Məhkəmə qərarları › İş №1(101)-2291/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2291/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2291/2024 26.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1996-cı il tarixdə Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Ucar rayon məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 9 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş), məhkumluğu ödənilməmiş, Ucar rayonu, Ənvər Məmmədxanlı Ə/D, Ənvər Məmmədxanlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 9 iyun 2024-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında olan zaman birgə nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs Elməddin qızının ona digər xanımla münasibətinin olmasını irad bildirməsi səbəbindən, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs yaxın adamı olan qardaşı arvadı Şahid1 gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk etməklə, mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs həyatı üçün mühüm orqanların yerləşdiyi nahiyələrinə qəsdən çoxsaylı yəni, 9 bıçaq zərbəsi vuraraq döş qəfəsinin ön səthində, sağ ön-qoltuqaltı xətt üzrə Vİİ qabırğa proyeksiyasında bir ədəd, sol qoltuqaltı xətt üzrə Vİ qabırğa proyeksiyasında bir ədəd hemopnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, qarının ön divarında, sağ qalça nahiyəsində qarın boşluğuna nüfuz edən, böyük piyliyin və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yara ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, döş qəfəsinin ön səthində, sağ süd vəzisi üzərində, V qabırğa proyeksiyasında bir ədəd, sol qoltuqaltı xətt üzrə İV qabırğa proyeksiyasında iki ədəd deşilmiş-kəsilmiş yaralar yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra, sonuncunun ölmədiyini görüb, xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirməklə, xüsusi amansızlıqla, yəni başını kəsərək öldürmək məqsədilə Zərərçəkmiş şəxs saçından tutaraq onu həmin yaşayış evinin qonaq otağına sürüyüb əlində olan həmin bıçaqla sonuncunun başını kəsmək üçün boğaz nahiyyəsinə zərbələr vursa da, Zərərçəkmiş şəxs müqavimət göstərməklə ağır xəsarətlərdən yayınma cəhdlərinə, habelə hadisə yerində olan Şahid1 ona mane olması səbəbindən əsas məqsədinə nail ola bilməsə də, həmin zərbələr nəticəsində Zərərçəkmiş şəxs sol qaşın bayır bucağında bir ədəd, başın ənsə nahiyəsində iki ədəd olmaqla ümumilikdə sağlamlığa yüngül xəsarətlər yetirməklə xüsusi amansızlıqa qəsdən öldürməyə cəhd etmiş, lakin, hadisə zamanı Zərərçəkmiş şəxs müqavimət göstərməsi, hadisə yerində olan Şahid1 ona mane olması, habelə Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan o, sonuncunun qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü yoldaşı onun başqa xanımla danışmağından xəbər tutmuşdur. Buna görə də aralarında mübahisə baş vermişdir. Həmin vaxt o, içkili olmuş və yoldaşı ilə aralarında mübahisə baş vermişdir. Bu vaxt özündə olmamış, bıçağı götürüb yoldaşının bədəninin müxtəlif nahiyyələrindən 3 dəfə bıçaq zərbəsi vurmuşdur. Hadisə vaxtı qaynının yoldaşı da onların evində olmuşdur. Təqsirləndirilən şəxs cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, yoldaşı ilə aralarında baş verən mübahisə onun başqa qadınla münasibət saxlamağına görə baş vermişdir. O, işdə olanda yoldaşı ona başqa qadınla yazışdığını bildirmiş və mübahisə başlamışdır. Həmin vaxt evə içki içib gəlmişdir. Mübahisə vaxtı qaynının yoldaşı da orada olmuşdur. Mübahisənin gedişində özündə olmadığı üçün bıçağı götürüb yoldaşına xəsarət yetirmişdir. O, yoldaşına xəsarət yetirərkən qaynının yoldaşı yanlarında durub qışqırmışdır. Yoldaşının üz nahiyyəsinə xəsarət yetirməmişdir. Hadisə baş verdikdən sonra təcili tibbi yardıma zəng etmiş və evdən çıxıb polisə təslim olmuşdur. Yoldaşının ondan 102 xidmətinə şikayət etməsindən xəbəri olmamışdır. Həmin gün araq və pivə içmişdir. Hadisə baş verənə kimi yoldaşı ilə aralarında mübahisə baş verməmişdir. Bıçaqla yoldaşını vurana kimi ona şillə vurmamışdır. İçkili olduğu üçün birbaşa yoldaşına bıçaqla xəsarət yetirmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının CM-in 152.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2019-cu ildə Xatın ilə olan münasibətlərindən Nicat adlı oğlu dünyaya gəlmişdir. Ona təyin edilmiş cəzanı 2022-ci ildə çəkib qurtararaq cəzaçəkmə müəssisəsindən azad edilmişdir. 2023-cü ildə Xatın ilə rəsmi şəkildə ailə qurmuşdur. 2023-cü ilin noyabr ayında nigahlarından X3 və X4 adında iki əkiz qız övladları anadan olmuşdur. O, Xatınla hadisə baş verən günədək ünvan 2 ünvanında birlikdə kirayədə yaşamışdır. Əvvəllər Xatınla ara-sıra dava-dalaşları olmuşdur. Lakin həmin mübahisələri zamanı o, Xatına hər hansı bir formada xəsarət yetirməmişdir. Onun Xatınla münasibəti 2024-cü ilin yanvar ayından etibarən soyumağa başlamışdır. Xatınla münasibətinin soyumağına səbəb onun başqa xanımlarla sonuncuya xəyanət etməsi olmuşdur. Bu səbəbdən Xatınla aralarında sözlü şəkildə mübahisələri olmuşdur. Baş vermiş hadisədən 2-3 gün əvvəl Xatın ondan xəbərsiz onun istifadəsində olan mobil telefondakı “Whatsapp” sosial şəbəkəsini öz istifadəsində olan mobil telefonuna yönləndirərək onun başqa xanımlarla olan yazışmalarını aşkar etmişdir. 9 iyun 2024-cü il tarixdə səhər saatlarında Xatınla yaşadığı ünvan 2 ünvanında olan zaman onunla aralarında xırda mübahisəsi olmuşdur. O, həmin mübahisə zamanı Xatını itələyərək evdən çıxıb işə getmişdir. İşdə olan zaman Xatın ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazaraq ona xəyanət etdiyindən xəbardar olduğunu ona bildirmişdir. O isə Xatına cavab olaraq ona xəyanətini etiraf etmiş və onu bağışlamasını xahiş etmişdir. Lakin Xatının onun istifadəsində olan mobil telefonda olan “WhatsApp” sosial şəbəkəsini öz istifadəsində olan mobil telefona yönləndirərək onun başqa xanımlarla olan yazışmalarını aşkar etməsindən qəzəblənmişdir. İşdən ayrıldıqdan sonra Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Dostlar” adlı kafeyə gedərək orada təklikdə bir neçə bakal pivə içdikdən sonra evə getmişdir. O, həmin gecə saat 21 radələrində yaşadığı ünvana çatmışdır. O, evə daxil olan zaman evdə heç kimin olmadığını görmüşdür. Evdə özünə məxsus olan paltarları axtaran zaman əsəbi olduğundan evdə olan digər əşyaları da dağıdaraq yerə səpələmişdir. O, daha sonra yaşadığı ünvanı tərk edib bir müddət küçədə gəzmişdir. Təxminən 10-15 dəqiqə müddətində yaşadığı ünvanın yerləşdiyi küçəsində fırlandıqdan sonra yenidən yaşadığı ünvana geri qayıtmışdır. Evə daxil olan zaman qaynının yoldaşı Şahid1 oğlu ilə birlikdə onlara qonaq gəldiyini görmüşdür. O, daha sonra hamam otağına keçib, əl-üzünü yuyaraq mətbəxə keçmişdir. Mətbəxdə oturan zaman Xatının oğlu Nicatı və qaynı oğlu Turan Rasulovu mağazaya yola saldığını eşitmişdir. O, həmin vaxt Xatının onun istifadəsində olan mobil telefonda olan “WhatsApp” sosial şəbəkəsini öz istifadəsində olan mobil telefona yönləndirərək onun başqa xanımlarla olan yazışmalarını aşkar etməsindən qəzəblənərək Xatını cəzalandırmaq istəmişdir. O, bu səbəbdən mətbəxdə olan dəstəyi qara rəngli bıçağı götürərək Xatın və Şahid1 olduğu yataq otağına keçmişdir. Yataq otağında olan zaman bıçağı belindən çıxararaq Xatının qarnına vurmuşdur. O, Xatına təxminən 8-9 dəfə baş, sinə, qarın nahiyyələrindən bıçaqla zərbələr vurmuşdur. Xatına bıçaq zərbələri endirən zaman Şahid1 onların arasına girərək ayırmağa çalışmışdır. Həmin vaxtı əli ilə Firəngiz Rəsulovanı kənara itələyərək yenidən Xatına bıçaq zərbələri endirmişdir. Bundan sonra əlində olan bıçağı yerə tullayıb yaşadığı ünvanı tərk etmişdir. Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” adlanan ərazidə polis əməkdaşlarına təslim olmuşdur. Həmin vaxt törətmiş olduğu hadisə ilə bağlı onun polis əməkdaşlarına verdiyi məlumat əsasında polislər qeyd olunan hadisəni Səbail rayon polis idarəsinə məruzə etmiş, sonra onu Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. O, könüllü şəkildə polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Xatının onun istifadəsində olan mobil telefonda olan “WhatsApp” sosial şəbəkəsini öz istifadəsində olan mobil telefona yönləndirərək onun başqa xanımlarla olan yazışmalarını aşkar etməsindən qəzəblənmiş və bu səbəbdən Xatını cəzalandırmaq məqsədi ilə onun bədəninin müxtəlif nahiyyələrinə bıçaqla çoxsaylı xəsarətlər yetirmişdir. Onun Xatını öldürmək niyyəti olmamış, sonuncunu cəzalandırmaq məqsədi ilə ona bıçaqla xəsarət yetirmişdir. Hadisə vaxtı əsəbi və içkili olduğundan Xatına ardıcıl olaraq 9 dəfə bıçaq zərbələri vurmuşdur. Lakin onun Xatını öldürmək məqsədi olmamışdır. Xatına yataq otağında 9 dəfə bıçaqla zərbə vurduqdan sonra onun saçından tutmamış, qonaq otağına sürüyərək aparmamış, əlində olan bıçağı Xatının boğaz nahiyəsinə tutmamış və onun başını kəsməyə cəhd etməmişdir. Şahid1 ifadəsində göstərdiyi xüsusatlar yalandır. Ona təqdim olunmuş 28 iyun 2024-cü il tarixli 319 nömrəli məhkəmə-tibb ekspertizasının rəyində göstərilən Xatının “sol qaşın bayır bucağında aşkar edilmiş bir ədəd, başın ənsə nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş kəsilmiş yaranın hansı şəraitdə yaranması ona məlum deyil. O, həmin vaxtı içkili olmuşdur. Lakin Xatının başını kəsmək məqsədi ilə boğazına bıçaq tutmamışdır. O, Xatına bıçaqla xəsarət yetirən zaman onun ölə biləcəyini dərk etmişdir. Onun məqsədi Xatını cəzalandırmaq olmuşdur. Xatına bıçaqla bədəninin müxtəlif nahiyyələrindən xəsarət yetirdikdən sonra törətmiş olduğu əməldən peşmançılıq hissi keçirməmiş və ona hər hansı bir formada köməklik göstərməmişdir. Hadisə baş verən gün o, 1-2 bakal pivə qəbul etmişdir. Ümumiyyətlə narkotik vasitə istifadəçisi olmamışdır. Onun Xatına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi bıçağın xarici əlamətlərindən dəstəyinin qara rəngli olduğunu xatırlayır, həmin bıçaq yaşadığı ünvanın mətbəxində istifadə olunmuşdur. Hadisə baş verən zaman evdə qaynı arvadı Şahid1 və özü İsmayılov olmuşlar. Hadisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs oğlu Nicatı və qaynı oğlu Turan Rasulovu pampers almaqdan ötrü yaşadıqları ünvanın yaxınlığında yerləşən marketə yollamışdır. Sonuncular baş vermiş hadisəni görməmişlər. Digər iki azyaşlı övladı da baş vermiş hadisəni görməmiş və hər iki övladı 6 aylıq olduğundan baş vermiş hadisəni görsələr belə dərk etmə iqtidarında olmamışlar. Əvvələr aralarında mübahisələri olsa da o, Xatına hər hansı bir formada xəsarət yetirməmişdir. Baş vermiş hadisə zamanı Xatın ona hər hansı bir formada xəsarət yetirməmişdir (cild 1, iş vərəqi 182-187). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elməddin ilə aralarında baş verən mübahisə xəyanətə görə baş vermişdir. Əvvəllər də belə hallar olsa da, Elməddini bağışlamışdır. Yenə də Elməddindən şübhələndiyi üçün onun “WhatsApp” tətbiqini öz mobil telefonuna yönləndirmişdir. Bundan sonra 2-3 gün gözləmişdir ki, mesajlar gəlsin və əlində sübut olsun. Hadisə baş verən gün Elməddin işə getmiş, o da anasıgilə getmişdir. Anasıgildə anasının telefonu ilə Elməddinə mesajları göndərmiş və aralarında mübahisə baş vermişdir. Axşam tərəfi qardaşının yoldaşı ilə uşaqları gəzdirib evə gəlmişdir. Bu zaman evin dağınıq olduğunu və Elməddinin özünə məxsus paltarları yığıb getdiyini görmüşdür. Bu barədə 102 xidmətinə məlumat vermişdir. Bundan sonra evi yığışdırmışdır. Həmin vaxt Elməddin evə gəlmiş, pilləkəndə oturmuş və sərxoş vəziyyətdə olmuşdur. O, uşaqları yatızdırmışdır. Qardaşının yoldaşı da onlarda olmuşdur. Birdən Elməddin evə daxil olub, ona tərəf gəlib əlində olan bıçaqla bədəninin müxtəlif nahiyyələrinə 13 dəfə zərbə vurmuşdur. Qardaşının yoldaşı hadisəni görüb qışqırmış və Elməddinə mane olmağa çalışmışdır. Zərərçəkmiş şəxs cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Elməddin saçından tutub onu sürümüşdür. Sonuncunun onun üz nahiyəsinə nə vaxt xəsarət yetirdiyini xatırlamır. Qardaşının yoldaşı Elməddinə mane olmuşdur. Hadisə vaxtı evdə onlardan və qardaşının yoldaşından başqa heç kəs olmamışdır. Əvvəllər aralarında böyük mübahisələr olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə Elməddinlə Xatının yaşadıqları evdə baş vermişdir. Hadisə baş verən gün baldızı ilə sonunucunun evdə olan vaxt Elməddin baldızına arxadan yaxınlaşıb ona bıçaqla xəsarət yetirməyə başlamışdır. Elməddin Xatının bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, bunu görüb qışqırmağa başlamışdır. Elməddinə mane olmaq istəsə də, sonuncu onu itələmiş, gücü çatmadığı üçün onları aralaya bilməmişdir. Elməddin əvvəlcə otaqda Xatını bıçaqlamış, sonradan saçından tutub zala gətirmiş, orada sonunucunun boğazını kəsmək istəyən vaxt o, qışqırmağa başlamışdır. Bundan sonra Elməddin bıçağı yerə atıb çıxıb getmişdir. Elməddinin Xatına yetirdiyi xəsarətləri saya bilməmişdir. Xatın ona xəsarət yetirilən vaxt özündə olmamış, sonuncu Elməddinin əlindən qaça bilməmişdir. Elməddin ilə Xatın arasında əvvəllər də mübahisə olmuş, hadisədən əvvəl onların Elməddinin xəyanəti üstündə mübahisə etdiklərini bilmişdir. Hadisədən sonra o, polisə zəng edib məlumat vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in Səbail RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. O, postda yoldaşı Şahid3lə birlikdə sutkanın gecə saatlarında axşam saat 20:00-dan növbəti günün səhər saat 8:00-dək xidmət aparır. 9 iyun 2024-cü il tarixdə saat 22:15 radələrində Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı” adlanan ərazidə xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşıb özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək bildirmişdir ki, həmin gecə saat 21 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs Elməddin qızına yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən fərdi yaşayış evində bıçaqla xəsarət yetirmişdir. Onlar həmin şəxsdən almış olduqları məlumatı Səbail RPİ-nin NH-nə bildirmişlər. NH-dən onlara vermiş olduqları məlumatı dəqiqləşdirəcəklərini bildirmişlər. Bir müddət keçdikdən sonra NH-dan onlara Səbail RPİ-nin 8-ci PB-yə 19 saylı TTYS-dan Zərərçəkmiş şəxs çoxsaylı bıçaqla bədən xəsarətləri alması ilə daxil olması barədə məlumat aldıqlarını bildirmişlər. Lakin Səbail RPİ-nin NH-dən qeyd olunan hadisənin kim tərəfindən törədilməsinin məlum olmadığını və bu səbəbdən Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nə təhvil verilərək baş vermiş hadisənin aydınlaşdırılması barədə onlara göstəriş verilmişdir. Onlar dərhal efirə çıxaraq həmin ünvana PPX-nin ərazidə xidmət aparan 6673 saylı avtopatrulu çağırmış və Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər ki, onlara vermiş olduğu məlumat əsasında Səbail RPİ-nin 8-ci PB-də müvafiq araşdırılma aparılsın. Təqsirləndirilən şəxs özünün könüllü razılığı əsasında Səbail RPİnin 8-ci PB-yə getmək üçün qeyd olunan avtopatrul avtomobilinə əyləşmişdir. Həmin gecə yolların tıxac olması səbəbindən onlar 10 iyun 2024-cü il tarixdə saat 1 radələrində Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşlarına təhvil vermişlər (cild 1, iş vərəqi 157-160). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 162-164). Cinayət işinin materiallarında olan 9 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvan bir mərtəbəli, 2 otaqlı, mətbəx və sanuzeldən ibarətdir, evə giriş qapısından daxil olduqda otaqda divan, stol-stul, uşaq arabası vardır. Həmin otaqdan yataq otağına qapı vardır, yataq otağında döşəmənin üzərində qanabənzər damcılarla bir ədəd bir tərəfi kəsici, ucu deşici, dəstəyi qara plasmasdan olan, üzərində qana bənzər ləkələr olan bıçaq aşkar olunmuşdur, həmin bıçaq kriminalist-ekspert tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə otaqda olan divanın üzərində qana bənzər ləkələr aşkar edilmişdir. Baxış zamanı iştirakı edən hadisənin şahidi X5 hadisə yerindən aşkar edilmiş bıçağı göstərib Təqsirləndirilən şəxs həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Hadisə yerinə baxış keçirilən zaman cinayətin aləti hesab edilən dəstəyi qara rəngli bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 10-14). Cinayət işinin materiallarında olan 10 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayətinin aləti hesab edilən dəstəyi qara rəngli bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 300 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır, yuxarı kənarı boyu uzunluğu 170 mm, eni əsasında 40 mm, ortada 35 mm, ucunda 1 mm-dir. Tiyənin bir kənarı itilənmiş (kəsici kənarı), digər kənarı isə itilənməmişdir (küpü). Tiyənin ucu orta xətdən yuxarıda yerləşir, kafi itilikdədir, cüzi sağa doğru əyilmişdir. Tiyənin səthi hamardır, üzərində işlənmə izləri qeyd olunur, sol yan səthinə rus dilində “Nerj 6666” sözü və rəqəmləri həkk olunmuşdur, hər iki səthində qəhvəyi rəngli ləkələr qeyd edilir. Tiyənin üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik 12 edilməmişdir. Bıçağın dəstəyi qeyri-düzgün qövsvari formalıdır, əsasında gümüşü rəngli metallik lövhələrdən, qalan digər hissədə qara rəngli plastik lövhələrdəndir, lövhələr tiyənin milinə üç ədəd gümüşü rəngli millər vasitəsilə bərkidilmişdir, sağ yan səthdə sərbəst ucundan 70 mm məsafədə, qara rəngli lövhənin üzərində 33x25mm ölçülü defekti (sınığı) qeyd edilir. Dəstəyin uzunluğu 130 mm, eni 26 mm-dən 35 mm-dək, qalınlığı 18 mm-dir. Dəstəyin üzərində işlənmə izləri qeyd olunur, üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 155-156). Cinayət işinin materiallarında olan 5 sentyabr 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş yaşadıqları ünvan 5 ünvanında quraşdırılmış baş vermiş hadisəni özündə əks etdirən təhlükəsizlik kameralarının videogörüntüsünə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Həmin videogörüntünün 2:00-cı saniyəsində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində oğlu Nicat Rasulovu və qardaşı oğlu Turan Rasulovu mağazaya yolladığı öz əksini tapmışdır. Həmin videogörüntünün 2:20-ci saniyəsində Zərərçəkmiş şəxs yaşadığı ünvanda yataq otağına keçdiyi öz əksini tapmışdır. Həmin videogörüntünün 2:53-cü saniyəsində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin mətbəxindən qonaq otağına keçməsi öz əksini tapmışdır. Həmin videogörüntünün 3:03-cü saniyəsində Zərərçəkmiş şəxs və Şahid1 qışqırıq səsləri gəlməyə başlaması öz əksini tapmışdır. Həmin videogörüntünün 3:06-cı saniyəsində Şahid1 X1 qarşısında dayanaraq sonuncunu Zərərçəkmiş şəxs Elməddin qızından aralamağa çalışdığı Təqsirləndirilən şəxs isə sağ əlində olan bıçaqla Zərərçəkmiş şəxs bıçaq zərbələri vurduğu öz əksini tapmışdır. Həmin videogörüntünün 3:59-cu saniyəsində Təqsirləndirilən şəxs yaşadığı qeyd olunan ünvandan ayrılaraq çıxıb getməsi öz əksini tapmışdır. Həmin videogörüntünün 4:11-ci saniyəsində Şahid1 qeyd olunan fərdi yaşayış evinin giriş qapısını bağlaması, Zərərçəkmiş şəxs isə qeyd olunan yaşayış evinin yataq otağından qonaq otağına keçdiyi öz əksini tapmışdır (cild 1, iş vərəqi 136-137). Cinayət işinin materiallarında olan 5 sentyabr 2024-cü il tarixli ““WhatsApp” sosial şəbəkəsində olan danışıqlara baxış keçrilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş sonuncu ilə Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə olan 13 yazışmalara keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 9 iyun 2024-cü il tarixdə Xatınla Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunlu yazışmalar aşkar edilmişdir. 11:31-də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “o q**hbələrə” 11:31-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “bağışlada uşaqlara görə daha olmayacaq belə şey” məzmunlu mesaj yazmışdır. 11:31-də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “bəs sən uşaqları fikirləşmirdin Elməddin” məzmunlu mesaj yazmışdır. 11:32-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “olmayacaq da, səni aldatmaq mümkün deyil, son qoydum hər şeyə olmayacaq” məzmunlu mesaj yazmışdır. 11:32-də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “o dəfədə elə dedin, ay bala indi mən nə edim”, 11:32-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “söz verirəm sənə”, 11:32-də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “sən de, Allah səni öldürsün Elməddin əsirəm burda, əllərim əsir, yetimlərini saxla”, 11:33-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Aşqım olmayacaq daha dedim, aşqım əsəbiləşmə nolar daha səni incitməyəcəm” (cild 1, iş vərəqi 138-140). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Səbail rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 28 iyun 2024-cü il tarixli, 319 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində ümumilikdə 9 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir və onları aşağıdakı 3 qrupa bölmək olar: a) Döş qəfəsinin ön səthində, sağ önqoltuqaltı xətt üzrə Vİİ qabırğa proyeksiyasında bir ədəd, sol qoltuqaltı xətt üzrə Vİ qabırğa proyeksiyasında bir ədəd hemopnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar; b) Qarnın ön divarında, sağ qalça nahiyəsində qarın boşluğuna nüfuz edən, böyük piyliyin və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara; c) Sol qaşın bayır bucağında bir ədəd, başın ənsə nahiyəsində iki ədəd, döş qəfəsinin ön səthində, sağ süd vəzisi üzərində, V qabırğa proyeksiyasında bir ədəd, sol qoltuqaltı xətt üzrə İV qabırğa proyeksiyasında iki ədəd deşilmiş-kəsilmiş yaralar. Qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlərdən «a» və «b» bəndlərində göstərilən xəsarətlər hər biri ayrıayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, «c» bəndində qeyd olunan xəsarətlər isə hər biri ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 77-81). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-dən daxil olmuş komisyon məhkəməpsixiatrik və psixoloji ekspertizasının 8 iyul 2024-cü il tarixli, 1971 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilmiş, onda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai-təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 82-85). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin məhkəmə-tibbi bioloji ekspertizasının 6 sentyabr 2024-cü il tarixli, 578/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X2 şəxsiyyəti təsdiq edən axtariş vərəqisinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: O(1). Ekspertizaya təqdim olunmuş bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antingeni O(1) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 150- 154). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin məhkəmə-tibbi kriminalistik ekspertizasının 4 sentyabr 2024-cü il tarixli, 425/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına dair tərtib edilmiş ekspert rəyinə əsasən, onu bədən səthində olan xəsarətlərin təqdim edilmiş bıçağın, yaxud oxşar konstruksiyalı digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 145-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-də tərtib edilmiş 10 iyun 2024-cü il tarixli, 2/31251 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə ayıq olmuşdur (cild 1, iş vərəqi 7). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman cinayətin aləti hesab edilən müvafiq qaydada qablaşdırılaraq götürülmüş dəstəyi qara rəngli bıçaq öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izləri saxlanıldığına görə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 193-220). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirli bilinib ona 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 9 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 166, 106-112). Təqsirləndirilən şəxs qeyd edilən məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Bu hal Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Cinayət işinin materiallarında olan “tutma protokolu”-ndan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 67-68). Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq polisə təslim olmuşdur (cild 1, iş vərəqi 157-160 və 162-164). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Nicat Rəsulov, xx.xx.2023-cü il təvəllüdlü Ahu İsmayılova və xx.xx.2023-cü il təvəllüdlü Banu İsmayılova adlı üç azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 5-6). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək Azərbaycan Respublikası CM-in aşağıdakı müddəalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 20 (iyirmi) il olduğundan həmin cinayəti törətməyə cəhdə görə azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən 20 (iyirmi) ilin dörddə üçündən, yəni 15 (on beş) ildən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, cəzalar Cinayət Məcəlləsinin 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Bununla yanaşı cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alındığından onun barəsində CM-in 60.1-ci maddəsi tətbiq edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 29,120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman qablaşdırılaraq götürülmüş cinayətin aləti hesab edilən dəstəyi qara rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. İş üzrə maddi sübut: -Bakı şəhəri Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman qablaşdırılaraq götürülmüş cinayətin aləti hesab edilən dəstəyi qara rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar