Məhkəmə qərarları › İş №1(101)-2295/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2295/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2295/2023 22.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Aran qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşamış, 10 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,860 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 10 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,860 qram olan küllü miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirib, göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1-də anası Aybənizlə birlikdə yaşamışdır. Evdə heç bir qeyriqanuni əşya və ya narkotik vasitələr, psixotrop maddələr saxlamamışdır. Bir neçə ildir ki, özünə məxsus olan ***-***-**-** saylı sim nömrəni işlətmişdir. Təsadüfən sosial şəbəkələrdə özünü ona “Mahan” kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxslə aralarında olan söhbət əsnasında Mahan ona el arasında “patı” və “kakos” deyilən maddəni satmağı təklif etmişdir. O, əvvəl etiraz etmiş, lakin şəxsi həyatında problemlər və sıxıntılar olduğu üçün dadına baxmaq üçün ilk dəfə psixotrop maddə metamfetamini əldə etmək istəmişdir. Buna görə də “whatsapp” vasitəsi ilə Mahan adlı şəxsin istifadəsində olan “+98*** *** ** **” saylı nömrə ilə əlaqə saxlamışdır. Mahan adlı şəxsdən “patı”-nı, yəni psixotrop maddə metamfetamini almaq istəyəndə sonuncu ona ondan (Mahan-dan) psixotrop maddəni ilk dəfə aldığına görə 2 qramı 50 manata satacağını, təxminən bir qramı da pulsuz verəcəyini bildirmişdir. O, razılaşmış və Mahanın ona verdiyi karta 50 manat göndərmişdir. Pulu Mahana göndərəndən sonra sonuncu ona “whatsapp” vasitəsi ilə lokasiyanı və şəkli göndərmişdir. Mahan ona psixotrop maddə metamfetamini Bakıxanov qəsəbəsi «Ticarət mərkəzinin» yaxınlığına göndərəcəyini bildirmiş və ona “whatsapp”-la lokasiyanı atmış, o da həmin psixotrop maddə metamfetamini 10 iyul 2023-cü il tarixdə, günorta saatlarında Bakıxanov qəsəbəsi «Ticarət mərkəzinin» yaxınlığından götürmüşdür. Həmin psixotrop maddə metamfetamin bir bükümdə olmuş, gümüşü kağıza bükülmüşdür. O, həmin psixotrop maddəni götürməyə gedəndə aldadılmamaq üçün evdən özü ilə Mahanın ona göndərdiyi psixotrop maddəni ölçməkdən ötrü elektron tərəzi götürmüşdür. Həmin psixotrop maddəni götürüb əynində olan gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra, o, həmin psixotrop maddəni qəbul etmək üçün küçədə əlverişli şərait axtarmışdır. Psixotrop maddəni götürəndə üzərində olan tərəzi ilə həmin psixotrop maddə metamfetamini ölçmüş, Mahanın ona satdığı psixotrop maddə metamfetaminin miqdarı 2,8 qram olmuşdur. 2 qramı Mahan ona 50 manata satmış, 0,8 qramı isə ondan (Mahan-dan) ilk dəfə patını aldığına görə pay kimi vermişdir. Psixotrop maddə metamfetamini, elektron tərəzini və telefonunu əynində olan göy rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 10 iyul 2023-cü il tarixdə, saat 22 radələrində o, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində olan zaman iki nəfər mülkü geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onun adını soruşmuşlar. O, özünü onlara Azər kimi təqdim edəndən sonra onlar onu saxlayıb Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində ona psixotrop maddələrin və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər və hüquqları izah olunduqdan sonra onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra, onun hüquqlarını müdafiə etmək üçün ona dövlət tərəfindən təyin olunmuş vəkili təqdim etmişlər. Sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. O, üzərində psixotrop maddə metamfetamin olduğu halda saxlanıldığından həmin axtarışda vəkilin iştirak etməsini istəməmişdir. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd ***-***- **-** saylı nömrə ilə işlətdiyi «Samsung» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərkən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni öz istifadəsi üçün 50 manata İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamin ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı ondan istifadə etdiyi «Samsung» markalı mobil telefon aparatı götürülmüşdür. Həmin mobil telefon aparatını ***-***-**-** sim nömrə ilə işlətmiş, telefonda «whatsapp” proqramı yüklənmiş, whatsapp proqramını da ***-***-**-** saylı nömrə ilə işlətmişdir. Psixotrop maddə metamfetaminin ondan aşkar olunub götürülməsi ilə əlaqədar olaraq protokol tərtib olunmuş, protokolu və zərfi imzalamışdır. Psixotrop maddə metamfetamini öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşı Mahan adlı şəxsdən 50 manata almışdır. O heç vaxtı narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmamış, ilk dəfə psixotrop maddəni alıb dadına baxmaq istəyəndə Mahal adlı şəxsdən psixotrop maddəni ona satmasını xahiş etmişdir. Mahan adlı şəxs də ona 2 qram metamfetamini 50 manata satmağa razılaşaraq təxminən 1 qramı da ona pay kimi pulsuz vermişdir. O da həmin psixotrop maddə metamfetamini götürməyə gedəndə özü ilə elektron tərəzini götürmüş, metamfetamini götürəndə elektron tərəzidə çəkisini ölçmüş, buna görə də tərəzinin üzərində psixotrop maddə metamfetaminin qalıq izləri aşkar olunmuşdur. Tərəzini üzərində gəzdirməkdə məqsədi aldadılmamaq üçün aldığı psixotrop maddə metamfetaminin çəkisini ölçə bilmək olmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə və satışı ilə məşğul olmamışdır. 2014-cü ildə narkotik vasitənin dadına baxmaq qərarına gəlmiş, narkotik vasitəni əldə edəndə polis əməkdaşları tərəfindən tutulmuş və Yasamal rayon məhkəməsi tərəfindən 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib qurtarandan sonra xx.xx.2015-ci ildə azadlığa buraxılmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmamış, buna görə də hazırda onda narkomaniya xəstəliyi aşkar olunmamışdır. Onun adı, soyadı və atasının adı Təqsirləndirilən şəxsdur, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə onun barəsində Yasamal RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan araşdırma zamanı polis əməkdaşlarına qəsdən özünü 28 aprel 1990-cı ildə Bakı şəhərində anadan olmuş X2 təqdim etmişdir. Çünki əsl adına məhkumluq düşməsini istəməmişdir. Polis əməkdaşları da onun şəxsiyyət vəsiqəsini yoxlamadan həmin iş üzrə X2 qeyd etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xasiyyətcə qapalı insan olduğundan tez-tez depressiyaya düşmüş, bu səbəbdən də narkotik vasitəni stresdən çıxmaq üçün istifadə etmişdir. Qanında HİV virusu aşkarlandığından vəziyyəti çətin olmuş, narkotik vasitənin əhvalı dəyişdiyini eşitdiyindən narkotik vasitələrdən istifadə etməyə başlamış, lakin əməlindən peşman olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 iyul 2023-cü il tarixdə, günorta saatlarında Sabunçu RPİ-nin 13-cü polis bölməsinə daxil olmuş əməliyyat məlumatında Bakı şəhərində anadan olmuş ünvan 1-də yaşayan «Azər» adlı şəxsin psixotrop maddələrin istifadəsi ilə məşğul olması göstərilmişdir. Həmin məlumata əsasən polis bölməsində ondan və bölmənin digər əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən əməliyyat qrupu yaradılmışdır. Araşdırma zamanı «Azər» adlı şəxsin xx.xx.1984–cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması məlum olmuşdur. 10 iyul 2023-cü il tarixdə, saat 22 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlanılaraq Sabunçu RPİnin 13-cü polis bölməsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs tutulub polis bölməsinə gətirilən zamanı ciddi nəzarətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs üzərində olduğu təqdirdə qeyri-qanuni əşyanı tullaya bilməməsi üçün nəzarət etmişlər. Çünki daxil olmuş əməliyyat məlumatında Azərin üzərində külli miqdarda psixotrop maddə metamfetamin saxlaması göstərilmişdir. Sabunçu RPİ-nin 13-cü polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi, bir ədəd «Samsung» markalı mobil telefon aparatı və bir büküm spesifik iyli ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər olan maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı ondan aşkar olunmuş bir bükümdə olan ağ kristal şəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni 10 iyul 2023-cü il tarixdə, saat 15 radələrində internet vasitəsi İran İslam Respublikası vətəndaşından 50 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs psixotrop maddəni alanda üzərində elektron tərəzisini götürməkdə məqsədinin psixotrop maddəni satan şəxs tərəfindən çəkidə aldadılmamaq olduğunu bildirmişdir. Belə ki, aldığı psixotrop maddənin çəkisini ölçmək üçün elektron tərəzini götürmüşdür. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə oxşar olan maddə, elektron tərəzi və mobil telefon aparatı tərəflərindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və imzalanmışdır. Ekspertizanın tədqiqatından sonra isə Təqsirləndirilən şəxs götürülmüş maddənin psixotrop maddə metamfetamin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncuya zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamış, psixotrop maddələri əldə etməsi və istifadəsi ilə məşğul olduğu barədə məlumatlar daxil olmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü PB-nin digər əməliyyat müvəkkili - Şahid2 ifadəsində həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 13-cü PB-nin inzibati binasına aparılmış, orada xidməti otaqların birində saat 23.25-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür (iş vərəqə: 30-31). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “video yazıya baxış keçirilməsi haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd «DVD» diskdə olan «video**********551778566» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 7 dəqiqə 16 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı polis kapitanı X7 RPİ-nin 13-cü PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə 13-cü PB-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi, bir ədədə «Samsung» markalı mobil telefon aparatı və bir bükümdə gümüşü kağıza bükülmüş icərisində ağ kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetaminin olduğunu və öz istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından əldə edib üzərində saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunaraq götürülmüş maddə psixotrop maddə metamfetamindir, öz istifadəsi üçün İran vətəndaşından internet vasitəsi ilə almışdır. Elektron tərəzini isə o məqsədlə gəzdirir ki, aldığı psixotrop maddənin çəkisini ona düzgün satılmasını yoxlasın (iş vərəqə: 49). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3736 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160 dairəvi möhür əksi olan “.....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir bükümdəki təmiz çəkisi 2,860 ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ekspertizanının tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq hissəsi 2,760 qram olmuşdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 38-42). Məhkəməyədək icraat zamanı iş üzrə məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3736 nömrəli rəyindəki anlaşılmazlıqla bağlı şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin fiziki-kimyəvi ekspertizalar şöbəsinin böyük eksperti X3 ifadəsində göstərmişdir ki, 3-16-16/2-6/3736 nömrəli,11 iyul 2023-cü il tarixli rəyi o, tərtib edib, imzalamışdır. Həmin rəyin nəticə hissəsində, “bükümlərdəki heroinlərlə” kimi yazılmış sözlər icraatda olan işlərinin çoxluğu ilə əlaqədar olaraq mexaniki səhv kimi yazılmışdır. Rəyin nəticə hissəsində olan sonuncu cümlə “İz şəklində olduğu üçün metamfetaminin çəkisini və metamfeminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir” kimi oxunmalıdır (iş vərəqə: 96- 97). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli 4714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 107-108). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon aparatının üzərində ***-***-**- ** saylı sim nömrəsi mövcuddur. Mobil telefonun kontaklarında və “whatsapp” bölümündə olan çatlarda İran İslam Respublikasına aid “Mahan” kimi qeyd olunmuş +98901 *** ** ** nömrə mövcuddur. Həmin mobil telefon aparatına baxış keçirilən zamanı iş üçün maraq kəsb edilən digər məlumatlar aşkar olunmamışdır (iş vərəqə: 51-52). Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının “Maddi sübut kimi tanınması haqqında” 01 oktyabr 2023-cü il tarixli qərarına əsasən ümumi təmiz çəkisi 2,860 qram olan psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,760 qram metamfetamin psixotrop maddəsi və 01 ədəd elektron tərəzi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 104-106). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 21 oktyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır (iş vərəqə: 131-136). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 2,860 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü törətmiş olduğu cinayətə görə tam təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş və təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə baş verdiyi 10 iyul 2023-cu il tarixə məhkumluğu olmamışdır (iş vərəqə: səh. 92-93). Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli 4714 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 iyul 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 10 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 iyul 2023cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,760 qram metamfetamin psixotrop maddəsi və 01 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 iyul 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,760 qram metamfetamin psixotrop maddəsi və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar