Məhkəmə qərarları › İş №1(101)-2385/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2385/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2385/2024 06.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1988-ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 20, mənzil 60-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Kristal Abşeron 2” yaşayış kompleksi, bina 3,mənzil 113-də yaşamış, barəsində Nərimanov rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 13,172 qram təşkil edən külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini naməlum mənbədən və naməlum tarixdə, qeyri-müəyyən vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN-nin, BMCMİ-nin) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 16:40-da Bakı şəhəri, ünvan 1 ünvanın yaxınlığında olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən BMCMİ-nin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 18:51-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən ümumi təmiz çəkisi 13,172 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 6,523 qram və 6,649 qram olmaqla Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisində aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 13,172 qram təşkil edən külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini naməlum mənbədən və naməlum tarixdə, qeyri-müəyyən vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN-nin, BMCMİ-nin) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 16:40-da Bakı şəhəri, ünvan 1 ünvanın yaxınlığında olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən BMCMİ-nin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 18:51-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən ümumi təmiz çəkisi 13,172 qram təşkil edən külli miqdarda qeyd edilən psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 6,523 qram və 6,649 qram olmaqla Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisində aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib-bilməməsinə dair heç bir münasibət bildirməmiş, Azərbaycan Respublikasının qanunları ilə ittiham olunmaq istəmədiyini, yalnız şəriət qanunları ilə ittiham olunacağını qeyd edib ifadə verməkdən imtina etmiş, bu cür davranışını heç nə ilə əsaslandırmamışdır. Odur ki, məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs elan olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 17 may 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «Kristal Abşeron 2» yaşayış kompleksi, bina 3, mənzil 113-də anası X3 ilə birlikdə yaşayır. Özü subaydır, heç yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Anası təqaüdçüdür, atası X4 bir neçə il əvvəl ölmüşdür. Özü heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamış, bu kimi maddələri satmamış və belə bir məqsədi olmamışdır. Özünün üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini də ilk dəfə təsadüfən yerdən tapıb maraq üçün götürmüş, onu kiməsə satmaq və ya vermək məqsədində olmamışdır. 16 may 2024-cü il tarixdə, saat 16:40 radələrində özü Bakı şəhəri, ünvan 1 ünvanın yaxınlığında olduğu zaman kənardan ona tərəf mülki geyimdə bir neçə nəfər yaxınlaşaraq özlərini təqdim edib DİN-nin BMCMİ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərin təklifi ilə özünü onlara təqdim etmiş, anket məlumatlarını söyləmişdir. Polis əməkdaşları ona onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu, onunla bağlı əməliyyat-axtarış tədbiri keçirildiyini demiş və ondan üzərində hər hansı narkotik və ya psixotrop maddələr olub-olmaması barədə soruşmuşlar. Həmin vaxt özünün üzərində iki ədəd bükümdə «patı» adı ilə tanınan psixotrop maddə metamfetamin olmuşdur. Belə ki, o, həmin metamfetamin bükümlərini bir gün qabaq, yəni 15 may 2024cü il tarixdə, gündüz saatlarında Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisində yerdən təsadüfən tapmış, özü narkotik qəbul edən olmasa da, lazım ola biləcəyini fikirləşib yerdən götürmüşdür. Bu barədə o, polis əməkdaşlarına bildirdikdə polislər onu özləri ilə birlikdə BMCMİ-nə aparmışlar. Həmin idarədə şübhəli şəxs kimi tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edib ona təqdim olunmuş, onun heç bir etirazı olmamışdır. Sonra oradakı xidməti otaqların birində videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Polis əməkdaşı onu bu barədə qərarla da tanış etmiş, hüquq və vəzifələri izah olunmuş və ona təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz saxladığı əşya, predmet, narkotik və psixotrop maddə varsa, çıxarıb təqdim etsin. O, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı həmin iki ədəd kiçik sellofan bükümdə olan «patı» adı ilə tanıdığı metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, həmçinin üzərində olan özünə məxsus 01 ədəd “İphone” markalı, içərisində heç bir mobil nömrə olmayan mobil telefonu da çıxarıb baxışa təqdim etmişdir. Polis əməkdaşları özləri də onun üzərində şəxsi axtarış etmiş, lakin başqa heç nə aşkar olunmamışdır. Həmin iki ədəd sellofan bükümlər polis əməkdaşı tərəfindən açılmaqla baxış keçirilmiş və bükümlərdəki metamfetamin maddəsi aşkar olunmuşdur. Sonra həmin metamfetamin bükümləri zərfdə qablaşdırılaraq götürülmüş, həmçinin, ona məxsus “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb edəcəyi bildirilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, həmin bükümlərdə olan psixotrop maddə metamfetamini bir gün qabaq Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisindən tapdığını da bildirmişdir. Sonra şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, bu barədə polis əməkdaşı tərəfindən tərtib edilmiş protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, onun istifadəsində mobil nömrə olmamış, təqdim etdiyi “İphone” markalı mobil telefonunun içərisində də heç bir mobil nömrə olmamışdır. Əvvəllər istifadə etdiyi mobil nömrəni isə unutmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən, BMCMİ-nə aparılarkən, yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. O, narkotik və ya psixotrop maddələr, güclü təsir edən maddələr qəbul edən şəxs olmamış, heç vaxt qəbul etməmişdir. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmin metamfetamin bükümlərini də heç kimə satmaq, vermək məqsədi olmamış, sadəcə maraq üçün tapıb götürmüşdür. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış, əziyyət çəkməmiş, hazırda da belə xəstəliyi yoxdur (iş vərəqə: 53-57,75-79). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 16 may 2024-cü il tarixdə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs barəsində onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə həmin maddələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, onun anket məlumatları dəqiqləşdirilmiş və onun Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 20, mənzil 60-da qeydiyyatda olmaqla faktiki ünvan 3 ünvanında yaşadığı müəyyənləşdirilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədilə onun məruzəsinə əsasən müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuş və qərara uyğun olaraq tədbir keçirilmişdir. 16 may 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xarici əlamətlərinə görə saat 16:40-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində saxlanılmışdır. Onlar özlərini təqdim etmiş, təkliflərinə əsasən saxlanılan həmin şəxs də öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olmasını təsdiqləmişdir. Təqsirləndirilən şəxs barəsində olan qərarla tanış edilmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu ona bildirilmişdir. Sorğular əsasında Təqsirləndirilən şəxs özü səmimi etiraf edib, üzərində 02 ədəd bükümdə «patı» adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs özləri ilə birlikdə BMCMİnə aparmış, təhqiqatın aparılması idarənin təhqiqatçısı Cavanşir Mansirova həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmiş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik və psixotrop maddə saxladığı təqdirdə çıxarıb təqdim etməsi ona təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı, hər birinin içərisində psixotrop maddə metamfetaminə bənzər şübhəli maddə olan 02 ədəd kiçik sellofan bükümləri çıxarıb masanın üzərinə qoymaqla, həmçinin üzərində olan özünə məxsus 01 ədəd “İphone” markalı, içərisində mobil nömrə olmayan mobil telefonunu da çıxarıb təqdim etmişdir. Onlar özləri də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış etmiş, lakin başqa heç nə aşkar olunmamışdır. Aşkar olunmuş həmin 02 ədəd sellofan bükümlər açılıb baxış keçirilmiş və bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs “İphone” markalı mobil telefonu da araşdırma üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin “patı” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu, bir gün qabaq Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerdən təsadüfən tapıb götürdüyünü bildirmişdir. Sonda şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, təhqiqatçı Cavanşir Mansirov tərəfindən şəxsi axtarış barədə protokol tərtib edilmiş və imzalarla təsdiq etmişlər. Şahid1 ifadəsinin davamında əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, BMCMİ-nə gətirilərkən, nə də həmin idarədə olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, başqa qanunsuz hərəkətlər edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən DİN-nin BMCMİ-nin digər əməkdaşı Şahid3 məhkəmə baxışı zamanı şahid kimi dindirilmiş həmkarları X2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsuatları bir daha təsdiq etmişdir. Bundan başqa məhkəmə baxışı zamanı şahid – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, ifadəsində məhkəmədə dindirilmiş həmkarları X2 və Şahid3 ifadələrində göstərdikləri xüsuatları təsdiq edərək onlarla oxşar məzmunlu ifadə vermişdir (iş vərəqə:105-108). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 may 2024-cü il tarixli və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 16:40-da Bakı şəhəri, ünvan 1 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 18:51-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr və 01 ədəd “İphone” markalı mobil telefonu aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Tədqiq olunan protokoldan, həmçini görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisində “patı” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu, bir gün qabaq Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerdən təsadüfən tapıb götürdüyünü bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 2 ədəd bükümlər bir ədəd kağız zərfə qoyulmaqla qablaşdırılmış, zərfin üzəri “Azərbaycan Respublikası DİN “Zərflər üçün №6” dairəvi möhürü ilə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdir. Tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» və «diskə baxış keçirilməsi haqqında» protokolların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi həmin diskdəki videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında protokolun məzmununa uyğundur və ziddiyyətlər müəyyən edirlməmişdir (iş vərəqə: 27-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 may 2024-cü il tarixli, 3-16-16/2-6/2783 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN “Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs oğ.” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,523 qram və 6,649 qram, ümumi təmiz çəkisi 13,172 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildir. Tədqiq olunan rəyin qeyd hissəsinə əsasən ümumi təmiz çəkisi 13,172 qram olan metamfetamin psixotrop maddəsindən 0,1 qram tədqiqata sərf edildikdən sonra 13,072 qram metamfetamin qalıq qalmışdır(iş vərəqə: 41-45). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məəhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli, 3393 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlama zamanı psixotrop maddə metamfetamin istifadə etdiyini bildirmişdir(iş vərəqə: 109-110). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 29 may 2024-cü il tarixli, 1737/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir(iş vərəqə: 112-114). Tədqiq olunan müvafiq istintaq qərarlarından görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında 16 may 2024-cü il tarixli protokola əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 01 ədəd DVD formatlı disk, ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda ümumilikdə qalıq 13,072 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi qiymətləndirilmiş, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,072 qram çəkidə psixotrop maddə metamfetamin Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına saxlanca verilmişdir(iş vərəqə: 30, 160-167, 175). Məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xarakterli materiallardan görünür ki, iş üzrə əməliyyat xidməti tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 may 2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar məhkəmə nəzarəti qaydasında yoxlanılarkən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarına əsasən BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 16 may 2024-cü il tarixli həmin qərar qanuna uyğun hesab edilmişdir(iş vərəqə: 102). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanının əməliyyat tapşırığına Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən verilmiş 07 avqust 2024-cü il tarixli 3-13-6/2-7489/24 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu, bu kimi maddələri satış məqsədi ilə əldə edib saxladığı barədə əlavə məlumatlar əldə edilsə də, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, onun yaxın əlaqələrinin, qanunsuz olaraq əldə edib saxladığı 02 ədəd bükümdə ümumilikdə 13,172 qram çəkidə psixotrop maddə metamfetamini nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır. Müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda dərhal məlumat veriləcəkdir(iş vərəqə: 142). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan cinayət işindən ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: 160-167). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 17 may 2024-cü il tarixli qismən etirafedici ifadələri, 16 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk, polis əməkdaşlarının şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 17 may 2024cü il tarixli, 3-16-16/2-6/2783 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli, 3393 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 29 may 2024-cü il tarixli, 1737/K nömrəli rəyi, götürülmüş psixotrop maddələrdən və bir ədəd DVD diskdən ibarət maddi sübutlar, Nərimanov rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin qanuniliyi barədə 07 iyun 2024-cü il tarixli qərarı, BMCMİ-nin əməliyyat tapşırığına verdiyi 07 avqust 2024-cü il tarixli, 3-13-6/2-7489/24 nömrəli cavabı və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 16 may 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, BMCMİ-si üzrə “əməliyyat qrupunun yaradılması haqqında” 16 may 2024-cü il tarixli əmr, Təqsirləndirilən şəxs saxlanılıb BMCMİ-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 16 may 2024-cü il tarixli daha bir protokoldan görünür ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, onun satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə olmuşdur (iş vərəqə: 4, 5-6, 7-8, 9). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə verməkdən imtina etsə də, məhkəməyədək icraat mərhələsində dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 17 may 2024-cü il tarixli ifadələrində özünü qismən təqsirli bilərək ondan aşkar edilib 02 ədəd bükümdə götürülən psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 02 ədəd bükümün içərisindəki həmin maddənin “patı” kimi tanıdığı maddə olduğunu, saxlanılmazdan 1 gün əvvəl Buzovna qəsəbəsində, Albalılıq yaşayış massivi ərazisindən tapdığını və maraq üçün götürüb üzərində gəzdirdiyini, saxlanıldıqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq çıxarıb təqdim etdiyini etiraf etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən istintaq olunan iş üzrə verilmiş əməliyyat tapşırığına əməliyyat orqanı tərəfindən ziddiyyətli cavablar verilmiş, həmin cavabda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsi nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu, bu kimi maddələri satış məqsədi ilə əldə edib saxladığı barədə əlavə məlumatlar əldə edilməsi qeyd olunmuş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasını, onun yaxın əlaqələrini, qanunsuz olaraq əldə edib saxladığı 02 ədəd bükümdə ümumilikdə 13,172 qram çəkidə psixotrop maddə metamfetamini nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır kimi göstərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, əməliyyat tapşırığına cavab məktubundan da göründüyü kimi, əməliyyat oqranı ibtidai istintaq orqanının tapşırıqlarına Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunun, ondan aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini sonuncunun satış məqsədi ilə əldə etməsinin müəyyən edilməsi barədə cavab hazırlayarkən fərziyə və ehtimallara əsaslanmış, heç bir mötəbər mənbəyə istinad olunmamış, konkret meteriallar əldə edilib təqdim edilməmiş və ən nəhayət, məhkəmə baxışı nəticəsində belə bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrıldığı müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etmək məqsədilə hər hansı iş görülməsi və ya buna şərait yaradılması müəyyənləşdirilməmiş, aşkar olunan psixotrop maddənin hazırlanması və ya realizə edilməsi üçün hər hansı avadanlıq, o cümlədən kütləsinin müəyyən edilməsi üçün çəki vasitəsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolunda, həmçinin şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi DVD formatlı diskdə də Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübutlar təqsirləndirilən şəxsin onda aşkar olunan psixotrop maddəni satış məqsədilə əldə etməsini, satmağa cəhd etməsini və ya satmasını təsdiq edə biləcək sübut təqdim edə bilməyən şahid ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə keçirilmiş məəhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin istifadə etdiyini bildirməsi, ondan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməsi təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun iki ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Bundan başqa, şəxsi axtarış və götürmə prosesində Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefona baxış keçirilmiş, mobil şəbəkələr vasitəsi ilə həmin telefonla aparılmış əməliyyatlar araşdırılmış, lakin baxılan iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla heç bir əlaqə, bağlılıq müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən iki ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 13,172 qram təşkil etmişdir və bu miqdar külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 16 may 2024-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 13,172 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina edib Azərbaycan Respublikasının qanunları ilə deyil, şəriət qanunları ilə ittiham və mühakimə olunacağını bildirməsini onun haqqında aparılan cinayət təqibinə etiraz hüququ və cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirərək qeyd edir ki, məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar, həmçinin məhkəməyədək icraat mərhələsində polis tərəfindən hər hansı qanun pozuntularına yol verildiyi müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində barəsində həbs qətimkan tədbiri seçilməklə 17 may 2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilmiş Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədən səthində sağ dirsək nahiyyəsində və sağ çiynin ön səthində qərtməkli yaralar kimi xəsarətlərin olması müəyyən edilmiş və araşdırılma aparılması məqsədilə İstintaq Təcridxanası tərəfindən Azərbaycan Respublikasının Baş prokurorluğuna məlumat verilmişdir. Azərbaycan Respublikasının Baş prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli, 6/1-5776/24 saylı məktubun məzmunundan görünür ki, Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs bədən səthində xəsarətlər aşkar edilməsi barədə məlumat ətrafında araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbirinə dair məsələyə baxılarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı təsir və ya təzyiq olunmadığını bildirmişdir. Məhkəyədək icraat mərhələsində Təqsirləndirilən şəxs bədən səthində xəsarətlər aşkar edilməsi barədə məlumat ətrafında həm də ibtidai istintaq orqanı tərəfindən araşdırma aparılmış, iş üzrə keçirilmiş və işdə olan məhkəmə-tibb ekspertizasının 17 may 2024-cü il tarixli rəyindən görünür ki, həmin ekspertiza Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin işi aparan müstəntiqinin 17 may 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində sonuncunun saxlanılmasından bir gün sonra təyin edilməklə dərhal keçirilmiş və tədqiqat nəticəsində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində boyun nahiyyəsinin və döş qəfəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Tədqiq olunan rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspertiza tədqiqatına məruz qalan Təqsirləndirilən şəxs ekspertlərin sualına cavab olaraq 16 may 2024-cü il tarixdə BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunduğunu bildirmiş, tibbi yardım üçün müraciət etmədiyini və hal-hazırda şikayəti olmadığını göstərmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinə məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 103-104). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən Azərbaycan Respublikası CM-in 59-cu maddəsi və cəzasını ağırlaşdıran həmin Məcəllənin 61-ci maddəsi ilə nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli, 3393 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məsələni müzakirə edib belə nəticəyə gəldi ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2024-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 16 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 13,072 qram psixotrop maddə metamfetamin məhv edilməli; - maddi sübut kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması proseslərini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 13,072 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması prosesini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar