Məhkəmə qərarları › İş №1(101)-230/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-230/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-230/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1980-ci il noyabrın 18-də Kirovabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dək qüvvədə olmuş 144-1.1.-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkəmə hökmü əsasında təqsirli bilinib məhkum olunmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-in 144-1.2.2.-ci və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən 2012-ci il noyabr ayının sonlarında ünvan 2 ünvanı tam bəlli olmadığı mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlamaqla Rusiya Federasiyasının Moskva şəhərində işə düzəldəcəyi adı ilə aldatma yolu ilə tamah niyyəti ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün sonuncunu cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ona yol bileti aldırıb 2012-ci il dekabrın 03-də Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçərək Rusiya Federasiyasının Moskva şəhərinə getməsini təşkil etmiş, Samirə Tahir qızı X3 Qasımovanı qarşılamaqla göstərilən tarixdən 2013-cü il fevralın 28-dək həmin şəhərdəki müxtəlif ünvanlarda öz nəzarəti altında pul ödənişləri müqabilində kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-in 144-1.2.2.-ci və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən 2014-cü il iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində, istintaqa ünvanı tam bəlli olmadığı mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlamaqla Rusiya Federasiyasının Moskva şəhərində işə düzəldəcəyi adı ilə aldatma yolu ilə tamah niyyəti ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün sonuncunu cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs göndərdiyi 150 ABŞ dolları məzənnəsi ilə 117 manata özünə yol bileti alıb 2014-cü il iyunun 25-də Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçərək Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşılamaqla göstərilən tarixdən 2014-cü il iyulun 08-dək həmin şəhərdəki müxtəlif ünvanlarda öz nəzarəti altında pul ödənişləri müqabilində kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dək qüvvədə olmuş 144-1.1.-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhərindən tanıyır. Xaliqə və Ülviyyə Azərbaycan Respublikasında dolanışıqları olmadığını bildirəndə o, qadınların Rusiya Federasiyasının Moskva şəhərində fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu demiş, Xaliqə və Ülviyyə heç bir etiraz etmədiklərindən o, sonuncuların Rusiya Federasiyasına getmələrinə köməklik edərək fahişəliyə cəlb etmişdir. Razılaşmaya əsasən o, müştəriləri qadınlarla tanış edərək cinsi əlaqədə olduqdan sonra alınan pulun 10-20 faizi ona çatmışdır. Axırıncı dəfə Ülviyyəni fahişəliyə cəlb etmiş, bundan sonra göstərilən qadınlardan hər hansı biri ilə əlaqəsi olmamışdır. Axtarışda olmağı ilə bağlı istintaqa dəvət edilərkən o, Moskva şəhərində olmuş, səhhətində problemlər olduğu üçün həmin zaman Azərbaycana gələ bilməmiş, həyatını dəyişmiş, normal işdə işləmiş, qeyri-rəsmi nikahda yaşamış, əvvəllər insan alverinə görə məhkum edildiyindən yenidən tutulacağından qorxmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2012-ci il noyabr ayının ortalarında Təqsirləndirilən şəxs ilə tez-tez «skype» proqramı vasitəsilə əlaqə saxladıqda sonuncu onu Rusiya Federasiyasının Moskva şəhərinə dəvət etməklə onun üçün şərait yaradacağını vəd etmiş, o, razılaşıb Samirənin aldığı təyyarə bileti ilə 2012-ci il dekabrın 03-də Gəncə hava limanından Moskva şəhərinə uçmuş, Samirənin onu qarşılayaraq apardığı hansısa bina evinin birinci mərtəbəsindəki mənzildə tanımadığı bir neçə nəfər qadın görmüşdür. İki-üç gündən sonra Samirə evin kirayə pulunu ödəməkdə çətinlik çəkdiyini, onu müxtəlif saunalarda fahişəliyə cəlb edəcəyini söyləmişdir. O, Samirəyə etiraz etməklə evdən çıxmaq istədiyini deyəndə sonuncu çəkdiyi xərcləri ödəməsini tələb etmiş, məcburiyyət qarşısında qalıb könülsüz şəkildə razılaşmış, bundan sonra Samirə onu və Mətiş ləqəbli qadını özü ilə birlikdə saunaya apararaq onunla cinsi əlaqədə olmaq üçün kişi müştərilərinə təqdim etmişdir. Eyni qaydada Samirənin təşkilatçılığı ilə gün ərzində 3-4 kişi müştəri ilə intim münasibətlərdə olmaqla 2013-cü il fevralın 28-dək cinsi istismara məruz qalmış, bir gün əvvəl Samirəyə azyaşlı qızını anasının yanında qoyub gəldiyini, onlara pul aparmalı olduğunu bildirmiş, sonuncunun ona verdiyini pulla bilet alaraq növbəti tarixdə dövlət sərhədini Gəncə hava limanından keçməklə Azərbaycan Respublikasına qayıtmışdır. Hazırda barışdığından təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, sonuncu haqda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Gəncə şəhərindən qonşusu Samirə Tahir qızını İbrahimova 2014-cü il may ayının ortalarından onun «Facebook» sosial şəbəkəsindəki profilinə mesaj yazıb mobil telefon nömrəsini verərək onun maddi vəziyyəti ilə maraqlanmaqla Rusiya Federasiyasının Moskva şəhərində bizneslə məşğul olduğunu bildirmiş, o da bir müddət ötmüş onu işə düzəltməsini xahiş etmişdir. Samirə onu tanış restoranlardan birində inzibatçı kimi işə düzəldəcəyini vəd etdiyindən sonuncunun göndərdiyi pulla təyyarə bileti alıb 2014-cü il iyunun 25-də Moskva şəhərinə uçmuş, onu qarşılayan Samirə öz yaşadığı mənzilinə apardıqdan sonra imkanlı və nüfuzlu tanışları olduğunu, tapdığı müştərilərlə cinsi əlaqədə olmaq yolu ilə pul qazanacağını söyləmişdir. Etiraz etməsinə baxmayaraq Samirə qulaq asmamaqla onu başqa işlə təmin edə bilməyəcəyini, ya fahişəliklə məşğul olmasını, ya da onu çölə atacağını demişdir. Məcburiyyət qarşısında qaldığından bir həftə ərzində Samirə onu müxtəlif otellərə aparıb fahişəliyə cəlb etmiş, sonuncu ilə tez-tez mübahisə edərək onu buraxmasını tələb etdiyindən Samirə onu 2014-cü il iyulun 08-də Bakı şəhərinə yola salmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığı üçün sonuncudan şikayətçi və tələbkar deyildir, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Gəncə şəhərindən qonşu kimi tanıdığı Təqsirləndirilən şəxs ilə «Odnoklassniki» sosial şəbəkəsində arabir əlaqə saxlamış, 2014-cü il iyul ayının axırlarında sonuncu ilə saytda danışarkən Azərbaycan Respublikasında özünə iş tapa bilmədiyini deyəndə Samirə Rusiya Federasiyasının Moskva şəhərinə gəlsə, onun üçün iş tapacağını söyləmiş, ona görə o, 2014-cü il avqustun 03-də Bakı hava limanından Belarus Respublikasının Minsk şəhərinə, oradan da Moskva şəhərinə sonuncunun yanına getmiş, Samirə mənzildə gördüyü iki-üç qadının onun nəzarəti altında fahişəliklə məşğul olduğunu bildirməklə eyni təklifi ona etsə də razılaşmamış, bir neçə gün keçmiş Samirənin müştərisi vasitəsi ilə xatırlamadığı restoranlardan birində xidmətçi işləməyə başlamışdır. 2014-cü il sentyabr ayının sonlarına kimi Samirəgildə qalmış, sonuncu göstərilən müddət ərzində hər gün həmin qadınlarla evdən çıxıb gecə saatlarında qayıtmışdır (iş vərəqi 100-103). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2017-ci il sentyabrın 18-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, əvvəllər məhkum edilməyən Təqsirləndirilən şəxs 2007-ci ilin fevral-sentyabr aylarında törətdiyi cinayət əməllərinə görə 2010-cu il noyabrın 05-də Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 144-1.2.2.-ci və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək əmlakı müsadirə olunmamaqla 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2011ci il mayın 26-da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2011-ci il 25 may tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir (iş vərəqi 31 və 40-45). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin 2017-ci il 13 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 50-51). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli qərarının surətindən görünür ki, hazırda axtarışda olan Təqsirləndirilən şəxs barəsində tutulduğu tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 59-61). İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin 2019-cu il 21 dekabr tarixli 122-38115-1219 №-li məktubunun kserosurətindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2019-cu il 30 dekabr tarixli 6/52-249 №-li və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2020-ci il 24 aprel tarixli 17/38-3251 №-li məktublarından görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il dekabrın 17-də Rusiya Federasiyasının Moskva şəhərinin Cənubi Medvedkovo rayonunda saxlanıb həmin rayonun polis idarəsinə təhvil verilən Təqsirləndirilən şəxs barəsində 2020ci il yanvarın 16-da seçilmiş həbs qismində qətimkan tədbirinin müddəti 2020-ci il iyunun 16-dək uzadılmaqla sonuncu 2020-ci il aprelin 23-də təcridxanaya təhvil verilmişdir (iş vərəqi 85-86 və 89). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 03 iyun tarixli və 2020-ci il 04 iyun tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu birincinin ifadəsini tam, ikincisinin ifadəsini isə qismən təsdiqləyərək Zərərçəkmiş şəxs1 heç bir zaman hədə-qorxu gəlmədiyini bildirmişdir (iş vərəqi 123-125 və 127-129). İş materiallarında olan Rusiya Federasiyasının Baş Prokurorluğunun 2020-ci il 13 fevral tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasına verilməsi qərara alınmışdır (iş vərəqi 135-136). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 11 iyun tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs DİN-nin İAMAS-dan götürülən MAPS-uçot xəritələrinə keçirilən baxış zamanı Zərərçəkmiş şəxs1 2014-cü il iyunun 25-də saat 18:05-də «C00423014» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçib Moskva şəhəri istiqamətində tərk etməsi, 2014-cü il iyulun 08-də saat 03:55-də Bakı hava limanından keçməklə Moskva şəhəri istiqamətindən ölkəyə daxil olması, Zərərçəkmiş şəxs2 2012-ci il dekabrın 03-də saat 15:01-də «P3721084» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçib Moskva şəhəri istiqamətində tərk etməsi, 2013-cü il fevralın 28-də saat 16:55-də Gəncə hava limanından keçməklə Moskva şəhəri istiqamətindən ölkəyə daxil olması, Təqsirləndirilən şəxs 2011-ci il sentyabrın 26-da saat 14:24-də «P4538419» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçməklə Moskva şəhəri istiqamətində tərk etməsi, 2020-ci il aprelin 23də saat 15:38-də dövlət sərhədini Samur nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasına daxil olması müəyyən edilmişdir (iş vərəqi 150). İş materiallarındakı Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 06 iyul tarixli 912 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs uzun illərdir həmin ünvanda yaşamır (iş vərəqi 156). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 22 iyun tarixli, habelə 2020-ci il 23 iyun tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 2013-cü il mayın 09-dək qüvvədə olmuş 144-1.1.-ci və Azərbaycan Respublikasının CM-nin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə yenidən ittiham elan edilmiş; Şahid və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdikləri xüsusiyyətlər üzrə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci və 144-1.2.2.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (iş vərəqi 157-165 və 171-172). İş materiallarında olan 2020-ci il 09 iyul tarixli hesabatdan görünür ki, ibtidai istintaq vaxtı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 80 iş saatı müddətində həyata keçirilmişdir (iş vərəqi 183). Məhkəməyə təqdim edilən 2010-cu il 10 iyun tarixli AZ-İ seriyalı 007348 №-li övladlığa götürmə haqqında şəhadətnamənin kserosurətindən görünür ki, 2008-ci il 17 iyul təvəllüdlü X6 həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən övladlığa götürülmüşdür. Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2020-ci il 01 sentyabr, 2020-ci il 25 sentyabr və 2020-ci il 12 oktyabr tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmaqla sonuncuya qarşı heç bir şikayətləri, tələbləri, iddiaları yoxdur və onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətməsi sübuta yetirilir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələrində nəzərdə tutulan əməlləri əhatə etdiyindən ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dək qüvvədə olmuş 144-1.1.-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə tövsif olunması yanlışdır. Bu əsasla, yəni Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144- 1.2.4-1.-ci maddələri ilə əhatə olunduğuna görə dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dək qüvvədə olmuş 144-1.1.-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144- 1.2.4-1.-ci maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülən ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dək qüvvədə olmuş 144-1.1.-ci maddəsi xaric edilməklə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxslərin ifadələri, ibtidai araşdırmadakı şahid ifadəsi, üzləşdirmə və baxış protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə ifadələrində zərər çəkmiş şəxslərin yalnız fahişəliyə cəlb olunmasına dair dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla qadın olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 144-1.2.2.-ci və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək əmlakı müsadirə olunmamaqla 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini həll edərkən habelə «İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında» Birləşmiş Millətlər Təşkilatının 1950-ci il 21 mart tarixli Konvensiyasının, «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun, «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» Birləşmiş Millətlər Təşkilatının 2000-ci il 15 noyabr tarixli Protokolunun (Azərbaycan Respublikası 2003-cü il 13 may tarixli Qanunla qeyd edilən Protokola qoşulmuşdur), «İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının və həmin X2, «X5 iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» 2005-ci il 25 noyabr tarixli Sazişin müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, xüsusi təhlükəli residivə görə üçdə ikisindən, təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğu və sonuncu əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il dekabrın 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il dekabrın 17-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar