Məhkəmə qərarları › İş №1(101)-2378/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2378/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2378/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, İmişli rayonu, Boşçallar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 02 iyun 2023-cü il tarixdə saat 17 radələrində fəhlə kimi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən “Toyuq ferması"nın ikinci sexində olduğu zaman oraya gəlmiş fermanı işlədən Zərərçəkmiş şəxs ilə görüşəndən sonra, bir gün əvvəl sonuncu sexdə olan zaman onunla qısa mübahisədən sonra uzaqlaşıb sexdən çıxarkən ifadə etdiyi nalayiq söyüşün ona ünvanlamış olduğunu ehtimal edərək, qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb işlə əlaqədar üstündə saxladığı mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sonuncuya döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd həyat üçün təhlükəli olan xəsarət və döş qəfəsinin sağ yarısının arxa divarının daxilə nüfuz etməyən bir ədəd, sol bazunun bayır səthinin bir ədəd (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları və başın ənsə nahiyəsinin bir ədəd kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sıyrığı kimi xəsarətlər yetirərək, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilidən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Quşçuluq massivində yerləşən toyuq fermasında əmək müqviləsi olmadan fəhlə olaraq işləyir. Onun işi quşçuluq sexində dəm vermək, dəmləri boşaltmaq və s. kimi işlərdir. Zərərçəkmiş şəxs isə Quşçuluq sexində baytar həkimdir. Fermanı işlədənlərdən Zərərçəkmiş şəxs ünsiyyət tərzində lovğalıq və kobudluq olduğuna görə ondan xoşu gəlmirmiş, çünki işdə hər xırda bir nöqsana görə danlamağı, deyinməyi xoşlayırmış. 01 iyun 2023-cü il tarixdə gündüz vaxtı işiylə məşğul olduğu zaman Zərərçəkmiş şəxs çənə su vurmadığına görə deyinməyə başlamış, bir müddət fermada qalandan sonra çıxıb getmişdir. Nəsimi deyinə-deyinə fermanın qapısından çıxanda nalayiq sözlər demişdir. Həmin vaxt fermada ondan və Nəsimidən başqa heç kəs yox imiş. 02 iyun 2023-cü il tarixdə günün sonunda saat 17 radələrində fermada ikinci toyuq sexində tək işlədiyi zaman Nəsimi fermaya gəlmiş və sexə girib salamlaşandan sonra həmişəki kimi ucadan danışmağa başlayanda Nəsiminin söyüşü yadına düşmüşdür. O, özündən asılı olmadan əsəbləşmişdir. O, kisələrin kəndirini kəsmək üçün üzərində olan mətbəx bıçağını götürüb arxadan Nəsimiyə zərbə vurmuşdur. Onun məqsədi Nəsimiyə ciddi xəsarət yetirmək və onu öldürmək deyilmiş. Həmin vəziyyətdə Nəsimiyə üç-dörd zərbə vurmuşdur. Nəsimi qaçıb fermadan çıxmış, amma o Nəsiminin ardınca getməmişdir. Sonra fermadan çıxaraq telefonla təcili yardıma və polisin “102” xidmətinə məlumat verib Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmişdir. O axşam saatlarında Suraxanı Polis İdarəsinə könüllü gedib hadisəni danışmışdır. O əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Əvvəllər Nəsimi ilə arasında mübahisə olmamışdır. İstintaq zamanı anlaqlı olmağını yoxlamaq üçün ekspertiza keçirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olur və onun toyuq və cücə ferması var. Təqsirləndirilən şəxs təxminən bil ildir tanıyır. Təqsirləndirilən şəxs Qabil ilə birlikdə işlətdiyi toyuq fermasına təxminən bir il əvvəl işləmək üçün gəlmişdir. İlham ailəsi ilə birlikdə fermada yaşayırmış. Təqsirləndirilən şəxsla arasında həmişə normal münasibətlər olmuşdur. 02 iyun 2023-cü il tarixdə təxminən saat 17:30-dan sonra Fermanın ikinci sexində olduğu zaman Təqsirləndirilən şəxs yanına gəlmişdir. Təqsirləndirilən şəxs salamlaşandan sonra biraz söhbət etmişlər və birdən-birə Təqsirləndirilən şəxs ona 3 bıçaq zərbəsi endirmişdir. Bundan sonra o qaçmış və Qabilə zəng vurub məlumat vermişdir ki, İlham tərəfindən bıçaqla vurulmuşdur. Qabildən tez gəlməsini və təcili yardıma məlumat verməsini xahiş etmişdir. O, hələ də Təqsirləndirilən şəxs onu niyə bıçaqladığını bilmir. Bıçaqlanma hadiəsinə kimi Təqsirləndirilən şəxsla arasında hər hansı münaqişə, söz-söhbət olmamışdır. O, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır və toyuq-cücə ferması işlədirlər. İki il əvvəl Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə fermada işləməyə və həmçinin ailəsi birlikdə ferma ərazisində yaşamağa başlamışdır. 02 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs ona zəng etmiş və həyəcanlı səslə Təqsirləndirilən şəxs onu bıçaqladıdığını, 103-ə zəng vurub təcili yardım çağırmağını istəmişdir. O, Nəsiminin yanına gələndə onun gizləndiyini görmüş və doğurdan da bədəninin yuxarı kürək və sinə nahiyələrində, əllərində qan var imiş. O, hadisə zamanı orda olmamış və yalnız hadisəni Zərərçəkmiş şəxs eşitmişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs onu niyə bıçaqladığını bilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən öz atasına qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 cinayət işinin 177-178-ci vərəqələrində olan ifadəsindən görünür ki, o, valideynləri- atası Təqsirləndirilən şəxs, anası Qanuni nümayəndə, böyük özündən bacısı və kiçik qardaşı ilə birlikdə yaşayır. Valideynləri 2023-cü ilin iyun ayında Hövsan qəsəbəsində Quşçuluq massivi deyilən yerdə toyuq fermasında işləmişlər, oradakı evdə yaşamışlar. 02 iyun 2023-cü il tarixdə saat 17 radələrində atası iş yerində sexdə olduğu zaman o, həmin fermaya tərəf gedəndə ikinci sexdə atasının narahat səsini eşitmiş və oraya baxmağı qərara almışdır. Sexə gələndə atası orada tək olmuş, amma danışığından başa düşmüşdür ki, fermanın sahiblərindən biri olan Nəsiminin ünvanına deyinir, sonuncu ilə dalaşmışdır. O, atasından soruşmuşdur ki, nə olub, nə baş verib, atası konkret bir söz deməmiş və bir neçə dəqiqə orada olandan sonra sexdən çıxmış və telefonla kiminləsə danışıb demişdir ki, “Zərərçəkmiş şəxs bıçaqla vurmuşam”. O, yenə narahat olmuş, nə baş verdiyini öyrənmək istəmiş, amma atası ona aydın bir söz deməyib çıxıb getmişdir. Sonradan məlum olmuşdur ki, atası fermadan çıxıb gedəndən sonra polisə getmiş və dalaşması barədə özü məlumat vermişdir. O, atası Zərərçəkmiş şəxs mübahisəsinin şahidi olmamış, ümumiyyətlə onların əvvəllər dalaşmalarını, atasının onun haqqında pis danışmasını da eşitməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin məsul növbətçisi, polis mayoru R.Rəhimlinin 02 iyun 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:18-də Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqlaması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 7-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən “Toyuq ferması"nın ərazisidir. Hadisə yerində üzərində qanabənzər ləkələr olan bir ədəd bıçaq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 60-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 138-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 31 iyul 2023-cü il tarixli 573 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd; döş qəfəsinin sağ yarısının arxa divarının daxilə nüfuz etməyən bir ədəd, sol bazunun bayır səthinin bir ədəd (cəmi üç ədəd) deşilmişkəsilmiş yaraları və başın ənsə nahiyəsinin bir ədəd kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən, kəsilmiş yara kəsici kənara malik alətin təsirindən törənmişlər, eləcə də qərarda göstərilmiş şəraitdə bıçağın təsirindən törənə bilərdi. Döş qəfəsinin arxa səthinin sıynğı isə bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd edilən xəsarətlər qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, döş qəfəsinin sağ yarısının arxa divarının daxilə nüfuz etməyən bir ədəd, sol bazunun bayır səthinin bir ədəd (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları və başın ənsə nahiyəsinin bir ədəd kəsilmiş yarası (cəmi üç ədəd) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, döş qəfəsinin arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 78-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyul 2023-cü il tarixli götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan geyim əşyaları götürülmüşdür. Cinayət işinin 180-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin məhkəmə-bioloji-trasoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 510/2023-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mayka və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Cinayət işinin 185-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 04 sentyabr 2023-cü il tarixli 365/MTKŞ-2023 saylı ekspertiza rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət(lər)in ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməyə xarakterik olub-olmaması barədə sualın cavablandırılması, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasını keçirmiş ekspertin səlahiyyətlərinə aiddir. Cinayət işinin 190-192-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 oktyabr 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təqsirləndirilən şəxsin üzünə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini bildirmiş, Təqsirləndirilən şəxs da zərərçəkmiş şəxsin dedikləri ilə razılaşmışdır. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, zərərçəkmiş şəxsi vurduğunu etiraf etmiş, lakin, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər – az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı – 25 oktyabr 2013-cü il təvəllüdlü X5 vardır. Cinayət işinin 191-195-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizanın 20 oktyabr 2023-cü il tarixli, 2942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (02 iyun 2023-cü il tarixdə) xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında psixi pozuntudan əziyyət çəkməmişdir və hal-hazırda da, psixi pozuntudan əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 06 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 iyun 2023-cü il tarixli şəxsin təqsirini könüllü boynuna alması barədə müraciət etməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü polis idarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət işinin 27-ci vərəqəsində olan 03 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-75-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyun 2023-cü il tarixli, 4(010)-241/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 112-115-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 4(010)-303/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 143-148-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 4(010)-353/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 oktyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 156-157-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar sonuncu barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 161-ci vərəqəsində olan Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 165-166-cı vərəqələrində olan Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 20 oktyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 17 (on yeddi) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan qolsuz mayka və mətbəx bıçağı məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 17 (on yeddi) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan qolsuz mayka və mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar