Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-232/2020 06.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 1, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 iyul 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi ilə gedərkən həmin yolda dayanmış Zərərçəkmiş şəxs ona məhəllələrində yaşayan qadınların arxası ilə getməsinə əsassız irad bildirərək mübahisəyə başlayıb yumruqla üz nahiyəsindən vurduğuna görə zərərçəkmiş Zərərçəkmiş şəxsla dava-dalaş zamanı sonuncunu üzərində olan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid daxili qanaxmaya və nazik bağırsağın zədələnməsinə səbəb olan qarının ön-sol yarısının daxilə nüfuz edən 1 ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin 3 ədəd və qarının ön-sağ yarısının 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, 21 iyul 2019-cu il tarixdə saat 23 radələrində evdən çıxıb Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yaşayan əmisi oğlu Əlinin yaşadığı evə getmişdir. Elşən Mehdiyev küçəsi, döngə 1 ünvanındakı “Oba” marketin yaxınlığından keçərkən qarşıdan üç nəfər qadının keçdiyini görüb əlində telefonla işığı yandırıb yerə işıq salaraq onları ötüb keçmişdir. Bir qədər aralandıqdan sonra yolun kənarında üç-dörd nəfər oğlanın durduğunu görmüşdür. Həmin vaxt oğlanlardan biri onu yanına çağıraraq “sən bu qadınlarla bir yerdə idin?” deyə soruşmuş, o isə “yox, mənimlə bir yerdə deyillər, mənimlə bir yerdə olmalı idilər ki?!” deyə cavab vermişdir. Bu zaman heç gözləmədiyi anda həmin oğlan yumruqla onun sifətinə vurmuş, o aralanmaq istəyərkən yenidən bir dəfə də yumruq vurmuş, sonra isə yaxasından tutub yerə yıxmaq istəmişdir. Fiziki cəhətdən güclü, iri cüssəli olan həmin oğlan sərxoş vəziyyətdə olmuşdur. Orada olan digər oğlanlar onu vurmasalar da, onu vuran oğlanla bir yerdə olduqları üçün onların da onu vura biləcəklərindən ehtiyat etdiyinə, həm də ətrafda onlardan başqa heç kim olmadığına görə özünü qorumaq və onları qorxutmaq üçün üstündə gəzdirdiyi, şalvarının cibində saxladığı bir ədəd cib bıçağını çıxarmışdır. Amma adını sonradan bildiyi Muradın onu yerə yıxmaq istədiyini görüb bıçaqla onun qarın boşluğuna bir neçə dəfə vurmuşdur. Bu zaman digər oğlanlar qaçmış, xəsarət yetirdiyi Murad isə yerə uzanmışdır. Murada bir neçə dəfə bıçaq xəsarəti yetirdikdən sonra sonuncunun tanışları hadisə yerindən qaçmış, orada Murad və özündən başqa heç kim qalmamışdır. O, Muradın xəsarət alıb yerə yıxıldığını gördükdən sonra onu daha vurmamış, yenidən davamlı olaraq bıçaq zərbələri yetirmək imkanı olsa da bunu etməmişdir. Bundan sonra o, bıçağı cibinə qoyub oradan uzaqlaşmaq istəyərkən bir uşağın aralıda onları telefona çəkdiyini hiss edib sübut kimi qalmaması üçün hadisənin baş verməsi anının çəkilişini alıb silmək məqsədilə uşağın arxasınca qaçmışdır. Həmin uşaq qaçıb “Horadiz” mağazasına girmiş, o da həmin mağazaya daxil olmuş və ondan telefonunu alıb baxmış, amma həmin uşağın əslində heç bir çəkiliş aparmadığına əmin olmuşdur. Sonra telefonu uşağa qaytarmış və evinə getmişdir. O, evdə əlini və istifadə etdiyi bıçağı yumuş, sonra bıçağı televizor rəfinin altına qoymuşdur. 22 iyul 2019-cu il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində törətdiyi əməli etiraf edərək xəsarət yetirdiyi şəxsin adının Murad olduğunu bilmiş və cinayəti törətdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Onun əsas işi yas mərasimləri keçirilərkən çadır quraşdırıb sökmək olduğundan tez-tez bıçaqdan istifadə edir. Hadisə günü əmisi oğlunun yanına gedərkən işdən birbaşa sonuncunun evlərinə getdiyindən bıçaq üstündə qalmışdır. Məhkəmədən ona cəza təyin edərkən etdiyi əməldən peşman olmasının, zərərçəkmiş şəxslə barışmalarının, ona qarşı qarşı heç bir tələb və şikayətin olmamasının, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, yaxın dostluq münasibətində olduğu Elşən və Yunis adlı şəxslər onun həm qohumlarıdır, həm də onunla bir məhəllədə yaşayırlar. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 21 iyul 2019-cu il tarixdə, saat 23 radələrində yaşadığı məhəllədə dostları Elşən və Yunislə söhbət etmiş, dörd-beş saat əvvəl pivə içdiyindən nisbətən sərxoş olmuşdur. Həmin vaxt onlarla söhbət edərkən qohumları Məlahət, Sona və Nəzakətin piyada yol getdiyini, adını sonradan bildiyi İlkinin isə astaca onların arxası ilə bir neçə metr gedərək müşahidə etdiyini, aralıq küçəyə dönüb yollarını davam edərkən İlkinin dayanıb iki-üç dəqiqə onların arxası ilə baxdığını görmüşdür. Həmin qadınlar onun qohumları olduğu üçün İlkinin hərəkəti bir kişi olaraq ona pis təsir etmişdir. O, bu barədə dostları Elşən və Yunisə bildirsə də, sonuncular buna məhəl qoymamasını, dərinə getməməsini təklif etmişlər. Buna baxmayaraq həmin məsələ qüruruna toxunduğundan İlkini səsləyərək yanına çağırmış və sonuncu ona yaxınlaşarkən ondan “bu qadınlar səninlə bir yerdədirlər?” deyə soruşmuşdur. İlkin isə aşkar kinayəli şəkildə ona baxaraq siqaret yandırıb damağına qoymuş və “mənimlə bir yerdə olmalı idilər ki?!” deyə cavab vermişdir. O, İlkinə ondan normal söz soruşduğunu deyərək kobud danışmamasını tələb etmiş, İlkin isə “sən kimsən ki, məndən söz soruşursan?!” deyə kobud tərzdə cavab vermişdir. Cavabında İlkinə “səndən söz soruşmaq üçün kimsə olmaq lazımdır ki?!” deyə bildirmiş, İlkin isə “sənin ağlın başqa adama gedib, məni kiminləsə səhv salırsan” deyərək yenə onunla çox kobud danışmışdır. İlkinin onunla kinayəli rəftarı, xüsusilə özündən razı danışmağı onu əsəbləşdirdiyindən aralarında mübahisə yaranmış və mübahisə zamanı o, İlkinin sifətinə bir yumruq vurmuşdur. Həmin vaxt heç gözləmədiyi halda İlkin bıçaq çıxarıb nizamsız şəkildə onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirmişdir. Vəziyyəti belə görən Yunislə Elşən qaçıb getmişdir. İlkinin endirdiyi bıçaq zərbələrindən müvazinətini itirib yerə yıxılmış, İlkin isə çıxıb getmişdir. O, yerdə uzanıqlı vəziyyətdə olarkən onunla bir məhəllədə yaşayan azyaşlı Tehranın əlindəki telefonun işığını yandırıb onlara baxdığını görmüşdür. İlkin isə Tehranın onları telefona çəkdiyini zənn edərək onun dalınca qaçmışdır. Sonradan nə baş verdiyini bilməmişdir. Hazırda İlkini bağışlamış və onunla barışmışdır, müalicəsi ilə bağlı da ona müəyyən yardım edilmişdir. Ona görə də İlkinə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədə qanuni nümayəndəsinin - atasının iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun anasının əmisi nəvəsidir, həm də bir məhəllədə yaşayırlar. 21 iyul 2019-cu il tarixdə saat 23 radələrində məhəllə uşaqları Murad, Elşən, Yunis və Rövşənlə bir yerdə dayanıb söhbət etmişlər. Sonradan eşidib bilmişdir ki, həmin vaxt anası Məlahət qohumları Nəzakət və Sona adlı şəxslərlə birlikdə işdən qayıdarkən məhəllədə bir cavan oğlan onların arxasınca gəlmişdir. Bu zaman Murad həmin oğlandan "Sən kimsən tanımıram, sən məhlə uşağı deyilsən?!" deyə soruşmuş, həmin oğlan da “sənə kimliyim lazımdır?!” deyə cavab vermişdir. Murad ondan həmin qadınlarla bir yerdə olub-olmadığını soruşduqda sonuncu “mən onlarla bir yerdə olmalıydım ki?!”deyə cavab verdiyi üçün onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar dartışmışlar, sonra isə mübahisələrini davam etdirmək üçün aralıq məhəlləyə getmişlər. O, özü də mübahisəni məhz bu andan bilavasitə görmüşdür. Belə ki, həmin vaxt aralıdan bir nəfər cavan oğlanın Muradın qarın nahiyəsinə bir neçə dəfə vurduğunu, Muradın yerə yıxıldığını görmüşdür. Dərhal telefonunun işığını yandırıb oraya yaxınlaşmışdır. Muradı vuran oğlan onun hadisəni telefona çəkdiyini zənn edib ona tərəf gəlmiş, o da bu şəxsin telefonunu əlindən alacağından ehtiyat etdiyindən və qorxduğundan qaçıb Natiq adlı şəxsin mağazasına getmiş, həmin oğlan da onun arxası ilə gəlib mağazaya daxil olmuş və telefonunu əlindən alıb telefonun yaddaşına baxmış, hadisəni çəkmədiyinə əmin olduqdan sonra telefonunu özünə qaytarıb çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs onunla bir məhəllədə yaşayır, həm də qohumudur. 21 iyul 2019-cu il tarixdə saat 23 radələrində evə gedərkən evinin yaxınlığında Yunislə görüşmüşdür. Onunla bir qədər söhbət edərkən Yunis məhəllə uşağı Muradın qışqırıq səsini eşidib onun yanına qaçmışdır. O da həmin yerə getmiş və Muradın yerə yıxılıb qan içində olduğunu görmüşdür. Onlar Murada tərəf gedərkən onun olduğu istiqamətdən bir nəfər cavan oğlanın məhəllədə yerləşən “Horadiz” mağazasına tərəf qaçdığını görmüş, lakin onun kim olduğuna fikir verməmişdir. Murad xırıltılı səslə kiminsə onu bıçaqlayıb qaçdığını bildirmişdir. Yunis təcili tibbi yardıma zəng etmiş və və bir qədər sonra təcili tibbi yardım gələrək Muradı xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 21 iyul 2019-cu il tarixdə günorta radələrində şəhərin mərkəzinə getmiş, saat 23 radələrində evə qayıtmışdır. Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində, yaşadığı evin yaxınlığında Elşənlə görüşmüşdür. Onunla bir qədər söhbət edərkən məhəllə uşağı Muradın qışqırıq səsini eşidib onun yanına tərəf qaçmışdır. E.Mehdiyev küçəsi, döngə 1, ev 1 ünvanında Muradın yerə yıxılıb qan içində olduğunu görmüş və özlərini itirmişlər. Muradın səsi xırıltılı gəlmiş, ağlaya-ağlaya “məni bıçaqlayıb qaçdı” demişdir. O, təcili tibbi yardıma zəng etmiş, sonra təcili tibbi yardım gəlib Muradı aparmışdır (cild 1, iş vərəqə 21-22). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 6-9). Əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş bıçaqların arasından Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyi bıçağı tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 98-100). İfadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 112-114). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs, şahidlər Şahid3 və Şahid2 arasında keçirilmiş üzləşdirmələr zamanı zərərçəkmiş şəxs və şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək təsdiq etmişlər (cild 1, iş vərəqə 141-149). Məhkəmə tibbi ekspertizasının 14 sentyabr 2019-cu il tarixli, 1217 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxmaya və nazik bağırsağın zədələnmələrinə səbəb olan qarının ön-sol yarısının daxilə nüfuz edən 1 ədəd, döş qəfəsinin 3 ədəd və qarının ön-sağ yarısının 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçağın təsirindən törənə bilər, 21.07.2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə daxili qanaxmaya və nazik bağırsağın zədələnməsinə səbəb olan qarının ön-sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 115-118). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 24 sentyabr 2019-cu il tarixli, 1867 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Emosionallıq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual imkanları nəzərə alınmaqla, hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs etdiyi hüquqazidd hərəkətlərdən əvvəl psix-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Baş vermiş hadisə zamanı psix-emosional vəziyyətində həyəcan, gərginlik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqə 128-130). Məhkəmə-trasoloji ekspertizasının 03 oktyabr 2019-cu il tarixli, 23848/49 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş “a”, “b”, “c”, “ç” zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədələrin təqdim edilmiş bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret hansı bıçaqla təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Qeyd olunan zədələrin müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması da istisna edilmir (cild 1, iş vərəqə 131-134). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 152-153 ). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 104-105). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranşını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə sonradan barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyul 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 iyul 2019cu il tarixdən hesablanması müəyyən edilmişdir (cild 1, iş vərəqə 32-34, 77-79). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində zədələr olan bir ədəd köynək məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili x4 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı sərf edilmiş real vaxt nəzərə alınmaqla x2 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 30 iş saatı həcminə görə 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində zədələr olan bir ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına x4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-232/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-232/2020
06.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver