Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2284/2024 04.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə 5 fevral 1995-ci ildə Tovuz rayonu, Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyə aidiyyətinin düzgün müəyyən edilmədiyini bildirərək cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırdı ki, Təqsirləndirilən şəxs verilmiş ittihama və iş materiallarına əsasən o, 14 iyun 2024-cü il tarixdə, saat 22:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 ünvanının qarşısında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan 4,960 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Odur ki, hazırkı cinayət işi prosessual qanunvericiliyin tələblərinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan cinayət işi baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Müdafiəçi dövlət ittihamçısının vəsatətini müdafiə edərək cinayət işinin məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə Dövlət ittihamçısı vəsatətini ətraflı şəkildə tədqiq edib və cinayət prosesi iştirakçılarının verilmiş vəsatətlə bağlı fikirlərini dinləyib, hesab edir ki, verilmiş vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Abşeron rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 14 iyun 2024-cü il tarixdə, saat 22:10-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 ünvanının qarşısında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 23:58-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 4,960 (dörd tam mində doqquz yüz altmış) qram olan ağ rəngli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 74.1-ci maddəsinin tələbinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.1 və 74.2.2-ci maddələrinin tələbinə əsasən uzanan cinayətin başa çatdığı yer onun onun törədildiyi yer, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer isə davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, CPM-in 69.3-cü maddəsinə əsasən, hər bir ağır cinayətlər məhkəməsinə onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Əgər bir icraatda birləşdirilmiş müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər eyni səviyyəli birinci instansiya məhkəmələrinə, məsələn hər biri ağır cinayətlər məhkəməsinə aiddirsə, məhkəmə aidiyyəti məsələsi CPM-in 74.8-ci maddəsində təsbit edilmiş qaydaya müvafiq surətdə həll edilməli, yəni cinayət işinə məhkəməyədək icraatın başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Həmin maddəyə əsasən, eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin mövqe “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərara əsasən narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş qərarın 8-1-ci bəndindən görünür ki, Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. Hazırkı cinayət işinin materiallarından və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 4,960 qram olan ağ rəngli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 5 ünvanının qarşısına üzərində saxlayaraq daşıdığından cinayət əməli törədildiyi yer baxımdan Abşeron rayonu ərazisində, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə yurisdiksiyasına aid ərazidə başa çatmışdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına aid edildiyindən, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət əməli kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və cinayətlərin başa çatdığı yer - əməliyyat-axtarış tədbirlərinin gedişində saxlanıldığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 25 ünvanı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə başa çatdığından hazırkı cinayət işinə baxılması aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən CPM-in 74cü maddələsinin (74.1 və 74.8-ci maddələrinin) tələbləri pozularaq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən epizod üzrə cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbuyl edilməsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, CPM-nin 74, 75, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.