Məhkəmə qərarları › İş №1(101)-2319/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2319/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2319/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X15 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin hüquqi varisləri X6, X2 və X7, müdafiəçi Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, Zurnaband kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç nəfər zərərçəkmiş şəxsin ölümünə və iki nəfər şəxsin sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 40,5-ci kilometrliyində «Yol Hərəkəti haqqında» Azərbayjan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riyaət etməyərək yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək idarə etdiyi «Fiat Doblo» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 90 km/saat sürətlə yolun Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırmış, nəticədə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölməsinə yəni, avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 baş beyinin açıq, qəlpəli, çoxsaylı sınıqları, başın deformasiyası, baş beyin toxumasının hissəvi evakuasiyası, başın ənsə nahiyəsinin əzilmiş yarası, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızması və əzilməsi, döş qəfəsinin sağ yarısının ön qoltuqaltı xətt üzrə İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, sağ said nahiyəsinin əzilmiş yarası, sağ çiyin qurşağının arxa səthinin, sol çiyin qurşağının ön səthinin və sol bazu nahiyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs1 baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın sol təpə-ənsə sərhəddinin əzilmiş yarası, döş qəfəsinin hər iki orta qoltuqaltı xətt üzrə İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, sol çiyinüstü və sağ said nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və Zərərçəkmiş şəxs2 baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş beyin toxumasının əzilməsi və ödəmi, başın sağ gicgah-təpə sümüklərinin və kəllə əsasına keçən qəlpəli sınıqları, başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ bazu sümüyünün orta 1/3-nin sınığı, başın sol gicgah nahiyəsinin sıyrığı, sağ qaşüstü və sol dirsək oynağı nahiyələrinin əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, Zərərçəkmiş şəxs4 Edik oğlunun sol mil sümüyünün yerini dəyişməyən sınığı, sağ bazu sümüyünün yerdəyişməyən sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvuran, Zərərçəkmiş şəxs5 sol körpücük sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı, AE seriyalı, 048109 nömrəli sürücülük vəsiqəsilə tanışı Şahid məxsus olan «Fiat Doblo» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edərək müxtəlif vaxtlarda müxtəlif yerlərə gedib gəlmişdir. O, xx.xx.2024cü il tarixdə Bakı şəhərindən Şuşa şəhərinə getmiş, orada iki gün qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmaq üçün xx.xx.2024-cü il tarixdə Şuşa şəhərindən çıxıb xeyli yol gəldikdən sonra Yevlax rayonu ərazisindən Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olaraq Bakı şəhəri istiqamətində hərəkətinə davam etmişdir. O, texniki cəhətdən saz minik avtomobilini saatda təxminən 100-110 km/saat surətlə idarə edən zaman yük yeri boş olmuş, avtomobildə 6 nəfər sərnişin yəni, xalasının əri Zərərçəkmiş şəxs1, xalası qızının əri Zərərçəkmiş şəxs2, dostları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və K.Həsənov olmuşdur. Bakı-Qazax yolu ilə xeyli gəlib Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisinə çatarkən avtomobili yolun soldan birinci hərəkət zolağı ilə idarə etmişdir. Saat təxminən 00:00 radələrində avtomobili saatda 90 km/saat sürətlə idarə edərkən arxadan bir minik avtomobili işıq siqnalları verərək ondan yol istəyən zaman o, idarə etdiyi Fiat Doblo markalı avtomobili sağa doğru istiqamətləndirmişdir. O, soldan sağa, yəni orta hərəkət zolağına tərəf keçərkən qəfildən sağdan başqa avtomobilin sürətlə gəlib ona çatdığını görərkən özünü itirib sükanı yenidən sola doğru döndərmişdir. Bu zaman avtomobilin dəmir çəpərlərə doğru getdiyini görüb sükanı yenidən sağa döndərərkən idarə etdiyi avtomobil sürətlə yolun sağına doğru getməyə başlamışdır. O, həmin an avtomobili saxlamaq istəsədə bunun heç bir xeyri olmamış və avtomobil idarə etmədən çıxaraq yolun sağ kənarına doğru getmişdir. Avtomobil yolun sağ kənarındakı torpaqlıq hissəyə çıxandan sonra aşaraq təxminən 4-5 dəfə fırlandıqdan sonra damı üstə dayanmışdır. O, özü dərhal avtomobildən düşmüş və dərhal təcili yardıma zəng vurub kömək çağırmışdır. Hadisə yerinə gələn təcili yardım həkimləri İlkin və Turalın öldüyünü bildirib İntiqamı götürüb aparmışlar. Sonradan ona İntiqamında aldığı xəsarətlərdən öldüyü məlum olmuşdur. Daha sonra özünü pis hiss etdiyi üçün həkimə müraciət etmiş, həmçinin hadisədən əvvəl spirtli içki və narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirilmişdir ki, o, hadisə zamanı avtomobili sürət həddini aşmadan idarə etmiş lakin, həmin an 1 avtomobilə yol verdikdən sonra digər avtomobilin sürətlə ona yaxınlaşması səbəbindən özünü itirmiş, həmin avtomobilə dəyməmək üçün hərəkət zolağından çıxmış, avtomobili hərəkət zolağına qaytararkən lüka dəymiş və tormuzu bassa da idarə etməni itirmişdir. Həmçinin, zərər çəkmiş şəxslərin hüquqi varislərinə bütün dəfn xərclərini və digər zəruri xərcləri ödəmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, himayəsində iki az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin dostlarının və zərərçəkmiş şəxslərin hüquqi varislərinin yəni qohumlarının ona qarşı şikayət və tələblərinin olmamasını, onlarla barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, digər zərər çəkmiş şəxslərin hüquqi varislərinin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə usta yoldaşları ilə birlikdə Bakı şəhərindən Şuşa şəhərinə getmiş, orada iki gün qaldıqdan sonra Bakı şəhərinə qayıtmaq üçün xx.xx.2024-cü il tarixdə yola çıxmışdır. O, Şuşa şəhərindən dayısıoğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə xeyli yol gəldikdən sonra Yevlax rayonu ərazisindən Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olub Bakı şəhəri istiqamətində hərəkətlərinə davam etmişlər. Həmin vaxt o, avtomobildə qabaq sağ oturacaqda oturmuş, arxa oturacaqda isə usta yoldaşları, İlkin, İntiqam, Tural, Talıb və Kərəm oturmuşlar. Təqsirləndirilən şəxs avtomobili saatda təxminən 100-110 km/saat sürətlə idarə edərək Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisinə çatmış və avtomobili yolun soldan birinci hərəkət zolağı ilə idarə etmişdir. Saat təxminən 00:00 radələrində yəni, xx.xx.2024-cü il tarixdə saatda təxminən 90 km/saat sürətlə hərəkətdə olduqları zaman arxadan minik avtomobili gəlib onlara çataraq, işıq siqnalları verib yol istəmiş, Təqsirləndirilən şəxs onu görən kimi idarə etdiyi “Fiat Doblo” markalı avtomobili sağa doğru istiqamətləndirmiş, soldan sağa, yəni orta hərəkət zolağına tərəf keçərkən qəfildən sağdan başqa avtomobil sürətlə gəlib onlara çatmışdır. Sonuncu onu görən kimi özünü itirərək sükanı yenidən sola doğru döndərmiş, avtomobilin dəmir çəpərlərə doğru getdiyini görüb sükanı yenidən sağa döndərərkən avtomobil sürətlə yolun sağına doğru getməyə başlamışdır. Təqsirləndirilən şəxs avtomobili saxlamaq istəsədə heç bir xeyri olmamış və avtomobil idarə etmədən çıxaraq yolun sağ kənarına doğru gedərək torpaqlıq hissəyə çıxandan sonra aşaraq fırlanmış və təxminən 4-5 dəfə fırlandıqdan sonra damı üstə dayanmışdır. Avtomobil aşıb fırlanan zaman onu kənara atmış, o, dərhal yerdən qalxaraq Təqsirləndirilən şəxslə birlikdə digər usta yoldaşlara köməklik etmişdir. Daha sonra hadisə yerinə gələn təcili yardım həkimləri İlkin və Turalın öldüyünü bildirib İntiqamı götürüb aparmış və o da özünü pis hiss etdiyi üçün həkimə müraciət etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 məhkəmə iclasında Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin hadisənin ehtiyatsızlıq zəminində baş verməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 hüquqi varisi aravdı Z.Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. xx.xx.2024-cü ildə saat 12 radələrində Zərərçəkmiş şəxs1 ona zəng edib günəmuzd fəhlə kimi işlədiyi Şuşa şəhərindən Bakı şəhərinə Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə iş yoldaşları ilə birlikdə evə gəldiklərini bildirmişdir. xx.xx.2024-cü ildə saat 02:00 radələrində zəng gələrək Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyi və İntiqamın hadisə nəticəsində xəsarət alaraq Qaradağ rayonundakı xəstəxanaya aparıldığı xəbər verilmişdir. Yaxın qohumları həmin xəstəxanaya getmiş və məlum olmuşdur ki, hadisə nəticəsində İntiqam, həmçinin iş yoldaşları İlkin və Tural ölmüşlər. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi Z.Zərərçəkmiş şəxs1 məhkəmədə Təqsirləndirilən şəxs xalası olduğunu onunla barışıq əldə etdiyini, ona vurulmuş ziyanı tam həcmdə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin hadisənin ehtiyatsızlıq zəminində baş verməsini nəzərə alaraq ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş həyat yoldaşı M.İ.Binnətzadə ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 ilə 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, sonuncu ilə 2 övladları var, Təqsirləndirilən şəxs onun xalası oğludur. Mərhum əri Zərərçəkmiş şəxs2 fərdi olaraq ev təmirində usta kimi işləmiş və baş vermiş yol nəqliyyat hadisəsindən bir neçə gün öncə də usta yoldaşları ilə Şuşa şəhərinə getmişdir. xx.xx.2024-cü ildə axşam saatlarında Zərərçəkmiş şəxs2 ona zəng edərək usta yoldaşları ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Şuşa şəhərindən Bakı şəhərinə gəldiklərini bildirmişdir. xx.xx.2024cü ildə saat 02:00 radələrində telefonuna zəng gələrək Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyi, Zərərçəkmiş şəxs2 hadisə nəticəsində xəsarət alaraq öldüyü və meyitinin Qaradağ rayonundakı morqa aparıldığı bildirilmişdir. Yaxın qohumları həmin xəstəxanaya getdikdən sonra hadisə nəticəsində sonuncunun digər usta yoldaşları İntiqam və İlkinin də hadisə nəticəsində öldükləri məlum olmuşdur. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi M.İ.Binnətzadə məhkəmədə Təqsirləndirilən şəxs xalası oğlu olduğunu onunla barışıq əldə etdiyini, ona vurulmuş ziyanı tam həcmdə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin hadisənin ehtiyatsızlıq zəminində baş verməsini nəzərə alaraq ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində dindirilmiş A.V.Mehdiyeva ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 ilə 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, sonuncu ilə 3 övladları var. Həmçinin sonuncu ilə Təqsirləndirilən şəxs ailə dostu olmuşlar. Zərərçəkmiş şəxs3 ev tikintilərində usta kimi işləmiş, tez-tez rayonlara gedərək oradakı tikintilərdə çalışmış və xx.xx.2024-cü il tarixdə də Zərərçəkmiş şəxs3 Şuşa şəhərində işləmək üçün getmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs3 yol-nəqliyyat hadisəsi keçirdiyini bilmiş, dərhal evdən çıxaraq Qaradağ rayonunda yerləşən morqa getmişdir. O, sonradan Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs məxsus “Fiat Doblo” markalı avtomobillə Şuşa şəhərindən Bakı şəhərinə gələrkən Qaradağ rayonu ərazisində avtomobilin yoldan çıxaraq aşması nəticəsində baş vermiş qəzada aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bilmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi A.V.Mehdiyeva məhkəmədə Təqsirləndirilən şəxslə ailə dostuqları olduğunu, onunla barışıq əldə etdiyini, ona vurulmuş ziyanı müqavilə əsasımda tam həcmdə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin hadisənin ehtiyatsızlıq zəminində baş verməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə usta yoldaşları ilə Bakı şəhərindən Şuşa şəhərinə getmiş, orada iki gün qaldıqdan sonra yenidən Şuşa şəhərindən Bakı şəhərinə qayıtmaq üçün xx.xx.2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs idarə etdiyi Fiat Doblo markalı avtomobillə yola çıxmışlar. Təqsirləndirilən şəxs xeyli yol gəldikdən sonra Yevlax rayonu ərazisindən Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olub Bakı şəhəri istiqamətində hərəkətə davam etmişdir. O, avtomobildə arxa, yəni üçüncü sırada, digər oturacaqlarda isə usta yoldaşları, İlkin, İntiqam, Tural, Elşən oturmuşlar. Təqsirləndirilən şəxs avtomobili saatda təxminən 100-110 km/saat surətlə, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində avtomobil yolunun soldan birinci hərəkət zolağı ilə idarə etmişdir. Saat təxminən 00:00 radələrində xx.xx.2024-cü il tarixdə, saatda təxminən 90 km/saat sürətlə hərəkətdə olduqları zaman arxadan minik avtomobili gəlib onlara çataraq və işıq siqnalları verərək yol istəmiş, sonuncu onu görən kimi idarə etdiyi avtomobili sağa doğru istiqamətləndirmiş, soldan sağa, yəni orta hərəkət zolağına doğru keçərkən anidən sağdan başqa avtomobil sürətlə gəlib onlara çatmışdır. Təqsirləndirilən şəxs onu görən kimi özünü itirərək sükanı yenidən anidən sola doğru döndərmiş, avtomobilin dəmir çəpərlərə doğru getdiyini görüb sükanı yenidən sağa döndərərkən avtomobil sürətlə yolun sağına doğru getməyə başlamışdır. Sonuncu avtomobili saxlamaq istəsədə bunun heç bir xeyri olmamış, avtomobil idarə etmədən çıxaraq yolun sağ kənarına doğru gedərək torpaqlıq hissəyə çıxandan sonra aşaraq fırlanmışdır. Bu vaxt zərbədən o, özündən getmiş və oyanan zaman yerdə olduğunu görmüşdür. Daha sonra hadisə yerinə gələn təcili yardım həkimləri İlkinlə Turalın öldüyünü bildirib İntiqamı götürüb aparmış, o da xəsarət aldığı üçün xəstəxanaya getmişdir. Hadisə zamanı o, xəsarət alsada sürücü Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədində, avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 40,5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aşaraq əzilən “Fiat Doblo” markalı,**-NH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur və həmin avtomobili etibarnamə əsasında tanışı olan Təqsirləndirilən şəxs vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus minik avtomobilinə 8090 manat maddi ziyan dəymişdir. Həmçinin, bildirmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin İ cild 161-162-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 220-221-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AE seriyalı, 048109 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2029-cu il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 04 aprel 2024-cü il tarixdə verilmiş BA seriyalı 373512 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2006-cı il, «Fiat Doblo minik» markalı, **-NH-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X10r. Cinayət işinin İ cild 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli, 7E-7066 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, avtomobilin idarə edilməsi xx.xx.2028-ci il tarixədək Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işinin İ cild 13-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli, 2/888 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin İ cild 15-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli, 2163 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə narkotik vasitə qəbulu aşkarlanmamışdır. Cinayət işinin İ cild 37-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-16/2-76961/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE seriyalı 048109 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Cinayət işinin İ cild 5-11-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə, saat 00:30-da Bakı-Qazax-Gürcistan sərhədi avtomobil yolunun 40.5-ci kilometrliyində baş vermişdir. Hadisə yerində nəqliyyat vasitəsi “Fiat Doblo” markalı avtomobil damı üstə yolun sağ kənarında dayanmışdır. Yol nəqliyyat hadisəsi magistral yolda baş vermişdir. Yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 11.1 m, işlək hissəsinin eni 11.1 m, ehtiyat hissəsinin eni 3 m, ehtiyat hisəsinin səki eni 3 m, ayırıcı zolağın eni 3.7 metrdir. Hərəkət nizamlanmayan üsuldadır. Yolun sağ ehtiyat hissəsində cüt şin izləri vardır, tormozlama izləri yoxdur. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. Cinayət işinin İ cild 47-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə öldüyündən onun arvadı M.İ.Binnətzadə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin İ cild 55-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə öldüyündən onun arvadı Z.Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin İ cild 90-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə öldüyündən onun arvadı A.V.Mehdiyeva zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin İ cild 132-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2022 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Fiat Doblo” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin İ cild 133-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 59-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2024cü il tarixli, 37 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş beyin toxumasının əzilməsi və ödəmi, başın sağ gicgah-təpə sümüklərinin və kəllə əsasına keçən qəlpəli sınıqları, başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ bazu sümüyünün orta 1/3-nin sınığı, başın sol gicgah nahiyəsinin sıyrığı, sağ qaşüstü və sol dirsək oynağı nahiyələrinin əzilmiş yaraları. Göstərilən xəsarətlər həyati olub xx.xx.2024-cü il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum T.M.Binnətzadənin ölümünə səbəb başın sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və baş beyin toxumasının əzilməsi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum T.M.Binnətzadənin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə saat 02:45-də başlamışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum T.M.Binnətzadənin meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin İ cild 65-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2024cü il tarixli, 38 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 meyitinin üzərində aşkar edilmiş xəsarətlər baş beyinin açıq, qəlpəli, çoxsaylı sınıqları, başın deformasiyası, baş beyin toxumasının hissəvi evakuasiyası, başın ənsə nahiyəsinin əzilmiş yarası, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızması və əzilməsi, döş qəfəsinin sağ yarısının ön qoltuqaltı xətt üzrə İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, sağ said nahiyəsinin əzilmiş yarası, sağ çiyin qurşağının arxa səthinin, sol çiyin qurşağının ön səthinin və sol bazu nahiyəsinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub xx.xx.2024-cü il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb kəllə sümüklərinin açıq, qəlpəli çoxsaylı sınıqları ilə müşayiət olunan baş beyin toxumasının hissəvi evakuasiyası, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə saat 03:40-da başlanmışdır) 2-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin İ cild 72-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2024cü il tarixli, 39 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın sol təpə-ənsə sərhəddinin əzilmiş yarası, döş qəfəsinin hər iki orta qoltuqaltı xətt üzrə İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, sol çiyinüstü və sağ said nahiyələrinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2024-cü il tarixdə sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və başın sol təpə-ənsə sərhəddinin əzilmiş yarası olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə saat 01:45-də X17 baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin İ cild 125-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2024cü il tarixli, 455 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 aldığı xəsarətlər - sol körpücük sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı bərk küt əşya təsirindən törənmişdir, onun tibbi yardım üçün X20 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs5 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin İ cild 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2024cü il tarixli, 449 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 aldığı xəsarətlər - sol mil sümüyünün yerinidəyişməyən sınığı,sağ bazu sümüyünün yerdəyişməyən sınığı bərk küt əşya təsirindən törənmişlər, onun tibbi yardım üçün X20 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin İ cild 138-ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə “Fiat Doblo” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahibinə qaytarılmışdır. Cinayət işinin İ cild 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin İ cild 121-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3/2-17343/24 saylı məktubundan görünür ki, Bakı- Qazax yolunun 40,5 km-də Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları mövcud deyil. Cinayət işinin İ cild 131-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi A.V.Mehdiyevaya dəfn mərasimi, mərhumun qəbri və hadisə ilə bağlı digər maddi ödənişləri təmin etmək üçün 28.000 manat məbləğində pul ödənilmişdir. Cinayət işinin İ cild 235-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi xalası Z.Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edərək, vurulmuş ziyanı tam həcmdə ödəmiş və sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin İ cild 236-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs dayısı oğlu Zərərçəkmiş şəxs4 ilə barışıq əldə edərək, vurulmuş ziyanı tam həcmdə ödəmiş və sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin İ cild 237-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi xalası qızı M.İ.Binnətzadə ilə barışıq əldə edərək vurulmuş ziyanı tam həcmdə ödəmiş və sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin İ cild 238-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailə dostunun həyat yoldaşı, zərərçəkmiş şəxsin hüquqi varisi A.V.Mehdiyeva ilə barışıq əldə edərək sonuncuya vurulmuş ziyanı tam həcmdə ödəmiş və sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin İ cild 233-234-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X9 ataları Təqsirləndirilən şəxs, anaları isə X5r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etiraf edici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxslərin hüquqi varislərinin, şahidin ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlər ilə onun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç nəfər zərər çəkmiş şəxsin ölümünə və iki nəfər zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə vurulmuş ziyanı tam həcmdə ödəməsini, zərərçəkmiş şəxslərlə qohumluq (xalasının əri, xalasının həyat yoldaşı, dayısının oğlu və ailə dostu) və dostluq əlaqələrinin olmasını, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxslərin və hüquqi varislərin şikayət və tələblərinin olmamasını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmələrini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə vurulmuş ziyanı tam həcmdə ödəməsini, zərərçəkmiş şəxslərlə qohumluq və dostluq (xalasının əri, xalası qızının əri, dayısının oğlu və ailə dostu) münasibətlərinin olmasını, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxslərin və hüquqi varislərin şikayət və tələblərinin olmamasını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmələrini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Fiat Doblo” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, barəsində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Fiat Doblo” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar