Məhkəmə qərarları › İş №1(101)-2283/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2283/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2283/2024 05.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 12-ci döngə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 14 (on dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,434 qram, 1,003 qram, 2,454 qram, 1,613 qram, 2,072 qram, 1,434 qram, 1,649 qram, 1,596 qram, 1,494 qram, 1,446 qram, 1,370 qram, 1,493 qram, 1,050 qram və 1,100 qram olmaqla, ümumilikdə təmiz çəkisi 22,208 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini və 17 (on yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,110 qram, 0,910 qram, 0,648 qram, 1,078 qram, 0,968 qram, 0,722 qram, 1,082 qram, 0,869 qram, 1,048 qram, 0,756 qram, 1,639 qram, 1,623 qram, 1,491 qram, 2,192 qram, 0,768 qram, 0,746 qram və 1,512 qram olmaqla, ümumilikdə təmiz çəkisi 20,162 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2 PB-nin inzibati binasına gətirilmiş, orada xx.xx.2024-cü il tarixdə saat 21:15-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən Məhəddin Hüsyenovun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən qara sellofanda saxladığı külli miqdarda 14 (on dörd) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 22,208 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin və külli miqdarda 17 (on yeddi) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 20,162 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, narkotik vasitələrin heç biri ona aid deyildir. Lökbatanda yaşayan Afaq adlı tanışı narkotik vasitə aludəçiliyindən azad olması üçün ondan “M-40” adlı dərman istəmişdir. Afaq əvvəl metadon suyu istəmiş, onun nə olduğunu soruşduqda “tapa bilməsən “M-40” adlı dərmanları al” demişdir. O, Afaqdan hansı aptekdən ala biləcəyini soruşmuş və Afaq “aptek yox, İrandan gətirdirsən onu” demişdir. Afaq ona narkotik vasitə olduğunu bildirmişdir. O, “Kazım” adlı şəxsin nömrəsini “Tik-tok”dan tapmış, Afaq xanım özü iranlı ilə danışmış və iki ədəd listi yüz manata razılaşmışlar. Afaqın telefonu olmamış, danışığı onun telefonu ilə etmişlər. Afaq ona yüz manat vermiş, o da “M10” vasitəsilə ödənişi etməli olmuşdur. Afaq əri ilə boşandığından ona “inanmıram, yüz manatı götürər, bir yerdə gedin” demiş və pulu yükləyib “20 Yanvar”a getmişlər. Birinci ünvan Masazıra verilmiş və getdikləri həmin ünvanda iranlının göndərdiyi şəkil olmamışdır. Kazıma zəng edib “yolladığın ərazi burada yoxdur” demiş, Kazım da ola bilsin kuryerin səhvi olduğunu bildirmişdir. Yenidən onları Saray qəsəbəsinə yollamış, oraya çatanda “bu yer dağıdılıb, bizdən qabaq kiməsə vermisən, sən bizə onda yüz manatı qaytar” demiş, Kazım ona xəbər edəcəyini bildirmiş, sonra onu bloka atmışdır. Daha sonra Afaqın və yoldaşının nömrələri ilə yazmışlar, onları da bloka atmışdır. Atasının telefonunu da götürüb yazanda bloka atmış və o, Afaqa yüz manatdan əlini üzməsini bildirmişdir. Təxminən bir həftə, on gün sonra “20 Yanvar”da kafedə əyləşib çay içərkən Kazım adlı bir şəxs ona yazmış, əvvəlcə fikir verməmiş, sonra ona zəng edərək “keçən dəfə anlaşılmazlıq olub, kuryer səhv edib, sənə konum atacam, dərmanın oradadır” demiş, dərman deyəndə həmin şəxs olduğunu bilmişdir. Kazım ona dərmandan başqa orada “kakos” da olacağını demiş və “kakos”u oraya qoymasını bildirmişdir. Onu yenə də bloka atacağından qorxaraq pulu istəməmiş və ondan əl çəkməsi üçün gedib iki list dərmanı götürüb verməyi fikirləşmişdir. Kazım yarım saat sonra məkanı göndərmiş və ora getdikdən sonra hadisə baş vermişdir. O, bükümü götürdükdən sonra mülki geyimdə olan bir şəxs ona tərəf gəlmiş, orada nə etdiyini soruşmuş, daha sonra onu 39-cu Polis Bölməsinə aparmışlar. Orada videoçəkilişlə cibindən 31 büküm narkotik vasitə çıxmış, amma onların heç biri ona aid olmamışdır. İranlı ilə yalnız Afaqa görə əlaqə saxlamışdır. O, polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, indiyə qədər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Təxminən bir aydır ki, Afaq adlı qadınla tanışdır. Afaqla tanışlığı onun həyat yoldaşı vasitəsilə yaranmışdır. Belə ki, Afaqın həyat yoldaşı Rövşənlə birlikdə kirayə evdə yaşamış, Afaq da ora gəlib getmişdir. Afaqın narkotik vasitələrdən istifadə etməsi barədə sonradan məlumat almışdır. Afaq ona təxminən 20 gün əvvəl İran İslam Respublikası vətəndaşı tanımağı barədə soruşmuşdur. Afaqdan həmin şəxsi nə etdiyini soruşanda bədənində olan ağrılara görə həmin şəxsdən narkotik alacağını bildirmişdir. Afaqın 3 azyaşlı uşağına yazığı gəlmiş və tiktok sosial şəbəkəsində “patı” sözü yazıb axtarışa başlamışdır. Bir profil tapmış və həmin profildə nömrə qeyd olunduğunu görmüşdür. Həmin mobil nömrəni telefonunda “Kazım iran” adı ilə qeyd etmişdir. Ona whatsapp vasitəsilə əlaqə saxlayıb ondan narkotik vasitə verə biləcəyini soruşmuşdur. Daha sonra Rövşəngilə getmiş və demişdir ki, Afaqa iranlı tapdığını desin. Afaq telefonu vasitəsilə həmin şəxslə danışıb M40 adlı narkotik istəmişdir. Kazım Afaqla qiymətini 100 manata razılaşmış və hazır ünvan olduğunu, pulu atdıqdan sonra ünvanı deyəcəyini bildirmişdir. Afaq ona 100 manat vermiş və həmin pulu iranlı şəxsin təqdim etdiyi hesaba köçürmüş və qəbzin şəklini Kazıma göndərmişdir. Ünvanı soruşanda o ilk öncə Masazır qəsəbəsini bildirdikdən sonra ora getmiş, lakin orada heç nə tapmamışdır. Bundan sonra Kazımdan ünvanı bir daha soruşmuş və o Saray qəsəbəsini bildirmişdir. Oraya gedib, lakin orda da heç nə tapa bilməmişdir. Bundan sonra evə qayıtmışdır. Afaqa olanları bildirəndə aldatdığını və pulu ələ keçirdiyini bildirmişdir. Gündəlik tanışlarından 5-10 manat alıb Afaqa vermişdir. xx.xx.2024-cü il tarixdə Kazımdan ona mesaj gəldiyini görmüşdür. Kazım narkotik vasitənin qoyulduğu yeri ona whatsapp vasitəsilə göndərmişdir. Həmin gün Səbail rayonu, G.Əliyev küçəsi 12 saylı ünvanda narkotiki qoyulduğu yerdən götürmüş və oradan kənarlaşmaq istəyəndə saat 19:50 radələrində iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu bildirərək onu sorğu-sual etməyə başlamışlar. Üzərində narkotik olduğundan bir anlıq özünü itirib üzərində narkotik olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra həmin şəxslər onu Səbail RPİ-nin 39-cu polis bölməsinə dəvət etmiş və onlara etiraz etmədən polis bölməsinə getmişdir. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən qara rəngli ağzı açıq paketi, həmin gödəkçənin iç sol cibindən içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və bank kartları olan pul kisəsini, əynindəki boz rəngli şalvarın sağ yan cibindən isə özünə məxsus “Samsung A03” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə fiziki axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunmuş qara rəngli paketə baxış keçirilən zaman içərisində ümumilikdə 14 ədəd qırmızı rəngli sellofan kəsiyində içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm və ümumilikdə 17 ədəd qırmızı rəngli sellofan kəsiyində içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş həmin bükümlər müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza edilmişdir. Ona məxsus “Samsung” markalı mobil telefon və sənədləri isə iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür. İfadəsində bildirdiyi kimi, həmin psixotrop maddəni və narkotik vasitəni xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda əvvəlcə qoyulduğu yerdən tanışı Afaqa çatdırmaq üçün 100 manat müqabilində əldə etmişdir. Qeyd olunan psixotrop maddə və narkotik vasitədən başqa heç bir yerdə psixotrop maddə və narkotik vasitə saxlamamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Saxlanılan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir (İ cild, səh. 142-144). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, məxfi əməliyyat məlumatı daxil olmuş və şəxsi 08 iyun tarixində axşam saatlarında, hava qaralan vaxtlarda Bayıl ərazisində saxlamışlar. Vətəndaşı saxlayıb üzərində hansısa qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığını soruşmuşlar və onlarla bölməyə gedib üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. Bölmədə videoçəkilişlə təhqiqatçının və müdafiəçinin iştirakları ilə şəxsin üzərinə baxış keçirilmiş, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən sellofan çıxmış, sol yan cibindən sənədlər və boz rəngli şalvarının yan cibindən mobil telefon aşkar edilmişdir. Paketin içində qırmızı bükümlərdə 14 və 17 ədəd büküm aşkar edilmiş, həmin bükümlər qablaşdırılmış və təhqiqatçının iştirakı ilə möhürlənərək imzalanmışdır. Məlumat vətəndaşın üzərində narkotik gəzdirməsi barədə olmuş, vaxt, tarix və zahiri görünüşü barədə məlumatlar qeyd edilmişdir. Aşkar edilən maddələrlə bağlı xanım tanışının xahişi ilə əldə etdiyini bildirmişdir. Ondan başqa əməliyyatda qrupun rəhbəri Museyib Alıyev iştirak etmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. Xidmət etdiyi Səbail RPİ-nin 39-cu PB-yə Məhəddin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə etimad doğuran, məlum, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış əməliyyat məlumatının yoxlanılması, şəxsin cinayət əməllərinin ifşa olunması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığı üçün bu məqsədlə Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 rəhbərliyi və onun qrup üzvlüyündən ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində qrup rəhbəri Şahid2 ilə birlikdə ünvan 1 ünvanın yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxsla oxşar olan şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs X4 olduğunu bildirmişdir. Həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsi və daşınmasında şübhəli olduğunu bildirmiş və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparılacağı deyərək onlarla birlikdə Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət etmişlər, həmin şəxs etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə getmişdir. Polis Bölməsində saxlanılan şəxsin Qazax rayonu, Dəmirçilər kənində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən qara rəngli ağzı açıq paketi, həmin gödəkçənin iç sol cibindən içərisində özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və bank kartları olan pul kisəsini, əynindəki boz rəngli şalvarın sağ yan cibindən isə özünə məxsus “Samsung A03” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş qara rəngli paketə baxış keçirilən zaman içərisində ümumilikdə 14 ədəd qırmızı rəngli sellofan kəsiyində içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm və ümumilikdə 17 ədəd qırmızı rəngli sellofan kəsiyində içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm müəyyən edilmişdir. Bundan sonra aşkar edilən həmin kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş “Samsung” markalı mobil telefon və sənədləri sonuncuya izah verildikdən sonra iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bununla da şəxsi axtarış və götürmə başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, həmçinin polis bölməsində olan zaman və üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir (İ cild, səh. 99-101). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Məhəddin adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə bölmə əməkdaşı kimi etibarlı mənbədən məlumat əldə etmiş və sahə inspektoru Şahid1la birlikdə şəxslə bağlı qrup yaratmışlar. 08 iyun 2024-cü il tarixdə Səbail rayonu, Gülbala Əliyev 12 küçəsində şəxsə yaxınlaşıb özlərini təqdim edərək narkotik istifadəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etirazını bildirmədən onlarla birlikdə bölməyə yaxınlaşmışdır. 39-cu Polis Bölməsində təhqiqatçının otağında videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və səhv xatırlamırsa gödəkcəsinin sağ cibindən qara sellofanın içində qırmızı sellofanda 31 ədəd bükümdə narkotik vasitəyə oxşar maddələr aşkar olunmuşdur. 14 ədəd bükümdə metamfetamin, 17 ədəd bükümdə heroinə bənzər maddələr, vəsiqəsi və “Samsung” markalı telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin ona məxsus olmadığını, başqa şəxs üçün götürdüyünü, səhv etmirsə bir xanım üçün aldığını bildirmişdir. Onlar Afaq adlı şəxsi müəyyən etməmişlər. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 102-104). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3183 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün №49” möhür əksi, “Təqsirləndirilən şəxs /imza/; Vəkil M.İlqar /imza/; Şahid1 /imza/; A.Müseyib /imza/; Əliyev Abdulla /imza/; /imza/ Quliyev” yazılar olan zərfdəki 14 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,434 qr, 1,003 qr, 2,454 qr, 1,613 qr, 2,072 qr, 1,434 qr, 1,649 qr, 1,596 qr, 1,494 qr, 1,446 qr, 1,370 qr, 1,493 qr, 1,050 qr və 1,100 qram, ümumi təmiz çəkisi 22,208 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 17 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,110 qr, 0,910 qr, 0,648 qr, 1,078 qr, 0,968 qr, 0,722 qr, 1,082 qr, 0,869 qr, 1,048 qr, 0,756 qr, 1,639 qr, 1,623 qr, 1,491 qr, 2,192 qr, 0,768 qr, 0,746 qr və 1,512 qram, ümumi təmiz çəkisi 20,162 qram olan qəhvəyi və tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 43- 48). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 08 iyul 2024-cü il tarixli, 4660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 130- 131). 11.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 iyun 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən CD diskdən görünür ki, üzərinə şəxsi axtarış və götürmə istintaqı keçirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən qara rəngli sellofan paketi, həmin gödəkçəsinin sol iç cibindən qara rəngli pul kisəsini və əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung A03” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Bundan sonra şəxsin üzərinə fiziki axtarış keçirilir, lakin heç bir şey aşkarlanmır. Şəxsin təqdim etdiyi pul kisəsinə baxış zamanı içərisində özünə məxsus müxtəlif bank kartları və şəxsiyyət vəsiqəsi olması müəyyən edilir. Şəxsin təqdim etdiyi qara rəngli sellofan paketə baxış keçirilən zaman içərisində ümumilikdə 31 (otuz bir) ədəd qırmızı rəngli sellofan kəsiyinə bükülmüş büküm olması müəyyən edilir. Həmin bükümlərə baxış keçirilən zaman isə həmin bükümlərdən 14 (on dörd) ədədinin içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və digər 17 (on yeddi) ədədinin içərisində isə spesifik qoxuya malik, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Şəxs sorğu-sual zamanı həmin bükümləri əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşı Kazım adlı şəxsdən əldə etdiyini bildirir. Şəxsin üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılır, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır (İ cild, səh. 32-34). 12.«Mobil telefon aparatına baxış keçirilməsi barədə» 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A03” markalı mobil telefon aparatına baxış keçirilmiş, telefon aparatının proqram təminatına baxış keçirilən zaman yaddaşda “WA Businness (whatsapp businness)” adlı proqram olması müəyyən edilmiş, həmin proqrama daxil olduqda “Kazım İran” adlı kontaktla ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib-qəbul edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin əvvəlcədən qoyulduğu yerin şəkillərinin göndərilməsi, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması müəyyən olunmuşdur. Bundan başqa telefon aparatının yaddaşına baxış keçirilən zaman telefon aparatının yaddaşında müxtəlif foto şəkillər və video görüntülər aşkar olunsa da, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və fayllar müəyyən olunmamışdır (İ cild, səh. 86-98). 13.«Maddi sübut kimi tanınma haqqında» 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 14 (on dörd) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 22,208 qram təşkil edən psixotrop maddə metamfetamin və 17 (on yeddi) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 20,162 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış, iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 22,068 qram çəkidə metamfetamin və 19,992 qram çəkidə heroin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 124). 14.«Maddi sübut kimi tanıma barədə» 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd «Samsung Galaxy A03» markalı mobil telefon aparatı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, səh. 127). 15.İş materiallarında olan ittiham aktına əlavə olunmuş arayışdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung Galaxy A03” markalı mobil telefonun qəbzlə geri qaytarılması nəzərə alınmışdır. 16.«Sübutların qiymətləndirilməsi haqqında» 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd CD disk maddi sübut hesab edilmiş və iş materiallarına tikilməsi nəzərə alınmışdır (İ cild, səh. 146-154). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki baldırın ön səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22-23). 19.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 4(009)-273/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 74-77). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 113-114). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 27.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 31.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 33.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 35.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 36.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 37.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 38.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 43.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 44.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 45.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 46.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 47.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 48.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 49.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 50.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 08 iyun 2024-cü il tarixdən hesablanmalıdır. 51.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 52.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 54.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,068 qram çəkidə psixotrop maddə metamfetaminin və 19,992 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 55.İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A03» markalı mobil telefon aparatının qəbzlə geri qaytarılması nəzərə alınmalıdır. 56.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 57.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 58.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 59.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 60.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 61.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 62.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 08 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 22,068 qram çəkidə psixotrop maddə metamfetamin və 19,992 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A03» markalı mobil telefon aparatının qəbzlə geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar