Məhkəmə qərarları › İş №1(101)-2406/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2406/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2406/2024 23.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 311 saylı uşaq bağçasında məcburi köçkün kimi məskunlaşmış, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 30 iyun 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində «Gənclik» parkında tanışı Şahid4 Namiq oğlu, Şahid2 və digərləri ilə gəzintidə olarkən, Zərərçəkmiş şəxs mobil telefonla Şahid2 mobil telefonuna zəng edib onlarla gəzintidə olan Şahid4 atası adından danışaraq işdən sonra evə getmədiyinə görə iradını bildirib hər kimsə ilə gəzməməsini, atasının çağırışı ilə təcili evə getməsini bildirdikdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs onun və digərlərinin ünvanına tutulan iradı özünə təhqir kimi qəbul edib Zərərçəkmiş şəxs etirazını bildirdikdən sonra aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi üçün həmin vaxt Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 73 ünvanında yerləşən «İstanbul» restoranının arxasında görüşüb bu zəmində mübahisələrini davam etdirərkən Zərərçəkmiş şəxs yumruqla onun sifət, boyun və qarın nahiyələrindən vuraraq sol gözaltı nahiyənin və göz qapaqlarının, boyun və qarın nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcələri təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən üzərindəki silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən üç dəfə vurub, sonuncunun sol bel nahiyəsinin daxilə nüfuz edərək nazik və yoğun bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu və sağ said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, hadisə günü dayısının yanında olmuş, sonradan gəzmək üçün Yəhya adlı şəxslə parka getmişdir. Mübahisə “Gənclik” parkında başlamışdır. Hadisə zamanı ona kimsə yumruq zərbəsi vurmuş, yerə yıxılmış və boğulmağa başlamışdır. Hadisə vaxtı üzərində bıçaq olmamış, zərərçəkmiş şəxsə yerdə olan şüşə qırıntıları, yaxud başqa küt əşya ilə xəsarət yetirmişdir. Ətrafdakıları səsləsə də köməyinə gələn olmamışdır. Vurduğu zərbəni və xəsarətin dərəcəsini, hadisə yerinə necə və nə vaxt getdiyini xatırlamamışdır Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, parkda Yəhya ilə birlikdə olmuşdur. Yəhya mobil telefonda kiminləsə danışdıqdan sonra onlar hadisə yerinə getmişlər. Onun xəstəliyi elədir ki, qarşısında kimisə görürsə, həmin şəxsin onu öldürəcəyini düşünür. Hadisədən öncə vaxtaşırı dərman qəbul etmiş, dərmanları valideynləri tərəfindən verildiyinə görə gündəlik miqdarını bilməmişdir. Üzərində heç vaxt bıçaq gəzdirməmişdir. İstintaq Təcridxanasında da dərman qəbul etməyə davam etmişdir. Xəstəlikdən nə zamandan əziyyət çəkdiyini xatırlamır və xəstəliyinin adını bilmir. Hadisədən əvvəl zərərçəkmiş şəxslə danışığının olmasını xatırlamır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, o, Yəhya ilə mobil telefonda danışan zaman aralarında yaranan mübahisə nəticəsində Yəhyanı təhqir etmişdir. X4 alaraq onun harada olduğunu soruşmuş, yerini öyrəndikdən sonra onunla görüşmüş və bu hadisə baş vermişdir. Nicatla görüşən zaman sonuncunu yumruqla vurub yerə yıxmış, Nicat isə ona bilmədiyi alətlə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, "İstanbul" restoranının yanındakı bərbərxanaya girdikdən sonra Nicatı görməmişdir. Nicat onunla danışan zaman gözlərini yummuş, nə üçün belə etdiyini isə bilməmişdir.O, Nicata qarşı söyüş söyməmişdir. Əsəbləşdiyi üçün onu yumruqla vurmuşdur. Nicat onunla telefonda danışdıqdan 25 dəqiqə sonra yanına gəlmişdir. Hadisə yerində tək olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, parkda gəzərkən Nicatı dostlarıyla bir yerdə görmüşdür. Nicatla tanış olduqdan sonra Zərərçəkmiş şəxs ona zəng etmişdir. Zərərçəkmiş şəxs Yəhyanı təhqir edərək bu vaxt nə üçün çöldə olduğunu soruşmuşdur.(Yəhya Zərərçəkmiş şəxs qohumudur). Həmin vaxt mobil telefon səsucaldıcıda olduğu üçün bu sözlər Nicata təsir etmiş, bundan sonra Nicatla Zərərçəkmiş şəxs görüşmək qərarına gəlmişdir. Onlar parkda olarkən Zərərçəkmiş şəxs Nicatı hadisə yerinə çağırmışdır. Hava qaranlıq olduğu üçün hadisənin birbaşa şahidi olmamışdır. Nicat və Zərərçəkmiş şəxs qaranlıq yerdə söhbət etdikdən sonra sonuncunu qan içində onlara tərəf gəldiyini görmüşlər. Hadisə zamanı Təqsirləndirilən şəxs özündən çıxmış vəziyyətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Nicat, Elmir və Yəhya ilə birlikdə “Gənclik” parkında gəzmişlər. Yəhya və Zərərçəkmiş şəxs mobil telefonda danışarkən sonuncu ilə Nicat arasında anlaşılmazlıq yaranmışdır. Nicat və Elmir görüşmək qərarına gəlmiş və bu hadisələr baş vermişdir. Zərərçəkmiş şəxs onlar barəsində nalayiq ifadə işlətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs normal bir insan kimi tanımış, onu dərman qəbul edərkən görməmişdir. Gəzdikləri 1 saat ərzində Nicatda hansısa qəribə hal və xəstəlik müşahidə etməmişdir. Parkda olarkən Şahid2 Zərərçəkmiş şəxs tərəfindən zəng gəlmiş, sonuncu telefonda ona söyüş söyərkən bu hal Təqsirləndirilən şəxs xoşuna gəlməmişdir. Təqsirləndirilən şəxs söhbətə müdaxilə edərək Zərərçəkmiş şəxsla görüşmək qərarına gəlmişdir. Söhbət danışıqla həll olunsun deyə onlar Təqsirləndirilən şəxs yanında hadisə yerinə getmişdir. Nicatın əlində soyuq silah görməmişdir. Hadisə ağaclıq olan yerdə baş vermişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs qan içində qaçaraq getdiyini görmüşlər. Hadisə yerində qışqırıq səsi eşitmiş, amma həmin səsin kimə məxsus olmasını bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 46-48). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 03 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə saat 22 radələrində “İstanbul” restoranın arxa hissəsindəki ağaclıq olan yerdə Zərərçəkmiş şəxs ilə əvvəlcə sözləşib mübahisə etmiş, daha sonra aralarında yaranmış mübahisə zamanı üstündə saxlayıb gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Daha sonra hadisə yerindən uzaqlaşaraq getmiş və Zərərçəkmiş şəxs vurduğu bıçağı xatırlamadığı yerdə tullamışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 106- 112). 08 oktyabr 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 170-172). 05 iyul 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol gözaltı nahiyənin və göz qapaqlarının, boyun və qarın nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (cild 1, iş vərəqə 134-135). 20 iyul 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bel nahiyyəsinin daxilə nüfuz edərək nazik və yoğun bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu və sağ said nahiyyələrinin deşilmişkəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 136-139). 24 iyul 2024-cü il tarixli kompleks məhkəmə-bioloji və trasoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİl)/axtarış vərəqəsinin kserosurətinə əsasən - ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol kofta üzərində insan qanı ləkələri aşkar olunmuşdur, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «B» antigeni alınmışdır. Bu qan ləkələri B(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 141-144). 07 avqust 2024-cü il tarixli kompleks məhkəmə-bioloji və trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın arxa səthinin sol yarısının aşağı hissəsində bir ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində iki ədəd deşilmiş-kəsilmiş zədə vardır, bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən qeyd edilən konstruktiv xüsusiyyətə malik bıçağın təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsinin mümkünlüyü inkar edilmir. Zərərçəkmiş şəxs məxsus koftanın arxa səthinin sol yarısında olan zədə ilə, onun bədəninin sol bel nahiyyəsində olan xəsarət yerləşməsinə görə üstüstə düşürlər. Zərərçəkmiş şəxs bədəninin sol bazu və sağ said nahiyyələrində olan xəsarətlərə uyğun koftanın üzərində uyğun zədə aşkar edilməmişdir, bu da koftanın qısaqol olması və bədənin həmin nahiyyələrini örtməməsi ilə izah olunur. Həmçinin koftanın arxa səthinin sağ yarısının yuxarı hissəsində olan zədələrə uyğun, onun bədən səthində xəsarət aşkar olunmamışdır, bu da paltar üzərində olan zədənin xarakteri, ölçüsü və iz törədən alətin yalnız paltarı zədələməsi ilə izah oluna bilər (cild 1, iş vərəqə 147- 149). 15 iyul 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda emosional davamsız şəxsiyyət pozuntusu (F.60.3) aşkar olunmuşdur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri-xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas, affektiv reaksiyalara meylli olması, hərbi xidmət dövründə özünə yüngül xəsarətlər yetirməsi, Müdafiə Nazirliyi Baş Klinik Hospitalında müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, sonralar Psixi Sağlamlıq Mərkəzinə müraciət etməsi, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və sair. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu” anlaqlılığı istisna etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 151-153) Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1 saylı xüsusi təyinatı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 11 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 125). Cinayət işinin materiallarına əlavə edilmiş 16 iyul 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 132). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 133). 08 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol kofta maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına verilmişdir (cild 1, iş vərəqə 173-181). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 16-17), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 101-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Hazırki iş üzrə cinayətin aləti olan bıçağın tapılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır (cild 1, iş vərəqə 145). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol kofta məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut- Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol kofta məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar