Məhkəmə qərarları › İş №1(101)-235/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-235/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-235/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, qanuni nümayəndə: Qanuni nümayəndə iştirakı ilə xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, Füzuli küçəsi, ev 76, mənzil 38, 39, 40-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2, ev 15A-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Deda» adlı şəxsə narkotik vasitə heroin almaq məqsədi ilə 700 manat pul göndərdikdən sonra sonuncunun istintaqla müəyyən edilmədiyi qaydada Bakı şəhəri Yasamal rayonu, Asan Xidmət Mərkəzinin arxa hissəsində olan ərazidə yerləşdirdiyi külli miqdarda 1005 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 5,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən 29 iyun 2022-ci il tarixdə satış məqsədi ilə, qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamış, həmin günü saat 01:00 dəqiqədə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 1 ünvanının qarşısında idarə etdiyi Toyota Prius markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobildə olduğu zaman saxlanılıb Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi Toyota Prius markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçiriən zaman sağ ön oturacağın arxa saxlanc yerindən bir ədəd bükümdə 1005 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ön oturacaqların arasında olan saxlanc yerindən üzərində heroin izləri olan 01 ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. 24 fevral 2022-ci il tarixdə Bakıya qayıdıb dayısının yanında işləməyə başlamışdır. Hepatit, astma və şizofreniya kimi xəstəliklərdən əziyyət çəkir, 2-ci qrup əlildir və buna görə pensiya alır. Xəstəliyi ilə əlaqədar onu heç bir yerdə rəsmi işə götürməmişlər. Əvvəllər təxminən 10 il narkotik vasitələrdən istifadə etmiş, sonralar istifadə etməmişdir. Əsasən qonaqlıq və ziyafətlərdə marixuana çəkmiş, bəzən isə gündə 1-2 dəfə istifadə etmişdir. Gənc vaxtlarında isə gündəlik heroindən və metadon həblərindən istifadə etmişdir. 28 iyun 2022-ci il tarixdə, saat 00 radələrində Yasamal rayonunda «ASAN» xidmət mərkəzinin yanında dayısı oğlu ilə birlikdə avtomobillə gedərkən qəfildən başqa bir avtomobil onların yanında saxlamış, bir neçə nəfər avtomobildən düşüb ona hücum etmişlər. Adam oğurlayırlarmış kimi onu 28-ci polis bölməsinə aparmışlar. Bölmədə xidməti otaqlardan birində onu dayanmadan döyüb, fiziki və psixi təzyiq göstərib, hədələmişlər. Daha sonra onu bölmənin həyətinə gətirib, avtomobilində külli miqdarda narkotik vasitə olduğunu bildirərək maşının qabaq oturacağı tərəfdəki saxlanc yerində olan narkotik vasitəni götürməsini istəmişlər. O, etiraz edərək narkotik vasitənin ona məxsus olmadığı bildirmişdir. Videoçəkiliş aparılmış, lakin sonradan həmin videonu silərək istintaq materiallarına əlavə etməmişlər. Həmin vaxtı əynində yaşıl rəngli köynək olmuşdur. Polis əməkdaşlarının sayı təxminən 20-30 nəfər olmuşdur. 29 iyun 2022-ci il tarixdə günorta saatlarında onu Yasamal rayon məhkəməsinə aparmışlar. Barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasına hakim Hüseyn Səfərov baxmışdır. Hakim ondan elan edilmiş ittihamın mahiyyətini başa düşüb-düşmədiyini soruşmuş və istintaq hərəkətlərində tərcüməçi olmadığına görə barəsində qətimkan tədbiri seçilməmişdir. Daha sonra onu Yasamal rayon prokurorluğuna, prokurorun müavinin qəbuluna aparmışlar, lakin ona tərcüməçinin iştirakı olmadan barəsində qətimkan tədbirinin seçilməsinin mümkün olmadığı bildirilmişdir. Təxminən yarım saat prokurorluqda qaldıqdan sonra onu yenidən MSY-ə gətirmişlər. Polis əməkdaşları onu döyərkən köynəyi cırılmış və ona qara rəngli köynək vermişlər. Daha sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2 avqust 2022-ci il tarixə keçən gecə cibinə bir büküm marixuana qoyulmuş və tərcüməçinin iştirakı ilə videoçəkiliş aparılmışdır. Xidməti otaqlardan birində ona yenidən işgəncə verilmiş, narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələmişlər. Həmin gün üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkiliş zamanı müdafiəçisi də yanında olmuşdur Bakı İstintaq Təcridxanasına yerləşdirildikdən sonra ağzını tikərək oturmuşdur. İbtidai istintaq zamanı 5 dəfə barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılmış, 3 dəfə müstəntiq dəyişilmiş və heç bir üzləşdirmə aparılmamışdır. Ona fiziki zorakılıq göstərən və cibinə narkotik vasitə qoyan Nəsimi adında polis əməkdaşı olmuşdur. Müdafiəçi Toğrul Şimiyevə məruz qaldığı haqsızlıqlar barədə məlumat vermişdir. Qanunsuz olaraq saxlanılmağı, 1 ilə yaxın müddət ərzində həbsdə qalması nəticəsində o, ruhi xəstəliyə düçar olmaq vəziyyətinə gəlib çatmışdır. Fiziki zorakılığa məruz qalması ilə bağlı prokurorluğa şikayət etmiş, Səyyad adlı prokuror yanına gəlmişdir. Ona fiziki zorakılıq göstərən polislərin adları Nəsimi, Anar və Mamed olmuşdur. İstintaq təcridxanasına qəbul edilərkən fiziki zorakılığa məruz qalması barədə həkimə məlumat vermişdir. İbtidai istintaq zamanı müstəntiq ondan ifadə almamış, adından yazılan ifadələrə də imza etməmişdir. Üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitə ona məxsus deyil, onda sadəcə siqaret qutusunun içində bir ədəd siqaretə doldurulmuş marixuana olmuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Yasamal RPİ-nin 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, raportla rəhbərliyə məruzə edildikdən sonra ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə Yasamal rayonu ASAN Xidmət mərkəzinin yanında saxlanılmış və bölməyə dəvət edilmişdir. Bölmədə inzibati otaqların birində sonuncunun üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd salfet kəsiyinə bükülmüş şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, baxış zamanı bükümün içərisində ot şəkilli, yaşıl rəngli kütlə olan narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri 700 manat müqabilində İran vətəndaşından aldığını, pulu onun kartına köçürdüyünü və maşınında da narkotik vasitə olduğunu bildirmişdir. Odur ki, bölmənin həyətində sonuncunun avtomobilinə də baxış keçirilmiş və maşından da narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs İran vətəndaşının narkotik vasitələrin şəklini və yerini onun telefonuna «Whatsapp» mobil tətbiqi vasitəsi ilə göndərdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı formada fiziki və ya psixi təsir, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Sonuncu 2-ci qrup şizofreniya xəstəliyindən əziyyət çəkir. Digər oğlu X3 və həyat yoldaşı X4 isə 1-ci qrup şizofreniya xəstəliyindən əziyyət çəkirlər. Xəstəlik irsidir, nəsildən nəsilə keçir. Fikrət uşaqlıqdan xəstədir, Maştağada yerləşən psixiatriya xəstəxanasında və başqa xəstəxanalarda müalicə almşdır. Fikrət təxminən 15-16 yaşlarında ailəsindən xəbərsiz evdən qaçaraq 15 ildən çox Rusiya Federasiyasının Moskva şəhərində yaşamış, orada bir qadınla evlənmiş və ondan bir uşağı olmuşdur. Hadisədən təxminən 3 ay əvvəl Fikrət ölkəyə qayıtmışdır. Oğlunun sürücülük vəsiqəsi olmuş və avtomobil idarə etmişdir. Oğlunun saxlanılmasınan 3 gün sonra xəbər tutmuşdur. Polis əməkdaşları oğlunun saxlanıldığı barədə ailə üzvlərinə məlumat verməmişdir. Həmin vaxt həyat yoldaşı oğlunun saxlanıldığı 28-ci PB-nə getmiş və polislərə oğlunun xəstə olduğunu bildirmişdir. Lakin polis əməkdaşları həyat yoldaşının oğlu ilə görüşməsinə icazə verməmişdir. Oğlunu müdafiəçi və tərcüməçi ilə də təmin etməmişdirlər. Polislər oğlunu möhkəm döymüş, elektrik cərəyanı ilə işgəncə vermiş və ədəbsiz zorakılığa məruz qalmış bir şəxsin videosunu göstərərək ona da eyni şəkildə zorakılıq göstərəcəklərini, ailə üzvlərini və uşağını zorlayaraq videoya çəkib həmin videonu internetə qoymaqla, evinə 1 kq narkotik vasitə qoyaraq atasını və qardaşını da cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələmişlər. Oğlu polis əməkdaşlarının fiziki zorakılığı və ədəbsiz hədə-qorxusu nəticəsində onların dediyini etməyə məcbur qalmışdır. X8 Federasiyasından hadisədən 3 ay əvvəl qayıtmışdır, onun İran İslam Respublikasının hər hansı vətəndaşı ilə cinayət əlaqəsinə girməsi, narkotik vasitə əldə etməsi qeyri-mümkündür. Oğlunun cinayət işinin ibtidai istintaqı zamanı 3 dəfə müstəntiq dəyişmiş, hətta Sərxan adlı müstəntiq onlardan 700 manat məbləğində rüşvət almışdır. İstintaq təcridxanalarından daxil olmuş məktubların məzmunu düzgün deyil. Oğlu həqiqətən polis əməkdaşları tərəfindən döyülmüş, lakin onun xəsarətləri istintaq təcridxanasında qeydə alınmamışdır. Oğlunu görmək üçün Bakı İstintaq Təcridxanasına getmiş, təcridxanada olarkən oğlunun bədənində qara ləkələr, izlər olduğunu görmüşdür. Oğlunun dediyinə görə polislər ona elektrik cərəyanı ilə işgəncə vermişlər. İşin 1-ci cildinin 31-32-ci vərəqlərindəki 29 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan, həmçinin protokola əlavə edilmiş videomateriallardan görünür ki, həmin tarixdə saat 02:30-da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli salfetin içərisində şəffaf sellofana bükülmüş vəziyyətdə deməsinə görə İran İslam Respublikasının vətəndaşından əldə etdiyi marixuana kütləsi aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 35-36-cı vərəqlərindəki 29 iyun 2022-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə protokolundan, həmçinin protokola əlavə edilmiş videomateriallardan görünür ki, həmin tarixdə saat 03:10-da Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağının arxa hissəsindən sellofana bükülmüş deməsinə görə içərisində «kakos» adlandırılan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Hər iki qeyd olunan protokola əlavə edilmiş DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarından saxlanılır. İşin 1-ci cildinin 43-cü vərəqindəki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı ilə Yasamal Rayon Polis İdarəsinin 28-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 28 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşin 1-ci cildinin 44-49-cu vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 29 iyun 2022-ci il tarixli 6/3602 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №167» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş kütlə» yazısı, imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1005 qram (1 kq 5 qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəs heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №167» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş tərəzi» yazısı və imzalar olan paketdəki üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd; heroinin təmiz çəkisi 1005 qram, sərf edildi 0,2 qram, qalıq 1004,8 qram. İşin 1-ci cildinin 50-53-cü vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 7/704 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə» yazılan zərfdə bir ədəd salfet kəsiyinə sarınmış şəffaf sellofan bükümündə təmiz çəkisi 5,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: Marixuananın təmiz çəkisi 5,10 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,05 qram, qalıq - 5,05 qram. İşin 1-ci cildinin 126-130-cu vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 15 avqust 2022-ci il tarixli 2183 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Şizofreniya, remissiya vəziyyətində müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Belə ki, həmin dövrdə onda müəyyən edilmiş psixi xəstəlik remissiya vəziyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən Şizofreniya diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 173-177-ci vərəqlərindəki təkrar ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 dekabr 2022-ci il tarixli 3244 saylı rəyindən görünür ki, şəxsin əvvəllər «Şizofreniya psixopatabənzər forma, natamam remissiya halı» diaqnozu ilə 1998-ci ildən psixiatrik xəstəxanalarda stasionar müalicə alması, xəstəliyi ilə əlaqədar əvvəllər məcburi müalicədə olması və aqressiv olduğundan suallara cavab verməməsi nəzərə alınaraq barəsində istintaqın ekspert qarşısında qoyduğu suallara ambulator şəraitdə cavab vermək bir qədər çətinlik törətdiyi üçün Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizasına göndərilməsi zəruridir. İşin 2-ci cildinin 11-16-cı vərəqlərindəki stasionar məhkəmə psixiatrik ekspertizasının 27 yanvar 2023-cü il tarixli 10 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid Şizofreniya» xəstəliyindən əziyyət çəkmişdir. Həmin dövrdə xəstəliyin gedişində kəskinləşmə olmuşdur. Nəticədə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid Şizofreniya» xəstəliyin gedişində kəskinləşmə olması nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki müayinəsi zamanı onun əziyyət çəkdiyi xroniki-psixi xəstəlik hesab olunan paranoid şizofreniya xəstəliyinin gedişində kəskinləşmə vəziyyətinin davam etdiyi qənaətinə gəlinir. Bu səbəbdən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İşin 1-ci cildinin 123-125-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2022-ci il tarixli 4611 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2 bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 31-35-ci vərəqlərindəki məhkəmə kompüter-texniki ekspertizasının 1 mart 2023-cü il tarixli 5/147 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfona istifadəçi tərəfindən «Şifrələrlə» mühafizə olunan ekran kilidi tətbiq edildiyindən onun «menyu» hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və «Sim» danışıq kartı yerləşən yuvada «İMEİ» kodu göstərilmədiyi üçün onun kodunu müəyyən etmək mümkün olmadı. «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş «şifrələr» ilə mühafizə olunan ekran kilidini keçmək üçün «Ufed Touch 2» markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfona istifadəçi tərəfindən «Şifrələrlə» mühafizə olunan ekran kilidini keçmək mümkün olmadığından, mobil telefonun yaddaşından hər hansı bir məlumatın pozulubpozulmamasının müəyyən edilməsi üzrə mövcud olan metod tətbiq edilmədiyindən tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş smartfonun daxilində olan «Bakcell» mobil operatoruna məxsus «********************» seriya nömrəli və «********************» seriya nömrəli «SİM» danışıq kartları hal-hazırda işlək vəziyyətdədir. Beləliklə təqdim edilmiş «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfonun daxilindəki «Bakcell» mobil operatoruna məxsus «********************» seriya nömrəli sim danışıq kartının yaddaşından 7 kontakt və «********************» seriya nömrəli «SİM» danışıq kartının yaddaşından 03 ədəd SMS mesah və 69 ədəd kontakt olan məlumatlar müəyyən olundu və həmin müəyyən edilmiş məlumatlar «Ekspertiza 5-147» adlı iş çantasında bir ədəd üzərində «Verbatim» yazısı olan DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Həmin diskə baxış keçirilən zaman istintaq üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. İşin 1-ci cildinin 23-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 99-100-cü vərəqlərindəki qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 106-107-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərinin, Doroqomilov rayonu, 208 saylı Sahə Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli hökmü ilə, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib, barəsində xüsusi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilmiş, X1 rayonunun 265 saylı Sahə Məhkəməsinin Sülh Məhkəməsinin 4- 17-84/16 saylı, 17 fevral 2016-cı il qərarı ilə tibbi xarakterli məcburi müalicə dayandırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. İşin 1-ci cildinin 103-105-ci vərəqlərindəki 04 iyul 2022-ci il tarixli «Maddi sübut kimi tanımaq haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 5,10 (tədqiqatdan sonra qalıq 5,05) qram narkotik vasitə qurudulmuş marixuana, 1005 (tədqiqatdan sonra qalıq 1004,8) qram narkotik vasitə heroin, həmçinin təqsirləndirilən şəxsin avtomobilindən aşkar edilmiş «Aosai» yazısı olan qara rəngli elektron tərəzi cinayət işi üzrə maddi sübut hesab edilərək Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İşin 2-ci cildinin 63-75-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi və cinayət işi materiallarından başqa cinatət işinin ayrılması haqqında» qərardan iş materiallarından narkotik vasitənin əldə edilmə mənbəyinin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Həmin qərara əsasən, 29 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və 29 iyun 2022-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə protokoluna əlavə edilmiş DVD disk, o cümlədən, 1 mart 2023-cü il tarixli məhkəmə kompüter-texniki ekspertizasının 5/147 saylı rəyinə əsasən «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfon və rəyə əlavə edilmiş DVD-R disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır. İşin 2-ci cildinin 27-30-cu vərəqlərindəki Yasamal Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Beləliklə məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsində təqsirliliyi tam təsdiq olunur. Ambulator məhkəmə psixiatrik ekspertizasının 15 avqust 2022-ci il tarixli 2183 saylı rəyi məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olunduğundan və işin faktiki hallarına uyğun olmadığından məhkəmə sübut hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən üzərində siqaret qutusunun içində bir ədəd siqaretə doldurulmuş marixuana olduğunu, qərarda göstərilən narkotik vasitələrin olmadığını bildirdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan, eyni zamanda sonuncu cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikas CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 197.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Bu səbəbdən ekspertiza xərci 282 (iki yüz səksən iki) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Maddi sübutlar: Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,10 (tədqiqatdan sonra qalıq 5,05) qram narkotik vasitə qurudulmuş marixuana, 1005 (tədqiqatdan sonra qalıq 1004,8) qram narkotik vasitə heroin, həmçinin təqsirləndirilən şəxsin avtomobilindən aşkar edilmiş «Aosai» yazısı olan qara rəngli elektron tərəzi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd disklər cinayət işi materiallarında saxlanılmalı, «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfon isə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 21.1, 93.1.1, 95.0.3-cü və CPM-nin 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X5 həvalə edilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,10 (tədqiqatdan sonra qalıq 5,05) qram narkotik vasitə qurudulmuş marixuana, 1005 (tədqiqatdan sonra qalıq 1004,8) qram narkotik vasitə heroin, həmçinin təqsirləndirilən şəxsin avtomobilindən aşkar edilmiş «Aosai» yazısı olan qara rəngli elektron tərəzi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 3 ədəd disklər cinayət işi materiallarında saxlanılsın. «X9 9» markalı arxa məlumat lövhəsinə görə «M2003J5SS» modelli mobil smartfon isə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 282 (iki yüz səksən iki) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar