Məhkəmə qərarları › İş №1(101)-2312/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2312/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2312/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Füzuli rayonunun Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 24 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-321/2024 saylı, 25 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İttiham aktına əsasən əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Rahman» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, istintaqa məlum olmayan vaxtda «Rahman» adlı şəxsin «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı ona bildirdiyi istintaqa məlum olmayan yerdən içində ümumi sayı 197 ədəd, ümumi çəkisi 284,0 qram bitki kökləri çətənə kannabis bitkisinin hissələri olan ümumi çəkisi 2437,61 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 24 may 2024-cü il tarixdə saat 01:30-da Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı 02 ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda 37 ədəd, 74,0 qram, təmiz çəkisi 1421,71 qram və 160 ədəd, 210,0 qram, təmiz çəkisi 1015,9 qram olmaqla, ümumi sayı 197 ədəd, ümumi çəkisi 284,0 qram bitki kökləri çətənə kannabis bitkisinin hissələri olan ümumi çəkisi 2437,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dövlət ittihamçısı Tural Yaqubov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-2312/2024 saylı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, həmçinin Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqın gedişində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və onun müddətinin uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işi materialları ilə tanış olunarkən müəyyən olunanlara əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş narkotik vasitəni istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan yerdən əldə etmiş, 24 may 2024-cü il tarixə saat 01:30-da Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən gölün ətrafında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilmişdir. Lakin Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarla elan olunmuş ittihamda, həmçinin, iş üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində verilmiş ittihamın təsvirində Təqsirləndirilən şəxs saxlanıldığı yer, yəni üzərində aşkar olunmuş narkotik vasitə ilə bağlı ictimai təhlükəli hərəkətlərin realizə imkanının məhdudlaşdırıldığı yer (cinayətin başa çatdığı yer) öz əksini tapmamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni əldə etdiyi yer istintaqa naməlum olduğundan cinayətin törədildiyi yer onun narkotik vasitəni üzərində saxlaması və daşıması ilə bağlı ictimai təhlükəli əməllərini başa çatdırdığı, istintaqla müəyyən olunmuş sonuncunun saxlanıldığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən gölün ətrafı hesab olunmalı və ittiham aktının nəticəvi hissəsində verilmiş ittihamın təsvirində öz əksini tapmalı idi. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş birinci bağlamada narkotik maddələrin təmiz çəkisinin 1421,71 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmin kütlənin içərisində ümumi sayı 37 ədəd, ümumi çəkisi -74,0 qram olan bitki kökləri çətənə kannabis bitkisinin hissələri, ikinci bağlamada narkotik maddənin təmiz çəkisinin 1015,9 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmin kütlənin içərisində ümumi sayı 160 ədəd, ümumi çəkisi - 210,0 qram olan bitki kökləri çətənə kannabis bitkisinin hissələri olması, tədqiqata təqdim olunmuş 2 ədəd qara rəngli sellofan bağlamada olan marixuanaların ümumi çəkisinin 2437,61 qram, bitki köklərinin ümumi sayının 197 ədəd, ümumi çəkisinin 284,0 qram olması konkret olaraq göstərilsə də, ekspert rəyinin nəticəvi hissəsində qeyd olunan narkotik vasitənin, bitki hissələrinin növü və çəkisinin müfəssəl izahı Təqsirləndirilən şəxs verilmiş ittihamın təsvirində öz əksini tapmamışdır. Göründüyü kimi, ittihamın məzmunu oxunduqda, qurudulmuş marixuananın miqdarı və aşkar olunmuş bitki hissələrinin sayı və çəkisi anlaşılan deyil və bu da özlüyündə verilmiş ittihamın mahiyyətinin qeyri-müəyyən olmasına gətirib çıxarır. Həmin hal təqsirləndirilən şəxsə verilmiş ittihamın təsvirinə birbaşa təsir edən xüsusat kimi nəzərdən keçirilməlidir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın mahiyyəti aydın olmamışdır ki, belə vəziyyətdə təqsirləndirilən şəxs “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməmiş, ona qarşı öz müdafiəsini qurmaq imkanından məhrum olmuşdur. Təqsirləndirilən şəxsin “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” onun CPM-in 91.5.1ci maddəsində nəzərdə tutulmuş hüququdur. Həmin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın "xarakteri və əsaslan” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, "Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı" iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Bundan başqa, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedənt üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsı üzrə temin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanunda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtia edir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci ve 234.4.3-cü maddələri ilə verilmiş ittihamın cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onun özünü müdafiə üsul və vasitələri seçməsinə, yəni hüququnun pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı X2 vəsatətinin həllini məhkəmənin mülahizəsinə verdiklərini bildirmişlər. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, dövlət ittihamçısı X2 vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisi Ramil Cəbiyevə ünvanlanmış 24 may 2024-cü il tarixli raportdan (cild 1, səhifə 08) və bundan sonra tərtib olunmuş müvafiq prosessual sənədlərin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən gölün ətrafında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-ə gətirilmişdir. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham olunduğu 25 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın məzmununda, eləcə də tərtib olunmuş ittiham aktının nəticəvi hissəsində sonuncunun saxlanıldığı, dolayısıyla ictimai təhlükəli əməlin başa çatdığı yer göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Həmin Məcəllənin 289.3.1-ci maddəsinin tələblərinə əsasən, cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviriəsaslandırıcı hissəsində göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsinin tələblərinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Həmçinin cinayət işinin ibtidai istintaq materiallarını araşdıran məhkəmə müəyyən edir ki, cinayət işi üzrə ittiham aktı təqsirləndirilən şəxsə münasibətdə müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizası üzrə 3-16-16/2-7/823 saylı, 24 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər maddə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış 1№-li qara rəngli sellofan bağlamanı açdıqda içərisində təmiz çəkisi - 1421,71 qram olan yaşılımtıl rəngli, qurudulmuş, iri xırdalanmış çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə, həmin kütlənin içərisində ümumi sayı 37 ədəd, ümumi çəkisi-74,0qram olan quru vəziyyətdə bitki kökləri, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər maddə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış 2№-li qara rəngli sellofan bağlamanı açdıqda içərisində təmiz çəkisi - 1015,9 qram olan yaşılımtıl rəngli, qurudulmuş, iri xırdalanmış çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə, həmin kütlənin içərisində ümumi sayı 160 ədəd, ümumi çəkisi-210,0qram olan quru vəziyyətdə bitki kökləri aşkar edilmişdir. İttiham aktının nəticəvi hissəsinə əsasən, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda 37 ədəd, 74,0 qram, təmiz çəkisi 1421,71 qram və 160 ədəd, 210,0 qram, təmiz çəkisi 1015,9 qram olmaqla, ümumi sayı 197 ədəd, ümumi çəkisi 284,0 qram bitki kökləri çətənə kannabis bitkisinin hissələri olan ümumi çəkisi 2437,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İttiham aktının nəticəvi hissəsində qurudulmuş marixuananın miqdarı və aşkar olunmuş bitki hissələrinin sayı və çəkisi anlaşılan deyil və bu da özlüyündə verilmiş ittihamın mahiyyətinin qeyri-müəyyən olmasına gətirib çıxarır. Həmin hal təqsirləndirilən şəxsə verilmiş ittihamın təsvirinə birbaşa təsir edən xüsusat kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” hüququna malikdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın mahiyyəti aydın olmamışdır ki, belə vəziyyətdə təqsirləndirilən şəxs “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməmiş, ona qarşı öz müdafiəsini qurmaq imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yol verilmiş kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrinə nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmalı, qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-321/2024 saylı, 25 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.2 və 306.1-ci maddələrinin tələblərinə münasibətdə isə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş hallar aradan qalxmamışdır və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətə, yəni 18 dekabr 2024-cü il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-2312/2024 saylı cinayət işinin baxılmasına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinin tələbinə müvafiq olaraq xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətə, yəni 18 dekabr 2024-cü il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən hakim: Elnur Nuriyev Hakimlər: Kamran Muxtarov Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar