Məhkəmə qərarları › İş №1(101)-2381/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2381/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2381/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, Azərbaycan və rus dilləri üzrə tərcüməçilər – X8 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət etməklə vəsatətini əsaslandıraraq göstərdi ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Dövlət ittihamçısı qeyd etdi ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 16277,77 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitənin 22,177 qram çəkidə hissəsini üzərində, 16255 qram çəkidə hissəsini isə tanışı Şahid2 idarə etdiyi “Ford Focus” markalı, **-LM-*** qeydiyyat nişanlı avtomobilin arxa sərnişin yerində saxlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunda elektrik yarımstansiyasının yaxınlığına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə, saat 00:35-də qeyd edilən ünvanda tanışı Şahid2 idarə etdiyi “Ford Focus” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada 02 iyul 2024-cü il tarixdə, saat 02:45-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şortun sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 22,77 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 02 iyul 2024-cü il tarixdə, saat 04:00-dan etibarən Təqsirləndirilən şəxs və Şahid2 öz könüllü razılıqları və birlikdə iştirakları ilə, sonuncunun idarə etdiyi “Ford Focus” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa sərnişin yerində olan iki ədəd qara rəngli torbada, birinci torbanın içərisindən 08 ədəd qara rəngli sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1015 qram, 950 qram, 1015 qram, 1020 qram, 1025 qram, 1020 qram və 1000 qram olmaqla ümumi çəkisi 8065 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ikinci torbanın içərisindən 08 ədəd qara rəngli bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 1025 qram, 1005 qram, 1010 qram, 1030 qram, 1025 qram, 1025 qram və 1045 qram olmaqla ümumi çəkisi 8190 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin ittihamdan və cinayət işi materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qeyd olunan mövqeyə əsasən cinayətin başa çatdığı yer Bakı şəhəri, Qaradağ rayonu ərazisi olmuş və cinayət işinin ibtidai istintaq aidiyyəti Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi olmuşdur. Göründüyü kimi hazırkı cinayət işi üzrə ibtidai istintaq səlahiyyətli olmayan şəxs tərəfindən aparılmışdır. Bu isə öz növbəsində CPM-in 303.3.3-cü maddəsinin pozuntusunu yaradır. Belə ki, həmin maddəyə əsasən məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəmə tərəfindən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qayatarılması barədə qərar qəbul edilməsi üçün əsas verən pozuntudur. Bundan başqa, dövlət ittihamçısı qeyd etdi ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, iş üzrə ittiham aktı Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanov tərəfindən təsdiq edilmiş, lakin nə “Təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” 15 avqust 2024-cü il tarixli protokolda, nə də ibtidai istintaqın sonrakı gedişatında Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanova etiraz hüququ izah edilməməmişdir. Bu hal da öz növbəsində CPM-in 303.3.3-cü maddəsinin pozuntusunu yaradır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs rus dilində təhsil aldığından ona həmin dili bilən tərcüməçi təyin edilmiş, lakin iş üzrə tərtib edilmiş ittiham aktının həmin dilə tərcümə edilmiş nüsxəsi Təqsirləndirilən şəxs təqdim edilməmiş və ümumiyyətlə ittiham aktının rus dilinə tərcümə olunmuş nüsxəsi iş materiallarına əlavə edilməmişdir. Bununla da CPM-in 303.3.7-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi məhkəmə tərəfindən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsas verən pozuntudur. CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən, dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılması və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətə uzadılması barədə qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, habelə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə təmin olunmasını bildirərək, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Eyni zamanda, Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razı olduğunu bildirərək onkoloji xəstəlikdən əziyyət çəkməsi nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini xahiş etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyib hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmənin hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs nəinki ittiham aktının müvafiq dilə tərcümə olunmuş surətini almamış, ümumiyyətlə ona ittiham aktı təqdim edilməmişdir. Bundan başqa, iş materialları ilə Təqsirləndirilən şəxs müvafiq hüquq və vəzifələrinə dair prosessual sənədlərin bildiyi dilə tərcümə olunmuş surətlərinin verilməsi müəyyən olunmamış, həmin sənədlərin tərcümə olunmuş müvafiq nüsxələrinin iş materiallarına əlavə edilməsi təmin edilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında CPM-in normalarının digər pozulması hallarına da yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd (şəxsiyyət vəsiqəsi, pasport) işə əlavə edilməmiş və onu xarakterizə (yaşayış yeri, ailə tərkibi, xasiyyətnamə) edən sənədlər müvafiq orqanlara sorğu verilərək əldə edilib iş materiallarına əlavə edilməmişdir. İş materiallarına yalnız Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edən portaldan çıxarış əlavə edilsə də, həmin sənəd müvafiq qaydada təsdiq edilməyərək yalnız üzərinə “Düzdür” mavi rəngli ştamp vurulmaqla kifayətlənilmişdir. Halbuki, CPM-in 155.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Həmin Məcəllənin 289.3.4-cü maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi səciyyələndirən hallar (təhsili, məhkumluğu və sair) ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Bundan başqa, həmin Məcəllənin 292.3-cü maddəsinin tələbinə görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Lakin iş materialları ilə tanışlıq zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən işin məhkəməyə göndərilməsinə dair 15 oktyabr 2024cü il tarixli məktubda Təqsirləndirilən şəxs və onun müdafiəçisinə ittiham aktının surətlərinin təqdim edilməsi qeyd edilməsinə baxmayaraq, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin, o cümlədən ittiham aktının müvafiq dilə tərcümə edilmiş nüsxəsinin verilməsinin təmin edilməsi barədə qəbz və ya hər hansı sənəd işdə müəyyən edilməmişdir. Məhkəmə həmin halı nəzərə alaraq, təqsirləndirilən şəxsə də ittiham aktının surətini göndərmişdir. Bundan başqa, iş materiallarında şübhəli şəxs Təqsirləndirilən şəxs gürcü dili tərcüməçisi X1 təqdim edilməsinə dair protokol tərtib edilmiş, həmin protokolun məzmununda isə şübhəli şəxs X6 qeyd edilən şəxsin tərcüməçi qismində təqdim edilməsi qeyd edilmişdir (bax Cild 1, iş vərəqi 22;). İbtidai araşdırmanın sonrakı gedişində tərcüməçi X1 Təqsirləndirilən şəxs təqdim edilməsi qeyd edilsə də, həmin tərcüməçinin hansı dillərdə tərcümə etməsi ilə bağlı istintaq və prosessual sənədlərdə hər hansı qeyd aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, əlavə ibtidai araşdırma zamanı həmin hallar da ibtidai araşdırma orqanı tərəfindən aydınlaşdırılmaqla müvafiq hüquqi qiymət verilməlidir. Qeyd edilən hallar isə bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), 3-cü bəndinə görə məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və 7-ci bəndinə görə isə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası müdafiəçi və təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı vəsatətlərini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hazırkı mərhələdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.3, 303.3.7, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılsın. Müdafiəçi və təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı birgə vəsatətləri təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 06 dekabr 2024-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar