Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2361/2024 16.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova - Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə,məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, 1 iyul 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda - 2,027 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 iyun 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb 14-cü Polis Şöbəsinə aparılmış, 30 iyun 2024-cü il tarixdə saat 01:45-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 04 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,494 qram, 0,522 qram, 0,615 qram, 0,396 qram olmaqla ümumi təmiz çəkisi 2,027 qram təşkil edən ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamin və səthində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları xatırlamadığı gün və ayda ona yaxınlaşaraq özünü şübhəli apardığını bildirmiş və baxış zamanı üzərindən narkotik vasitə və tərəzi aşkar olunmuşdur. Tərəzini üzərində gəzdirməkdə məqsədi narkotik vasitənin miqdarını ölçmək olmuşdur. Bir-iki dəfə narkotik vasitəni tanımadığı şəxslərə satmışdır.Gündəlik 1 qram narkotik vasitəni evində istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən əldə etmiş və aldığı zaman həmin narkotik vasitələr ayrı-ayrı bükümlər şəkilində olmuşdur. Narkotik vasitəni almaq üçün 100 manatdan çox ödəniş etmişdir. Tutulmamışdan bir-iki ay əvvəl bir-iki nəfərə narkotik vasitə satmışdır. O, narkotik vasitəni 60 manata alıb, 70-80 manata satmışdır. Polis əməkdaşlarına narkotik vasitənin ona məxsus olması barədə məlumat vermişdir. Valideynləri rəhmətə getdiyi üçün bacısı ilə birlikdə yaşayır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 1 ildən artıq müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir, metamfetamini tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslərdən Bakı şəhərində müxtəlif ünvanlardan almışdır. Tutulmamışdan bir neçə ay əvvəl «WhatsApp» ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə adını və anket məlumatlarını bilmədiyi, telefon nömrəsini xatırlamadığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu məlum olmuşdur. Həmin şəxsə istifadəçisi olmağı barədə dedikdən sonra iranlı ona ucuz qiymətə metamfetamin göndərə biləcəyini təklif etmişdir. O da razılaşıb bir neçə dəfə həmin şəxsin göndərdiyi «M10» hesabına pul köçürdükdən sonra, iranlı onun üçün Bakı şəhərinə ona məlum olmayan şəxsin vasitəsi ilə metamfetamin göndərib, sonradan qoyulduğu ünvan barədə məlumat verib, həmin ünvanın «WhatsApp» proqramı vasitəsi ilə şəklini göndərmişdir. Bundan sonra o, gedib həmin ünvandan metamfetamini götürüb bir qismini istifadə etmiş, bir qismini isə gələcəkdə metamfetamin almaqdan ötrü bir qədər baha qiymətə adlarını və anket məlumatlarını bilmədiyi şəxslərə satıb gəlir əldə etmişdir. İran İslam Respublikasının vətəndaşı onun metamfetaminin satışı ilə məşğul olduğunu bilməmişdir. «M10» hesabın kodunu və İran İslam Respublikasının vətəndaşının telefon nömrəsini xatırlamır. Sonuncu dəfə tutulmamışdan bir neçə gün əvvəl həmin şəxslə əlaqə saxlayıb metamfetamin lazım olduğunu demişdir. O da metamfetamin göndərə biləcəyini deyib, 180 manat pul göndərməsini demişdir. Həmin şəxsin «M10» hesabına 180 manat pul göndərdikdən sonra, həmin şəxs onun üçün Saray qəsəbəsinə, ona məlum olmayan şəxsin vasitəsi ilə 04 ədəd bükümdə metamfetamin çatdırmış, qoyulduğu məkanın yerinin şəklini telefonuna göndərmişdir. O da gedib həmin bükümləri oradan götürüb üzərində saxlayıb daşımışdır. Satışı ilə məşğul olduğu üçün üzərində 01 ədəd elektron tərəzi daşımışdır ki, satarkən çəkisini ölçüb satışını həyata keçirə bilsin. Ondan metamfetamin alan şəxslərin adlarını və anket məlumatlarını bilmir, onlar Maştağa qəsəbəsində yaşayan şəxslər olmuşdurlar. 29 iyun 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində olarkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərib ona şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Üzərində psixotrop maddə metamfetamin olduğu üçün həyacanlanmış və tez bir zamanda onların yanından ayrılıb getmək istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib, ona birlikdə 14-cü Polis Şöbəsinə getməyi təklif etmişlər. Artıq qaçıb gedə bilməyəcəyini başa düşüb onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şöbəyə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, daha sonra təhqiqatçı tərəfindən hüquqlarını müdafiə etmək üçün ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. Siyahıdan vəkil X1, onun tərəfindən hüquqlarının müdafiə edilməsini istəmişdir. Vəkil Polis Şöbəsinə dəvət olunaraq ona təqdim olunmuş, bir daha onun yanında hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs qismində tutulub, bu barədə tərtib olunmuş qərarın surəti və protokol ona təqdim olunmuşdur. Təhqiqatçı üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, üzərində metamfetamin olduğu üçün gələcəkdə vəkilin etibar və inamını itirm’məkdən ötrü xahiş etmişdir ki, vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilsin və bu barədə tərtib olunmuş ərizəni imzlamışdır. Vəkil otaqdan çıxdından sonra təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O da əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 04 ədəd sellofan bükümdə olmuş metamfetamini və 01 ədəd elektron tərəzini, şalvarın sağ yan cibində olmuş özünə məxsus 02 ədəd «Samsung» markalı mobil telefonları da təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı protokol tətrtib edilmiş, doğruluğu onun və axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Metamfetamini haradan, hansı məqsədlə və necə əldə etdiyi barədə ətraflı izahat vermişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Polis Şöbəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi təzyiq və ya təsir göstərilməmişdir. Digər hər hansı bir ünvanda psixotrop maddə metamfetamin və ya narkotik vasitə heroin saxlamır (cild 1, vərəq 60-62, 135-137). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Mayıl oğlu ifadə verərək göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə Şahid1lə birlikdə Maştağa qəsəbəsində xidmətdə olarkən təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar və onu 14-cü Polis Şöbəsinə aparıb raportla Şöbə rəisinə məruzə etmişlər. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən elektron tərəzi və İran vətəndaşından aldığını bildirdiyi psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs səhv etmirsə əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayıb 14-cü Polis Şöbəsinə gətirmişlər və Polis Şöbəsində təhqiqatçının iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan elektron tərəzini və narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir dəfə narkotik vasitənin istifadəçisi kimi məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 30 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ondan üzərində saxlanması, daşınması qadağan olunmuş hər hansı bir vasitə-maddə və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd elektron tərəzi və şəffaf sellofanın içində 04 ədəd ağ rəngli sellofan bükümünü və həmin idman şalvarını sağ yan cibindən 02 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs 04 ədəd ağ rəngli sellofan bükümdə olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, müəyyən hissəsini isə elektron tərəzi vasitəsilə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni təxminən 27 iyun 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından konum vasitəsilə 180 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 01 ədəd elektron tərəzi, 04 ədəd ağ rəngli sellofan bükümdə olan metamfetaminə bənzər maddə və 02 ədəd mobil telefon 03 ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 25-27). 30 iyun 2024-cü il tarixli “DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokollara əlavə olunmuş 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə baxış keçirildikdə yuxarıda qeyd olunanlar yaddaş daşıyıcılarında öz əksini tapdığı müəyyən edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin onun özü olduğunu, üzərində olmuş psixotrop maddə metamfetamini, 01 ədəd elektron tərəzini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etdiyini və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. (Cild 1, iş vərəqə 49). 30 iyun 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazriliyi “Zərflər üçün №100” möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; “A.Ağababa /imza/; E.Əlilov /imza/; Şahid1 /imza/; Qablaşdırıldı: /imza/ S.Allahverdiyev” yazılar olan zərfdəki 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,494 qram, 0,522 qram, 0,615 qram, 0,396 qram; ümumi təmiz çəkisi: 2,027 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazriliyi “Zərflər üçün № 100” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi; A.Ağababa /imza/; E.Əlilov /imza/; Şahid1 /imza/; Qablaşdırıldı: /imza/ S.Allahverdiyev» yazılar olan zərfdəki 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə - metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və vət. Təqsirləndirilən şəxs məxsus 04 büküm “metamfetaminlərlə” eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 1, 907 qram təşkil etmişdir (cild 1 , iş vərəqə 32-37). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil daxil olmuş 1 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1 , iş vərəqə 99). 18 iyul 2024-cü il tarixli Azərbaycan Respubliksı Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X8 8927 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2018-xx.xx.2018-ci il tarixdə “Hal-hazırda psixi xəstəlik aşkar edilmir”. “Nevroloji müayinə tövsiyyə olunur” diaqnozu ilə qeyd olunan xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimdə müayinədə olub (cild 1, iş vərəqə 102). 02 iyul 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və müayinə zamanı xroniki psixi xəstəlik, psixi faliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuş, onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xəstəliyi və hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir ( cild 1, iş vərəqə 108-111). 5 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,027 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,907 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi, 1 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 116-124). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə təmiz halda 2( iki) qram və daha artıq çəkidə(400 ( dörd yüz) qrama qədər) psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 24), 1 iyul 2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, elə həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, saxlanıldığı yerdən dərhal azad edilməsinə göstəriş verilmişdir (cild 1, iş vərəqə 74-75). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdən 1 iyul 2024-cü il tarixədək tutulduğu 1 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 02 iyul 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqə 112-113). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,907 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 60 (altmış ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 33). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdən 1 iyul 2024-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,907 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin; -Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) iş saatı üçün dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (yüz səksən )manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-2361/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2361/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver