Məhkəmə qərarları › İş №1(101)-2303/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2303/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2303/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Defendo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 28 avqust 1997-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Salyan rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təiyn edilmiş, Salyan rayonu, Kür Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır: belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,597 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 17 iyun 2024-cü il tarixdə saat 02:50 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 51 saylı evin qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 5,597 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, ittihamda qeyd edilən miqdarda və növdə psixotrop maddə metamfetamin onun üzərindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2018-ci ildən etibarən o narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmağa başlamışdır. Buna görədə əvvəllər məhkum olunmuşdur, cəzasını tam çəkib qurtarandan sonra azadlığa buraxılmışdır, təxminən 7-8 aydır ki, o özünə məxsus olan ***-***-**-** və ***-***-**-** saylı nömrələri istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. Bir neçə gün əvvəl sosial şəbəkələrində İran İslam Respublikasının vətəndaşı ilə tanış oldu və həmin şəxsdən narkotik vasitəni almaq istədi. Həmin şəxslə o votsap vasitəsi ilə əlaqə saxlayırdı, onun nömrəsini xatırlamır. Buna görədə 16 iyun 2024cü il tarixdə saat 16 radələrində Salyan rayonun ərazisində yerləşən xatırlamadığı İ ödəmə terminalların vasitəsi ilə onun ona göndərdiyi xatırlamadığı hesabına 150 manat məbləğində pulu göndərdi ki, həmin şəxs ona təxminən 5-6 qram çəkidə psixotrop maddə metamfetamini göndərsin. Həmin şəxsə 150 manatı göndərəndən sonra o ona votsap vasitəsi ilə psixotrop maddə metamfetaminin olduğu məkanını və fotoşəkilini göndərdi. O da Salyan rayonunda həmin psixotrop maddəni küçədən yerdən götürdü. Psixotrop maddə metamfetamin bir bükümdə olmuşdur, psixotrop maddəni o şalvarımın sağ yan cibinə qoydu. Anası keçən ay rəhmətə getdiyinə görə o Bakı şəhərinə gəlib onun qəbrinə baş daşını sifariş etmişdi. Həmin baş daşı ilə maraqlanmaq məqsədi ilə o psixotrop maddəni alandan sonra Bakı şəhərinə gəldi. Bakıda onun daimi yaşayış yeri yoxdur və Bakıya o gecə saatlarında gəlmişdi. Aldığı psixotrop maddə metamfetami o özü üçün alırdı və həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. Aldığı psixotrop maddə metamfetamini o əynində olan şalvarın sağ yan cibinə qoydu və şəxsi istifadəsi üçün üzərində saxladı. Metamfetamin siqaretin selofan kağızına bükülmüşdür, bir bükümdə. 17 iyun 2024-cü il tarixdə gecə saat 02.50 radələrində o Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsində gəzişən zamanı ona iki nəfər post patrul xidmətinin əməkdaşları yaxınlaşıb ondan şəxsiyyətini təsdiq edən sənədi istədilər. Onlar ona yaxınlaşanda o istiqamətini dəyişib digər tərəfə getmək istədi ki, onlarla üz üzə gəlməsin, çünki üzərində psixotrop maddə metamfetamin saxlanılırdı. Polis əməkdaşları onu saxlayanda onun üzərində heç bir sənəd olmadığına görə onlar onu Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirdilər. Polis bölməsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutuldu. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olundu. Sonra ona bildirildi ki, üzərinə şəxsi axtarış keçiriləcək və o istəmədi ki, vəkili həmin axtarışda iştirak etsin, çünki üzərində psixotrop maddə metamfetamin saxlanılırdı. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirildi və axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetamin götürüldü. Polis əməkdaşların suallarına cavab verərkən o bildirdi ki, üzərindən aşkar olunmuş maddə psixotrop maddə metamfetamindir. Həmin maddəni o öz istifadəsi üçün X2 tanımadığı vətəndaşından 150 manata almışdır. Həmin psixotrop maddə metamfetamin ondan aşkar olunaraq götürüldü və ekspertizaya göndərildi. Bu barədə protokol tərtib olundu. Protokolu və zərfi o imzaladı. Həmçinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan özünə məxsus olan bir ədəd «Ketel» markalı 050-768- 27-14 və ***-***-**-** nömrələrlə istifadə etdiyi mobil telefon aparatı və bir ədəd «Redmi» markalı mobil telefon aparatı aşkar olunaraq götürüldü. «Redmi» markalı mobil telefon aparatın üzərində sim nömrə yoxdur, həmin telefonu o vayfay vasitəsi ilə internete qoşulanda sosial şəbəkələrə daxil olur. Həmin telefonla o özünü ona İran İslam Respublikasının əməkdaşı kimi təqdim edən şəxslə votsap vasitəsi ilə əlaqə saxlamışdır. Psixotrop maddəni alandan sonra o həmin telefona yüklədiyi votsap proqramını pozmuşdur (cild 1, iş vərəqi 54-56). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 17 iyun 2024-cü il tarixdə saat 02:50 radələrində iş yoldaşı Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri Şahid1lə birlikdə inzibati ərazidə xidmət aparan zaman, Sabunçu rayonu, ünvan 3 ünvanın qarşısında bir nəfər özünü şübhəli aparan şəxs görmüşlər. Həmin şəxsi zahiri görünüşcə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşatmış, hərəkətləri şübhə doğruduğuna görə saxlayıb əl portalı ilə şəxsiyyətini yoxlamış, Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunmuş maddə psixotrop maddə olan metamfetamindir, həmin psixotrop maddəni o, sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətənşdaşından öz şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Məhkəmə zamanı şahid qismində ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edir. Belə ki, 17 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 14). 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 46-47). Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 18 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 62-68). 17 iyun 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən ağ rəngli kristalik hissəciklərdən ibarət, psixotrop maddəyə bənzər kütlə olan bir büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət olan psixotrop maddə olduğu güman edilən bir ədəd sellofan büküm bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqi 27-28). Məhkəmə-kimyəvi ekspertizası üzrə 17 iyun 2024-cü il tarixli 3-16- 16/2-6/3281 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,597 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, vərəqi 32-36). Məhkəmə-narkoloji ekspertiza üzrə 4377 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Zaidov X3 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 01 il 01 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan rayon məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum edilmişdir (cild 1,iş vərəqi 98-105). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, o cümlədən məhkəmə zamanı verdiyi ifadələrində 17 iyun 2024-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş psixotrpo maddənin özünə məxsus olmasını, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olmadığından barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin ümumilikdə təmiz çəkisi isə 5,547 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 17 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Salyan rayon məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanıın onun aliləsinin həyat şəraitinə təsirini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 17 iyun 2024-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 17 iyun 2024-cü il tarixli 3-16- 16/2-6/3281 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 5,597 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sonra qalıq qalan 5,547 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və gütürmə aparılması videogörüntüsünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və müsadirə olunmalı digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİnin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sonra qalıq qalan 5,547 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və gütürmə aparılmasının videogörüntüsünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar