhkəmə qərarları › İş №1(101)-228/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-228/2020

17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-228/2020 17.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1978-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, xx xxxxxx 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində ünvan 1 ünvanının qarşısında heç bir əsaslı səbəb olmadan, əvvəlcədən yaşadığı evin mətbəxindən götürərək üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vurmuş və nəticədə ona bel nahiyyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol saidin kəsilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarəti və döş qəfəsinin sol-yan səthinin boşluğa nüfuz edərək enən çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində yaşadığı evin mətbəxindən əvvəlcədən götürdüyü bıçaqla məhəllədə dayandığı zaman yaxınlıqda yaşayan qonşusu Muradın onlara tərəfə gəldiyini və onu görüb geriyə qayıtdığını görmüşdür. O, Muradın bu hərəkətini başa düşə bilməmiş və onu çağıraraq əli ilə yanına gəlməsini işarə etmişdir. Murad da onun yanına gəlmiş və Murad həmişəki kimi söz atmağa başlamışdır. Muradın ona söz atmağı onu əsəbiləşdirdiyi üçün əlində olan bıçaqla Muradın ön qarın nahiyyəsindən vurmaq istəmişdir. Lakin Murad geriyə çəkilmiş və sola tərəf qaçmaq istəmişdir. Buna görə də, bıçaq onun sol bel nahiyyəsinə dəymişdir. O, həmin bıçaqla bir də onun bel nahiyyəsindən vurmuşdur. Bundan sonra əlindəki bıçaqla Muradı vurmaq istədikdə Murad sol qolunu qabağa verdiyi üçün bıçaq bir neçə dəfə onun sol qoluna dəymişdir. Bu zaman Murad qaçıb oradan uzaqlaşmışdır. O, da yaşadığ evə girmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, bu hadisədən 5-6 ay əvvəl Muradla aralarında ona atmacalı sözlər atdığı üçün və avtomobillə bir neçə dəfə yanından sürətlə ötüb keçərək toza basdığı üçün mübahisəsi düşmüş və həmin vaxtdan onların arasında olan münasibət pozulmuşdur. Hadisənin baş verdiyi xx xxxxxx 2019-cu il tarixdə də Muradın onu görüb salam verməyərək arxasını çevirib getməsi və Muradı yanıma çağırdıqda yenə də ona atmacalı sözlər atması onu əsəbiləşdirdiyi üçün əlində olan bıçaqla onu vurmuşdur. Hadisə zamanı onun Muradı öldürmək niyyəti olmamışdır. Onun niyyəti Muradı öldürmək olmadığı üçün onun qarın boşluğundan və qolundan vurmuşdur. Hadisə zamanı orada ondan və Muraddan başqa heç kim olmamışdır. Hadisə zamanı Murad onu vurmamış və o, heç bir xəsarət almamışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 3-4 ildir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə salamsağolu başlamışdır. Təxminən 2 il olar ki, Təqsirləndirilən şəxs içkili halda məhlədə durub küçə söyüşləri söyür və ağzına gələni danışmışdır. X11 Natiqə irad bildirmiş, sonuncu isə kobud şəkildə qardaşına reaksiya vermişdir. Qardaşı yenə Natiqə irad bildirdikdə qardaşının ünvanına küçə söyüşü söymüşdür. Ona görə də, qardaşı Natiqlə dalaşıb yumruq-təpiklə döymüşdür. Ancaq həmin hadisə ilə əlaqədar olaraq polisə heç bir müraciət və şikayət olmamışdır. Ayıldıqdan sonra öz qardaşları ilə birlikdə gəlib qardaşından üzür istəmişdir. Həmin vaxt o, hadisə yerində olmasa da sonradan eşidib bilmişdir. Həmin vaxt o, evdə olmuşdur. Buna baxmayaraq harada Natiqlə rastlaşsalar salam-sağol etmişlər. Yəni onun Natiqlə heç bir ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 21 radələrində evə qaydan zaman yolda idarə etdiyi Mercedes Benz 190 markalı avtomobilinin əyləc sistemində problem olduğu üçün əyləc yastıqları yolda o avtomobili idarə edən zaman düşmüşdür. O da evə çatanda əyləcinin işləmədiyini görüb bilmişdir ki, əyləc yastıqlarını ünvan 2 ünvanında yerləşən Oba marketin yanında yolda düşürtmüşdür. xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində ünvan 3 ünvanında yerləşən “Oba” marketin yanına getmişdir ki, axşamdan orada düşürtdüyü əyləc yastıqlarını götürsün. Oradan qayıdan zaman marketə yaxın yaşayan Təqsirləndirilən şəxs onu uzaqdan səsləyərək öz yanına çağırmışdır. O da Natiqin evinin qabağında Natiqə yaxınlaşmış, salam vermiş, Natiq də salam deyib onun yanından düz keçmiş, bir də çevriləndə arxadan ona bıçaqla 4-5 bıçaq zərbəsi vurmuşdur. Tez oradan qaçıb uzaqlaşmışdır. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun keçmiş həyat yoldaşı X7 10 ildir ki, xəstəlikdən rəhmətə getmişdir. O gündən oğlanları və gəlinləri ilə birlikdə yaşayır. İki mərtəbəli evdə ikinci mərtəbədə o və Natiqin ailəsi, birinci mərtəbədə isə digər oğlanları Namiq Məmmədov həyat yoldaşı ilə və Şahid3 həyat yoldaşı ilə qalmışlar. 2005-ci ildə oğlu Məmmədov Təqsirləndirilən şəxs Nailə Pənah qızı ilə birlikdə nikaha daxil olub yaşadıqları Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ev 67/2A ünvanına gəlin gəlmişdir. O gündən orada yaşamağa başlamışlar. Həmin nikahdan 2 qız övladları dünyaya gəlmişdir. Bir qızı 2007-ci il təvəllüdlü X5 və digər kiçik qızı isə 2010-cu il təvəllüdlü X3r. Həyat yoldaşı ilə arada bir söz-söhbətləri olmuşdur. Oğlu Təqsirləndirilən şəxs psixi problemləri olmuş, oğlu dərmanlar atan zaman sakit və zərərsiz olmuş, lakin istifadə etmədiyi müddətdə hamıya qarşı başqa cür olmuşdur. Natiqin psixikası yerində olmayanda ona da öz həyat yoldaşına da evə kişilər saldıqlarını demişdir. Dərmanlardan istifadə etdikdə isə onlara dediklərini xatirlamamışdır. xx.xx.2019cu il tarixdə saat 16 radələrində evdə o, digər oğlu Rafiq və Natiq olmuşlar. Gəlinləri istirahət üçün rayona getmişlər. Natiq də bu zaman Rafiqlə həyətdə olmuşdur. Çöldə səsküy eşitdiyi üçün darvazadan çölə çıxmış və çöldə qonşuları ona oğlunun Muradı bıçaqla vurduğunu demişdir. Rafiq də bu zaman marketə getmişdir. O Natiqi tutub həyətə salmışdır. Rafiq də səsə gəlmişdir, Rafiqə təcili yardıma və polisə zəng etməsini demişdir. Səs-küyə ətrafda olan polislər gəlmişlər. Muradı qonşuluqda tanımadığı oğlanın maşınına əyləşdirib xəstəxanaya yola salmışdır. Natiq də evin qapısını bağlıyıb heç kimi buraxmamışdır. Polisləri çağırmışlar. Evə girə bilmədikləri üçün qapını qırıb Natiqi əllərindəki sprey qazla tutmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2017-ci ilin avqust ayında Şahid4 ilə nikaha daxil olmuşlar. Nikahdan sonra hal hazırki yaşadıqları Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ev 67/2A ünvanına köçmüşlər. Həmin ünvanda birinci mərtəbədə o, öz ailəsi ilə və qardaşı Namiq Məmmədov öz ailəsi ilə yaşayırlar. İkinci mərtəbədə isə digər qardaşı Təqsirləndirilən şəxs öz ailəsi və anası Şahid1 ilə yaşayır. Nikahdan 2019-cu il təvəllüdlü oğlu Məmmədov Ömər Rafiq oğlu dünyaya gəlmişdir. xx.xx.2019-cu il tarixdə həyat yoldaşı Şahid4 oğlu ilə qayınatasıgilin yaşadıqları Şəmkir rayonuna istirahətə aparmışdı. xx.xx.2019-cu il tarixdə ailəsini rayonda qoyub Bakıya qayıtmışdır. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində evdə olan zaman hamamdan çıxıb evdə otağında uzanan zaman çöldə səs-küy olduğu üçün məhləyə tez çıxmış, Natiqin əlində bıçaqla dayandığını və tanımadığım lakin sonradan adının Murad olduğunu, Natiqlə də əvvəlcədən ədavətlərinin olduğunu bildiyi bir şəxsin də əli ilə belini tutub qışqırdığını görmüşdür. Onu tanımadıqları bir avtomobilə oturdub xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 2013-cü ilin aprel ayından DİN-nin X14 Alayının 7-ci patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı xüsusi rütbəsi daşıyır. Mahiyəti üzrə bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində alayın 2478 çağırışlı patrul avtomobili ilə Suraxanı rayonu, Zığ qəsəbəsində xidmət aparan zaman həmin əraziyə nəzarət edən Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis mayoru Azər Nəsirov onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq təcili olaraq bıçaqlanma hadisəsi olduğuna görə Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən “Oba” marketin arxasına gəlmələrini demişdir. O, da onunla birlikdə xidmət aparan Şahid5 ilə hadisə yerinə getmək üçün bölük komandirinin müavini, polis kapitanı Rəşad Rüstəmova zəng vurub məlumat vermişlər. Sonuncu onu gözləmələrini və onunla birlikdə hadisə yerinə gedəcəklərini demişdir. Onlar da onu gözləyib gəldikdən sonra hadisə yerinə getişlər. Orada bıçaqlanma hadisəsinin olduğunu aşkar etmiş və bıçaqlanan şəxsi xəstəxanaya aparmışlar. Həmin bıçaqlananın qardaşları bıçaqlayan şəxsin evinin qarşısında dayanıb onu öldürmək istədiklərini demişlər. Onları sakitləşdirdikdən sonra evin həyətinə girmişlər. Həmin şəxs də əlində bıçaqla evin içərisinə girib içəridən də qapını bağlayıb heç kimi evə buraxmamışdır. Bu zaman onu dilə tutmağa çalışmışlar, həmin şəxs isə qapını açıb əlində bıçaqla ona yaxınlaşmamalarını demişdir. Bu zaman bölük komandirinin müavini Rəşad Rüstəmov üzərində olan gözyaşardıcı qazı əlində bıçaq olan şəxsin gözlərinə sıxmışdır. Həmin şəxs əlləri ilə gözlərini tutub əlindəki bıçağı yerə atmışdır. Onlar həmin şəxsi zərərsizləşdirib polis bölməsinə təhvil vermişlər. O, həmin şəxsi əvvəlcədən tanımamışdır. Həmin şəxsə qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Ancaq onun zərərsizləşdirilməsi üçün gözyaşardıcı qazdan istifadə olunmuşdur. Məhkəmədə Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə birlikdə nikaha daxil olub Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ev 67/2A ünvanına gəlin gəlmişdir. O gündən orada yaşamağa başlamışlar. Həmin nikahdan 2 qız övladları dünyaya gəlmişdir. Bir qızı 2007-ci il təvəllüdlü X5 və digər kiçik qızı isə 2010-cu il təvəllüdlü X3r. Gəlin gəldiyi iki mərtəbəli evdə ikinci mərtəbədə onlar və Natiqin anası Məmmədova Şahid1, birinci mərtəbədə isə qayınları Namiq Məmmədov həyat yoldaşı ilə və Şahid3 həyat yoldaşı ilə qalırmışlar. Onlar evlənəndən sonra bildi ki, Natiqin psixi probləri var idi. İldə bir dəfə müalicə alırdı. Müalicə almayanda isə özünə qapanırdı, özözünə danışıb kənarda oturub qalırdı. Aralarında ancaq söz söhbət qısqanclıqlarına görə olurdu. Yersiz geyimlərinə və hərəkətlərinə qarışırdı. Dərmanlar atan zaman sakit zərərsiz olurdu. xx.xx.2019-cu il tarixdə Natiq onu və uşaqlarınıonun atasıgilin yaşadığı Şəmkir rayonundakı evə aparmışdır. Onu qoyub 2-3 gün qalıb özü Bakıya qayıtmışdır. O da hər il 1 aylığına atasıgilin evinə gedib istirahət edirmiş. xx.xx.2019-cu il tarixdə polis onun işlətdiyi ***-***-**-** nömrəli mobil nömrəsinə zəng vuraraq Natiqin adam bıçaqladığını və Natiqin şəxsiyyət vəsiqəsinin harada olduğunu ondan soruşmuşlar. Şəxsiyyət vəsiqəsi üzərində olduğu üçün şəklin çəkib telefonlara onlara göndərmişdir. O da qayınanasına zəng vurub nə baş verdiyini soruşmuş,anası da Natiqin qonşuluğundakı əvvəlcədən tanıdığı və ədavətlərinin olduğu oğlanı vurduğunu və səbəbini bilmədiyini demişdir. Başqa hadisə barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 679 saylı rəyindən görünür ki, 1990-cu il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: bel nahiyyəsinin qarın boşluğuna nüfuz edərək enən çənbər bağırsağın zədələnməsi ilə müşaiyət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, sol saidin kəsilmiş yaraları iti kənarlı əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə bel nahiyyəsinin qarın boşluğuna nüfuz edərək enənçənbər bağırsağın zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs olunda hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hzırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktini xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onarı idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarınadır. Təqsirləndirilən şəxs oğunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş məhkəmə-soyuq silah ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 22136 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” və “2” rəqəmlərlə işarələnmiş bıçaqlar – zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmirlər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 461- MTKŞ/2019 saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqinə, qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara, iş materiallarına əsasən aşağıdakı nəticəyə gəlinib:

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol yarım hissəsində bir ədəd, köynəyin arxa orta səthində bir ədəd və köynəyin sol qolun ön aşağı səthində dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş 2 saylı bıçağın tiyəsinin təsirindən və ya ona oxşar digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Digər 1 saylı bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunur.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan zədəyə əsasən zədənin yetirildiyi anda alətin və zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyəti ola bilərdilər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 692/2019 – MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinəəsasən aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən, Ekspertizaya maddi sübut kimi təqdim edilmiş Zərərçəkmiş şəxs köynəyi üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Bu antigen 0 (1) qrupunu xarakterizə etdiyindən, ləkələrdə yalnız onun alınması qanın həmin qrupa məxsus olduğunu göstərir. Beləliklə, bu qan ləkələrinin Zərərçəkmiş şəxs özünə məxsus olması inkar olunmur. Elmi əsaslandırılmış və praktikada tətbiq olunan tədqiqat metodları olmadığı üçün, tədqiq olunmuş quru qan ləkələrində rezus faktoru təyin etmək mümkün deyil. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 6 aya endirilmişdir. xx.xx.2001-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına uyğun cinayətlər üzrə cəzanın çəkilib qurtarmasından sonra məhkumluğun ödənilməsi müddəti 2 il müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman himayəsində azyaşlı uşağın olması və Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə maddi sübut kimi Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan sarı rəngli dəstəyi olan ümumi uzunluğu 36 sm, kəsici hissəsinin uzunluğu 24 sm, dəstək hissəsinin isə uzunluğu 12 sm olan mətbəx bıçağı və zoğalı rəngli dəstəyi olan ümumi uzunluğu 24 sm, kəsici hissəsinin uzunluğu 12 sm, dəstək hissəsinin isə uzunluğu 12 sm olan mətbəx bıçağı məhv edilməlidir. İş üzrə 20, 84 (iyirmi manat, səksən dört qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 20 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə1

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan sarı rəngli dəstəyi olan ümumi uzunluğu 36 sm, kəsici hissəsinin uzunluğu 24 sm, dəstək hissəsinin isə uzunluğu 12 sm olan mətbəx bıçağı və zoğalı rəngli dəstəyi olan ümumi uzunluğu 24 sm, kəsici hissəsinin uzunluğu 12 sm, dəstək hissəsinin isə uzunluğu 12 sm olan mətbəx bıçağı - məhv edilsin. İş üzrə 20, 84 (iyirmi manat, səksən dört qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 120 (yüz iyirimi) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar