Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-241/2023 08.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Azər oğlunun, Zərərçəkmiş şəxs3 nümayəndəsi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1988-ci İl tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə öz qulluq mövqeyindən istifadə etməklə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir; belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun Rusiya Federasiyasının “İvanovski Dövlət Universiteti”ni bitirməsinə dair bakalavr diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasına köməklik edəcəyinə dair yalan vəd verib 2019-cu İlin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 109 №-li binada yerləşən həmin ərəfədə direktoru olduğu “İnwool" dükanının yaxınlığında 4.200 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 4.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir; bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçməsinə baxmayaraq faktiki fəaliyyəti mövcud olmayan, direktoru olmaqla nizamnamə kapitalında 19 faizlik pay hüququna malik olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Türkiyə Respublikası vətəndaşları olan həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmaye qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 42 №-li binada yerləşən “Woodhouse” restoranında həmin dövrün məzənnəsi ilə 119.000 (yüz on doqquz min) manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda 119.000 (yüz on doqquz min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir; bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 30.000 (otuz min) manat dəyərində ‘‘X8” markalı avtomobil alınmasına köməklik edəcəyinə dair yalan vəd verib inandırdıqdan sonra 21 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, 5 №-li binada yerləşən 3 nömrəli notariat kontorunda sonuncunun mülkiyyətində olan 17.000 (on yeddi min) manat dəyərləndirdiyi “Hyundai Elantra” markalı **-TS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə Zərərçəkmiş şəxs4 tərəfindən tanışı Zərərçəkmiş şəxs1 adına baş etibarnamənin verilməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra cinayət əməlinə davam edərək eyni məqsəd üçün vahid niyyətlə əhatə olunan qəsdlə 1 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən “MilliÖn” ödəmə terminalı vasitəsilə özünə məxsus olan “Kapital bank"a aid kartın hesabına ödənilmiş 2000 (iki min) manat məbləğində pulu, daha sonra eyni məqsəd üçün vahid niyyətlə əhatə olunan qəsdlə 04 dekabr 2020-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs4 6.000 (altı min) manat məbləğində pulu şəxsiyyəti istintaqa məlum olmayan kuryer funksiyasını yerinə yetirmiş sürücü tanışı vasitəsilə alıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 məxsus 8.000 (səkkiz min) manat məbləğində pulu və 17.000 (on yeddi min) manat dəyərində “Hyundai Elantra” markalı **-TS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs4 xeyli miqdarda 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir; bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu İlə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçməsinə baxmayaraq faktiki fəaliyyəti mövcud olmayan, direktoru olmaqla nizamnamə kapitalında 19 faizlik pay hüququna malik olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Türkiyə Respublikası vətəndaşları olan həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmaye qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib 2019-cu ilin mart ayının əvvəllərindən 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən yaşadığı 26 №-li evin yaxınlığında hissə-hissə olmaqla 224.000 (İki yüz iyirmi dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda 224.000 (iki yüz iyirmi dörd min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir; bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 topdan satış qiymətinə “İPhone” markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyinə dair yalan vəd verib 2020-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında hissə-hissə olmaqla cəmi 58.000 (əlli səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda 58.000 (əlli səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir: Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir: - Zərərçəkmiş şəxs2 ilə tələbə yoldaşı olmuşlar. Abuzər özü təklif etmşidir ki, diplomunu təsdiq etdirməyə köməklik etsin. O, da Abuzərə köməklik etmək üçün ondan 4.200 manatı 2019-cu ilin təxminən oktyabr ayında metronun «Neftçilər» stansiyasının yaxınlığında almışdır, təsdiq etdirmək üçün diplomun surətini də almış, lakin onun işini alındıra bilməmişdir, validenylərinə deyəcəkmiş ki, qısa müddət ərzində Abuzərin pulunu qaytarsınlar; - Zərərçəkmiş şəxs1 onun dostudur, həm də sinif yoldaşıdır. Mehmandan pul almışdır ki, iş görüb pul qazansın, lakin sonra tekstil-iplik işi ilə bağlı işlərdə bir az problem yaranmışdır. İplik fabrikinin tikilməsi işi bir az ləngimişdir. Əslində Mehmandan aldığı pulu türk vətəndaşı Hakan Doygun üçün göndərmişdir. Hakandan aldığı 2 milyon 3 min ABŞ dolları pulun qarşılığında ona hissə-hissə pul ödəmişdir. Mehmandan aldığı pulu da Hakana ödəmişdir. O, Mehmanın söhbətlərinə əsasən bilmişdir ki, Mehmanın həmin ərəfədə bank hesabında pulu olmuş, nağdlaşdırma apara bilməmişdir. O, da Mehmanın bankın hesabındakı həmin pulunu bank hesabına göndərmə yolu ilə Hakana göndərmişdir. 2019-cu ilin noyabr ayında Hakanın Türkiyədəki və Bakıdakı şirkətlərinin hesablarına bankdan banka köçürmə yolu ilə təxminən 66.000 ABŞ dolları pul göndərmişdir. Daha sonra isə Mehmandan 38.000 manat almışdır ki, telefon işi ilə məşğul olsun. Yəni telefon işində olan tanışları vasitəsi ilə topdan satış qiymətinə mobil telefon alıb üzərinə haqq qoymaqla satmaq fikrində olmuşdur. Həmin işi də həyata keçirmək üçün əldə ilkin kapital kimi pul lazım olmuşdur. Buna görə də həmin işi qurmaq üçün Mehmana müraciət edib təxminən 2021-ci ilin əvvəllərində 38.000 manat pul almışdır. Lakin həmin ərəfədə borcları olduğuna görə aldığı pulun bir hissəsini borclarına xərcləmişdir; - Zərərçəkmiş şəxs3la da arasında dostluq münasibətləri olmuşdur. Əvvəllər də biribirindən pul alıb-qaytarmışlar. Ondan hissə-hissə olmaqla 224.000 manat pul almışdır. Həmin pulun 100.000 manatını borc kimi almış. Qalan pulu, yəni 124.000 manatı isə iplik işi qurmaq adı ilə almışdır. Emil də dostu olduğu üçün istəmişdir ki, o da iplik işinə pul yatırsın və pul qazansın. O, istəməzmiş ki, Emilin pulu batsın. Lakin iplik işi alınmadığına görə, sonradan pandemiya da başladığına görə Emilin pulunu qaytara bilməmişdir. Pulu Emildən hissə-hissə olmaqla almış, tarixlərini dəqiq xatırlamırmış. Həmçinin iplik işi üçün təxminən 2021-ci ilin noyabr ayında Hakandan 100.000 ABŞ dolları almışdır; - Zərərçəkmiş şəxs4 17.000 manat dəyərində «Hyudaı Elantra» markalı avtomaşın, 8.000 manat nağd pul almışdır, 2011-ci il buraxılışlı «Hunday Elantra» markalı avtomobili pula ehtiyacı olduğuna görə Rasimdən əldə etdikdən bir neçə gün sonra satıb şəxsi məqsədləri üçün xərcləmişdir. Həmin ərəfədə o, Bakı şəhərində mərkəzdən bir qədər uzaqda olduğuna görə Zərərçəkmiş şəxs1 xahiş etmişdir ki, notariusa gedib avtomaşına dair baş etibarnaməni öz adına rəsmiləşdirsin. Mehmanın bu işdə hər hansı marağı olmamışdır. Köhnə “Olimp” dükanının yaxınlığında bir mənzil olmuşdur. Həmin mənzilin ona heç bir aidiyyəti olmamışdır. Sadəcə mənzil satılanda əvəzində 130.000 manatlıq “Mercedes” markalı avtomobil veriləcək imiş. Sonradan alqı-satqıda problem olmuş. Mənzil satılmadığına görə “Mercedes” markalı avtomobili də əldə edə bitməmişdir. Həmin ərəfədə, yəni 2020-ci ilin oktyabr ayında ona pul lazım olmuş, söhbət əsnasında Rasim demişdir ki, “Hyundai Santafe” almaq istəyir. O, da Rasimə demişdir ki, “Hyundai Elantra” markalı avtomaşını ona versin, əvəzində “Mercedes” markalı avtomaşını barter edəndə Rasim “Santafe” alıb versin. Çünki onun planında olmuşdur ki, əgər “Mercedes” markalı avtomobil mənzilin əvəzində təqdim edilsə, həmin avtomaşını aparıb salona satacaqmış. Pulun bir hissəsini də avtomaşın şəklində barter edəcəkmiş. Barter edəndə Rasimin istədiyi “Hyundai Santafe” markalı avtomobili götürəcəkmiş və Rasimdən aldığı pulun əvəzində ona həmin avtomaşını verəcəkmiş. Lakin “Mercedes” markalı avtomobil mənzilin satış pulu əvəzinə verilmədiyinə görə belə bir problem yaranmışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 2015-ci ildə Moskva İvanov Universitetinin Dərbənd filialında biologiya fakültəsinə qəbul olunmuş, 2019-cu ildə həmin ali təhsil müəssisəsini bitirmiş, universitetdə təhsil alan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 3 il bir universitetdə oxuduqdan sonra Azər Sankt-Peterburq universitetinə təyinat almış, ona baxmayaraq Azərlə ünsiyyət və ələqə saxlamışdır. Təqsirləndirilən şəxs özünü ona geniş əlaqələrə malik səlahiyyətli biri kimi təqdim etmiş, Azər Ağdam rayonunda fermer təsərrüfatına malik olduğunu, qayınatası X3 Administrasiyasında mühüm vəzifə tutduğunu demişdir. Ağdam rayonuna fermasına baş çəkməyə gedərkən hər dəfəsində ona zəng etmiş, o, Azəri Bərdə rayonunda qarşılayıb restoranda ona qonaqlıq vermişdir. Azər hər dəfəsində yanında tanımadığı dostları ilə gəlmişdir. O, qonağı olduğu üçün Azərə dəfələrlə restoranda qonaqlıq vermişdir. Azərin qonaqlıqlarına ümumilikdə 800 manat pul xərcləmiş, lakin həmin pulu Azərin ona vurduğu maddi ziyana daxil etmir, çünki qonağı olmuşdur, o, kəsdiyi çörəyin haqqını bilir, şərəfsiz deyildir. Hətta Bərdə rayonu ərazisində bir dəfə Azərin Ağdam rayon icra baçısı ilə təkbətək görüşməsinin də şahidi olmuşdur. Azər qayınatasının bir zəngə icra başçılarına təsir göstərmək imkanına malik olduğunu demişdir. O, şahidi olduğu icra başçısı ilə olan görüşü də qayınatasının tapşırığı ilə təşkil edildiyini Azər ona demişdir. Yəni o, görüşün mahiyyətini bilməmiş, Azər bir dəfə Bərdəyə qonaq gedəndə ona demişdir: «Gəl mənimlə gedək icra başçısı ilə görüşüm vardır». O, Azərə məxsus «Mercedes» markalı avtomaşında oturub gözləmiş, Azər isə xidməti avtomaşında gələn bir şəxslə görüşmüşdür. Azər ona bildirmişdir ki, qayınatasının tapşırığı ilə həmin icra başçısı ilə görüşmüşdür. Hətta Azər onu qayınatasının əlaqələri vasitəsi ilə Ağdam və ya Tərtər rayon icra hakimiyyətinə işə götürəcəyini də bildirmişdir. Azər hər dəfəsində görüşə bahalı avtomobillərlə gəlmiş, o, Azərin özünü aparmağından, danışıqlarından Azərin səlahiyyətə malik, əlaqəli bir şəxs olduğunu artıq qəbul etmişdir. Ona görə də 2019-cu ilin oktyabr ayında xaricdə təhsil aldığı ali təhsil müəssisəsinə aid diplomun Azərbaycanda təsdiq edilməsi və tanınması prosedurunu Təqsirləndirilən şəxs soruşmuş, qanuni yolla diplomun təsdiq edilməsi prosedurunu Azərdən soruşmuşdur ki, Azər öz əlaqələri vasitəsi ilə öyrənib ona desin. Azər ona birinci adam olmadığını, çox adamın xarici diplomunu təsdiq etdirdiyini, həmin işdə təcrübəsi olduğunu demişdir. Maddi vəziyyəti yaxşı olmadığından, işsiz olduğundan ixtisası üzrə iş tapıb çalışması üçün həmin ərəfədə diplomu təsdiq etdirmək ona vacib olmuşdur. Azər xarici diplomun təsdiqi üçün 4000 manat pulun dövlət rüsumu olduğunu, 200 manatın isə özünə zəhmət haqqı kimi istədiyini demiş, həmin diplomun təsdiqi vacib olduğuna görə banklardan kredit götürüb Azərə tələb etdiyi 4.200 manat pulu 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən Bakı metropoliteninin «Neftçilər» stansiyasının yaxınlığında yerləşən «İnvool» dükanının ətrafındakı ərazidə vermişdir. Pulu verəndə ikisi olmuşlar, Təqsirləndirilən şəxs ondan diplomun və şəxsiyyət vəsiqəsinin surətini də götürmüş, pulu və sənədləri aldıqdan sonra Azər bir həftə ərzində diplomu təsdiq edib ona təqdim edəcəyini demişdir. Lakin bir həftə keçməsinə baxmayaraq Azər diplomu təsdiq etdirməmiş, müxtəlif bəhanələrlə yayınmağa başlamışdır. Azər hər dəfəsində diplomun artıq təsdiq mərhələsində olduğunu demiş, işin alımadığını deməmiş, bir dəfə isə diplomun təsdiqi prosedurunun Təhsil nazirliyində elektronlaşdırıldığı üçün bir qədər vaxt apardığını, növbəti dəfə isə diplomun təsdiqi işlərinin başa çatdığını, nazir müavini tərəfindən imzalanmasını gözlədiyini demişdir. Lakin bütün bunlar Azərin uydurmaları olmuş, Azərin onu aldadıb 4200 manat pulunu ələ keçirdiyini başa düşmüş, ona görə də 2021-ci ilin may ayında Azərin barəsində şikayət etmək qərarına gəlmişdir. İlk dəfə faktla bağlı araşdırma ərazi aidiyyəti üzrə Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsində aparılmışdır. O, həmçinin əlavə etmişdir ki, Azər ona heç vaxt pul qaytarmaq niyyətində olmamış, əksinə 4200 manat pulu diplom təsdiq etdirmək adı ilə aldıqdan sonra da dəfələrlə Bərdəyə getmiş, Azərə qonaqlıq verib pul xərcləmiş, hər dəfəsində də Azər diplomun təsdiqi ilə bağlı proses uzanmasına aid bir bəhanə tapmışdır. O da həmin ərəfədə Azərə inanmış, çünki Azərin qayınatası vəzifəli şəxs olmuş, Azər özü bahalı maşınlar sürmüş, dediyinə görə Ağdamda ferması, Bakı şəhərində «İnwool» mağazalar şəbəkəsi olmuşdur. O da Azərin onun kimi kasıb adamın 4.200 manat pulunu ələ keçirə biləcəyini fikirləşməmişdir. X9 rayonunda onların evində də olmuş, atası ilə Azəri tanış etmiş, necə kasıb şəraitdə yaşamasını Azər görmüşdür. Azər xarici diplom olduğuna görə 4.000 manat rəsmi dövlət rüsumu olduğunu, 200 manat isə özünə zəhmət haqqı kimi aldığını demiş, lakin həmin işi kimin vasitəsi ilə görəcəyini ona deməmiş, hansısa vəzifəli şəxsin adını çəkməmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, hazırda Badamdar qəsəbəsində maşın bazarında «F-avto» salonunda avtomobil alqı-satqısı ilə məşğuldur, Təqsirləndirilən şəxsla Kamran Novruzovun vasitəsi ilə 2018-ci ildə tanış olmuş, belə ki, həmin ərəfələrdə Təqsirləndirilən şəxs idarə etdiyi «KİA optima», «Lexus470», «Maseratti», «Mercedes Viano» markalı avtomobillərini satıb pulunu nağd şəkildə ona ödəmiş, beləcə Azərlə aralarında etibarlı münasibət yaranmış, bir neçə dəfə də Təqsirləndirilən şəxs ondan borca pul almış, Azər borca aldığı pulu ona qaytarmış, beləcə Azərə etibarı bir daha artmış, qaytardığı pullardan əlavə hazırda Təqsirləndirilən şəxs ona 224.000 manat pul qaytarmalıdır. Belə ki, həmin pul vəsaitini Azər ondan hissə-hissə olmaqla 2019-cu ilin mart ayının əvvəllərindən başlayaraq 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində almışdır. Pul vəsaitlərini verdiyi tarixləri tam dəqiqliyi ilə xatırlamır, sonuncu dəfə yanvar ayında Azərə 25.000 ABŞ dolları məbləğində pul vermiş, pulu ondan Türkiyəyə iplik işi üçün Hakan adlı şəxsə göndərmək adı ilə almışdır. Sonuncu 25.000 ABŞ dolları da daxil olmaqla ümümilikdə 224.000 manatı Azər ondan almışdır ki, Türkiyəyə pul göndərəcək, həmin pulu Türkiyəyə barama, yəni ipçilik işi qurmaq üçün göndərir, həmin iş də qurulduqdan sonra ona külli miqdarda mənfəət verəcəkdir. 224.000 manat pu! vəsaitini Azər ondan hissə-hissə Binəqədi rayonu, 7-ci Mikrorayon ərazisində almışdır. Pulları verəndə aralarında etibar münasibətləri olduğuna görə hər hansı yazılı sənəd almamış, lakin Azərlə qayınatası Arif Novruzovun evində görüşəndə Azər qayınatasına etiraf etmişdir ki, ona 224.000 manat verəcəyi vardır. Azər ona hansı həcmdə mənfəət verəcəyini deməmiş, söhbət zamanı Azər demişdir ki, türklərlə iplik işi quracaqdır, həmin işdən külli miqdarda gəlir əldə edəcəkdir və həmin gəlirdən ona artıqlaması ilə mənfəət verəcəkdir. Həmin ərəfədə Azərlə aralarında etibar münasibətləri formalaşmış, ondan əlavə X1 çalışan Arif Novruzovun kürəkəni olmuş, həmin ərəfədə Azər bahalı maşınlar sürmüş, bahalı həyat tərzi keçirmiş, Azərin keçirdiyi həyat tərzi onda inam formalaşdırmışdır ki, Azər etibarlı bir biznesmendir. Ona görə də o, Azərlə həmin iş birliyi barədə konkret danışmamışdır. Ondan pul istədikcə Azərə vermişdir. 2021-ci ilin fevral ayında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən müxtəlif adla pul vəsaitləri alıb pullarını geri qaytarmamışdır. O, həmin ərəfədə Azərdən pulunu geri tələb etsə də Azər pulu ona qaytarmamışdır. Müraciətində Təqsirləndirilən şəxs ondan pulu «Əhmədli» qəsəbəsində bina tikdirməsi adı ilə aldığını qeyd etməsi ilə bağlı qeyd etmişdir ki, müraciətində fikrini düzgün ifadə etməmiş, hazırki ifadəsində dedikləri daha doğrudur. Azər pulu ondan iplik işinə sərmaye yatırmaq adı ilə almışdır, pulu Azərə borca verməmiş, Azər ondan pulu iş görmək adı ilə almışdır. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan aldığı pulun məbləği 224.000 manatdır. Həmin pulun Türkiyəyə göndərilməsinin şahidi olmamış, bu barədə heç bir məlumatı olmamış, lakin Azər ondan pulu Türkiyəyə göndərmək adı ilə almışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, 2020-ci ilin fevral ayının 24-də şəxsi istifadəsi üçün özünə 17.500 manata 2011-ci il buraxılışlı, «Hunday Elantra» markalı, ağ rəngli, **-TS-*** dövlət nömrə nişanlı avtomobil almış, həmin maşını öz adına almış və rəsmiləşdirmiş, 2020-ci ilin oktyabr ayına kimi həmin maşını idarə etmiş və sonra sataraq «Hunday Santafe» markalı avtomobil almaq istəmiş, həmin məqsədlə tanışı Təqsirləndirilən şəxs ilə telefon danışığı zamanı Azər ona bildirmişdir ki, guya ona pul əvəzi barter olaraq 130.000 manatlıq «Mercedes» markalı maşın verilmişdir, həmin maşını salona nağd qiymətə satsa uduzacaq, ona görə təklif etmişdir ki, salondan həmin maşını barter edib ona 2014-cü və ya 2015-ci il buraxılışlı «Santafe» götürər və ona 30.000 manata satar, o da öz maşınını 17.000 manat dəyərləndirib ona verər və üstündə əlavə olaraq 13.000 manat pul verər. O, Azərlə qiymət münasib olduğu üçün razılaşmış və 21 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi tanımadığı tanışı Zərərçəkmiş şəxs1 adına 3 saylı notariat kontorunda baş etibarnamə vermiş, danışıqlarına əsasən 2020-ci ilin dekabr ayının birində isə Azərin kodunu göndərdiyi öz adına olan karta 2.000 manat pul göndərmiş, üç gün sonra isə yəni 04 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Azərin göndərdiyi adını bilmədiyi sürücüsü ilə metronun «20 yanvar» stansiyasının yaxınlığındakı «20 yanvar şəhidləri» abidəsinin qarşısında görüşmüş və həmin şəxsə əlavə olaraq 6.000 manat pul vermiş, sürücünün yanında Azərə zəng vurub danışmış və sürücü onun yanında Azərə 6.000 manat pulu götürməsini bildirmiş, həmin vaxt o da tək getmiş, Azərin göndərdiyi sürücü də tək olmuş, sürücü «lada» markalı avtomobillə gəlmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 25.000 manat vermiş, danışıqlarına görə maşını adına keçirəndə qalıq 5.000 manatı verəcəkmiş, Təqsirləndirilən şəxs ondan maşını və pulu götürüb 2020-ci ilin dekabr ayının 15-ə kimi «Hunday Santafe» markalı avtomobili ona gətirib verəcəyinə söz vermişdir. Ancaq Azərin dediyi vaxt tamam olduqda Azər vədinə əməl etməmiş və müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, sonra telefon zənglərinə cavab verməmişdir. O, Azərlə olan yoldaşlıq münasibətlərinə görə iki ay Azəri gözləmiş, lakin Azərin onu aldatdığını başa düşüb şitkayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs onu aldadıb 25.000 manat pulunu ələ keçirməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini və ona vurduğu maddi ziyanın qaytarlımasına köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs prezident aparatında mühüm vəzifə tutan qaynatası Novruzov Arifin adından istifadə edərək onu özünə inandıraraq aldatmış, onun 25.000 manat pulunu ələ keçirmiş, o, pulu Təqsirləndirilən şəxs qayınatası Arif Novruzovun yüksək vəzifədə işləməsi səbəbindən inanıb vermiş, Azərin qayınatası məhz həmin vəzifədə işlədiyinə görə Azərə inanmış və əmlakını etibar etmiş, Azər ona qayınatası ilə milyonlarla dövriyyəsi olan şərikli işlər gördüyünü bildirmişdir, özünə qarşı olan dələduzluq cinayətində X6 Əsgərovla əlbir olduğuna əmindir, ona görə də, Arif Novruzovun cinayət işi üzrə məsuliyyətə cəlb olunmasına dair müvafiq instansiyalara ərizə ilə atası X4 müraciət etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının 21-də qaynı Zərərçəkmiş şəxs1 ona zəng vurub bildirmişdir ki, Azər adlı tanışında 2011-ci il buraxılışlı, ağ rəngli, «Hyundai Elantra» markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobil vardır və 16000 manata satır. Maşına baxmış və qiyməti münasib olduğu üçün razılaşaraq almışdır. 16000 manat pulu sayıb qaynı Mehmanın yanında Azərə vermişdir. Bundan bir neçə gün sonra dayısı oğlu Həmidağa Məmmədliyə «Hyundai Elantra» markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobili dayısı oğlu Həmidağaya 16000 manata satmış və xx.xx.2020-ci il tarixdə **-HR-*** nömrə nişanı itə öz adına rəsmiləşdirmişdir. Azər adlı şəxsdən 16000 manat verib maşını alan zaman sonuncu maşının özünə məxsus olmasını bildirmişdir, Azərin həmin maşını haradan və kimdən almasını bilməmiş, qaynı Mehmanla Azər sinif yoldaşı olduğu üçün həmin maşına görə Mehmana etibarnamə verilmişdir. Ancaq maşını aldıqda 16000 manatı Mehmana deyil, şəxsən Azərə vermişdir. Həmin avtomobilin dələduzluq yolu ilə Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi barədə məlumatı olmamışdır. İşdə olan 22 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Azər Behbudlu istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməklə diplom təsdiq etdirmək adı ilə Təqsirləndirilən şəxs ondan 4200 manat aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə qeyd olunan pul vəsaitini diplom təsdiq etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qəbul etdiyini, sənədi qanuni prosedur daxilində təsdiq etdirmək niyyətində olduğunu, lakin bunun üçün hər hansı dövlət qurumuna müraciət etmədiyini etiraf etmişdir (2-ci cild iş vərəqi 147-150) İşdə olan 23 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 istintaqa şahid qismində verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməklə Təqsirləndirilən şəxs türk vətəndaşları ilə quracağı iplik işinə sərmayə qismində pul yatırıb gəlir əldə etmək adı ilə ondan 224.000 manat aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 224.000 manat aldığını, həmin pulun 100.000 manatını borc kimi, 124.000 manatını isə iplik işinə sərmayə yatırmaq adı ilə aldığını etiraf etmişdir (2-ci cildi iş vərəqi 159-161). İşdə olan 22 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 istintaqa şahid qismində verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməklə Təqsirləndirilən şəxs türk vətəndaşları ilə quracağı iplik işinə sərmayə qismində pul yatırıb gəlir əldə etmək adı ilə ondan 70.000 ABŞ dolları, mobil telefon satışı ilə məşğul olmaq adı ilə 38.000 manat aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 aldığı 70.000 ABŞ dolları pulu Hakan Doyguna göndərdiyini, çünki Hakana verdiyi pulun müqabilində ödəniş etdiyini, qalan 38.000 manatı isə telefon işi görmək adı ilə aldığını etiraf etmişdir (2-ci cild iş vərəqi 151- 154). İşdə olan 23 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməklə Təqsirləndirilən şəxs onun üçün avtomobil salonundan istehsal ili 2015-ci il olan «Hyundai Santafe» markalı avtomobil satacağı adı ilə onu aldadıb 6 min manat nağd pul aldığını və 2011-ci il buraxılışlı «Hyundai Elantra» markalı avtomobilini 17.000 manata qiymətləndirməklə qəbul etdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs4 6 min manat nağd pul və 17.000 manata qiymətləndirilmiş «Hyundai Elantra» markalı avtomobili qəbul etdiyini, pula ehtiyacı olduğuna görə Rasimdən qəbul etdiyini avtomaşını satıb ehtiyaclarına xərclədiyini etiraf etmişdir (2-ci cild iş vərəqi 155- 158). İşdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, «X10 Təsərrüfatı» MMC-nin nizamnamə kapitalında Təqsirləndirilən şəxs aid 50 faizlik payın üzərinə həbs qoyulmuşdur. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 77-78) İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 04 aprel 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 114-116). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə öz qulluq mövqeyindən istifadə etməklə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən – 7 (yeddi) il 6 (altı) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 04 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hplların omlasın, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi (həmin Məcəllənin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), cəzaçəkməsinin başlanğıcının 04 aprel 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, «X10 Təsərrüfatı» MMC-nin nizamnamə kapitalında Təqsirləndirilən şəxs aid 50 faizlik payın üzərinə həbs qoyulmuşdur. İşdə olan 08 avqust 2022-ci il tarixli cinayət işini materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Hakan Doygun və Humeyrə Gəncə məxsus əmlakın ələ keçirilməsi faktı üzrə ayıra icraata Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ********* №-li cinayət işi ayrılmış, Arif Novruzov və qeyrilərinin əməllərinə ayrılmış cinayət işində yekun qiymət verilməsi nəzərdə tutulmuş, «X10 Təsərrüfatı» MMC-nin üzərinə həbs qoyulması haqqında Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı da cinayət işinin digər materialları ilə birlikdə ayrı icraata ayrılmış cinayət işinə birləşdirilmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə razılığa gələlərək barışdıqlarını, təqsirlənirilən şəxsə qarşı iddia və tələblərinin olmamasını hazırki iş üzrə mülki iddia verilməməsini və nəzərə alaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə «X10 Təsərrüfatı» MMC-nin nizamnamə kapitalında Təqsirləndirilən şəxs aid 50 faizlik payın üzərinə qoyulmuş həbs məsələsi ayrı icraata ayrılmış ********* №-li cinayət işi üzrə məhkəmə baxışı zamanı həll edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə «X10 Təsərrüfatı» MMC-nin nizamnamə kapitalında Təqsirləndirilən şəxs aid 50 faizlik payın üzərinə qoyulmuş həbs məsələsi ayrı icraata ayrılmış ********* №-li cinayət işi üzrə məhkəmə baxışı zamanı həll edilməli olması nəzərə alınsın. İş üzrə maddi sübutların, mülki iddianın və ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-241/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-241/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver