Məhkəmə qərarları › İş №1(101)-237/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-237/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-237/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Şahid7 İlqar oğlunun iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ağcabədi rayonu Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan məhkumluğu olmayan, işləməyən, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq təkrarən külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq, saxlamış və satmışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib satmaq məqsədi ilə 10 avqust 2020-ci il tarixdə saat 10 radələrində Beyləqan rayonunda Ağcabədi-Beyləqan asfalt yolu deyilən yolda yolun kənarından qeyrisi və şəxsiyyəti istintaqa məlum olmayan “Sabir” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1109 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 16.178 qram çəkidə psixotrop maddə metafetamin,əldə edib daşıyaraq heroinin bir hissəsini üzərində, digər hissəsini və metafetameni yaşadığı evində saxlamış, həmin gün saat saat 11 radələrində o, qeyrisi ilə birlikdə Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində külli miqdarda narkotik vasitə olan heroini ünvan 1 ünvanda yaşayan Şahid1 20.000 manat pul müqabilində satmaq istəyərkən qeyrisi Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib saat 11:50 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı, üzərində “Original Levis” sözləri yazılmış göy rəngli polietilen torbanın içərisində olan 01 ədəd boz rəngli çantanın içərisində saxladığı 04 ədəd torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 251 qram, 250 qram, 253 qram, 252 qram, ümumi təmiz çəkisi 1006 qram olan qəhvəyimtil rəngli küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 12:30 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Avşar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının alt hissəsindən 01 ədəd qara rəngli üzərində heroin izi olan elektron tərəzi, həmin otaqda yerləşən masanın üzərində olan 01 ədəd sellofan torbada təmiz çəkisi 16.178 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, həyətdə yerləşən yardımçı tikilidə olan dolabın gözlüyündə 01 ədəd torbada təmiz çəkisi 103 qram qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 26 yanvar 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Sabir” adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Mədəniyyət Evi”nin yaxınlığında olan oturacağın yanında külli miqdarda 180 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 290 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşımaqla orada saxlamış, 26 yanvar 2021-ci il tarixdə saat 23:17-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Bakı- Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin ikinci mərtəbəsində yerləşən yataq otağının giriş qapısından sol tərəfdə kitab rəfinin üst hissəsində olan dolabın içərisindən 01 ədəd göy rəngli sellofan bağlamada külli miqdarda təmiz çəkisi 180 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 290 qram olan ağ rəngli kristallik formada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illər Rusiya Federasiyasında yaşamışdır. 2018-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. Qeydiyyatı Ağcabədi rayonu Avşar kəndi olsa da, tutulmamışdan öncə Binəqədi rayonu ərazisində yaşayırmış. Onda aşkar edilmiş 500 qrama yaxın narkotik vasitə olan heroin ona dostları, yoldaşları tərəfindən pay olaraq göndərilmişdir. Bu zaman ona göndərilən payı “Elşən” adlı şəxsə hədiyyə etmək qərarına gəlmişdir. Ona istintaq zamanı bildirirdilər ki, o, həmin narkotik vasitəni “Adil” adlı şəxsə satmaq niyyətində olmuşdur. O, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamışdır. Binəqədi rayonu ərazisində yaşadığı evdə baxış zamanı aşkar edilmiş 170 qram “methamfetamin” adlanan psixotrop maddə və 290 qram “heroin” adlanan narkotik vasitə ona yaxınları tərəfindən birbaşa hədiyyə olunmuşdur. Bu maddələr ona pay əvəzi göndərilmişdir. Onu “Elşən” adlı şəxsə qarşılıqsız olaraq pay şəklində vermişdir. O, nə “Adil, nə də “Elşən” adlı şəxlə narkotik vasitələrin alışı-satışı barədə razılaşmamışdır. Çəkisi 500 qram olan narkotik vasitə ona pay gəlmişdir, Binəqədi rayonu ərazisində evindən aşkar edilən narkotik vasitə pul əvəzi verilmişdir. 170 qram “methamfetamin” və “290 qram “heroin” ona birbaşa Moskvada olan tanışları vasitəsilə göndərilmişdir. O, uzun müddət Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. Moskvada olan tanışı “Sabir” adlı şəxs pul borcu əvəzində ona bu maddələri göndərmişdir. Ona pay göndərən şəxslər narkotik vasitələri satmağı, istifadə etməyi və ya pay göndərməyi barədə heç bir göstəriş verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında İranda taksi sürücüsü kimi tanış olduğu Sabir onunla əlaqə saxlayıb onda narkotik vasitə heroinin olmasını bildirmiş və həmin narkotik vasitəni satmaq istədiyini, bu işdə yaxşı pul olduğunu demişdir. Sabir ona narkotik vasitəni Beyləqan rayonu ərazisinə yerləşdirə biləcəyini söyləyib həmin narkotik vasitəni sata biləcəyi halda əldə etdikləri qazancı yarıya böləcəyini ona demişdir. O, Sabirin təklifi ilə razılaşıb malı bildirəcəyi yerdən götürə biləcəyini demişdir. Aralarındakı danışıqdan 3 gün sonra Sabir onunla əlaqə saxlayıb narkotik vasitənin Beyləqan rayonunda Ağcabədi-Beyləqan asfalt yolu deyilən yolda yolun kənarında göy rəngli sellefon torbada qoyulduğunu və gedib həmin narkotik vasitəni götürməyini söyləmişdir. O, da Sabirlə telefonda danışa danışa gedib narkotik vasitəni onun bildirdiyi yerdən götürmüşdür. O, həmin narkotik vasitəni 1 gün ərzində özündə saxladıqdan sonra Ağcabədi rayonu, Mehrablı kəndindən olan tanışı X5 narkotik vasitəni satmaq istədiyini demişdir. Elşən Hüseynov ilə aralarında olan razılaşmaya görə həmin narkotik vasitənin qramını 17 manata satacaqlarmış. O, bu məqsədlə qeyd olunan təxminən yarım kiloqrama yaxın heroini Elşənə vermişdir. Səhərisi gün Elşən həmin narkotik vasitəni Ağcabədi rayonundan olan Adilə satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində cinayət işi başlanılaraq həbs qətimkan tədbiri seçilmişdir. Elşənin polis idarəsində onun barəsində, yəni üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını dediyini bilib həmin gün Ağcabədi rayonundan çıxaraq Bakı şəhərinə gəlmişdir. Sabir də hardansa onun malının polis tərəfindən tutulmasını bilib ona məlumatlı olduğunu demişdir. 26 yanvar 2021-ci il tarixdə Sabir yenidən onunla əlaqə saxlayıb heroin və metamfetaminin olmasını deyib onların Bakı şəhərində yerləşdirəcəyini demişdir. O, da həmin narkotik vasitə və metamfetamini onun deyəcəyi yerdən götürə biləcəyini söyləmişdir. Onu da qeyd etmişdir ki, Onların arasındakı danışıqlar mobil telefon vasitəsi ilə onun istifadəsində olan xatırlamadığı qeydiyyatsız nömrələr ilə aparılmışdır. O, həmin nömrələri tez-tez dəyişirmiş. 26 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Sabir ilə danışan zaman o, malın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mədəniyyət evinin yaxınlığında olan oturacağın yanında göy rəngli sellofan paketdə olmasını demişdir. O, da həmin yerə gedib göy rəngli sellofan paketin olmasını görmüş və həmin paketi götürmüşdür. O, taksi ilə yaşadığı ünvana gəlmiş və həmin paketi evin ikinci mərtəbəsinə çıxarmışdır. Paketin içərisinə baxan zaman orada 01 ədəd içərisində qəhvəyi rəngli “kakos” kimi adlandırılan narkotik vasitə heroin olan şəffaf rəngli sellofan paketi, 01 ədəd içərisində kristal şəkilli, “şüşə” kimi adlandırılan psixotrop maddə metamfetamin olmasını görmüşdür. Həmin paketləri göy rəngli görsənməyən paketin içərisində dolabın içərisinə qoymuşdur. 26 yanvar 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman qapının döyülməsini eşitmiş və açdıqda 4 nəfər şəxsin qapının önündə olmasını görmüşdür. Həmin şəxslər ona özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona təklif etmişlər ki, narkotik vasitə və psixotrop maddənin olduğu yeri onlara göstərsin. O, da onları evin 2-ci mərtəbəsinə dəvət etmiş və orada dolabın içərisindən göy rəngli sellofanı çıxarmışdır. Sellofanın içərisində narkotik vasitə və psixotrop maddə olmasını demişdir. Polis əməkdaşları tərəfindən həmin maddələrə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayon polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Elşən Hüseynov və Təqsirləndirilən şəxs narkotik maddə olan heroindən istifadə etmələri, üzərində narkotik vasitə olan heroin saxlamaları və satışı ilə məşğul olmaları barədə onlara dəfələrlə əməliyyat məlumatları daxil olurmuş. Buna görə də Elşən Hüseynov və Təqsirləndirilən şəxs cinayətkar əməllərini ifşa etmək məqsədi ilə onların ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. 10 avqust 2020-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Şahid1 Təqsirləndirilən şəxs və Elşən Hüseynov adlı şəxslərin ona narkotik vasitə satmağı təklif etmələrini, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb olunması üçün könüllü olaraq yardım etmək istədiyini bildirmişdir. Şahid1 məlumatı cinayət haqqında şifahi məlumatın qəbulu barədə 10 avqust 2020-ci il tarixli protokolla rəsmiləşdirilmiş və həmin tarixli əməliyyat müşahidəsinin keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Bundan sonra RPŞ-nin CAB-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Saat 09 radələrində yaradılmış əməliyyat qrupu Şahid1lə birlikdə Ağcabədi rayonu Qaradolaq kəndi istiqamətində hərəkət etmişlər. Şahid1 deyilən ünvanda onları gözləmiş, təxminən 15 dəqiqə sonra Elşən Hüseynov Təqsirləndirilən şəxs idarə etdiyi gümüşü rəngli, üzərində qeydiyyat nömrəsi olmayan VAZ 21015 markalı avtomobillə Şahid1 dayandığı yerə yaxınlaşarkən o, əvvəlcədən razılaşdırılmış şərti işarəni vermişdir. Bu vaxt onlar tədbirdə istifadə olunan avtomobillərlə Elşən Hüseynov və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21015 markalı avtomobilə yaxınlaşarkən Təqsirləndirilən şəxs şübhələnərək əlində tutduğu göy rəngli sellofan torbanı Elşən Hüseynovun üzərinə ataraq qaçmışdır. Elşən Hüseynov isə tutularaq RPŞ-nə gətirilmişdir. RPŞ-nin inzibati binasında Elşən Hüseynovun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elşən Hüseynov əlində tutduğu üzərində “Original Levis” sözləri yazılmış göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin göy rəngli sellofan torba iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində 4 ədəd şəffaf sellofan torbada tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin vaxt Elşən Hüseynov aşkar edilmiş vasitələrin tanışı Təqsirləndirilən şəxs məxsus olmasını, narkotik vasitəni satmasında ona köməklik etməsini xahiş etdiyini və narkotik vasitəni satacaqları təqdirdə ona 400-500 manat pul vəd etdiyini etiraf etmişdir. Bundan başqa həmin gün saat 12:30 dəqiqədə onlar Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Avşar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının alt hissəsindən 1 ədəd qara rəngli, üzərində heroin izi olan elektron tərəzi, həmin otaqda yerləşən stolun üzərində olan 1 ədəd sellofan torbada metafetaminə bənzər kütlə və həmin stolun üzərində olan şəffaf rəngli torbanın içərisindən heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş metafetaminə bənzər kütlə polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilimişdir, metafetaminin təmiz çəkisi 18 qram, heroinə bənzər kütlənin çəkisi isə 103 qram olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid8, Şahid5 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Vüqar Əliyev son vaxtlar narkotik vasitə aludəçisi olduğundan narkotik vasitənin satışı, istifadəsi ilə məşğul olan şəxslərə qarşı mübarizə aparır. 08 avqust 2020-ci il tarixdə tanışı X6 istifadəsində olan mobil telefon nömrəsinə zəng edib görüşmək istədiyini demişdir. Söhbət zamanı “1 kiloqram heroin var, istəyirsən təşkil edim al” sözlərini deyəndə o, qəsdən razılaşıb alaram cavabını vermiş və satan şəxslə görüşüb razılaşmaq istədiyini demişdir. Bundan sonra 10 avqust 2020-ci il tarixdə saat təxminən 08:30 dəqiqədə Ağcabədi RPŞnə gələrək Təqsirləndirilən şəxs və Elşən Hüseynov adlı şəxslərin ona narkotik vasitə satmağı təklif etmələrini, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb olunması üçün könüllü olaraq yardım etmək istədiyini bildirmişdir. Bundan sonra RPŞ-nin CAB-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin vaxt X5 zəng etmiş və harada olmasını soruşanda Elşən Təqsirləndirilən şəxs Hüseynovla birlikdə Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində onu gözlədiklərini bildirmişdir. Saat 09 radələrində yaradılmış əməliyyat qrupu ilə ünvan 5 ünvanda onları gözləmiş, təxminən 15 dəqiqə sonra Elşən Hüseynov Təqsirləndirilən şəxs idarə etdiyi gümüşü rəngli, üzərində qeydiyyat nömrəsi olmayan VAZ 21015 markalı avtomobillə onun dayandığı yerə yaxınlaşarkən əvvəlcədən razılaşdırılmış şərti işarəni vermişdir. Bu vaxt polis əməkdaşları tədbirdə istifadə olunan avtomobillərlə Elşən Hüseynov və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21015 markalı avtomobilə yaxınlaşarkən Təqsirləndirilən şəxs şübhələnərək əlində tutduğu göy rəngli sellofan torbanı Elşən Hüseynovun üzərinə ataraq qaçmışdır. Elşən Hüseynov isə polis əməkdaşları tərəfindən tutularaq RPŞ-nə aparılmışdır. Həmin göy rəngli sellofan torba iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində 4 ədəd şəffaf sellofan torbada tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin vaxt Elşən Hüseynov aşkar edilmiş vasitələrin tanışı Təqsirləndirilən şəxs məxsus olmasını, narkotik vasitəni satmasında ona köməklik etməsini xahiş etdiyini və narkotik vasitəni satacaqları təqdirdə ona 400-500 manat pul vəd etdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zaur uzun müddət idi ki, Rusiya Federasiyasında yaşayırdı. Həbs olunmazdan bir neçə il öncə vətənə qayıtmışdı və ailəsi ilə birlikdə Ağcabədi rayonunda Avşar kəndində mənimlə yaşayırdı. Onun oğlunun üzərinə şər atıblar. Evi axtardılar, lakin heç nə tapmadılar. Polis əməkdaşları bildirmişlər ki, təqdim olunan sənədə imza etməsi oğlunun xeyrinə olacaq. Bu səbəbdən sənədə imza etmişdir. Yaşadığı evdə qanunsuz əşya olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Avşar kəndində yaşayır. 10 avqust 2020-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı evdə olarkən hazırda kim olduğunu xatırlamadığı polis əməkdaşı onu çağırmış və onu polis əməkdaşı Şahid4 çağırdığını demişdir. O, həmin şəxslə birlikdə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs evinə getmişdir. Ora çatdıqda polis əməkdaşlarının orada olduğunu görmüşdür. Həmin vaxt həmkəndlisi Şahid11 da gəlmişdir. Şahid4 adlı polis əməkdaşı ona və Bəhmənə demişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq evindən narkotik tərkibli vasitələr saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumata əsasən onlar Zaurun evinə baxış keçirməlidirlər. Ehtiram müəllim onlara təklif etmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində hal şahidləri kimi iştirak etsinlər. Onlar da hal şahidi kimi iştirak etmək üçün razılaşmışlar. Baxış zamanı 1 ədəd elektron tərəzi, həmin otaqda olan stolun üzərindən selofan torbanın içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə və həyətdə olan yarımçıq tikilidə yerləşən güzgünün qarşısındakı 01 ədəd şəffaf rəngli torbanın içərisindən heroinə bənzər kütlə aşkar edilmişdir. Məhkəmədə ifadəsi elan edilərərk tədqiq edilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid10 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 yanvar 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində və yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın icra edilməsi ilə əlaqədar 26 yanvar 2021-ci il tarixdə saat 23:05-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. Evin giriş qapısı döyüldükdə qapını açan bir nəfər kişi cinsli şəxsə özlərini təqdim edib həmin şəxsdən anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərinə və yaşadığı ünvana baxış keçirilməsi zəruridir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin ikinci mərtəbəsinə dəvət edib, evin ikinci mərtəbəsində pilləkənlərdən sağ tərəfdə yerləşən yataq otağına keçib, yataq otağında giriş qapısından sol tərəfdə yerləşən kitab rəfinin üst hissəsindəki dolabın qapısını açaraq orada olan bir ədəd göy rəngli sellofan torbanı götürüb təqdim etmişdir. Həmin sellofan torbanın içərisində narkotik vasitə heroin və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Həmin sellofan torba açıldıqda torbanın içərisindən 02 ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan torbalar iştirakçıların şahidliyi ilə açıldıqda torbanın birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə və digər sellofan torbanın içərisindən isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə heroin və 01 ədəd sellofan torbada olan psixotrop maddə metamfetamini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 3 il əvvəl İran İslam Respublikasında tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 və Şahid14 ifadələrində Şahid12 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18/801 nömrəli 11 avqust 2020-ci il tarixli rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “X2 üzərindən” sözləri yazılmış polietilen torbanı açdıqda 01 ədəd boz rəngli çantada 04 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkisi-251 qram, 250 qram, 253 qram, 252 qram, ümumi təmiz çəkisi -1006 qram olan əqhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 2) Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd torbada təmiz çəkisi-103 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 3) Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd şəffaf plietilen torbada təmiz çəkisi-16,178 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixootrop maddə metamfetamindir. 4)Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin” sözləri yazılmış kağız paketi açdıqda üzərində qəhvəyimtil izləri olan 1 ədəd elektron tərəzidə heroin izi vardır. X4 üzərindən aşkar olunmuş 4 ədəd şəffaf polietilen torbalarda olan heroinlə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 1 ədəd şəffaf polietilen torbada olan heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/362 nömrəli 27 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesi döngə 1 ünvanında yerləşən nömrəsiz fərdi evdən aşkar olunmuş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan bir ədəd göy rəngli sellofan bağlamada bir ədəd bükümdə təmiz çəkisi 180,0 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 290,0 qram olan ağ rəngli kristallik formada maddələr metamfetamindir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2021-ci il tarixli 1897 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 1327 nömrəli 21.06.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq təkrarən külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq, saxlaması və satması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkənmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28.01.2021-ci il tarixdə barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26.01.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza zamanı tədqiqata sərf edilərək tədqiqatdan sonra qalıq qalan 179,95 qram çəkidə narkotik vasitə olan heroin və 289,95 qram çəkidə psixotrop maddə metamfetamin, 1108,75 qram çəkidə narkotik vasitə olan heroin, 16,128 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 100,95 (bir yüz manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Şahid7 İlqar oğluna 450 (dörd yüz əlli) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza zamanı tədqiqata sərf edilərək tədqiqatdan sonra qalıq qalan 179,95 qram çəkidə narkotik vasitə olan heroin və 289,95 qram çəkidə psixotrop maddə metamfetamin, 1108,75 qram çəkidə narkotik vasitə olan heroin, 16,128 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 100,95 (bir yüz manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Şahid7 İlqar oğluna 450 (dörd yüz əlli) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar