Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-228/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2, Təqsirləndirilən şəxs, müdafiəçilər - "Pro Bono" Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 18 saylı Vəkil Bürosunu vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1983-ci il tarixdə X5, Şərur rayonu, Qaraburc kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Meşə Melorativ stansiyası yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, 17 noyabr 2022-ci il tarixdə hazırkı iş üzrə təsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdə saat 22:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməməklə, ona verilmiş AC 732442 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 1 (bir) il müddətinədək məhdudlaşdırılmasına, sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etməməsi və itirilməsi barədə ərizə verməməsi səbəbindən sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımının dayanması, müddətin axımı həmin sürücülük vəsiqəsinin ondan alındıqdan sonra başlayacağına görə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi «Taksi 4 London Taxis» minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı-Mehdiabad şossesində yerləşən “Ruslan” marketin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi il digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır» kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qaydaları pozmaqla yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış vəziyyətdə olan “Mitsubishi Pajero” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə əşyalar yığan piyadaları avtomobilinin ön və ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla Zərərçəkmiş şəxs2 Çıraqəli oğlunun sağ qamış sümüyünün açıq, sağ qasıq və oturaq sümüklərinin qapalı yerini dəyişən, oma sümüyünün xətti sınıqları, sağ baldırın çoxsaylı əzilmiş yaraları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 isə sağ bud sümüyünün, boynun və sağ tərəfli çanaq sümüklərinin açıq qəlpəli sınıqları, sağ aşağı ətrafın budun aşağı 1/3-i səviyyəsində travmatik amputasiyası, sol bud, sol diz və sol baldır sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları və sıyrıqları kimi həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almaqla ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci il mart ayının 13də o, Kürdəxanı qəsəbəsindən idarə etdiyi avtomobillə hərəkətdə olmuş, həmin vaxt hava qaranlıq olmuşdur. “Sovxoz 2” deyilən yerdən keçərkən hadisə baş verən yerə təxminən 10-12 metr qalmış mərhumun və digər zərərçəkmiş şəxsin əllərində yük olduğunu görmüşdür. Bu zaman o, sükanı sol istiqamətdə fırlasa da, qəzadan yayına bilməmiş və hadisə baş vermişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt hadisənin qarşısını almaq mümkün olmamışdır. Hadisə baş verəndən sonra 15-ci Polis bölməsinin əməkdaşları onu hadisə yerinə gətirmiş və həmin yerə baxış keçirilmişdir. Daha sonra hadisədən iki ay keçmiş təkrar həmin yerə gəlmişlər və orada hadisə yerinin sxemi çəkilmişdir. Sonuncu dəfə o, məlum hadisədən 3 ay əvvəl cərimələri ödəmişdir. Hadisə baş verəndən sonra onun atası zərərçəkmiş tərəflə görüşmüş, yəni mərhumun atası ilə görüşmüş, razılaşıb barışığa gəlmişlər və qarşı tərəfə 7000 manat pul verilmişdir. Bundan sonra nə zərərçəkmiş şəxsin, nə də ki, hüquqi varis kimi mərhumun atasının ona qarşı şikayətləri və tələbləri olmamışdır. Hadisə baş verən yerdə piyada keçidi olmamış, zərərçəkmiş şəxsi və mərhumu o, qəza yernə təxminən 10-12 metr qalmış görmüşdür. Həmin yerdə sürət həddi saatda 50-60 km. olmuşdur. Həmin hadisə ilə bağlı ekspertiza keçirilməsində o, iştirak etməmiş, lakin hadisə yerinin sxemini görmüşdür. Həmin vaxt o, «London taksisi» kimi tanınan taksi maşınını idarə etmiş, qəza baş verən zaman sürücülük vəsiqəsi üzərində olmuşdur. Lakin qəzadan sonra vəsiqəni itirdiyinə görə istintaqa təqdim edə bilməmişdir. Sonradan maşını diqqətlə axtararkən sürücülük vəsiqəsini tapmış və onu məhkəmə işçisinə təqldim etmişdir. Bundan əvvəl isə onun dayanma-durma qaydalarını pozduğuna görə cərimələri olmuşdur. Sonradan işi aparan müstəntiq ona 2020-ci ildə sürücülük hüququnun məhdudlaşdırıldığını bildirmiş, lakin onun bu barədə məlumatı olmamışdır. Ola bilər ki, onun təxminən 6 inzibati xətası olmuş, cərimələri hadisədən 3-4 ay əvvəl ödəmişdir. Törətdiyi əmələ görə çox peşmandır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, iki dəfə rəsmi nikahda olmuş, ilk nikahı Telli Kərimova ilə olmuş, həmin nikahdan 2005-ci il təvəllüdlü oğlu Əkbər dünyaya gəlmişdir. İkinci nikahı Arzu Qəhrəmanova ilə olmuş, sonuncu ilə hazırda da rəsmi nikahdadır. Arzu Qəhrəmanova ilə birgə nikahlarından 2011-ci il təvəllüdlü Gülnur və 2013-cü il təvəllüdlü Zeynəb dünyaya gəlmişdir. İkinci dəfə xx.xx.2018-ci il tarixdə «BC» kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Həmin sürücülük vəsiqəsi əsasında da avtomobil idarə edir. «Taksi 4 London Taxis» minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili, dəqiq tarixi xatırlamasa da, səhv etmirsə, 2021-ci ilin aprel ayında baş etibarnamə əsasında almış, lakin adına rəsmiləşdirməmişdir. 2021-ci oktyabr ayında pula ehtiyacı olduğundan Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan X2 4000 manat borc pul almışdır. Həmin borcu ödəyəcəyinin təminatı kimi də ona məxsus olan «Taksi 4 London Taxis» minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili X3 adına rəsmiləşdirmiş, sonuncu isə ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. X6 olan borcunu tam ödəyəcəyi təqdirdə, sonuncu avtomobili yenidən onun adına keçirməyi öhdəsinə götürmüşdür. O, ailəsini dolandırmaq üçün «Taksi 4 London Taxis» minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobili Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda Zabrat qəsəbəsi istiqamətindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində saatda 50-60 km. sürətlə hərəkət etdirmişdir. Pirşağı-Mehdiabad şossesində yerləşən “Ruslan” marketn yaxınlığında avtomobil saatda 50-60 km. sürətlə hərəkətdə olarkən yolun hərəkət hissəsinin kənarında ön hissəsi Mehdiabad qəsəbəsi, arxa hissəsi isə Zabrat qəsəbəsi istiqamətində «Mitsubishi Pajero» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Həmin avtomobilin arxa baqajı açıq vəziyyətdə olmuş, avtomobilin arxa tərəfində isə iki nəfər əvvəllər tanımadığı şəxs həmin baqajdan, səhv etmirsə, mebel boşaltmışlar. O, həmin şəxsləri vurmamaq üçün avtomobilini sola doğru döndərmiş, lakin avtomobilini saxlaya bilməmiş, nəticədə idarətməni itirərək avtomobilinin ön sağ hissəsi ilə bir piyadanı, ön hissəsi ilə digər piyadanı vurmuşdur. Sonra avtomobili irəli doğru hərəkət edərək yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış «Mitsubishi Pajero» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Bundan sonra onun avtomobili dayanmış, zərbədən «Mitsubishi Pajero» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil irəli və sağa doğru hərəkət edərək ön hissəsi ilə yolun hərəkət hissəsinin sağ kənarında səkinin üzərində dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı traktor kimi tanıdığı avtomobilin ön sol təkərinə dəymiş, avtomobilin arxa hissəsi sola doğru dönərək dayanmışdır. O, hadisədən sonra avtomobildən enmiş, hadisədən sonra kimsə TTYS-na zəng etmiş, TTYS-nın həkimləri gələrək avtomobillə vurduğu iki nəfər şəxsi 3 saylı ŞKXna aparmışlar. O isə, hadisə yerində qalmış və polis əməkdaşları ilə hadisə yerinə keçirilən baxış zamanı iştirak etmişdir. Sonradan bilmişdir ki, avtomobillə vurduğu şəxslər Zərərçəkmiş şəxs1 Oktay oğlu və Zərərçəkmiş şəxs2 Çıraqəli oğludur. Zərərçəkmiş şəxs1 Oktay oğlu almış olduğu bədən xəsarətlərindən 3 saylı ŞKX-da ölmüş, Zərərçəkmiş şəxs2 Çıraqəli oğlu isə almış olduğu bədən xəsarətləri ilə bağlı 3 saylı ŞKX-da stasionar müalicədə olmuşdur. O, qeyd etmişdir ki, hadisə zamanı «Mitsubishi Pajero» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmamış, həmin avtomobil dayanmış vəziyyətdə olarkən o, həmin avtomobili vurmuşdur. O, sözü gedən yol-nəqliyyat hadisəsi zamanı piyadalar Zərərçəkmiş şəxs1 Oktay oğlu və Zərərçəkmiş şəxs2 Çıraqəli oğlunu dayanmış vəziyyətdə olarkən avtomobili ilə vurmuşdur. Nə onun, nə də ailə üzvlərinin avtomobili ilə vurduğu piyadalar Zərərçəkmiş şəxs1 Oktay oğlu və Zərərçəkmiş şəxs2 Çıraqəli oğlu, «Mitsubishi Pajero» markalı 01- BM-463 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəcəfov X13 ilə heç bir ədavəti olmamışdır. Həmin şəxsləri əvvəllər tanımamışdır. O, «BC» kateqoriyalı sürücülük vəsiqəsini hadisə zamanı itirmiş, bu səbəbdən də istintaqa təqdim edə bilməz. «Taksi 4 London Taxis» minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına rəsmiləşsə də, faktiki olaraq ona məxsusdur. Hadisə nəticəsində də ziyan faktiki olaraq ona dəymişdir. Qeyd etdiyi kimi, Turaba 4000 manat borcu olması, həmin borcun təminatı ilə olaraq avtomobilini X3 adına rəsmiləşdirmişdir. Hadisə zamanı yolun hərəkət hissəsi yaş, üfqi, düz və asfalt örtüklü olmuş, hadisə zamanı avtomobilində yük və ya sərnişin olmamışdır. Onun nəqliyyat vasitəsini idarə etmək hüququnun xx.xx.2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bir il xx.xx.2021-ci il tarixədək məhdudlaşdırılmasından xəbəri olmamışdır. Əgər xəbəri olsaydı, mütləq bununla bağlı sürücülük vəsiqəsini Sabunçu Rayon Məhkəməsinə təqdim edərdi. Hazırda da sürücülük vəsiqəsini təqdim edə bilmir, belə ki, sürücülük vəsiqəsini hazırkı hadisə zamanı itirmişdir (cild 1, iş vərəqi 127-130). Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 ifadəsində göstərdi ki, o, baş vermiş yol-nəqliyyat hadisəsinin bilavasitə şahidi olmamışdır. Mərhum Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı olmuşdur. Hadisə baş verən vaxt o, hamilə olması və müalicə alması səbəbindən, baş vermiş avtoqəza bərədə ona sonradan məlumat vermişlər. Verilən sualları cavablandıran Şahid2 müstəntiqə özünün hüquqi varis qismində tanınmasını xahiş etdiyini, lakin istintaq zamanı hüquqi varis kimi qaynatasının tanındığını, təqsirləndirilən şəxsin qohumlarının qaynatasına 7000 manat pul verməsi barədə məlumatı olduğunu, lakin şikayət ərizəsini gedib geri götürəcəyi barədə məlumatsız olduğunu, verilən 7000 manat pulun onun müalicəsinə xərcləndiyini, uşağın doğuşu zamanı həmin verilən puldan daha çox pul xərcləndiyini, həmin vaxt özünün insult keçirdiyini, aldıqları 7000 manat pulu geri qaytarmaq imkanlarının olmadığını, hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək ifadəsində göstərdi ki, hadisə baş verən vaxtı o, mərhum Nurlanla qardaşına məxsus maşına əşyaları yükləyərkən qəfildən Zabrat istiqamətindən gələn «London taksisi» ön hissəsi ilə onu, daha sonra isə Nurlanı vurmuş, bundan sonra da irəli gedərək qardaşının maşınının arxa hissəsinə dəymişdir. Bu zaman onun qardaşı maşını yolun sağ tərəfində saxlamışdır. Hadisə zamanı saat 22 radələri olsa da, həmin küçə işıqlı vəziyyətdə olmuşdur. Qəza nəticəsində mərhum iki maşının arasında qalmış, maşın onları arxa tərəfdən vurmuşdur. Qəzadan sonra xəstəxanada müalicə almış və hazırda sağalmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 2000 manat pul verilmiş və sonuncu ilə danışıb razılığa gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, onun oğlu Nurlan tanışı Namiqlə birlikdə mebel sexində işləmişlər. Hadisə baş verən vaxt o, həmin ərazidə olmamışdır. Evdə olarkən tanımadığı bir polis əməkdaşı ev telefonuna zəng edərək oğlu Nurlanın avtomaşınla vurulduğunu və oğlunun hazırda Sabunçu xəstəxanasında olduğunu bildirmişdir. O, bundan sonra dərhal xəstəxanaya getmiş, lakin oraya çatanda artıq oğlunun öldüyünü bilmişdir. Təqsirləndirilən şəxs və yaxınları oğlunun yas mərasimini yola vermiş və sonra da onlara 7000 manat pul vermişdir. Lakin mərhumun həyat yoldaşı onlardan ayrı yaşadığına təqsirləndirilən şəxsdən əlavə pul və ya onun həbs olunmasını istəyir. Hadisə baş verən vaxt onlar gəlinləri Şahid2 ilə birlikdə yaşamışlar. Həmin vaxt Şəbnəm xəstəxanada olduğuna görə müstəntiq onun hüquqi varis qismində tanınmasını təklif etmiş, həmçinin bildirmişdir ki, gəlin xəstəxanadan çıxından sonra onu tanıyarlar. Sonradan şikayəti və tələbi olmaması barədə ərizəni müstəntiq yazmış, o da, imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəcəfov X13 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu qəzadan sonra tanımışdır. Hadisə vaxtı o, özünün idarə etdiyi «Mitsubişi» maşınını yolun kənarında qardaşı Namiqin işlədiyi mebel sexinin qarşısında saxlamışdır. Qardaşı ilə onun iş yoldaşı maşına yük yerləşdirərkən arxadan taksi maşını gəlib onları vurmuş, daha sonra şəmin maşın onun maşınına dəyib əzmişdir. Həmin hadisə vaxtı qardaşı Namiq xəsarət alsa da, iş yoldaşı Nurlan aldığı xəsarətlərdən vəfat etmişdir. Sualları cavablandıran Şahid1 bildirdi ki, hadisə baş verən yerdə yolun eni təxminən 10 m olmuş, orada “maşın saxlamaq qadağandır» işarəsi yoxdur. Hadisə vaxtı qarşıdan hər hansı başqa maşın gəlməmişdir. Taksi maşını onun maşınını vurub təxminən 5-6 metr irəli atmışdır. Həmin yol gediş-gəlişi çox olan yoldur. Hadisədən sonra o, təqsirləndirilən şəxsə yaxınlaşıb öz iradını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 mart 2022-ci il tarixli protokola əsasən, hadisə yeri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yaşayış məntəqəsidir, yolun hərəkət hissəsi düzdür, yol örtüyü alfalt-betondur. Yol örtüyü yaş vəziyyətdə olmaqla eni 6 metrdir, 2 hərəkət zolaqlıdır. Piyadaların vurulma yeri və nəqliyyat vasitələrinin toqquşma yeri yolun sol kənarından 0,8 metrdir. Hadisə nəticəsində vurulmuş 2 nəfər piyada yolu sağ kənarından 0,8 metr məsafədə yanaşı dayandıqları, toqquşma yerində qan izlərinin olduğu və vurulmuş piyadaların xəstəxanaya aparıldıqları müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 6-13). Məhkəmə-tibbi ekspertizasının 14 mart 2022-ci il tarixli 60 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün, boynunun və sağ tərəfli çanaq sümüklərinin açıq qəlpəli sınıqları, sağ aşağı ətrafın budun aşağı 1/3-i səviyyəsində travmatik amputasiyası. Sol bud, sol diz və sol baldır sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları. Sifətin, gövdənin, yuxarı və aşağ ətrafların əzilmiş-cırılmış yaralan və sıyrıqlarıdır. Xəsarətlər həyati olub Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlərlə əlaqədar travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meitxanada müayinəsindən 10-12 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 49-52). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 662 nömrli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Çıraqəli oğlunun xəsarətləri - sağ qamış sümüyünün açıq, sağ qasıq və oturaq sümüklərinin qapalı yerini dəyişən; oma sümüyünün xətti sınıqları; sağ baldırın çoxsaylı əzilmiş yaralarıdır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 86-88). Məhkəmə-yol nəqliyyat hadisələri eksprtizasının 18 oktyabr 2022-ci il tarixli 8/2750 nömrəli rəyindən görünür ki, “Taksi 4 London Taxis” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi şəraitdə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Mitsubishi Padjero İO” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü Nəcəfov X9 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı “Mitsubishi Padjero İO” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Z.Ç.Nəcəfovun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilməlidir (cild 1, iş vərəqi 91-92). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2022-ci il tarixli 56208- 1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bir il, yəni xx.xx.2021-ci il tarixədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə verilmədiyinə, eləcə də sürücülük vəsiqəsi aidiyyəti üzrə təqdim edimədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən, onun sürücüük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. İstintaq zamanı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 55-58). Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən mərhum Zərərçəkmiş şəxs1 atası Oqtay Hümbətova 7.000 manat, Zərərçəkmiş şəxs2 isə 2.000 manat məbləğində pul vəsaiti ödənilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs kimi onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbləri qalmamışdır (cild 1, iş vərəqi 61-62). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Gülnur və xx.xx.2013-cü il təvəllüdlü Zeynab adlı iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 131-132). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 59-60). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, qəza baş verən zaman sürücülük vəsiqəsinin üzərində olduğunu, lakin həmin vəsiqəni hadisə zamanı itirdiyini, bu səbəbdən sürücülük vəsiqəsini istintaqa təqdim edə bilmədiyini, bundan əvvəl isə dayanma-durma qaydalarını pozduğuna görə cərimələri olduğunu, işin istintaqını aparan müstəntiqin ona 2020-ci ildə sürücülük hüququnun məhdudlaşdırıldığını bildirdiyini, lakin onun bu barədə məlumatı olmadığını, onun təxminən 6 inzibati xətasının olduğunu və həmiin cərimələri hadisədən 3-4 ay əvvəl ödədiyini bildirməklə öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2022-ci il tarixli 56208-1222 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bir il, yəni xx.xx.2021-ci il tarixədək məhdudlaşdırılmış, lakin şəxsin sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Sonradan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə verməmiş, eləcə də sürücülük vəsiqəsi aidiyyəti üzrə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1 və 153.2-ci maddələrinə əsasən, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinin tələbinə görə, xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Göründüyü kimi, Təqsirləndirilən şəxs sürücülük hüququ məhkəmənin müvafiq qərarı ilə 1 il müddətinə məhdudlaşdırıldıqdan sonra o, həmin sənədi müvafiq orqana təqdim etməmiş, istintaq zamanı sürüüclük vəsiqəsini itirdiyini bildirsə də, sonradan həmin vəsiqəni məhkəməyə təqdim etmişdir. Qeyd olunan səbəblərdən Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələbinə əsasən, onun sürücüük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımının həmin sürücülük vəsiqəsinin ondan alınmasından sonra başlayacağı qərara alınmışdır. İnzibati xəta haqqında Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin icraatında olan iş barədə təqsirləndirilən şəxsin məlumatsız olmasına dair müdafiə tərəfinin məhkəmədə gətirdiyi dəlillə bağlı qeyd edilməlidir ki, həmin hal da məhkəmə baxışı zamanı yoxlanılmış və öz təsdiqini tapmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Sabunçu rayon Məhkəməsi tərəfindən 27 oktyabr 2023-cü il tarixdə 3-6-7/2-580/2023 nömrə altında daxil olmuş məktuba və əlavə olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin icraatında ayrı-ayrı vaxtlarda 3 inzibati xəta haqqında işlər mövcud olmuş, sonuncu məhkəmə qərarı 27 oktyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Həmin inzibati iş üzrə məhkəmə iclasları barədə Təqsirləndirilən şəxs müvafiq bildirişlər göndərilmiş, həmçinin qəbul olunmuş məhkəmə qərarın onun ünvanına göndərilməsi müvafiq poçt bildirişləri ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatsız olması barədə gətirdiyi dəlili, həmçinin göstərilən səbəblərdən onun cinayət əməlinin hüquqi tövsifinin müdafiə tərəfindən mübahisələndirilməsini təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşdirilməsi üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-ci maddələrinə görə, zərərçəkmiş şəxslə və onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin törətdiyi əməldən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında 18 fevral 2022-ci il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-nin 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Qeyd olunan tövsiyyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə törətdiyi əməldən səmimi peşman olmasını, həmçinin barəsində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinin tələbinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarına görə 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Azadlıqdan məhrum etmə cəzasına aid hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-228/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-228/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver