Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-237/2023 10.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağcabədi rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 1(bir) il 9(doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən, 3 (üç) ay 9 (doqquz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası tamamilə Binəqədi rayon məhkəməsinin hökmü ilə təyin edilən cəzaya birləşdirilərək qəti olaraq 3 (üç) ay 9 (doqquz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə (bir ədəd bükümün içərisində 7 büküm olmaqla) ümumilikdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,428 qram, 0,356 qram, 0,399 qram, 0,447 qram. 0,432 qram, 0,401 qram, 0,443 qram və 52,925 qram ümumi təmiz çəkisi 55,831 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, digər 01 ədəd bükümdə təmiz çəkisi 42,495 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üstündə saxlamış, 27 may 2022-ci il tarixdə saat 13:00 dəqiqədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxladığı 03 ədəd bükümü, 01 ədəd bükümdə (bir ədəd bükümün içərisində 7 büküm olmaqla) ümumilikdə 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,428 qram, 0,356 qram, 0,399 qram. 0,447 qram, 0,432 qram, 0,401 qram, 0,443 qram təşkil edən tünd qəhvəyi maddələr bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 52,925 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan ümumi təmiz çəkisi 55,831 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər, 01 ədəd bükümdə isə təmiz çəkisi 42,495 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadələri tamamilə təkzib edərək göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də, son zamanlar özünü bu əməllərdən çəkindirmişdir. Lakin təxminən 6 ay müddət olar ki, yenidən heroindən istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitəni müxtəlif ərazilərdən tanımadığı şəxslərdən əldə edir. Taksi sürücüsü işləyir, gündə 20-30 manat qazancı olur. Narkotik vasitəyə ayda 200-300 manat pul xərcləyir. Bəzən gündə 2 dəfə bəzən də 2 gündən bir heroin istifadə edir. 26 may 2022-ci il tarixdə, axşam saat 18:00 radələrində o, dostunun evinə getmişdir. Qeyd olunan ünvana gedərkən üzərində elə həmin gün 30 manata əldə etdiyi 1 qram heroin olmuşdur Onu qapıda polislər qarşılamışdır. Polis əməkdaşları onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Ora gedən zaman evinə getdiyi ailənin orda olmasını görmüşdür. Polislər ona göstərilən sənədləri imza etməyəcəyi təqdirdə satış məqsədilə ailə üzvləri ilə qabaqcadan əlbirlik şəklində 2 kq narkotik vasitə əldə edib saxlama ilə ittiham elan edəcəklərini bildirmişlər. Başının üstündə 6 nəfər polis olmuş, etiraz edə bilməmişdir. Bu səbəbdən üzərində 100 qram narkotik vasitənin olması barədə yazdıqları ifadəyə qol çəkmişdir. Polis işçiləri şəxsi axtarış zamanı üstündən çıxan heroini əvvəlcə ayrı qoymuş, sonra o biriləri də onun üstünə əlavə etmişər. İttiham aktında göstərilən narkotik vasitələr ona aid deyildir. Onu polis bölməsinə mayın 26-sı aparsalar da, şəxsi axtarışın həyata keçirilməsi barədə videoçəkiliş mayın 27-si olmuşdur. Bu səbəbdən məhkəmədən telefonunun araşdırılmasını, tutulduğu yerin müəyyən edilməsini xahiş etmişdir.Göstərdiyi səbəblərdən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini, gənc olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o Binəqədi rayon məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, Suraxanı rayon məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərarı ilə 02 ay 07 gün müddətində vaxtından əvvəl şərti azad olunmuş və 21 sentyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Əvvəllər nakrotik vasitə istifadə etsə də sonradan istifadə etməmiş lakin təxminən 6 ay müddət olar ki, yenidən narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamaışdır. O, istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almış, 27 may 2022-ci il tarixdə saat təxminən 13:00 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nə dəvət etmiş, o polis əməkdaşları ilə razılaşmış və onlar ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunmuş sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində saxlayaraq daşıdığı iki büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi üç ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o, təqdim etdiyi iki büküm kütlənin narkotik vasitə olan heroin, bir büküm kütlənin isə psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan başqa təqdim etdiyi iki büküm narkotik vasitə heroinin bir bükümündə ayrı ayrılıqda 7 büküm kütlənin olduğunu da polis əməkdaşlarına bldirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Taleh adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 32-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs barəsində əməliyyat məlumatı ilk dəfə idi ki, daxil olurdu. Əməliyyat məlumatının məzmunu təqsirləndirilən şəxsin narkotik vasitə əldə etməsi, daşıması ilə əlaqədar idi. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiq edilmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 təyin olunmuşdur. Əliyev X10 rayonu, Qaraçuxur qəsəbəsi, adını dəqiq xatırlamadığı küçədə tərəflərindən saxlanılaraq Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət edilmişdir. Talehi saxladıqları yerlə polis bölməsinin arasında 10 dəqiqəlik məsafə olmuşdur. Təqsirləndirilən şəxs tutduqları zaman xüsusi vasitə olan qandaldan istifadə etməsələr də, təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları üzərindən atmağa imkanı olmamışdır.Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra o, göy rəngli gödəkçənin sağ yan cibindən üç büküm çıxararaq təqdim etmişdir. Həmin bükümlərin narkotik vasitə və psixotrop maddələrin hansı növündə olduğunu xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Taleh adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 32-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əldə etdiyi məlumatda Təqsirləndirilən şəxs Faiq oğlunun qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq istifadəsi etməsi bildirilmişdir. O, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Əməliyyat qrupunun üzvü isə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 olmuşdur. 27 may 2022-ci il tarixində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 98 saylı ünvanın yaxınlığında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etdikdən sonra həmin şəxsin də özünə aid olan məlumatları bildirilməsi xahiş edilmişdir. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onu Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs, video çəkiliş zamanı üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə əynində olan göy rəngli gödəkçənin sağ yan cibində üç büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etdiyi bükümlərdə “heroin” adlanan narkotik vasitə və “metamfetamin” adlanan psixotrop maddə olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilən şahid X4 ifadə verərək bildirmişdir ki, polis əməkdaşları 26 may 2022-ci il tarixdə heç bir qərar təqdim etmədən onların evinə daxil olaraq evə çəkiliş aparmış və deputatın etdiyi şikayət əsasında evdə narkotik vasitələrin satışı ilə məşğul olunduğunu bildirmişdilər. Bu hadisə baş verməmişdən 1 ay öncə öz qızını narkotik vasitə istifadəçisi olduğu üçün həmin bölmənin əməkdaşlarına şikayət etmişdi. Hal-hazırda qızı Bakı İstintaq Təcridxanasında saxlanılır. 26 may 2022-ci il tarixdə polis əməkdaşları evə daxil olarkən evdə o, qızının uşağı ,oğlu, oğlunun həyat yoldaşı və övladı olmuşdur. Hərarəti olan 12 yaşlı nəvəsindən başqa evdə olan hər kəs polis şöbəsinə gətirilmişdir. Həmin uşaq evdə tək qalmışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları onlara demişdir ki, onlara “Taleh” lazımdır. Bir müddət keçdikdən sonra yaşadıqları evdən Talehin tutulduğu, Talehin onlara narkotik vasitə satması barədə ifadə verəcəkləri təqdirdə buraxılacaqları bildirilmişdir. Taleh 26 may 2022-ci il saat 20:00 ərəfələrində polis şöbəsinə gətirildikdən sonra onları buraxmışlar. O, təqsirləndirilən şəxsin anasını tanıyır. Belə ki, evdə şirniyyat bişirdiyi üçün Təqsirləndirilən şəxs şirniyyat sifarişlərini götürmək üçün gəlmişdir. Həmin evdə kirayə yaşayır, bu hadisədən sonra polis əməkdaşlarının təkidi ilə kirayə verən onları qaldıqları evdən çıxartmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 27 may 2022-ci il tarixli qərardan görünür ki, “Taleh” adlı şəxsin tam şəxsiyyətini , yaşadığı ünvanını, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə “ƏAF haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat -axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 7-8). 27 may 2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı ilə əməliyyat axtarış keçirilməsi haqqında 27 may 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (Cild 1, iş vərəqə 67). Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli ipone markalı mobil telefon və sağ yan cibindən üç ədəd şəffaf sellofana bükülmüş, bükümün biri ağ rəngli kristallardan ibarət və iki ədəd büküm isə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni təqdim edərək, iki ədəd bükümün narkotik vasitə olan heroin, bir ədəd bükümün isə psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 35-36). 27 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3002 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki 02 ədəd bükümdə ( bir ədəd bükümün içərisində 7 büküm olmaqla) ümumilikdə ayrı-ayrılıqda təmiz çəkisi 0,428 qram, 0,356 qram, 0,399 qram, 0,447 qram, 0,432 qram, 0,401 qram, 0,443 qram tünd qəhvəyi rəngli maddə, 52,925 qram qəhvəyi rəngli maddə ümumi təmiz çəkisi 55,831 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 42,495 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,428 qram, 0,356 qram, 0,399 qram, 0,447 qram, 0,432 qram, 0,401 qram, 0,433 qram tünd qəhvəyi rəngli maddələr bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, bir ədəd bükümdə təmiz çəkisi 52, 925 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 55,511 qram, metamfetaminin qalıq çəkisi 42,445 qram təşkil etmişdir (cild 1, iş vərəqə 52-53). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 04 iyul 2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olunmamışdır(Cild 1, iş vərəqə 121). Məhkəmə psixiatrik ekspertizasının 18 iyun 2022-ci il tarixli, 1584 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onunla istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 144-146). Təqsirləndirilən şəxsin müdafiəçisinin 19 sentyabr 2022-ci il tarixdə verdiyi vəsatətin təmin olunması haqqında məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs tutulduğu gün istifadəsində olan (050) *** **** saylı mobil telefon nömrəsi vasitəsilə sonuncunun 26 may 2022-ci il tarixdə olduğu yerin əhatə dairəsi barədə məlumatların özündə əks etdirən, "xxxx" MMC tərəfindən göndərilmiş CD diskdən görünür ki, təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə saat 18:00-20:00 radələrində Nizami və 28 may metrostansiyaları ətrafında olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün müdafiəçisi tərəfindən verilmiş vəsatətlərin əksəriyyəti təmin edilmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən metamfetaminin çəkisi təmiz halda 2 (iki) qram və daha artıq miqdar təşkil etdikdə külli miqdar hesab olunur. Məhkəmə, təqsirləndirilən şəxsin 27 may 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Muxtar Fətəliyev küçəsində deyil, qonaq getdiyi mənzildə tutulması, üzərindən aşkar edilən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, üzərinə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını psixoloji təzyiq altında etiraf etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə iclasında ilkin ifadə verdiyi zaman Təqsirləndirilən şəxs 26 may 2022ci il tarixdə saat 18:00-da tutulduğunu bildirmiş, müdafiə tərəfinin vəsatəti əsasında 14 noyabr 2022-ci il tarixdə məhkəmə iclasında dindirilmiş X1 Əliyevin axşam saat 20:00 radələrində tutularaq polis bölməsinə gətirilməsi barədə ifadə vermişdir. "xxxx" MMC tərəfindən göndərilən CD diskə məhkəmə iclasında birbaşa baxış keçirilərkən isə aydın olmuşdur ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə saat 21:15 -ə qədər müxtəlif yerlərdə, saat 18:00-19:00 radələrində Xətai rayonu, 19:30 -20:00 radələrində isə “Nizami” metrostansiyası yaxınlığında olan ərazilərdə olmuşdur. Bundan başqa X2 verdiyi ifadələrdən görünür ki, o, özünün və ailəsinin qanunsuz tutularaq polis şöbəsinə gətirildiklərini, psixoloji təsirə məruz qaldıqlarını, yəni, Təqsirləndirilən şəxs narkotik vasitə aldıqlarını etiraf edəcəkləri təqdirdə buraxılacaqlarının bildirildiyini qeyd etmişdir, lakin təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən sonra onlar buraxılmışlar və onun əleyhinə hər hansı ifadə verməmişlər. Bu barədə hər hansı hüquq mühafizə orqanına şikayət edib-etmədikləri barədə suala isə şahid işlərinin çoxluğu ilə əlaqədar heç bir orqana şikayət etmədiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs tutulması vaxtı ilə əlaqədar həm təqsirləndirilən şəxsin özünün, həm də şahid X2 verdiyi ifadə "xxxx" MMC tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxsin istifadəsində olan nömrənin zənglərinin 26 may 2022-ci il tarixdə qeydə alındığı ötürücü stansiyalar və ərazilərə dair məlumatla təkzib olunmuşdur. Digər tərəfdən şahid Səadət Məmmədovanın təqsirləndirilən şəxsin psixoloji təzyiqə məruz qalması, tutulmasının səbəbləri barədə məlumatının olmadığını bildirmiş, təqsirləndirilən şəxsin narkotik vasitələrə görə “saxlanıldığını” polis əməkdaşlarından eşitdiyini qeyd etmişdir. Şahid həmçinin həqiqətən də qeyd olunan evdə yaşamasını hər hansı sənədlə təsdiq edə bilməyəcəyini, Talehin tutulduğu, onların kirayədə yaşadığı ünvana dair kirayə müqaviləsi olmadığını, hal-hazırda isə baş vermiş bu hadisə ilə bağlı həmin evdən çıxarıldığını bildirmişdir. Bundan başqa , təqsirləndirilən şəxs tutulduğu zaman üzərində yalnız bir qramdan ibarət olmaqla narkotik vasitə heroin aşkar edildiyini, lakin həmin narkotik vasitənin üstünə başqa bükümlərin qoyulduğunu bildirməsi barədə ifadələri də iş materialları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin üzərindən 2 ədəd bükümdə (bükümlərdən birinin içərisində 7 büküm olmaqla) heroin, digər bükümdə isə metamfetamin olmaqla 3 ədəd büküm aşkar edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 7 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,428 qram, 0,356 qram, 0,399 qram, 0,447 qram, 0,432 qram, 0,401 qram, 0,433 qram tünd qəhvəyi rəngli maddələr bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, bir ədəd bükümdə təmiz çəkisi 52, 925 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidir. Məhkəmə bildirir ki, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlilik təşkil edən bükümlər arasında həmçinin bir qram bükümün də müşahidə olunacağı təqdirdə Təqsirləndirilən şəxs üzərində olan bir qram bükümün üstünə başqa bükümlərin qoyulması barədə verdiyi ifadənin həqiqətə uyğun olması barədə qənaətə gələ bilərdi. Lakin göründüyü kimi xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlilik təşkil edən bükümlər 7 bükümdən ibarət olmaqla təmiz çəkisi 2, 896 qram heroin və bir ədən bükümdə təmiz çəkisi 52, 925 qram heroin olmuşdur. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntüləri əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını bildirmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı isə təqsirləndirildiyi əməli törətdiyini etiraf etmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək yuxarıda sadalanan halları, habelə təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından 372 dəfə, metamfetaminin isə şəxsi istehlak miqdarından 283 dəfə çox olmasını, bükümlərin sayını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Əliyev X11 rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəza növü təyin edilmiş, Ağcabədi rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 1(bir) il 9(doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən, 3 (üç) ay 9 (doqquz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası tamamilə Binəqədi rayon məhkəməsinin hökmü ilə təyin edilən cəzaya birləşdirilərək o, qəti olaraq 3 (üç) ay 9 (doqquz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, (cild 1, iş vərəqə 131-137), Suraxanı rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum edilmə cəzasının çəkilməmiş 02 ay 07 günlük hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Həmin Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Yuxarıda sadalananlardan görünür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən ağır (CM-nin 234.4.3-ci maddəsi) cinayət törətdiyindən əməlində cinayətin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi. həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsininin tələbləri nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş(Cild 1, iş vərəqə 26), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 may 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 91-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin Ambulator X3 Komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli, 3550 saylı rəydən görünür ki. Təqsirləndirilən şəxs “opioidlərin” qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 142-143). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otağa təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 55,511 qram narkotik vasitə heroin və 42,445 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk, o cümlədən onun istifadəsində olan ********** saylı nömrənin zənglərinin 26 may 2022-ci il tarixdə qeydə alındığı ötürücü stansiyalara və ərazilərə dair məlumatı özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 51). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 55,511 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 42,445 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, onun istifadəsində olan ********** saylı nömrənin zənglərinin 26 may 2022-ci il tarixdə qeydə alındığı ötürücü stansiyalara və ərazilərə dair məlumatı özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-237/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-237/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver