Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-232/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X14 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Tərcüməçi: X6, X1 və X4 iştirakı ilə, xx xxxx 1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində nöməsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İstintaqın gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin Aministiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3baqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncu ilə əvvəlcədən razılaşmalarına əsasən 07 avqust 2022-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs Bəhmən oğluna məxsus hasarlı yaşayış evinin qarşısına getmiş, Təqsirləndirilən şəxs2 təhlükə yaranan halda xəbər vermək məqsədilə evin yaxınlığında dayanaraq gözləmiş, o isə hasardan aşaraq yaşayış sahəsi olan evin pəncərəsini itələyib açdıqdan sonra qanunsuz daxil olaraq yataq otağındakı çarpayının üstündəki yataq dəstinin altında saxlanılan 3350 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs Bəhmən oğluna 3350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 03 ədəd bükümdə ümumi təmiz çəkisi 10,404 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİnin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Hövsan” ərzaq dükanının yaxınlığında saxlanılaraq 30-cu polis şöbəsinə aparılaraq, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,167 qram, 5,143 qram və 2,004 qram, ümumi təmiz çəkisi 10.404 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Eyni zamanda, ittihama görə Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 Alət oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncu əvvəlcədən razılaşmalarına əsasən 07 avqust 2022-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs Bəhmən oğluna məxsus hasarlı saşayış evinin qarşısına gedərək təhlükə yaranan halda Təqsirləndirilən şəxs1 xəbər vermək məqsədi ilə evin yaxınlığında dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 hasardan aşaraq yaşayış evinin pəncərəsini itələyib açdıqdan sonra yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq yataq otağındakı çarpayının üstündəki yataq dəstinin altında saxlanılan 3350 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmış şəxs Zərərçəkmiş şəxs Bəhmən oğluna 3350 manat məbləğində ziyan vurmaqla oğurluq elmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir, belə ki, o, heç bir oğurluq hadisəsi törətməmiş, zərərçəkmiş şəxsi də tanımır. Bundan əlavə onun üzərində də heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etmiş, əvvəllər narkotik vasitələrlə bağlı məhkum olunmuşdur. Polis əməkdaşları onu saxlayan gün o, bacısı və bacısının uşağı ilə birlikdə evdə olmuş, maşını evin qarşısında saxlamışdır. O, bayıra çıxanda onu qapının qarşısında saxlamışlar və bölməyə aparmışlar. O, Hövsan qəsəbəsində yaşayır, bölmədə olarkən polis əməkdaşları onun qarşısına 3 büküm narkotik vasitə qoymuş və video çəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu deməsini istəmişlər. O, həmin narkotik vasitələri boynuna götürməkdən imtina etmiş, buna görə də polis bölməsində onu döyüb narkotik vasitələri üzərinə götürməyə məcbur etmişlər. O, döyülməyi ilə bağlı heç yerə şikayət etməmiş, lakin təcridxanaya gedəndə döyüldüyünü bildirmiş, prokurorluqdan gəlib onun izahatını almışlar və fotoşəkillərini çəkmişlər. O, ona qarşı irəli sürülmüş ittihamda göstərilən oğurluğu törətməmiş, Təqsirləndirilən şəxs2la 3-4 il əvvəl bir məhəllədə qonşu olmuş, sonradan Emil köçüb getmişdir. O, sonradan Emili bölmədə görmüş, polis əməkdaşları onu bölmədə döymüşlər. O, istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, onun oğurluqdan xəbəri yoxdur. Polis bölməsində olarkən onu döyüb dişini sındırmışdılar. Təqsirləndirilən şəxs Səid Sultanov ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, ifadəsini bölmədə almışlar, yanında vəkil olmamış, ifadəsini imzaladıqdan sonra vəkil gəlmişdir. O, vəkilin adının nə olduğunu xatırlamır. Polis bölməsində 3 polis, 1 vəkil olmuş, vəkil sənədlərə imza çəkib getmişdir. Polis əməkdaşları onu ayın ya 5-i, ya da 6-ı tutmuşlar. Onun üzərində mobil telefon olmamış, o, ümumiyyətlə mobil telefon işlətmir. Onu evin qapısının qarşısında, maşınının yanında tutmuşlar. O, zərərçəkmiş şəxsi tanımır. O, müvəqqəti saxlama yerində 2 gün qalmış, sonra onu idarəyə aparmışlar. Onu bölməyə gətirdikləri gün dindirmişlər. Prokurorluq əməkdaşları gələn zaman o, bölmədə döyüldüyünü bildirmişdir. Onun Təqsirləndirilən şəxs2la qonşu kimi münasibəti olmuş, o, Emillə birlikdə oğurluq hadisəsi törətməmiş, Emili oğurluq edən şəxs kimi tanımamışdır. O, əvvəllər Emillə görüşməmişdir. Digər təqsirləndirilən şəxs dindirilən zaman ona verilən çarpaz suala cavab olaraq Səid Sultanov bildirmişdir ki, o, Emilə oğurluq etməyi təklif etməmiş, Emil bölmədə olarkən ona “niyə bu qədər götürüb mənə az vermisən” demişdir. Şahid məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxs ona verilən çarpaz suala cavab olaraq polis əməkdaşlarının onu Hövsan marketin qarşısında deyil, evinin qarşısında tutduqlarını, onun evi ilə Hövsan market arasında 7-8 qapı məsafə olduğunu, onu Şahid1 tutmadığını, başqa 2 nəfər polis əməkdaşının tutduğunu, polis əməkdaşlarının qara rəngli, 190 nömrəli maşınla gəldiklərini, o, maşına oturan zaman Şahid1 də maşında olduğunu bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özünü AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələr üzrə deyil, 177.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o, 6 aydır ki, cəzasını çəkmiş, onun məhkəmədən yayınmağını əsas gətirib Suraxanı rayon 30-cu polis bölməsinə aparmış, ona oğurluq hadisəsi baş verdiyini demişlər. O, 07 avqust tarixdə hadisə baş verən zaman ümumiyyətlə Hövsanda olmamışdır. Təqsirləndirilən şəxs1 9 ildir ki, tanıyır, qapı qonşusu olmuşlar. Təqsirləndirilən şəxs1la heç bir oğurluqda əlbir olmamış, bunu polis bölməsində verdiyi ifadədə də bildirmişdir. Sadəcə iyul ayında Səidi Hövsan qəsəbəsində Şüşəli Bazar adlanan yerdə görüb danışmış, Səid ona Oqtay Şabanov küçəsində olan nömrəsiz evdən oğurluq etməyi təklif etmişdir. Suraxanı rayon 30-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlandıqdan sonra ona Oqtay Şabanov küçəsində yerləşən evdə oğurluq hadisəsi baş verdiyini demişlər. O da polis əməkdaşlarına verdiyi ifadəsində həqiqətən də Səid adlı şəxsin həmin evdən oğurluq etməyi ona təklif etdiyini, lakin onun bu təklifi qəbul etmədiyini və oğurluqda iştirak etmədiyini bildirmişdir. Əməliyyatçı Afiq adlı şəxs ona Təqsirləndirilən şəxs1la həmin oğurluğu etməyini boynuma almayacağı təqdirdə AR CMnin 234.4.3-cü maddəsi ilə ona ittiham irəli sürüləcəyini demişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Hövsanda 2019-cu ilə kimi yaşamış, 2019-cu ildən sonra Xəzər rayonu Buzovna qəsəbəsinə köçmüş, hazırda isə Hövsanda yeznəsi yaşayır. Yeznəsi onlardan 15-20 dəqiqəlik məsafədə yaşayır. O, Təqsirləndirilən şəxs1la 9 il qapı qonşusu olmuş, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1la dost olmamış, ona dost deyə bilməz, çünki aralarındakı yaş fərqi böyükdür. May ayında onların ailəsində xeyir işləri olmuş, yeznəsinin evinə cehiz gətirmişlər. Həmin vaxt marşruta tələsərkən Təqsirləndirilən şəxs1 görmüş, həbsdən yeni çıxmışdır. Səid onun oğurluğa görə məhkum olunduğunu bilmişdir. Əvvəlki məhkumluğunda özü tək oğurluq etmişdir. Oğurluğu 2022-ci ilin aprel ayında Oqtay Şabanov küçəsində törətmiş, Oqtay Şabanov küçəsi ilə onun Hövsanda qaldığı yer arasında məsafə böyükdür. Səid ona evin sahibinin toya gedəcəyini, evin boş olacağını demiş, o, Səidin bu informasiyanı haradan aldığını bilmir. O, həmin mənzilin yanından da keçməmişdir. O, Səidin bu təklifi ilə razılaşmamış, çünki onun barəsində AR CM-nin 177.1-ci maddəsi üzrə məhkəmədə cinayət işi olmuşdur. Onun Səidlə görüşü 10- 15 dəqiqə çəkmiş, o, Səidlə iyul ayının 20-25-i arası görüşmüşdür. Görüşdükdən sonra Buzovnaya-evinə getmişdir. Noyabrın 6-da Xəzər rayonunda saxlanılıb polis bölməsinə gətirilmişdir. O, əməliyyatçıya Səidin həmin evdən oğurluq etməyi daha əvvəl ona təklif etdiyini demişdir. O, həmin görüşdən sonra Hövsana getməmişdir. Onun istintaqdakı ifadəsi düzgün deyil, o, oğurluqda iştirak etməmişdir. Əməliyyatçı Afiq oğurluğu Səidlə birgə törətdiyini deməsini tələb etmişdir. O, istintaq zamanı ifadələri imzalayanda ona məhkəmədə sadəcə şahid kimi çıxış edəcəyini demişlər, o, sonradan bilmişdir ki, AR CMnin 177.2.1 və 177.2.3-cü maddələr üzrə ittiham olunur. O, oğurluq hadisəsi törədilmiş evi müşahidə etməmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, yeznəsinin evinə cehiz gətirəndə yolda Səidlə rastlaşmış, Səid ona “Eşitmişəm oğurluğa görə barəndə cinayət işi açılıb. Oqtay Şabanov küçəsində ev var, oğurluğa kömək eləsən, sonda mən də sənə kömək edəcəm” demişdir. İstintaqda zərər çəkmiş şəxsin evini ona göstərmişlər. O, çəkiliş zamanı əməliyyatçının göstərişinə əsasən evi əli ilə göstərmişdir. Həmin evə onu Səidlə birlikdə aparmışlar. X19 metrostansiyasına univermağa aparmışlar. O, latınca yazıb-oxuya bilir. Bu zaman yanında vəkil olmuşdur. O, etirafedici məzmunda olan ifadələri oxumamış, ona sadəcə şahid kimi çıxış edəcəyini demişlər, həmin zaman vəkil də yanında olmuşdur. Vəkil yalnız sənədlərə imza çəkmişdir. 7 avqust 2022-ci ildə Xəzər rayonu, Buzovna qəsəbəsində olmuş. Hövsanda olmamışdır. Onun mobil telefonu olmuş, nömrəsi ***-***-**-**-dir. Səidin təklifini rədd edəndən sonra bir daha onu nə görməmiş, nə də telefon danışıqları olmamışdır. İyul ayında axırıncı dəfə anası ilə Hövsana getmişdir. Avqustun 7-də Buzovnada olmuş, evdə olduğunu qonşuları Mirməmməd, Surxay və Emin görmüşlər. Onları birlikdə evə aparanda hadisə yerinin videoçəkilişi aparılmışdır. Müstəntiq orada olmamış, yalnız əməliyyatçılar olmuşdur. Fotoşəkilləri əməliyyatçı çəkmişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs1la yan-yana olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bəhram oğlu ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayır. 2022-ci il avqust ayının 7-də, saat təxminən 15:00 radələrindən sonra o, evdən çıxaraq Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən tikiş fabrikinə avadanlıqlar aparmışdır. Anası səhər işə getmiş, həyat yolası da günorta saatlarında evdən çıxaraq xalasıgilə getmişdir. Təxminən 1 saat 30 dəqiqə keçdikdən sonra həyat yoldaşı xalasıgildən evə gəlib, evi dağınıq vəziyyətdə görüb, ona zəng etmişdir. O, bu zaman iş yerindən yenicə çıxmış, həyat yoldaşı ondan evi niyə dağınıq vəziyyətə salıb getdiyini soruşmuşdur. O, evi dağıtmadığını, sadəcə qapını örtüb çıxdığını demişdir. Həyat yoldaşı stolun üstündə onlara aid olmayan 1 ədəd telefon və foto-aparat olduğunu demiş, o da həyat yoldaşına həmin əşyalara əl vurmadan qonşuya xəbər verməsini, özünün də evdən çıxmasını tapşırmışdır. O, həmin dəqiqə 102 Zəng Mərkəzinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra həyat yoldaşı ona zəng edərək həmin telefon və fotoaparatın onun qardaşının qaynına məxsus olduğunu demişdir. Qaynı əsgərliyə getmədən öncə əşyalarını onalrın evində qoyub getmişdir. Daha sonra o, özü içəri girmiş, yataq otağında, döşəklərin altında 3350 manat pul olmuş, həmin pullar oğurlanmışdır. Bir qarasaplı bıçaq və “Redmi” markalı qulaqcıq da yoxa çıxmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs Bəhram oğlu bildirmişdir ki, onlar təxminən 22 ildir ki, həmin evdə yaşayır. Hadisə olan zaman o, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən tikiş fabrikində olmuş, saat 15:30 radələrindən sonra qapını bağlayıb evdən çıxmışdır. Həyat yoldaşı 6-ya qalmış evə gəlmişdir. Oğurluq edən şəxslər evə pəncərədən daxil olmuşlar. Hazırki təqsirləndirilən şəxslər pəncərədən keçə bilərdilər. O, işdə olan zaman həyat yoldaşı ona zəng edərək polis əməkdaşlarının 2 nəfəri evə gətirdiklərini demişdir. Ona 3350 manat ziyan dəymiş, dəymiş ziyandan heç bir məbləğ ödənilməmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslərlə heç bir üzləşmə olmamış, o, həmin şəxsləri heç vaxt tanımamışdır. Evin qapısı açarla açılmamış, mənzilə pəncərədən girmişlər, pəncərə sınmışdır. Zərərçəkmiş şəxs Bəhram oğlu məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 avqust 2022-ci il tarixdə o, işdən qayıdanda gəlini ona zəng edərək evlərinə girib evi dağıtdıqlarını, evdə oğurluq olduğunu demişdir. Həmin vaxt evdə nə oğlu, nə də ki qızı olmamışdır. Oğlu saat 15-16 arası, gəlini isə saat 13 radələrində evdən çıxmışdır. O, X11 işləyir, səhər saat 7-də evdən çıxmışdır. O, gəlininə heç nəyə əl vurmamasını, özünün də evdən çıxıb polisə zəng etməsini demişdir. Gəlini də artıq polisə məlumat verdiyini demişdir. O, 3350 manat pulu yataq otağında döşəklərin içində gizlətmiş, həmin gün pulun üstünə 70 manat da qoyub getmişdir. O, gəlininə həmin yerə baxmasını tapşırmış, gəlini deyilən yerə baxdıqdan sonra orada pul olmadığını demişdir. O da həyat yoldaşına zəng etmiş, onların hər biri evə gəlmiş, daha sonra da polis idarəsinə gedib ifadə vermişlər. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxslərin heç birini tanımır. Evdə həmçinin qızıllar da olmuş, lakin qızıllar oğurlanmamışdır. Qızıllar uşağın paltarının içində olmuşdur. Oğurluq edən şəxslər 4 otağın hər birini axtarmışlar, lakin qızılları tapmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid3, həmçinin Zərərçəkmiş şəxs Bəhram oğlunun ifadəsinə uyğun məzmunda ifadə vermiş və onların ifadələrində qeyd etdikləri xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 noyabr 2022-ci il tarixdə Hövsan marketin yaxınlığında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu bildirərək onlarla birlikdə şöbəyə gəlməsini təklif etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə şöbəyə gəlmiş, şöbədə inzibati otaqların birində təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 3 ədəd sellofan bükümdə heroinə bənzər narkotik vasitə çıxaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 razılığı ilə onun evində də axtarış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Hövsan marketin qarşısında saxlamışlar. Şəxs saxlayarkən onlara heç bir müqavimət göstərməmiş və həmin şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs1 saxlamaq üçün Heydər adlı əməkdaşla getmişdir. Onun qara rəngli maşını olmamışdır. o, əməliyyat müvəkkilidir. Əməliyyat zamanı onun üzərində mobil telefon olmamışdır. ***-***-**-** nömrəsi ona məxsus olmuşdur. Əməliyyat zamanı Heydər adlı əməkdaşdan başqa onun yanında heç kim olmamışdır. Təqsirləndiriən şəxsi saxlayarkən üzərində və ya bədənində heç bir xəsarət görməmişdir. Bədənində narkotik vasitələrdən istifadə etdiyi üçün müəyyən yaralar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermiş və onun ifadəsində qeyd etdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 07 noyabr 2022-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə saat 18.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi ərazisində yerləşən “Hövsan market” ərzaq dükanının yaxınlığında saxlanılmış və Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir (i/v: cild İ, i/v: 3; 10). - 07 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni 06 noyabr 2022ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 40 (qırx) manat nəğd pul ödəyərək ödəyərək öz şəxsi istifadəsi üçün aldığını, daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. (cild İ, i/v: 31-32) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, videogörüntülər 07 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunu ilə eynilik təşkil edir. - Mənzilə baxış keçirmə və götürmə haqqında 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, həmin mənzildən qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. (cild İ, i/v35-38) - Məhkəmə-kimyəvi ekspertizası üzrə 08 noyabr 2022-ci il tarixli 6/6461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksi”, “Təqsirləndirilən şəxs1 üzərindən....” və s. yazı və imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,167 qram, 5,143 qram və 2,094 qram olmaqla, ümumi təmiz çəkiləri 10,404 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" siyahısına daxildir. (cild İ, i/v: 46-50) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 X9 X10 üzrə 729 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, i/v: 103-104) - Ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 444 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi (fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İİ, i/v: 111-112) Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 07 avqust 2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs evinə pəncərədən daxil olma yolu ilə evini dağınıq hala saldıqlarını, evə baxış keçirmədiyi üçün nəyin oğurlandığını bilmədiyini qeyd etmişdir (cild İ, i/v:122) - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, evindən 3350 manat məbləğində pul oğurlandığını bildirmişdir. (cild İ, i/v: 123) - “Baxış keçirilməsi haqqında” 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 128-130) - Bakı şəhəri Suraxanı RPİ-nin 099-2186-1221 nömrəli, 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 6 ünvanda yerləşən evindən oğurluğun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmişdir. (cild İ, i/v: 168) - 26 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokollardan və protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi törətmələri barədə məlumat verərək həmin evi əyani şəkildə göstərmişlər. (cild İİ, i/v: 37-38; 39-40). İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslərin hər biri Hövsan qəsəbəsi Oktay Şabanov küçəsində yerləşən məzildən oğurluq etdiklərini bildirmişlər. (cild İİ, i/v: 113-115) İstintaq orqanının “toplanmış sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2023cü il tarixli qərarından görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 10,404 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,254 qram hissəsi maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (cild İİ, i/v: 113-132) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə, o cümlədən Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilmədiklərini bildirmişlər. Azərbaycan Respublikası CM-in 177-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlər fəslinə aid olan oğurluq cinayətinin anlayışı verilmişdir. Oğurluq dedikdə, yəni özgənin əmlakını gizli talama başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarında qeyd olunmuşdur ki, oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxılarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə, əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyirinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla cinayətin törədilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində xeyli miqdarda maddi ziyan vurmaqla cinayətin törədilməsi nəzərdə tutulmuşdur. Özgə əmlakının talanması əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməl kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının barəsindəki sübutlara hökmdə qiymət verilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məsuliyyət yaradır, belə ki, əmlakın mülkiyyətçisinə vurulmuş maddi ziyan 5000 manatdan aşağıdır, həmçinin cinayət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmişdir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan ( məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin mənzilinə daxil olmamaları, ümumiyyətlə oğurluq cinayətini törətməmələri barədə vermiş olduqları ifadələrə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər həmin ifadəni verərkən yalnız məsuliyyətdən yayınmaq məqsədi güdmüşlər. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrində cinayətin törədilməsi üsul və mexanizmi ilə bağlı geniş izah verərək törətdikləri cinayət əməli, əvvəlcədən aralarında olan razılaşmanın məzmunu, aralarındakı rol bölgüsü, talanmış əmlakın məbləği, hər bir təqsirləndirilən şəxsə çatan məbləğ barədə geniş ifadələr vermiş və oğurluq hadisəsinin məhz onlar tərəfindən törədilməsini etiraf etmişlər. Məhkəmə iclasında verdikləri ifadələrində isə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməmiş, Təqsirləndirilən şəxs1 ümumiyyətlə uzun illərdir digər Təqsirləndirilən şəxs2 görmədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 isə onun ifadəsinə uyğun olmayan məzmunda, yəni Təqsirləndirilən şəxs1 ona oğurluq etmələri ilə bağlı təklif irəli sürdüyünü, lakin onun həmin təklifi rədd etdiyini bildirməklə özünü təqsirli bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər hər ikisi özünü təqsirli bilmədiyi halda, onların ifadələrinin arasında ziddiyyətin mövcud olması artıq özüözlüyündə təqsirləndirilən şəxslərin məhkəmə iclasında qeyri-səmimi ifadələr vermələrinin göstəricisidir. Təqsirləndirilən şəxslər hadisə törədilən zaman ümumiyyətlə hadisə yerində olmadıqlarını bildirsələr də, qeyd olunan faktı sübuta yetirə biləcək hansı bir şəxsin şahid qismində dindirilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmiş və ya başqa bir sübut təqdim etməmiş, eyni zamanda istifadələrində mobil telefonun da olmaması ilə əlaqədar onların mobil telefon nömrələrinə dair anten məlumatlarının götürülməsi mümkün olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyətlə bağlı daha bir vacib məqama da diqqət etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 uzun illərdən sonra ilk dəfə bölmədə gördüyünü, bölmədə olan zaman polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 döydüklərini gördüyünü bildirmişdir. Halbuki digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməsə də, ona polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilməsi ilə bağlı məlumat verməmiş, ibtidai istintaq zaman etirafedici ifadələr verməsini ona zor tətbiq edilməsi ilə bağlı deyil, ifadəni oxumadan imzalaması və polis əməkdaşlarının onu iş üzrə şahid qismində cəlb olunduğunu deməklə aldatmaları ilə əsaslandırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 həmin ifadəsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 döyüldüyünü görməsini bildirməklə məhkəməni Təqsirləndirilən şəxs2 zorakılığa məruz qalması ilə əlaqədar ibtidai istintaq zamanı etirafedici ifadələr verməsinə inandırmağa çalışmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 07 noyabr 2022-ci il tarixdə deyil, 05 noyabr 2022-ci il tarixdə tutulduğunu, iki gündən sonra polis əməkdaşlarının onu döyüb narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyə məcbur etdiklərini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinin araşdırılması məqsədi ilə müvafiq araşdırmalar aparmış, sorğular vermiş və müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin özünün istifadəsində mobil telefonun olmaması ilə əlaqədar onun mobil nömrəsinin anten məlumatlarının götürülməsi mümkün olmamış, əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində mobil telefon işlətmədiyini, digər əməliyyat müvəkkili Şahid1 isə istifadəsində olan mobil telefon nömrəsini bildirməklə, əməliyyat zamanı üzərində mobil telefon olmadığını qeyd etmişdir. Bununla belə, müdafiə tərəfinin vəsatətinə əsasən əməliyyat müvəkkili Şahid1 məxsus mobil telefon nömrəsinin 05 noyabr 2022-ci il və 07 noyabr 2022-ci il tarixlərinə aid anten məlumatları götürülmüş və müəyyən edilmişdir ki, əməliyyat müvəkkili həm 05 noyabr, həm də 07 noyabr 2022-ci il tarixlərində ittihamda qeyd olunan ünvanda olmuş, başqa sözlə təqsirləndirilən şəxsin ittiham aktında qeyd edildiyindən fərqli tarixdə tutulması ilə bağlı müdafiə tərəfi hər hansı sübut təqdim etməmiş, götürülmüş anten məlumatlarında da cinayət işinin materialları ilə hər hansı ziddiyyət aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması ilə bağlı ifadəsinə istinadən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərindən aşkar edilmiş bükümlər qanuna müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmiş, ekspertin rəyi ilə onun üzərindən aşkar edilmiş maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heoin olduğu müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı ifadəsini araşdırmış, onun saxlanıldığı istintaq təcridxanasından onun adına açılmış şəxsi iş və tibbi kitabça əldə edilməklə məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun sol qulaq, sol bazu, sağ bazu, sol kürək, baldır, sol diz və sol baldır nahiyəsində bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Qeyd olunan faktla bağlı Bakı şəhəri Suraxanı rayon Prokurorluğunda araşdırma aparılmış, müvafiq şəxslərin izahatları alınmış, material üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin müayinədən 3-4 gün əvvəllə uyğun gəlməsi müəyyən edilmiş və xx.xx.2023cü il tarixli qərarla cinayət işinin başlanmasını rədd edilmişdir. Bununla da təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar edilməsi məhkəmədə şübhə doğurmasa da, məhkəmə onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi ilə bağlı istintaq orqanının mövqeyi ilə razılaşmır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini, habelə məhkəmə-narkoloji ekspertizasının rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs1 tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, ümumiyyətlə həmin narkotik vasitələrin ona məxsus olmaması ilə bağlı vermiş olduğu ifadələrə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun istintaq ifadələrini inkar etməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 külli miqdarda- 10,404 qramı narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, polis əməkdaşının ifadəsi, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmədə dindirilmiş polis əməkdaşı olan şahidlər də Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onların əməlinin satış niyyəti kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur edilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidin ifadəsi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə bu nəticəyə gələrkən Təqsirləndirilən şəxs1 əvvəllər də qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətinə cəlb olunmasını, həmçinin onun narkomaniya xəstəliyindən əziyyət çəkməsini də nəzərə alır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü, o cümlədən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə əməlin hüquqi tövsif məsələsini müzakirə edən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 əməlləri isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-1-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş tələbnamə, məhkəmə hökmü və qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin Aministiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild İİ, i/v 89-90) İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-79/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild İİ, i/v: 93-94) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərardadında qeyd olunmuşdur ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəliliyi kimi qiymətləndirilməsinə xidmət edən ictimai hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Cinayət-Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi Azərbaycan Respublikasının Cinayət-Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetmiş və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi, Təqsirləndirilən şəxs1 münasibətdə cinayətlərin residivi üzrə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə ekspert rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onların narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs vurulmuş 3350 manat ziyandan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə istintaqı müddətində heç bir məbləğ ödənilməmişdir. Odur ki, hal-hazırda iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə ödənilməmiş maddi ziyan qalmışdır. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxsin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Zərər çəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərər çəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 07 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs2 isə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 fevral 2023cü il tarixli, 1(010)-79/2023 nömrəli hökmü üzrə cəza çəkməsi nəzərə alınaraq onun barəsində qətimkan tədbiri seçilməmiş, yalnız məhkəmə istintaqı zamanı məhkəmənin 27 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(010)-79/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilən cəza ilə toplanmalı və cəzaçəkmənin əvvəli yuxarıda qeyd olunan məhkəmə hökmü nəzərə alınmaqla 07 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tətqiqatından sonra qalıq çəkisi 10,254 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109,9 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,9 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 720 (yeddi yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 1(010)-79/2023 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq ona 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Suraxanı RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonrakı qalıq çəkisi 10,254 qram heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 109,9 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 720 (yeddi yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-232/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-232/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver