Məhkəmə qərarları › İş №1(101)-233/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-233/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-233/2025 17.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, «Qanunçuluq» Vəkil Bürosunun vəkilləri Qasımov Әrəstun Әliyar oğlunun və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Tovuz rayonu, Qovlar kəndində doğulmuş (FİN № xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, istintaqın çağırışına gəlmədiyi üçün həmin tarixdə barəsində axtarış elan edilmiş, 22 yanvar 2024-cü il tarixdə saxlanılaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbırinin seçilməsindən imtina edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ә Y Y Ә N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, 28 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən «Bizim kafe” adlanan kafedə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı pivə bakalı ilə qəsdən bir neçə dəfə vuraraq sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi və başın sağ gicgah təpə nahiyəsinin yumşaq toxumasının qançırı ilə müşaiyət olunan sağ gicgah sümüyünün daşlıq hissəsinin xətti sınığı, sağ körpücüküstü nahiyənin, sağ kürəküsıü nahiyənin, sol dirsək oynağının arxa səthinin, sol mil-bilək oynağının arxa səthinin, hər iki diz oynağının ön səthinin sıyrıqları, sağ almacıq nahiyəsinin, sol çənəaltı nahiyənin, sol kürəküstü nahiyənin və sağ əlin V barmağının dırnaq falanqasının qançırları ilə müşaiyət edilən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və əvvəlki məhkəmə tərkibi tərəfindən işə baxılarkən ifadə verdiyini, şəmin ifadəni tam təsdiq etdiyini bildirərək, göstərilən ifadənin qəbul olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs qeyd olunan mövqeyi ilə əlaqədar məhkəmə iclasında onun tərəfindən verilmiş həmin ifadə elan və tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, o, 10 ildir mügənnilik edərək balalarını dolandırır. 28 iyul 2023-cü il tarixdə gecə saatlarında «Bizim kafe» adlı kafedə işdə olarkən tanımadığı bir qadın gəlib ona qarşı hücum etmişdir. Hər gün axşam saat 6 radələrində kafeyə işə cıxmışdır. Həmin gün gecə saat 12-1 radələrində əvvəllər görmədiyi qadın gəlib onu yerə yıxıb döymüşdür. Kafenin həyətində olan adamlar onu həmin qadının əlindən almışlar. Həmin vaxt dırnağı yerindən çıxmışdır. Әgər o, həmin vaxt qadına xəsarət yetirsəydi, yəqin ki, polis şöbəsindən onu buraxmazdılar. Polis işçiləri 2024-cü ilin yanvar ayına qədər ona zəng etməmişlər. Həmin qadın əvvəllər kafeni işlədən Rəşadla sevgili olmuş, sonra onu da şərləmişdir. O, müstəntiq Qasım Abbasova vatsapda şəkil ataraq hadisə zamanı döyülən şəxsin özü olması barədə məlumat vermişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs hadisə baş verən gündən bir neçə gün əvvəldən həmin kafedə işlədiyini, kafeni Rəşad adlı şəxsin atası ilə birlikdə işlətdiklərini, yay ayları olduğu üçün həmin vaxt kafenin həyətində oturduqlarını, həmin vaxt həyətdə neçə nəfərin olduğunu dəqiq deyə bilməyəcəyini, Zeynəbi həmin hadisədən əvvəl görmədiyini, Zeynəbin gecə saat 12 radələrində işlədiyi kafeyə gəldiyini, həmin vaxt həyətdə işçilərin və kafenin müştərilərinin oturduqlarını, Zeynəbin onu Rəşada qısqandığı üçün söyüş söyərək üstünə gəldiyini və onu yerə yıxdığını, həmin vaxt sol qolundan travma aldığını, həyətdə olan şəxslərin gəlib onları araladıqlarını, hadisə yerinə polis işçiləri gəldikdən sonra Dilşad adlı qadının onunla birlikdə polis şöbəsinə getdiklərini, Zeynəbin həmin vaxt orada olan digər şəxslərlə də dalaşdığını, Rəşadı polis maşını ilə şöbəyə apardıqlarını, onun isə Dilşadla birlikdə taksi ilə şöbəyə getdiklərini, onu həmin gün polis şöbəsindən buraxdıqlarını, videogörüntülərin həmin gün çəkildiyini, o, özünü müdafiə edə bilmədiyini, Zeynəbi bakalla vurmadığını, müstəntiqin həmin gün onu çox şantaj etdiyini, özünün zəng edib Zeynəbi kafeyə dəvət etmədiyini, Zeynəblə Rəşadın bir yerdə olması və ayrılması barədə bilmədiyini, həmin gecə özünün sərxoş olmadığını, yay olduğu üçün 1-2 bakal pivə içdiyini, Zeynəbin hamını şərlədiyini, Rəşadla atasının onu Zeynəbin əlindən aldıqlarını, Zeynəb onu qısqandığı üçün gəlib kafedə dava saldığını, özünün pivəni hadisədən xeyli əvvəl içdiyini bildirmişdir. Qeyd olunan ifadə elan olunduqdan sonra proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs özü işdə olarkən zərərçəkmiş şəxsin həmin kafeyə gəldiyini və Zeynəbin orada onu döydüyünü, özünün isə Zeynəbi vurmadığını, o, həmin vaxt bakal götürmədiyini və Zeynəbi vurmadığını, Zeynəb onu yerə yıxandan sonra oraya polis işçilərinin gəldiyini, istintaq zamanı da eyni məzmunlu ifadə verdiyini, 22 yanvar 2024-cü il tarixli protokoldakı imzaların ona məxsus olduğunu, bu hadisə ilə bağlı əvvəlcə Rəşadı tutduqlarını, 7 ay sonra müstəntiqin onu çağırdığını, hadisə günü böyrəyi ağrıdığı üçün özünün iki bakal pivə içdiyini, Zeynəblə əlbəyaxa olduqdan sonra Rəşad, atası və kafedə olan müştərilərin onları aralamağa çalışdıqlarını, həmin vaxt o, yerdə uzanıqlı vəziyyətdə olduğu üçün Zeynəbi kimin vurduğunu görmədiyini, onu hamı İlahə kimi tanıdıqlarını, işin ilkin araşdırmasını təhqiqatçı Rəşadın apardığını, evində uşaqlarından 4000 manat pul istədiklərini, uşaqlarının müstəntiqə vermək üçün 1500 manat pul düzəltdiklərini və həmin pulu da ona verdiklərini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Rəşad Məһərrəmovun kafesində ofisiant işləmişdir və Rəşadla iki il münasibəti olmuşdur. Rəşad onu aldadaraq onunla evlənəcəyini demişdir. İşlədiyi zaman Rəşad onunla ailə quracağını bildirərək verilən pulları özünə götürmüşdür. Sonradan bilmişdir ki, һəmin vaxt Rəşad Gülnarə ilə də bir yerdə olmuş, onunla da yaşamışdır. Hadisə günü Rəşad Məһərrəmov onu kafeyə çağırmış, oraya gedəndə Rəşad onu nalayiq söyüşlərlə söymüşdür. Həmin vaxt Gülnarə kafedə müğənnilik etmişdir. Orada Rəşadla onun arasında mübaһisə düşmüşdür. Gülnarə isə ona qarşı һeç bir şey etməmişdir. Rəşad və onun јanında olan içki məclisində iştirak edən şəxslər onu vurmuşlar. Һəmin vaxt özü Gülnarəyə qarşı acıqlı olmuşdur. Orada Gülnarə ilə də onun söz savaşı olmuşdur. Rəşad özü onu kafeyə çağırmış, özü də orada onu təһqir etmişdir. Kafedə o, Gülnarə ilə də söyüşmüş, bir-birinə əl-qol atmışlar, amma Gülnarə onu bakalla vurmamışdır. Verilən sualları cavablandıran zərərçəkmiş şəxs Zeynəb Çuvarlı istintaq zamanı bu cür ifadə vermədiyini, müstəntiqin yanına gəlib şikayət ərizəsi vermək istədiyini dediyini, lakin müstəntiqin ona iş düşdüyünü deyərək, əvvəlki qaydada ifadə verməli olduğunu bildirdiyini, o, şikayət ərizəsini geri götürüb hadisə necə olubsa, o cür ifadə vermək istədiyini desə də, müstəntiqin buna imkan vermədiyini, özünün hadisə vaxtı Gülnarəyə qarşı əsəbi olduğunu, hadisə zamanı onu vuran şəxsləri tanımadığını, hadisədən qabaq Rəşadla görüntülü danışdıqda Gülnarəni də gördüyünü, onu kafeyə Rəşadın çağırdığını, hadisədən sonra özünün Rəşaddan şikayətçi olduğunu, lakin sonradan müstəntiqin ona Gülnarənin adını yazdırdığını, Rəşadı qısqandığı üçün Gülnarə barəsində də şikayət etdiyini, müstəntiqin yazdıqlarını oxumadan imzaladığını, həmin gün Rəşadla mübahisə etdikdən sonra sonuncunun onu vuraraq itələdiyini, bundan sonra orada olan şəxslərin onun üstünə cumdıqlarını, hadisə zamanı onun başına bakal vurulmadığını, başının əvvəlcədən travmalı olduğunu, hadisə zamanı başına Rəşadın və ətrafındakı şəxslərin vurduqlarını, bakal məsələsini deməyi ona Rəşadın yaxın adamının təklif etdiyini, həmin məsləһəti verən şəxsin adını bilmədiyini, özünün ekspertizadan keçdiyini, ekspertə travma aldığını, başına bakalla vurduqlarını dediyini, lakin Gülnarənin onu pivə bakalı ilə vurmadığını, ona bakalla vurulduğunu deməyi məsləhət görən şəxsin Moskvada yaşadığını, hadisədən sonra müstəntiqə Gülnarə ilə barışdığını deyərək işi bağlamağı xahiş etdiyini, hadisədən sonra özünün DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə iclasında zərərçəkmiş şəxsin əvvəlki məhkəmə tərkibi tərəfindən işə baxılarkən verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Rəşadın kafesində ofisiant işləmiş, onunla münasibəti olmuşdur. Rəşad onunla ailə quracağını deyərək onu aldatmış, ona verilən pulları özünə götürmüşdür. Sonradan bilmişdir ki, Rəşadın Gülnarə ilə də münasibəti var. Rəşad onu döymüşdür, rəşadın ona 1000 manat borcu vardır. O, pulunu istəsə də, Rəşad verməmiş, artıq ondan soyumuşdur. Gülnarə ona zəng edib MTN-də xalası oğlu olduğunu, əgər Rəşada yaxın dursa, onu məhv edəcəyini demişdir. Gülnarə sonra Rəşadın telefonu ilə ona görüntülü zəng edib kafeyə çağırmışdır. O, kafeyə çatan kimi Gülnarə əlində olan bakalı onun başına vurmuş, başından qan axmışdır. Həmin vaxt Rəşad da, orada olan Rəşadgilin adamları da onu döymüşlər. Həmin ifadə verildikdən sonra sualları cavablandıran Zərərçəkmiş şəxs Gülnarəni əvvəllər tanımadığını və Rəşadın həyatında olduğunu bilmədiyini, özünün hadisədən 2-3 ay qabaqdan kafedəki işindən çıxdığını, Rəşada arada zəng edib ona olan borcunu istədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, hadisə baş verərkən gecə saat 12 olduğunu, ayın tarixinin yadında qalmadığını, yaxınlıqdakı «Araz» marketdə olan şəxslərin polisə zəng vurduqlarını, polislə telefonda özünün də danışdığını, özünün Köhnə Günəşlidə yaşadığını, hadisənin isə Yeni Ramanada baş verdiyini, Rəşadla bağlı da şikayət etdiyini, hadisədən sonra həmin gün ekspertə getdiyini, Gülnarənin ona görüntülü zəng edib, Rəşadla birlikdə onun pullarını xərclədiklərini dediyini, kafedə işdən çıxdıqdan sonra pulunu tələb etdiyini, işdən çıxdıqdan sonra Rəşadla başqa münasibəti olmadığını, Gülnarənin onun başından bokalla vurduğunu, başında izi qaldığını, Gülnarə onun müalicəsinə heç bir köməklik etmədiyini, onunla barışmadığını və barışmaq fikrinin olmadığını göstərmişdir. Qeyd olunan ifadə və hazırkı məhkəmə iclasında verdiyi ifadə arasında mövcud olan ziddiyyətlərlə bağlı sualı cavablandıran Zərərçəkmiş şəxs birinci dəfə məhkəməyə gəlib ifadə verərkən Gülnarəyə qarşı əsəbi olduğuna görə o cür ifadə verdiyini, həmin ifadəni təsdiq etmədiyini və hazırkı məhkəmə iclasında verilən ifadəsinin doğru olduğunu, ona qarşı verdiyi şikayəti geri götürdüyünü bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəknıiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2015-ci ildə ailə həyatı qurmuş, 2018-ci ildə isə boşanmışdır. Onun həmin nikahdan 6 yaşında bir oğlan uşağı olmuşdur. Rəşadı təxminən iki ildir ki, tanıyır və onunla aralarında bu hadisəyə kimi həmişə yaxşı münasibət olmuşdur. Belə ki, o, Rəşadla qeyri-rəsmi ərarvad kimi yaşamış və uşağı ilə birlikdə iki ilə yaxın müddət ərzində onunla eyni evdə qalmışdır. Lakin 2022-ci ilin dekabr ayında Rəşadın İlahə adlı bir qadınla münasibəti olduğunu öyrənmiş və buna görə də Rəşaddan ayrılmışdır. Buna baxmayaraq, arada bir bir-biri ilə əlaqə saxlamışlar. 27 iyul 2023-cü il tarixdə təxminən saat 00 radələrində yaşadığı evdə olan zaman Gülnarə onun mobil nömrəsinə zəng edərək onu söyüb təhqir elməyə başlamışdır. O, Gıilnarədən niyə söydüyünü soruşmuş, Gülnarə isə yaxşı edib söydüyünü bildirmiş, onu Rəşadın işlətdiyi Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən "Bizim kafe” adlı kafeyə çağırmış, onunla söhbəti olduğunu demişdir. O da, razılaşmış və Rəşadın kafesinə gəlmişdir. O, kafeyə daxil olub masalardan birində əyləşmişdir. Həmin vaxt Gıılnarə Rəşadın yanında dayanmışdır. Bu vaxt qəflətən Gülnarə heç nə demədən onun üstünə cumaraq əlində olan pivə bakalı ilə onun başından vurmuş və onu söyüb təhqir etməyə başlamışdır. O, yerə yıxılmış və Rəşad da ona yaxınlaşıb saçından tutub yerə yıxaraq sürüməyə başlamışdır. Yerdə olan zaman Rəşad və İlahə onu əl-ayaqları ilə vuraraq döyməyə davam etmişlər. O, qarşılıq verə bilməmiş və aldığı zərbələrdən halsızlaşmışdır. Bu vaxt polisə zəng edib məlumat verəcəyini bildirmiş, bunu eşitdikdə Rəşad və Gülnarə geri çəkilmişlər. O, fürsətdən istifadə edərək DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir azdan polis əməkdaşları hadisə yerinə gəlmiş və o, hadisə barədə onlara məlumat vermişdir. Sonra isə Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək hadisə barədə ərizə və izahat yazmışdır (cild 1, iş vərəqi 41-43). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanyır. Bundan əvvəl keçirilən məhkəmə iclasında ifadə vermiş və həmin ifadəni təsdiq edir. Onu deyə bilər ki, hadisə zamanı Zeynəb Gülnarəni döyüb saçını yolmuş və dırnağını qoparmışdır. Sualları cavablandıran Şahid1 bildirdi ki, Gülnarə onun atasına məxsus kafedə işləmişdir. Onun Zeynəblə əvvəllər yaxın münasibəti olmuş, hadisə vaxtı münasibətləri olmamışdır. Gülnarə ilə isə onun yaxın münasibəti olmamışdır. Hadisə baş verən gün Zeynəb içkili halda kafeyə gəlmiş, Gülnarənin saçından tutub yerə yıxmışdır. Həmin vaxt kafedə bir neçə müştəri, kafenin işçiləri və atası olmuşlar. Zeynəblə Gülnarənin arasında dava olmuş və onları 3-4 saniyə içində ayırmışlar. Həmin vaxt Gülnarənin əlində bakal olmamış və o, Zeynəbi bakalla vurmamışdır. Әksinə, hadisə nəticəsində Gülnarənin dırnaqları qopmuşdur. Məhkəmədə həmçinin Şahid1 əvvəlki məhkəmə tərkibi tərəfindən işə baxılarkən verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, o, Gülnarəni və Zeynəbi tanıyır. Gülnarə onun işlədiyi kafedə müğənni kimi fəaliyyət göstərmişdir. Onun Zeynəb ilə bir müddət əvvəl aralarında yaxın münasibət olmuş, lakin hadisə baş verdiyi ərəfədə heç bir əlaqələri olmamışdır. Hadisə baş verdiyi gün dostu ona telefonla zəng etmiş, həmin vaxt Zeynəb də dostunun kafesində olmuşdur. Dostu ilə danışıqdan Zeynəb öyrənmişdir ki, Gülnarə onun işlədiyi kafedə müğənnidir. Buna görə Zeynəb Gülnarəyə görə onu qısqanaraq kafeyə gəlmişdir. Zeynəb kafeyə girən kimi Gülnarənin üzərinə hücum edərək onun saçlarını yolmuş və yerə yıxmışdır. Onlar dalaşmağa başlamışlar. Daha sonra polis əməkdaşları gəlmiş və onları polis bölməsinə aparmışlar. Şahid1 əlavə olaraq bildirmişdir ki, məhkəməyə daxil olmuş müraciəti o, dostunun təklifi və köməyi ilə yazmışdır. Onun əvvəllər də Zərərçəkmiş şəxs ilə sevgili kimi münasibəti olmuşdur, Zeynəb arabir onun evində qalmışdır. Sonradan Zeynəblə uyğun olmadığını başa düşmüş və 2-3 ay sonra ayrılmışlar. Çünki Zeynəb artıq doğru davranmamış, narkotik vasitə qəbul etmiş, telefonda polis işçiləri ilə çox danışmış, hər gün polislərlə gecə müxtəlif yerə gedəcəklərini bildirmiş və tüfeyli həyat keçirmişdir. Bundan sonra o, Zeynəbdən uzaqlaşmış, Zeynəbin anasına qızının onun yanına gəlməməsini yazıb xahiş etmişdir. Belə ki, Zeynəb gecə saat 2-3 radələrində onun evinə gəlib qapını döymüş, onu narahat etmişdir. 2-3 gün sonra dostu ona zəng edərək harada olduğunu soruşmuş, həmin vaxt Zeynəb də dostunun kafesində olmuşdur. Səhərisi gün Zeynəb kafeyə gəlib söyüş söyərək basqın eləmiş, Gülnarə xanımla dalaşmışdır. 3-5 saniyəlik davadan sonra onları ayırmışlar, sonradan Gülnarənin qoyulma dırnaqlarının qopmasını görmüşdür. Həmin gecə baş verən hadisəyə dair onda videogörüntülər də vardır. Sonradan onları 31-ci Polis Bölməsinə aparmışlar. Zeynəb bütün gün içmiş, onun işləməyinə də mane olmuşdur. Onun Gülnarə ilə hər hansı yaxınlığı olmamış, lakin Zeynəb onu Təqsirləndirilən şəxs qısqanmışdır. Zeynəb mütəmadi olaraq ya dostunun kafesində, ya da digər kafedə oturaraq onu güdmüş, onu bloka atsa da, tez-tez ona zəng etmişdir. Zeynəb Gülnarənin saçından tutub yerə yıxmışdır. Zeynəbin özünə heç nə olmamış, onda buna dair videogörüntü də vardır. Zeynəbə nə bokalla vurulma, nə də digər zərərvurma hallar olmamışdır. Sualları cavablandıran Şahid1 bəhs etdiyi videogörüntülərdə mübahisə ilə bağlı görüntülərin də olduğunu, həmin videonu özünün çəkdiyini, əvvəlki iclasda həmin görüntüləri təqdim etməməyinə səbəb ona bu barədə icazə verilməməsi olduğunu, Zərərçəkmiş şəxs kafedə bu cür hərəkətlərinin ilk dəfə olmadığını, bundan öncə də üçdörd dəfə belə hərəkətləri olduğunu və atasının onu sərxoş vəziyyətdə kafedən çıxardığını, Zeynəbin heç yerdə işləməyərək tüfeyli həyat keçirdiyini, dəfələrlə onun və Gülnarə kimi adamları şərləyərək onları narahat edib pul aldığını, əvvəllər də buna bənzər hadisələr olanda polisə şikayət etdiyini, Zeynəbin polislərin yaxın adamı olduğunu, birlikdə olmayacaqları təqdirdə, onu da “ilişdirəcəyini” deyərək hədə-qorxu gəldiyini, sadəcə Zeynəbin ondan uzaq durmasını istədiyini, Zərərçəkmiş şəxs səhhəti ilə əlaqədar çəkilən xərclərin əvəzinin ödənilməsi üçün ondan da pul tələb etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 53-56). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi zaman o, kafedə içəri otaqda olmuş, bu vaxt çöldən qadın səslərinin gəldiyini eşitmişdir. Nə baş verdiyini bilmək üçün çölə çıxanda Gülnarə ilə Zeynəbin dalaşdıqlarını görmüşdür. İlk öncə Zeynəb Gülnarənin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onların arasında mübahisə yaranmışdır. Hadisəyə müdaxilə etmək üçün Gülnarə ilə Zeynəbi birbirindən ayırmağa çalışmışlar. Sonra Zeynəb kənara çəkilərək polisə zəng etmiş və onlara “Məni öldürürlər” deyib qışqırmağa başlamışdır. Daha sonra polis əməkdaşları kafeyə gəlib Gülnarə ilə Zeynəbi polis bölməsinə aparmışlar. Sualları cavablandıran Şahid4 «Bizim kafe» adlı kafni özünün işlətdiyini, hadisə günü o, kafedə içəri otaqlardan birində olanda çöldən qışqırıq səslərini eşitdiyini və çölə çıxanda Gülnarə ilə Zeynəbin dalaşdıqlarını gördüyünü, onları bir təhər araladıqdan sonra Zeynəbin kənara qaçdığını, paltarının sinə hissəsini açaraq qışqırmağa başladığını, daha sonra telefonla polisə zəng edib məlumat verdiyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Zeynəbin Gülnarəni yerə yıxdığını, Gülnarənin Zeynəbi küt alətlə vurmadığını, lakin saçyoldusuna çıxdıqlarını, Gülnarənin Zeynəbin başına bakalla və yaxud başqa əşya ilə vurduğunu görmədiyini bildirdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 hadisə baş verən vaxt «Bizim kafe» adlı kafedə müvafiq olaraq ofisiant və xadimə işlədiklərini, kafedə müğənni kimi fəaliyyət göstərən Gülnarə ilə Zeynəb adlı qadın arasında dava baş verdiyini, sonuncunun Gülnarənin saçlarından tutaraq yerə yıxdığını, Gülnarənin də eyni qaydada Zeynəbə qarşılıq verdiyini, bu zaman hətta Gülnarənin dırnaqlarının da yerindən qopduğunu, lakin sonuncunun Zeynəbin başına bokalla vurmasını görmədiklərini bildirərək, Şahid4 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, hadisə günü o, davanın baş verdiyi kafeyə müştəri qismində gəlmişdir. Orada olduğu müddətdə sonradan adını bildiyi Zeynəb adlı qadın kafeyə gəlib Gülnarə adlı müğənninin saçından tutub sürüməyə başlamışdır. Gülnarə də Zeynəbin bu hücumuna qarşılıq vermiş və onlar dava etmişlər. O da, orada olan digər şəxslər kimi onları ayırmağa çalışmışdır. Qadınların davası 2-3 dəqiqə çəkmiş, 5-10 dəqiqə sonra polis işçiləri kafeyə gələrək dava edən şəxsləri polis bölməsinə aparmışlar. Mübahisə zamanı Gülnarənin əlində bakal olmamış, onun Zeynəbi bakalla vurmasını görməmişdir. Zeynəbin Gülnarəyə qarşı çox aqressiv olduğunu, nalayiq hərəkətlər etdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid7 hadisə baş verən vaxt «Bizim kafe» adlı kafedə müştəri qismində olduqlarını, orada yemək yeyib pivə içdiklərini, bu zaman sonradan adlarını bildikləri Gülnarə ilə Zeynəb adlı qadınlar arasında dava baş verdiyini, sonuncunun Gülnarənin saçlarından tutaraq yerə yıxdığını, Gülnarənin də eyni qaydada Zeynəbə qarşılıq verdiyini, bu zaman hətta Gülnarənin dırnaqlarının da yerindən qopduğunu, lakin sonuncunun Zeynəbin başına bakalla və ya başqa əşya ilə vurmadığını bildirərək, Şahid3 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmədə tədqiq olunmuş ekspert rəyi ilə əlaqədar dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X8 Suraxanı rayon şöbəsinin məhkəmə-tibb eksperti X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 28 iyul 2023-cü ildə aldığı xəsarətlərlə bağlı onlara müraciət etmiş, o, şəxsin bədən səthinə baxmış, kafedə bir şəxs tərəfindən vurulduğunu bildirmişdir. Bədənin müxtəlif hissələrində qançır və sıyrıq olmuşdur. Həmçinin müayinə vaxtı başın sağ gicğah təpə nahiyəsində şişkinlik müşahidə olunmuşdur. Ondan şikayətinin nə olduğunu soruşduqda, baş ağırıları olduğunu bildirmiş, başqa problemləri olmadığını demişdir. Bundan sonra onu nevropatoloqun müayinəsinə, oradan isə neyrocərrahiyyə xəstəxanasına göndərilmişdir. Orada neyrocərrahlar Zərərçəkmiş şəxs tomoqrafiyadan keçirmiş, sonda həmin sənədlər də onlara daxil olmuşdur. O, həmin sənədlərə baxanda sağ gicgah nahiyəsində xətti sınıq olduğunu görmüş, bu da ki, ağır xəsarət hesab olunur. Onlar tomoqrafiyanın cavabını mütəxəssislərə göndərmiş, orada da şəffaf xətti sınığı təsdiqləmişlər. Buna görə də o, rəyin nəticə hissəsində yetirilmiş xəsarətin ağır xəsarət olduğunu qeyd etmişdir. Başın sağ təpə gicgah hissəsinin sınığı ağır xəsarət, başın yüngül dərəcədə əzilməsi və sağ gicgah təpə nahiyəsinin yumşaq toxumasının qançırı isə sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilir. Zərərçəkmişin başının sol gicgah hissəsində sümük deffekti də olmuş, lakin onun yeni xəsarətlərə aidiyyəti olmamış, onlar köhnə xəsarətlər olmuşdur. Sümük deffekti o deməkdir ki, həmin hissədə sümük yoxdur, orada əməliyyat olunmuş və həmin hissədən sümük çıxarılmışdır. X9 həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs ekspertizaya gələndə ona 28 iyul 2023-cü il tarixdə kafedə əvvəlcədən tanıdığı İlahə və Rəşad adlı şəxslərin pivə bakalı ilə vurub xəsarət yetirdiklərini bildirmişdir. Şəxsin həmin xəsarəti özü-özünə yetirməsi inkar olunur, çünki həmin vaxt aldığı xəsarətlər çox olmuşdur. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 653 saylı rəyinə əsasən, vət. Zərərçəkmiş şəxs baş beyinin yüngül dərəcəli əzilməsi və başın sağ gicgah təpə nahiyəsinin yumşaq toxumasının qançırı ilə müşaiyət olunan sağ gicgah sümüyünün daşlıq hissəsinin xətti sınığı, sağ körpücüküstü nahiyənin, sağ kürəküsıü nahiyənin, sol dirsək oynağının arxa səthinin, sol mil-bilək oynağının arxa səthinin, hər iki diz oynağının ön səthinin sıyrıqları, sağ almacıq nahiyəsinin, sol çənəaltı nahiyənin, sol kürəküstü nahiyənin və sağ əlin V barmağının dırnaq falanqasının qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və özünün deıliyi şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasma görə həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur (cild 1, iş vərəqi 21-23). Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1/2895 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur (cild 1, iş vərəqi 16). Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Әməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında X1 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 188). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədi və öz müdafiəsi üçün dəlillər gətirərək, 10 ildir mügənnilik edərək balalarını dolandırdığını, 28 iyul 2023-cü il tarixdə gecə saatlarında «Bizim kafe» adlı kafedə işdə olarkən tanımadığı Zeynəb adlı bir qadının gəlib ona qarşı hücum etdiyini və onu yerə yıxıb döydüyünü, kafenin həyətində olan adamların onu həmin qadının əlindən aldıqlarını, həmin vaxt dırnağının yerindən çıxdığını, Zeynəbi bokalla vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini, həmin gün özünün zəng edib Zeynəbi kafeyə çağırmadığını, hadisədən sonra polis bölməsinə aparıldığını və izahatının alınıb buraxıldığını, sonradan həmin qadının əvvəllər kafeni işlədən Rəşadla sevgili olduğunu və onu da şərlədiyini bildiyini, polis işçilərinin bu hadisədən sonra 2024cü ilin yanvar ayına qədər, yəni 6 ay ona zəng etmədiklərini, sonradan törətmədiyi cinayətə görə müstəntiq tərəfindən məsuliyyətə cəlb edildiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs gətirdiyi dəlillər yoxlanılmış, həmçinin müdafiə tərəfi vəsatətlər qaldıraraq, zərərçəkmiş şəxsə məxsus səs yazıları və videogörüntülər olan diskləri məhkəməyə təqdim etmiş, həmin sübutlar da məhkəmə iclasında tədqiq olunmuşdur. Belə ki, üzərində «Səs yazısı» sözləri olan diskdə 3 ədəd fayllarda bir kişi ilə qadının arasında olan telefon danışıqlarının qeydə alındığı, həmin səs yazısının və videoçəkilişin hazırkı iş üzrə Şahid1 tərəfindən həyata keçirildiyi, sonuncunun qeyd olunan danışıqları Zərərçəkmiş şəxs ilə apardığı, danışıqlarda zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə dalaşmasını, ondan başqa da digər şəxslərlə dava etməsi ilə bağlı polis orqanlarında araşdırmalar getdiyini etiraf etməsi müəyyən olunur. Digər faylda isə Zərərçəkmiş şəxs «Bizim kafe» adlı kafeyə gəlib Şahid1la mübahisə etməsinin videogörüntüləri mövcuddur. Şahid1 məhkəmədə ifadə verərkən videogörüntülərin onunla Zərərçəkmiş şəxs arasında olan mübahisə ilə bağlı olduğunu, həmin videonu özünün çəkdiyini, Zərərçəkmiş şəxs kafedə bu cür hərəkətlərinin ilk dəfə olmadığını, bundan öncə də üç-dörd dəfə belə hərəkətləri olduğunu və atasının Zeynəbi sərxoş vəziyyətdə kafedən çıxardığını, Zeynəbin heç yerdə işləməyərək tüfeyli həyat keçirdiyini, dəfələrlə onu və Gülnarə kimi adamları şərləyərək onları narahat edib pul aldığını, əvvəllər də buna bənzər hadisələr olanda polisə şikayət etdiyini, Zeynəbin polislərin yaxın adamı olduğunu, birlikdə olmayacaqları təqdirdə, onu da “ilişdirəcəyini” deyərək hədə-qorxu gəldiyini bildirmişdir. Gizli şəkildə qeydə alınmış danışıqların məzmunundan da aydın olur ki, Zərərçəkmiş şəxs özünün əvvəllər avtoqəza keçirərək başından ciddi xəsarət aldığını, bundan sonra psixi pozğunluqları yarandığını, Təqsirləndirilən şəxs ilə aralarında olan davanın qısqanclıq zəminində baş verdiyini, bu zaman onun başına pivə bakalı ilə hər hansı zərbə vurulmadığını, əvvəllər də ayrı-ayrı şəxslərlə aralarında baş vermiş dava-dalaşla bağlı müxtəlif polis bölmələrinə müraciət etdiyini etiraf edir. Üzərində «Gülnarə barışıq» sözləri olan diskə isə 1 ədəd fayl yerləşdirilmişdir. Həmin fayla məhkəmədə baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs videoçəkiliş zamanı Təqsirləndirilən şəxs ilə dalaşsa da, onun başına pivə bakalı ilə vurmadığını qeyd edərək, hazırda sonuncu ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirir. Həmçinin qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verdikdən sonra analoji məzmunlu ərizəsini məhkəməyə də təqdim etmişdir. Zərərçəkmiş şəxsin əvvəllər də ayrı-ayrı şəxslərlə aralarında baş vermiş davadalaşla bağlı müxtəlif polis bölmələrinə müraciət edib-etməməsi, həmçinin sonuncu hadisəyə qədər kəllə-beyin travması alıb-almaması ilə əlaqədar halların yoxlanılması məqsədilə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən müvafiq sorğular verilərək cavablar alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya verilmiş xx.xx.2025-ci il tarixli 3-28-29/2- 5347/2025 saylı məktubdan görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs arxiv məlumatına görə xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə “kəskin psixiatrik hal suisidial cəhdlə” diaqnozu ilə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. Tibbi sənədlərdə olan qeydlərə görə, Zərərçəkmiş şəxs hələ orta məktəbin 4-ci sinfində oxuyarkən yıxılaraq kəllə-beyin travması almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4» Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya verilmiş xx.xx.2025-ci il tarixli 3-28-28/2- 165/2025 saylı məktubdan görünür ki, 1999-cu il təvəllüdlü Cuvarlı X3 RPİ, 30-cu Polis şöbəsinin təhqiqatçısının qərarı əsasında xx.xx.2022-ci il tarixdə “MTE və PAB” PHŞ-in Suraxanı rayon şöbəsində məhkəmə-tibbi ekspertizadan keçmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli 1161 saylı rəy tərtib olunmuş, rəyə əsasən ekspertiza zamanı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Hövsan qəsəbəsində R.Şahsuvarov küçəsində Rahib adlı şəxsin onu sinəsindən itələdiyini, bu vaxt başının taxta qapıya dəydiyini bildirmişdir. Ekspertin gəldiyi nəticəyə görə, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 1261 saylı raportdan görünür ki, Zərərçəkmiş şəxs həmin gün saat 00:38-də DİN-nin 102 xidmətinə zəng edərək qeyri-rəsmi münasibətdə olduğu Rəşad adlı şəxsin onu təhqir etməsi səbəbi ilə ya onu, ya da özünü öldürəcəyini bildirmişdir. Yəni polis orqanına etdiyi ilkin müraciətində Zərərçəkmiş şəxs başına pivə bakalı ilə vurulması və ona xəsarət yetirilməsi ilə bağlı heç nə deməmiş, ilkin izahatında və istintaqa verdiyi ifadəsində onu Şahid1 yerə yıxaraq əl və ayaqları ilə vurub döydüyünü, həmçinin Təqsirləndirilən şəxs pivə bakalı ilə başından vurduğunu bildirmişdir. Yuxarıda sadalanan və müdafiə tərəfinin vəsatəti əsasında işə əlavə edilmiş sübutların tədqiqi məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Zərərçəkmiş şəxs özündən uydurmaq bacarığına malik, mübahisəyə və davaya meylli şəxs kimi xarakterizə edilməlidir. İş materiallarından görünür ki, hadisənin 28 iyul 2023-cü il tarixdə baş verməsinə və 29 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ağır xəsarət almasına dair rəy verilməsinə baxmayaraq, cinayət işi 13 sentyabr 2023-cü il tarixdə başlamış, 23 sentyabr 2023-cü ildə Şahid1 şübhəli şəxs qismində tutularaq 25 sentyabr 2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Həmin tarixdə Şahid1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. 21 oktyabr 2023-cü il tarixdə Şahid1 barəsində cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs isə yalnız bir nəfər zərərçəkmiş şəxsin ifadəsinə əsasən hadisədən təxminən 6 ay keçəndən sonra Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı hadisənin bilavasitə şahidləri olan kafenin işçiləri Şahid4, Şahid1, Şahid5 və Şahid6, həmçinin kafedə olan müştərilər Şahid3, Şahid2 və Şahid7 dindirilmiş, onlar kafedə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dava baş verdiyini, Zeynəbin hücum çəkərək Gülnarənin üstünə getdiyini, saçlarından tutub yerə yıxdığını təsdiq etmiş, lakin onların hamısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına bakalla və ya başqa əşya ilə vurduğunu inkar etmişlər. Qeyd edilməlidir ki, adları çəkilən şahidlərdən Şahid1, Şahid4, Şahid3 və Şahid2 ibtidai istintaq zamanı dindirilərkən də oxşar məzmunlu ifadələr verərək, Gülnarənin bakalla və ya başqa əşya ilə Zeynəbin başına vurmadığını bildirmişlər. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs «əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı pivə bakalı ilə qəsdən bir neçə dəfə vuraraq» sonuncuya ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə ittihamda göstərilən həmin hallarla bağlı qeyd etməyi lazım bilir ki, həmin hadisə baş verən ana qədər təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs bir-birini ümumiyyətlə tanımamış, hadisə zamanı onların arasında hər hansı münaqişə yaranmamış, Zərərçəkmiş şəxs əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Şahid1 Təqsirləndirilən şəxs ilə yaxınlıq etməsini eşidib, sonuncunun üzərinə hücum çəkmiş və saçlarından tutub yerə yıxaraq qarşılıqlı şəkildə dalaşmışlar. Təqsirləndirilən şəxsin həm müstəntiqə, həm də məhkəməyə təqdim etdiyi səs yazılarından, şəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs özü də müxtəlif xəsarətlər almışdır. Bütün bunlara baxmayaraq, istintaq orqanı zərərçəkmiş şəxsin yalnız ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələrini əsas götürərək, Təqsirləndirilən şəxs ağır cinayət törədilməsi ilə bağlı ittiham vermişdir. Məhkəmə baxışı zamanı isə Zərərçəkmiş şəxs istintaqda verdiyi həmin ifadələrini inkar etmiş, onun başına təqsirləndirilən şəxs tərəfindən bakalla və ya hər hansı başqa əşya ilə zərbə vurulmadığını bildirmiş, beləliklə, hazırkı halda cinayət işində Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirini təsdiq edən hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəllsinin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Hazırkı iş üzrə ittiham və müdafiə tərəflərinin təqdim etdikləri bütün sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq, cinayət və cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə şəxsə verilmiş ittiham ehtimallar üzərində qurulmuşdur. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, iş üzrə məhkəmə baxışının nəticələrindən və işin faktiki hallarından da görünür ki, təqsirləndirilən şəxsə qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun haqqında cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, məhkumluq, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələlərin məhkəmə hökmündə müzakirəsi istisna təşkil edir. Cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, 01 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin istintaqın çağırışına gəlmədiyi üçün həmin tarixdə barəsində axtarış elan edilmişdir. 22 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona ittiham elan edilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbırinin seçilməsindən imtina edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 28 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması faktı üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Suraxanı rayon prokuroruna göndərilməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 344-347, 348.3, 349-350, 352-353, 356-358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 28 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması faktı üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Suraxanı rayon prokuroruna göndərilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar