Məhkəmə qərarları › İş №1(101)-229/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-229/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-229/2023 19.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 5/38, mənzil 1-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Mərkəzi küçəsində nömrəsiz evdə yaşamış, 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, satış məqsədilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən ümumi təmiz çəkisi 4,176 qram təşkil edən külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək üzərində saxlamaqla daşımış, 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis İdarsinin 31-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsində yerləşən “Naxçıvan Market” adlı ərzaq mağazasının yaxınlığında saxlanılıb Suraxanı RPİnin 31-ci PB-nə aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli plastik materialdan hazırlanmış qabın içərisində kimyəvi tərkiblərinə görə eynilik təşkil edən şəffaf rəngli sellofana bükülmüş 10 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram, 0,379 qram, 0,257 qram, 0,301 qram, 0,361 qram, 0,335 qram, 0,206 qram, 0,233 qram, 0,392 qram və 0,145 qram olmaqla ümumi təmiz çəkisi 2,986 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və həmin gödəkçənin sağ iç cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd qara rəngli elektron tərəzi, eləcə də 05 may2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanması üçün Suraxanı RPİ-nin X4 (MSYnə) qəbul edilib üzərinə baxış keçirilən zaman sol ayağında olan corabının içərisindən kimyəvi tərkiblərinə görə öz aralarında və üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddə metamfetaminlərlə eynilik təşkil edən 04 ədəd səffaf sellofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,276 qram, 0,289 qram, 0,313 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı da dediyi kimi, narkotiki tapmış, tərəzini də narkotiklə birlikdə tapmışdır. Taparkən psixotrop maddə şəffaf sellofanlara bükülmüş vəziyyətdə plastik qutunun içində olmuşdur. Aşkar olunan bükümlərdən 10 ədədini plastik qutu ilə birlikdə üzərində, 4 ədəd bükümdə isə corabının içərisində saxlamışdır. Saxlanılarkən tərəzi onun maşınımda olmuşdur. O, özüm narkotiklərdən istifadə edən olsa da, lakin heç vaxt satmamışdır. Saxlanılarkən Tofiq adlı tanışıyla hər ikisi spirtli içkinin təsiri altında olmuş, lakin Tofiq saxlanılmamışdır. Tofiqin hara getdiyini, onun dəqiq anket məlumatlarını bilməmişdir. Saxlanılıb Suraxanı RPİ-nin 31-ci polis bölməsinə aparılarkən, üzərində şəxsi axtarış aprarılarkən heç bir fiziki və ya psixoloji təsirə məruz qalmamışdır, törətdiyi əməlindən səmimi peşiman olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində verpmiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 04 aprel 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində piyada gəzərkən yerdə bir ədəd ağzı bağlı, içərisində nə isə olan sellofan torba görüb götürmüş, sellofan torbanı açdıqda içərisində bir ədəd qara rəngli elektron tərəzi və bir ədəd şəffaf rəngli plastik qab olduğunu görmüşdür. Həmin qabın içərisinə baxdıqda 14 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin olduğunu görüb onları daha sonra istifadə etməsi üçün aşkar etdiyi plastik qabda əynində olan gödəkçəsinin cibinə qoymuşdur. O, həmçinin torbanın içərisində olan bir ədəd qara rəngli elektron tərəzini də götürüb əynindəki gödəkcənin cibinə qoymuşdur. 05 aprel 2022-ci il tarixdə yaşadığı evdən çıxarkən həmin plastik qabda olan 14 ədəd şəffaf sellofan bükümlərində olan metamfetaminin 4 bükümünü götürüb ayağına geyindiyi corabın içərisində gizlətmişdir. 05 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsində yerləşən “Naxçıvan” marketin yanında olarkən ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, buna dair bildiriş təqdim edilmişdir. Eləcə də, ona hüquqlarının müdafiə edilməsi məqsədilə öz hesabına vəkil dəvət etmək hüququ olması, öz hesabına vəkil tutmaq üçün maddi imkanı olmadığı halda dövlət hesabına vəkil dəvət ediləcəyi də izah edilmişdir. O, öz hesabına vəkil dəvət etmək üçün maddi imkanının olmadığını bildirib dövlət hesabına müdafiəçi ilə təmin edilməsini istəmişdir. Buna görə də, hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. O, müdafiəçi iştirakı ilə narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirak etməsini istəmədiyini bildirmiş və bu barədə müdafiəçinin iştirakı ilə yazdığı ərizəni təqdim etmişdir. Daha sonra üzərində polis əməkdaşları tərəfindən video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı əşya, narkotik vasitəmaddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli plastik materialdan hazırlanmış qabı, həmin gödəkçənin sağ iç cibindən bir ədəd qara rəngli elektron tərəzini, sol yan cibindən bir ədəd ağ rəngli “Kgtel” markalı, üzərində ***-***-**-** nömrə olan mobil telefonunu, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 65 qəpik pulu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi şəffaf qaba polis əməkdaşı tərəfindən baxış keçirilərək içərisində olan 10 ədəd şəffaf sellofan bükümdəki maddənin nə olması və onu haradan əldə etməsi barədə soruşulduqda həmin bükümdəki kütlələrin psixotrop maddə metamfetamin olduğunu, onu tutulmazdan bir gün əvvəl yaşadığı Ramana qəsəbəsində bir ədəd tərəzi ilə birlikdə yerdən tapdığını, münasib vaxtda şəxsi istifadəsi üçün üzərində saxladığını və daşıdığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, ayağında olan corablara baxılmadığından həmin corabın içərisində olan 04 ədəd içərisində metamfetamin olan bükümlər aşkar edilməmişdir. Ancaq aşkar edilmiş 10 ədəd içərisində metamfetamin olan bükümlər təhqiqatçı tərəfindən yenidən plastik qaba yığılmış, elektron tərəzi ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqdim etdiyi özümə məxsus “Kgtel” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və 65 qəpik pul da təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Həmin günü gecə radələrində şübhəli şəxs qismində saxlanılması üçün Suraxanı RPİ-nin MSY-nə qəbul edilərkən MSY-də növbədə olan polis nəfərləri tərəfindən üzərinə baxış keşirilərkən sol ağağında olan corabın içərisində gizlətdiyi 04 ədəd şəffaf sellofan bükümlərində olan metamfetaminlər aşkar edilərək götürülmüşdür. Yəni, 05 aprel 2022-ci il tarixdə Suraxanı RPİ-nin MSY-də üzərinə baxış keçirilərkən sol ayağımdakı corabın içərisindən aşkar edilmiş həmin 04 ədəd şəffaf sellofan bükümlərində olan metamfetaminlər də, 04 aprel 2022-ci il tarixdə yerdən tapdığı torbadakı plastik qabda olan metamfetaminlərdən olmuşdur. Sadəcə olaraq üzərində Suraxanı RPİ-nin 31-ci PB-də 05 aprel 2022-ci il tarixdə şəxsi axtarış aparılarkən ayağındakı corablara baxılmadığından həmin bükümlər aşkar edilməmişdir (iş vərəqə: 203-206). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış (CA) üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında müvafiq qərar qəbul edilmiş, onun rəhbərliyi ilə 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 05 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 20:00 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçədə yerləşən “Naxçıvan” marketin yaxınlığında saxlanılmışdır. Onlar polis əməkdaşları kimi özlərini təqdim edib, saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğunu bir daha müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, daşımasında şübhəli olduğunu bildirərək sonuncunu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət edib gətirmiş və bu barədə raportla 31-ci PB-nin rəisinə məlumat vermişlər. Araşdırma Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçı, polis baş leytenantı Elnur Mənsimova həvalə olunmuş, sonuncu Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət etmişdir. Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində əməliyyat qrupunun iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, o cümlədən narkotik vasitələr və ya psixotrop maddələr olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli plastik qutu, sağ iç cibindən bir ədəd qara rəngli elektron tərəzi, əynindəki şalvarın sol yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefon, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir neçə ədəd qəpik pulları çıxarıb təqdim etmişdir. Təqdim olunan bir ədəd plastik qutu açıldıqda içərisində 10 ədəd şəffaf sellofanda olan bükümlərin olduğu müəyyən edilmişdir. Bükümlər bir-bir açıldıqda içərilərində ağ rəngli, kristal şəkilli kütlə olduğu aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi plastik qutudakı bükümlərdə olan kütlələrin nə olması, əldə olunma mənbəyi və üsulu, vaxtı və hansı məqsədlə əldə olunması soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qutudakı bükümlərdə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu, həmin bükülüləri bir gün əvvəl Ramana qəsəbəsində yerdən tapdığını, götürüb baxdıqda “şüşə” olduğunu görüb, özünün istifadəsi üçün özündə saxladığını, ancaq istifadə etməyə imkanı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 büküm təhqiqatçı tərəfindən götürülərək yenidən aşkar edildiyi həmin plastik qutuya qoyulmuşdur. Qutu içərisindəki on ədəd bükümlə birlikdə və bir ədəd elektron tərəzi bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüşdür. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, 31-ci PB-nə aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki güc, psixi təsir göstərilməmişdir. Hətta şəxsi axtarış və götürmə aparılarkən tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki güc, psixi təsir göstərilib-göstərilmədiyini soruşulmuş, sonuncu belə bir halın baş vermədiyini bildirmişdir. Ən nəhayət, Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesi yekunlaşdıqdan sonra onlar xidməti işlərini davam etdirmək üçün getmiş, sonuncunun İdarənin MSY-nə verilməsini görməmişlər. Lakin növbəti gün səhər Təqsirləndirilən şəxs MSY-nə verildikdən sonra MSY-də üzərinə baxış keçirilərkən onun corabının içərisindən daha dörd ədəd bükümdə metamfetamin psixotrop maddəsinə oxşar maddənin aşkar edilib götürüldüyünü eşidib bildmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı onun corablarına baxılmadığından həmin proses baş vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə baxışı zamanı şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsuatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin MSY-nin postaçı polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, 05 aprel 2022-ci il tarixdə, səhər Suraxanı RPİ-nin MSY-də postaçı olaraq xidmətə başlamışq, həmin gün növbədə növbətçi olaraq polis baş serjantı Şahid3 Xıdırnbi oğlu və polis serjantı X2 olmuşlar. Həmin gün, gecə saat 23:55-də Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Elnur Mənsimov tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə protokol və həmin protokola əlavə edilmiş digər zəruri sənədlər əsasında Təqsirləndirilən şəxs saxlanması üçün MSY-nə qəbul edilmişdir. Təqsirləndirilən şəxs MSY-nə qəbul edilərkən təlimata əsasən onun özü, növbətçi Şahid3 və postaçı Fərman Allahverdiyev tərəfindən onun üzərinə baxış keçirilmişdir. 06 aprel 2022-ci il tarixdə saat 00:10-da keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs sol ayağında olan corabın içərisindən 04 ədəd səffaf sellofanda olan bükümlər aşkar edilmişdir. Həmin bükümlərdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bükümlərin içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitəyə oxşar kütlələr aşkar edilməsi barədə akt tərtib edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı xidməti iş yerini dəyişməsi əsası ilə iştirakı təmin edilmədiyindən məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 şahid ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edilmişdir ki, sonuncu məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid4 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə:159-161). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Elnur Mənsimov tərəfindən həmin PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə videoçəkilişlə baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya sair predmet olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli plastik qutu, sağ iç cibindən bir ədəd qara rəngli elektron tərəzi, əynindəki şalvarın sol yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefon, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir neçə ədəd qəpik pulları çıxarıb təqdim etmişdir. Təqdim olunan bir ədəd plastik qutu açıldıqda içərisində 10 ədəd şəffaf sellofan kəsiyində olan bükümlər olduğu müəyyən edilmişdir. Həmin bükümlər bir-bir açıldıqda hər birinin içərisində ağ rəngli, kristalşəkilli kütlə olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Tədqiq olunan protokoldan təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qutudakı bükümlərdəki kütlənin nə olması, mənbəyi və əldə olunma üsulu, məqsədi barədə soruşmuş, sonuncu təqdim etdiyi plastik qutudakı bükümlərdə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu, bir gün əvvəl Ramana qəsəbəsində yerdən tapdığını, götürüb baxdıqda “şüşə” olduğunu görüb, istifadəçisi olduğundan öz istifadəsi üçün özündə saxladığını, ancaq istifadə etməyə imkanı olmadığını bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 ədəd bükümlər götürülərək yenidən aşkar edildiyi bir ədəd plastik qutuya qoyulmuş, sonra isə qutu və bir ədəd elektron tərəzi bir ədəd kağız zərfə qoyulmaqla qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalandıqdan sonra zərfin üzəri möhürlənmişdir. Yekunda tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki güc, psixi təsir göstərilib-göstərilməməsi soruşulmuş, Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki güc, psixi təsir göstərilmədiyini bildirmişdir (iş vərəqə: 34-35). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair «şəxsi axtarış aparılması və götürmə» haqqında 05 aprel 2022-ci il tarixli protokola əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 07 aprel 2022ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi həmin diskdəki videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında 05 aprel 2022-ci il tarixli protokolun məzmununa uyğundur və ziddiyyətlər müəyyən edirlməmişdir (iş vərəqə: 75). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ibtidai istintaq orqanının 07 aprel 2022-ci il tarixli qərarı ilə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin TŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli HK-1/252 nömrəli materialda olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılması ilə əlaqədar Suraxanı RPİ-nin MSY-nə verildikdən sonra Suraxanı RPİ-nin MSY-nin növbətçisi, polis baş serjantı Şahid3, postaçı, polis baş serjantı X5 və postaçı, polis serjantı X2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncunun sol ayağında olan corabından 4 ədəd şəffaf sellofanda olan bükümlərdə narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuş və buna görə tədqiq olunan həmin akt tərtib edilmişdir (iş vərəqə: 107). Məhkəmə baxışı zamanı Suraxanı RPİ-nin TŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli HK-1/252 nömrəli materialda olan xx.xx.2022-ci il tarixli aktın tədqiqi ilə müəyyən edildi ki, Suraxanı RPİ-nin MSY-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun sol ayağında olan corabından 4 ədəd şəffaf sellofanda olan bükümlərdə narkotik vasitəyə bənzər kütlələrin aşkar olunması və həmin aktın məhz buna görə tərtib edilməsinin qeyd olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürüulmüş ittihamın məzmununda Suraxanı RPİ-nin MSY-də Təqsirləndirilən şəxs 04 ədəd səffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,276 qram, 0,289 qram, 0,313 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsinin aşkar edilərək götürüldüyü tarix 05 aprel 2022-ci il olaraq göstərilmişdir. Məhkəmə baxışı zamanı qeyd olunan ziddiyyətli xüsusatla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Şahid5 dindirilmiş və sonuncu göstərmişdir ki, ilkin olaraq 05 aprel 2022-ci il tarixdə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi nəticəsində ondan ümumilikdə 2,986 qram metamfetamin aşkar olunmuş, fakta görə təhqiqatçı tərəfindən material toplanılaraq 06 aprel 2022-ci il tarixdə cinayət işi başlanmışdır. 06 aprel 2022-ci il tarixdə cinayət işi onun icraatına qəbul edilmiş, o, Təqsirləndirilən şəxs 06 apreldə 2022-ci il tarixdə şübhəli, 07 aprel 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirmiş, MSY-də onun corabından aşkar olunmuş psixotrop maddə ilə bağlı toplanmış material isə onun icraatına verilən materialların içərisində olmadığından o, bu faktla məlumatsız olmuş, bu barədə sonuncunun özü də ona heç nə deməmiş və bu səbəbdən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirərkən bu barədə ona suallar verməmişdir. MSY-də Təqsirləndirilən şəxs corabından əlavə olaraq 4 bükümdə, ümumi çəksi 1,990 qram psixotrop maddə aşkar olunması ilə bağlı toplanmış materiallar isə ona sonuncunun təqsirlən dirilən şəxs qismində cəlb olunmasından və Suraxanı rayon Məhkəməsi tərəifindən onun barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra təqdim olunmuşdur. Müstəntiq Şahid5, həmçinin göstərdi ki, Suraxanı RPİ-nin MSY-də Təqsirləndirilən şəxs 04 ədəd səffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsinin aşkar edilərək götürülməsinə dair akt 06 aprel 2022-il tarixdə tərtib olunmasına baxmayaraq, aktın məzmununda Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-nə 05 aprel 2022-ci il tarixdə gətirilməsi və onun corabından 4 bükümdə narkotik maddəyə bənzər kütlənin məhz həmin tarixdə götürülməsi göstərildiyindən o, bu faktı iş üzrə dindirilmiş şahidlərlə də araşdıraraq Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 28 iyul 2022-ci il tarixli qərarında ondan MSY-də psixotrop maddənin götürülməsi tarixini də 05 aprel 2022-ci il olaraq ittihama əlavə etmişdir. Sadəcə qeyd olunan psixotrop maddə 05 apreldə götürülsə də, akt 06 aprel tarixə keçən gecə tərtib edilmişdir. Məhkəmə sorğusuna Suraxanı RPİ-dən verilən 19 dekabr 2022-ci il tarixli, ***- *******85 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə, saat 23:55-də şübhəli şəxs qismində saxlanılması üçün Suraxanı RPİ-nin MSY-nə təhvil verilmiş, həmin gün saat 23:55-dən 23:57-dək onun üzərinə baxış keçirilmiş və bu barədə 06 aprel 2022-ci il tarixdə, saat 00:10-da müvafiq akt tərtib edilmişdir (iş materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş üzrə keçirilmiş məhkəməkimyəvi ekspertizasının 06 aprel 2022-ci il tarixli, 6/1848 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 195” möhür əksi, şübhəli şəxs ... Təqsirləndirilən şəxs üzərindən... “ və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd plastik qabın içərisində 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram, 0,379 qram, 0,257 qram, 0,301 qram, 0,361 qram, 0,335 qram, 0,206 qram, 0,233 qram, 0,392 qram, 0,145 qram, ümumi təmiz çəkisi 2,986 qram təşkil edən ağ rəngli, kiristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 10 bükümdə olan metamfetamin psixotrop maddəsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiq olunan rəydən görünür ki, bükümlər olan plastik qabın daxilində və elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Plastik qabın daxilində və elektron tərəzinin üzərində heroin iz şəklində olduğundan onların təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqat aparılması mümkün olmamışdır (iş vərəqə: 46-49). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1872 nömrəli ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində AR.DİN “Zərflər üçün № 45” möhür əksi, vət. Təqsirləndirilən şəxs MSY-də baxış keçirilən zaman...” və s yazılar, imzalar olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,276 qram, 0,289 qram, 0,313 qram və 0,312 qram, ümumi təmiz çəkisi 1,190 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkibləriə görə öz aralarında eynilik təşkil edirlər (iş vərəqə: 113-114). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci il tarixli, 6/2153 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs üzərindən...” qeydli zərfdəki 10 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin kütləsi və “vət. Təqsirləndirilən şəxs MSY-də baxış keçirilməsi zamanı ...” qeydli zərfdəki 04 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin kütləsi kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər (iş vərəqə: 164-165). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3445 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan «aslılıq sindromu» (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 170-171). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1104 saylı ekspert rəyindən görünür ki, tədqiqat mərhələsində Təqsirləndirilən şəxs hər hansi psixi xəstəlikdən əziyyət çəkmədiyi, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmihdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Cinayətin törədildiyi dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatıü mərhələsində də öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (iş vərəqə: 167-169). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxs axtarış və götürmə nəticəsində aşkar edilərək götürülmüş cəmi 14 ədəd bükümdə ümumi çəkisi 4,176 qram təşkil edən metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalıq qalmış cəmi 3,716 qram metamfetamin psixotrop maddə və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 178-189, 215). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.191-192). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metafetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş on dörd ədəd bükümdə metamfetamin psixotrop maddəsinin təmiz çəkisi ümumilikdə 4,176 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 4,176 qram olmaqla külli miqdar anlayışının start miqdardan iki dəfədən artıq miqdar təşkil etməsi, aşkar edilib götürülmüş psixotrop maddənin bir-birinə çox yaxın miqdarlara bölünməklə on dörd ədəd kiçik bağlamalarda qablaşdırılmış olması, Təqsirləndirilən şəxs üzərindən, həmçinin bir ədəd elektron tərəzi aşkar edilməsi, şəxsi axtarış və götürmə prosesində üzərində olan 10 ədəd bükümdəki psixotrop maddəni təqdim etsə də, corabının içərisində gizlətdiyi daha dörd ədəd eyni maddəni gizlədib təqdim etmək istəməməsi, iş üzrə əməliyyat xidmətinin məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1, 264, 66.3, 66.4cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilməklə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli №1683 saylı arayışına əsasən cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: 145-146). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir və hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələblərinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan müvafiq olaraq cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkaloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3445 saylı ekspert rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, eyni zamanda o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğunun ödənilməsindən sonra ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2022-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,716 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - maddi sübut kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması proseslərini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 330 (üç yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,716 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - maddi sübut kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması proseslərini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 330 (üç yüz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar