Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2415/2024 28.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 8-ci dalanda fərdi nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 4,709 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 17 may 2024-cü il tarixdə saat 22:50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci dalanda yerləşən “Yaşıl Market” adlı ərzaq mağazasının yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, 18 may 2024-cü il tarixdə saat 00:10-da bölmənin xidməti otaqlarının birində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,709 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər metamfetamin istifadə etməsinə baxmayaraq, tutulmamışdan əvvəl narkotik vasitə və psixotrop maddələrdən istifadəyə son qoymuş, bu zərərli vərdişini tərgitmişdir. 2023-cü ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində “Əli” adlı şəxsdən ona dostluq təklifi gəlmiş, o, Əlinin nömrəsini telefonuna qeyd etmişdir. 14 may 2024-cü il tarixdə tikintidə birgə işlədiyi Şahid4 ona zəng vuraraq narkotik maddə lazım olduğunu bildirmişdir. Zaurla belə razılığa gəlmişlər ki, hərəsi 60 (altmış) manat məbləğində pul qoyaraq narkotik vasitə əldə etsinlər. Bu məqsədlə Əli ona 120 (yüz iyirmi) manat pul göndərmişdir. Pulu Əli adlı şəxsin bank hesab kartına göndərmiş, bundan sonra sonuncunun dediyi əraziyə gedib oradan 02 (iki) qram metamfetamini gizlədildiyi yerdən götürmüşdür. Bundan sonra, o, Zaurun yanına gedərək aldığı metamfetaminin yarısını ona vermiş və qalanını da özü ilə evə aparmışdır. Aldığı metamfetamini istifadə etməmiş, olduğu kimi tualetdə unitaza atmışdır. Bundan 2 gün sonra gecə saat 00:00 radələrində 15-20 nəfər polis əməkdaşı Bakı şəhəri, Nardaran qəsəbəsi, 8-ci dalan ünvanında yaşadığı evə daxil olmuş və ondan narkotik vasitə, eyni zamanda, tərəzi təqdim etməsini tələb etmişlər. O, polis əməkdaşlarına onda narkotik vasitə olmadığını bildirsə də, polis əməkdaşları evdə axtaış aparmış, lakin nəsə tapmamışlar. Bundan sonra onu Sabunçu RPİ-nin 42-ci PB-yə gətirərək orada içərisində narkotik vasitə olan paketi qarşısına qoyub, həmin maddələrin videoçəkiliş zamanı ona məxsus olduğunu bildirməyini tələb etmişlər. Əks təqdirdə yaşadığı mənzildən 01 (bir) kiloqram çəkidə narkotik maddə “çıxaracaqları” ilə onu təhdid etmişlər. Polislər ona 2-3 sillə vursalar da, hər hansı xəsarət almamış, bədən səthində hansısa iz qalmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, ot kimi tanıdığı marixuanna və “şüşə" kimi tanıdığı metamfetamindən istifadə edir. Tanışı Şahid4 1 ilə yaxındır ki, tanıyır. Zaurla onun münasibəti müxtəlif tikinti obyektlərində birgə işləyən vaxtlarda yaranmışdır. Sonuncu dəfə 15 may 2024-cü il tarixdə günorta saatlarında Səbail rayonu ərazisində Zaurla o, öz aralarında razılığa gələrək 120 manat pulu Zaur, 120 manat pulu isə o qoyaraq özlərinin istifadəsi üçün “şüşə” almaq qərarına gəlmişlər. Zaur ona 120 manat pulu verdikdən sonra, o, həmin pulun üstünədə öz cibindən 120 manat qoymuş sosial şəbəkədə tanış olduğu üzünü görmədiyi Əli adlı şəxsdən “şüşə” almağa getmiş və Səbail rayonu ərazisində “şüşə” kimi tanıdığı psixotrop maddəni götürmüş və üzərində saxlamışdır. Təxminən yarım saat sonra həmin aldığı “şüşə”ni gətirib Zaura verdikdən sonra Zaurdan ayrılaraq öz evinə qayıtmışdır. 17 may 2024-cü il tarixdə saat 22 radələrində o, yaşadığı evdə uzanaraq telefona baxdığı zaman 5-10 nəfərdən ibarət üzərində polis yazıları olan jiletlər geyinmiş mülki geyimdə olan polis işçiləri içəri daxil olmuşlar. Evdə axtarış aparmış və ona “mal və tərəzini” təqdim etməyi tələb etmişlər. O, isə onlara “onda heç bir malın və tərəzinin olmamasını bildirmişdir. Bundan sonra onu məcburi qaydada Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə gətirmişlər. Bundan sonra həmin polis bölməsində onu tutan polislər ona bunu boynuna götürməlisən deyərək onu qorxutmuş, sellofanın içərisində olan “patını” ona vermiş və ona cibinə qoymağı və çəkilişdə cibindən çıxartmağı bildirmişlər. Bundan sonra o, qorxduğu üçün həmin “patını” götürmüş və cibinə qoymuşdur. Daha sonra polis bölməsində inzibati otaqların birində mülki geyim formasında olan şəxslərdən biri videoçəkiliş vasitəsi ilə şəxsi axtarışın keçirilməsinin vacib olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşlarından biri ona hüquq və vəzi' 'ərini izah etdikdən sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddənin olub-olmaması və əgər varsa təqdim etməyini xahiş etmişdir. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş və aşkar edilən maddənin “şüşə” olduğunu deyərək, 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində sosial şəbəkədən tanış olduğu Əli adlı şəxsdən 240 manata aldığını, həmin 240 manatın 120 manatının tanışı Şahid4 və 120 manatının isə özümə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan, 02 ədəd siqaret qutusu və sol yan cibindən isə özünə məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon və ümumilikdə 14 manat olmaqla bir ədəd 10 AZN və 4 ədəd 1 AZN kağız pul əsginasları aşkar edilmişdir. Həmin əşyalardan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon saxlanılmaqla yerdə qalan əşyalar onun özünə qaytarılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenanatı xüsusi rütbəsini daşıyır. Göstərir ki, 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, iş yoldaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci dalan ərazisində yerləşən “Yaşıl” marketin yaxınlığında saxlanılmış və Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmişdir. Orada müdafiəçinin də iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan çıxararaq təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilərkən ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddə aşkar edilmişdir. O, tərəzi vasitəsilə ilə ölçülmüş və miqdarının 4, 709 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində 240 (iki yüz qırx) manat pul müqabilində sosial şəbəkədə tanış olduğu “Əli” adlı şəxsdən aldığını, həmçinin, həmin pulun 120 (yüz iyirmi) manatının Şahid4 məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs piyada gedərkən saxlanılmış, üzərinə heç bir narkotik vasitə qoyulmamış və hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Əməliyyat qrupu 3 nəfər şəxsdən ibarət yaradılmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsini daşıyır. 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış. Həmin qrupa o da daxil edilmişdir. Qrupun digər üzvləri isə Şahid1 və Şahid3 ibarət olmuşdur. Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yaxınlaşaraq onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmiş, Orada müdafiəçinin də iştirakı ilə üzərinə baxış keçirilmişdir. Bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar edilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki təzyiq olmamış, onun üzərinə narkotik vasitə qoyulmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin operatoru vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsini daşıyır. Göstərir ki, 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. Bununla əlaqədar qrup təşkil edilərək həmin şəxsin saxlanılması istiqamətində tədbir keçirilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmuş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PBnə dəvət etmiş , orada müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat qrupu 3 nəfərdən ibarət tərkibdə yaradılmışdır. Təqsirləndirilən şəxs fiziki və psixi təzyiq edilməmiş, onu kiminsə döyməsinin şahidi olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla eyni rayondan tanışdır. O, narkotik vasitənin marixuana növündən istifadə etmiş, lakin onu tapa bilməmişdir.Buna görə də, Eminə zəng vuraraq birlikdə öz istifadələri üçün şərikli metamfetamin almağı ona təklif etmişdir. O, həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Eminlə razılaşmalarına əsasən, hərəsi 60 (altmış) manat məbləğində pul qoymuş, Emin sosial şəbəkədə tanış olduğu “Əli” adlı şəxsin yanına gedərək ondan 02 (iki) qram metamfetamin götürmüşdür. O, öz payını götürərək 20 Yanvar metro-stansiyası ərazisinə gəlmiş və orada polislər tərəfindən tutulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhərini yaxşı tanımır, metamfetamini götürdükləri yer park kimi bir ərazi olmuşdur. O, kənarda gözləmiş, Emin də Əlidən psixotrop maddə alıb gəlmişdir. O, Əlini görə bilməmiş, ibtidai istintaq zamanı da bu cür ifadə vermişdir. Eminlə ikisi bərabər məbləğdə pul qoymuş, metamfetaminin yarısını Emin, yarısını da özü götürmüşdür. Barəsində çıxarılmış hökmlə tutduğu bu əmələ görə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki,əməliyyat-axtarış tədbirləri nəticəsində 17 may 2024-cü il tarixdə, saat 22.50 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci dalanda yerləşən “Yaşıl” marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə, saat 22:50 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd selofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə, “şüşə” olduğunu deyərək 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində sosial şəbəkə vasitəsi ilə tanış olduğu Əli adlı şəxsdən 240 manata aldığını, həmin 240 manatın 120 manatının tanışı Şahid4 və 120 manatının isə özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra, onun üzərindən aşkar edilmiş həmin ağ rəngli kristalşəkilli maddə elektron tərəziyə qoyulduqdan sonra çəkisi müəyyən edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan, 02 ədəd siqaret qutusu və sol yan cibindən isə özünə məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon və ümumilikdə 14 manat olmaqla bir ədəd 10 AZN və 4 ədəd 1 AZN kağız pul əsginasları aşkar edilmişdir. Həmin əşyalardan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon saxlanılmaqla yerdə qalan əşyalar onun özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2807 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri, “..Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,709 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(008)-521/2024 qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntü diskə “**********4010.MTS” adı ilə əlavə edilmişdir. Videogörüntü 10 dəqiqə 59 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda 18 may 2024-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinc' ? şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd selofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə, “şüşə” olduğunu deyərək 15 may 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində sosial şəbəkə vasitəsi ilə tanış olduğu Əli adlı şəxsdən 240 manata aldığını, həmin 240 manatın 120 manatının tanışı Şahid4 və 120 manatının isə özünə məxsus olduğunu bildirir. Bundan sonra onun üzərindən aşkar edilmiş həmin ağ rəngli kristalşəkilli maddə elektron tərəziyə qoyulduqdan sonra çəkisi müəyyən edilir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan, 02 ədəd siqaret qutusu və sol yan cibindən isə özünə məxsus olan üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon və ümumilikdə 14 manat olmaqla bir ədəd 10 AZN və 4 ədəd 1 AZN kağız pul əsginasları aşkar euilir. Həmin əşyalardan 01 ədəd “Samsung Galaxy A 24” markalı mobil telefon saxlanılmaqla yerdə qalan əşyalar onun özünə qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngdə kristal formada maddə olan 01 ədəd büküm ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülür. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Bununlada şəxsi axtarış və götürmə zamanı tərtib edilən protokolda göstərilənlər bir daha öz təsdiqini tapmışdır. Bu barədə tərəfimdən protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 4,709 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,609 qram metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3504 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1442 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-3055/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-565/2024 nömrəli qərarına əsasən 01 ay 29 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,709 qram, tədqiqata sərf edildikdən sonra qalıq hissəsi 4,609 qram təşkil edən psixotrop maddə metamfetamin 20 may 2024-cü il tarixdə maddi sübut kimi tanınmış, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, ekspert rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ondan aşkar olunan psixotrop maddənin 2 qram olmasını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını, polis əməkdaşları tərəfindən əməli etiraf etməsi məqsədilə ona psixotrop maddə verilməsi ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Qeyd olunan xüsusatlar iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2807 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri, “..Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,709 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını, üzərinə polis əməkdaşları tərəfindən boynuna götürməsi üçün psixotrop maddə verilməsini desə də, polis əməkdaşları Şahid4, Şahid3, Şahid2 və Şahid1 onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki təsir göstərmədiyini və üzərinə götürməsi üçün heç bir maddə təqdim etmədiklərini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının 2-ci Siyahısının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetamin 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin çəkisini, həmin psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 80 manat (səksən) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4,609 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 17 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4,609 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 80 manat (səksən) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-2415/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2415/2024
28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver