Məhkəmə qərarları › İş №1(101)-2374/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2374/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2374/2023 22.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızının iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta texniki təhsilli, Bilgəh Mərkəzi sanotoriyasında bağban işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyul 2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ay İşığı” kafesinin yaxınlığında bir gün əvvəl yaşadıqları məhəllədə uca səslə söyüş söyməsinə irad bildirməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan naməlum kəsici-deşici alətlə və ya bıçaqla tanışı Zərərçəkmiş şəxs sinə nahiyəsindən qəsdən bir dəfə vuraraq ona sol tərəfli hemotoraksla (sol döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirib qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində 1 saylı yataqxanada yaşayır. 13 iyun 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən küçədən söyüş ifadələri işlədilməsini eşitmiş və səsə həyətə çıxdıqda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs adlı şəxsin məhəllədə söyüş söyməsini görmüş və ona camaat olan yerdə belə söyüşlər söyməsi ilə bağlı iradlarını bildirmişdir. Fərhad ona «səninlə sabah söhbət edəcəyəm» deyib çıxıb getmişdir. 14 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Zabrat qəsəbəsində yerləşən “Ay işığı” kafesinə getmişdir. Bir müddət sonra isə Zərərçəkmiş şəxs həmin kafeyə gəlmiş və onu özünün əyləşdiyi masaya çağırmışdır. O, gedib Zərərçəkmiş şəxs masasında əyləşmişdir. Fərhad bir gün əvvəlki hadisəni, yəni özünün söyüş söyməsi və onun isə ona irad bildirməsini xatırladaraq həmin vaxt əsəbi olduğu üçün söyüş söydüyünü bildirmiş, ona ağıl öyrətməməyi deyib, onunla yüksək səslə danışmağa başlamışdır. Həmin vaxt onunla aralarında mübahisə yaranmış və Fərhad ona çöldə söhbət etməyi təklif etmişdir. O, təkliflə razılaşıb Soltanla kafedən çıxıb, təqribən 150 metr sağ tərəfə, futbol meydançasının yanında təklikdə dayanmışdır. Orada Fərhad ona bir gün əvvəl yaxşı edib söyüş söydüyünü demiş, onun sifətinə bir yumruq zərbəsi vurmuş və o, arxası üstə yerə yıxılmışdır. Bundan sonra o, ayağa qalxaraq Fərhadı itələmiş və həmin vaxt Fərhad yerə yıxılmışdır. Fərhad ayağa qalxdıqda isə əlini arxadan belinə tərəf aparıb bıçaq çıxararaq ona tərəf tutmuş və üstünə gələrək bir dəfə yellədib zərbə vurmaq istədikdə o, arxaya çəkilmişdir. Bundan sonra Fərhad ikinci dəfə bıçağı ona tərəf yönəldib vurmaq istədikdə o, Fərhadın bıçaq olan həmin əlindən sağ əli ilə vurmuş və bıçaq yerə düşmüşdür. Həmin vaxt bıçaq onun sağ əlini bir qədər kəsib zədələmişdir. O, özünü təhlükədən qorumaq üçün cəld bıçağı yerdən götürmüş, həmin vaxt Fərhad daha da əsəbiləşib yerdən daş götürüb onun üstünə hücum çəkmişdir. Fərhad onu vurmaq istədikdə o, yerdən götürdüyü bıçağı əlində tutub onu qorxudub uzaqlaşdırmaq üçün sağasola yellətmişdir. Həmin vaxt Fərhad üstünə gəldikdə o, bıçaq onun sinə nahiyəsindən yüngülcə toxundurmuşdur. Bundan sonra Fərhad ondan kənarlaşmış, amma onu yenə də hədələyib “səni gecə söhbətə çağıracam” deyərək çıxıb getmişdir. O da yaşadığı evə getmiş, lakin hadisə barədə heç kimə bildirməmişdir. Amma həmin gün Fərhad gəlməmiş, onu çağırmamışdır. Hadisədən təxminən bir həftə sonra o, 15-ci polis bölməsinə çağırıldığı üçün gedib təhqiqatçıya məhkəmədəki ifadəsinə uyğun izahat vermişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, baş vermiş hadisə nəticəsində onun üzündə bir qədər şişkinlik olmuş, Fərhaddan bıçağı alarkən sağ əlinin ovuc hissəsinə bıçaq batmışdır. Həmin hadisəyə heç kim şahid olmamışdır. Hadisədən sonra bıçağı qaranlıqda yol kənarında yadında qalmayan, dəqiq yerini xatırlamadığı yerdə atmışdır. Zərərçəkmiş şəxsla aralarındakı dava-dalaş 14 iyun 2023-cü il tarixdə, saat təxminən 20 radələrində Zabrat qəsəbəsində “Ay işığı” kafesinin sağ tərəfində 150 metr aralıda futbol meydançasının yanında baş vermiş, həmin vaxt ətrafda adam olmamış, hadisə 5-6 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzulinin, Cəbrayılın və Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ölkə Prezident tərəfindən 5 ədəd medalla təltif edilmişdir. Zərərçəkmiş şəxsla ədavəti, düşmənçiliyi olmamış, sonuncu onu təhqir etdiyi üçün onu vurdur. Zərər çəkmiş şəxslə barışmış, aralarında msünaqişəli vəziyyət tam normala dönmüşdür. Əməlindən səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərbəst ifadəsi yerində yoxlanılarkən sonuncu sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İstintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək tərtib olunan protokol vasitəsi ilə iş materiallarına əlavə edilmişdir (iş vərəqə: 108-109). Cinayət işinə məhkəmsə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, o, Təqsirləndirilən şəxs 2012-ci ildən Zabrat qəsəbəsindəki 192 nömrəli məktəbdən və yaşadığı məhəllədən qonşu kimi tanımış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs hadisənin mahiyyəti üzrə göstərdi ki, 14 iyun 2023cü il tarixdə, saat təxminən 19 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ay İşığı” kafesinə getmiş, orada əyləşib pivə sifariş etmişdir. Sonra həmin kafeyə Mətin gəlmiş və pivə sifariş verib onun əyləşdiyi masaya yaxınlaşmış, görüşüb stola əyləşmişdir. Həmin vaxt o, artıq 4 bakal pivə içmişdir. Bir gün əvvəl o, məhəllədə əsəbləşib söyüş söyərkən Mətinin ona irad bildirmiş və Mətinin ona irad bildirməsi onun xoşuna gəlməmişdir. Məhz bu söhbətə görə kafedə masa arxasında Mətinlə onun arasında mübahisə yaranmış, Mətin onunla yüksək tonla danışmağa başlamış və Mətinə səsini aşağı salmağı deyib, normal danışmağı ondan tələb etmişdir. Kafedə olan camaatı narahat etməmək üçün o, Mətinə bayıra çıxıb təklikdə məsələni müzakirə etməyi təklif etmiş və Mətinlə birlikdə həmin “Ay İşığı” kafesindən çıxıb 100-150 metr aralı məsafədə olan futbol meydançasının yanına getmişlər. Ətrafda heç kim olmamışdır. Orada olan zaman Mətin onunla yenə də yüksək tonla danışmağa davam etdikdə o, əsəbiləşmiş və eyni tonla onunla danışmağa davam etmişdir. Həmin vaxt o, yumruqla Mətinin sinəsindən zərbə endirmiş, sonuncu arxası üstə yıxılmış, Mətin yerdə olarkən təpiklə də onu bir-iki dəfə vurmuşdur. Həmin zərbədən sonra Mətin qaçıb uzaqlaşaraq getmiş, o isə kafeyə geri qayıdaraq həmin yerdə əyləşmiş və “Kola” alıb içdikdən 20 dəqiqə sonra kafedən çıxıb evlərinə getmək istəmişdir. Həmin vaxt o, futbol meydançasının yanından keçəndə çöldə Mətinin onu gözlədiyini görmüşdür. Mətin ona tərəf qışqıraraq gəlib əlində olan bıçaqla ona sinə nahiyəsin zərbə endirib ona xəsarət yetirmiş, ondan qan gəlməyini görüb sakitləşmişdir. Bundan sonrna Mətin onu xəstəxanaya aparmağı təklif etmiş, lakin o, Mətinə yaranın yüngül sıyrıq olmasını demiş, şikayətçi olmayacağını deyib onu evinə göndərmişdir. Bundan sonra o özü evlərinə getmiş və yarasından qan kəsilmədiyini görüb qardaşı Rəşad Soltanovla birlikdə Sabunçu rayon 3 saylı xəstəxanasına getmiş, xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. O hadisədən dərhal sonra Mətinlə barışmış və onun barəsində heç bir şikayəti və tələbi olmamışdır. Həm ibtidai istintaq və həm də məhkəmə baxışı mərhələsində notarial qaydada təsdiq edilmiş ərizələrlə cinayət təqibi orqanlarına müraciət edib Təqsirləndirilən şəxsla barışdığını, onu bağışladığını və ona qarşı şikayətinin olmadığını bildirmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə zamanı qaranlıq olduğundan o, Mətinin istifadə etdiyi bıçağı tam görə bilməmiş və əlamətlərini bilməmişdir. Həmin hadisə zamanı Mətin onu ölümlə hədələməmiş, öldürmək məqsədi ilə ona bıçaqla vurmamışdır. Sadəcə əvvəlki dava zamanı onu vurub yıxdığı üçün Mətin əsəbiləşib bıçaq götürüb gəlmiş və bir dəfə bıçaqla onu vurmuşdur. İlkin davaları cəmi 5 dəqiqə davam etmiş, hadisələrə ətrafda heç kim şahid olmamış, münaqişə ikisinin arasında baş vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs stintaq arasında keçirilmiş üzləşmədə dindirimə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etsə də sonuncu özünün ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək onun üzərində bıçaq olmadığını, Zərərçəkmiş şəxs sonuncunun özünün bıçağı ilə bir dəfə vurub xəsarət yetirdiyini göstərmişdir (iş vərəqə: 130-132). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 23 iyun 2023-cü il tarixli, 1452 saylı rəyindən görünür ki, vət. Tibbi tədqiqat zamanı Zərərçəkmiş şəxs sol tərəfli hemotoraksla (sol döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alət təsirindən törənmişdir, bıçaqla kənar şəxs tərəfindən yetirilə bilər, müddəti müayinə olunan şəxsin dediyi 14 iyun 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərəvurmaya aiddir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, lokalizasiyasına və xarakterinə görə Zərərçəkmiş şəxs müəyyən olunan xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (iş vərəqə: 22-24). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi eskpertizasının 06 iyul 2023-cü il tarixli, 1577 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs sol əlin ovuc səthinin səthi kəsilmiş yarasından sonra yaranmış zərif çapıq toxuması müəyyən olunmuşdur. Xəsarət kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən, eləcə də şəxsin qeyd etdiyi 14 iyun 2023-cü il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər aid olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: 111-112). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 12 oktyabr 2023-cu il tarixli, 2856 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. O, öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəkliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs hazl-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs anlaqlıdır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: 133-135). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ay İşığı” kafesinin yaxınlığında baş verdiyi müəyyən edilmiş və hadisə yerində iş üçün əhəmiyyətli olan hər hansı əşya aşkar edilməmişdir (iş vərəqə: 8-10). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulması hadisəsini görmüş şahidlər müəyyən edilməmiş və hadisə zamanı istifadə edilən bıçağın olduğu yer müəyyən edilməmişdir (iş vərəqə: 114). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, baş vermiş cinayət hadisəsini zərərçəkmş şəxsin qanuna zidd hərəkətlərinin təsiri nəticəsində törətdiyini bildirmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 138-139). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək bir-biri ilə barışdıqlarını, bir-birindən şikayət və tələbləri olmadıqlarını bildirmişlər (iş vərəqə: 136- 137). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, həmçinin məhkəmə baxışı zamanı notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsinin aktiv iştirakçısı olmuş, Füzulinin, Cəbrayılın və Şuşanın alınması uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, buna görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə «Füzulinin azad olunmasına görə», «Cəbrayılın olunmasına görə» və «Şuşanın olunmasına görə», həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilmişdir. İşdə olan sənədlərlə müəyyən edildi ki, hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, həmçinin hərbi hissə komandanlığı tərəfindən müsbət xidmətə görə fəxri fərmanla təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmamasını, Vətən Müharibəsi iştirakçısı olmaqla gedən döyüşlərdə fəal iştirak etməsinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə «Füzulinin azad olunmasına görə», «Cəbrayılın olunmasına görə» və «Şuşanın olunmasına görə», həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını, hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə müsbət xarakterizə olunmasını, həmçinin hərbi hissə komandanlığı tərəfindən müsbət xidmətə görə fəxri fərmanla təltif olunmasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunacaq şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar