Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-242/2020 25.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçilər: Bakı Şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi bıçaqla, bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud surərtdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq törətmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 11.06.2019-cu il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes Benz C-240” minik markalı ** CO *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə hərəkət edərkən, onunla eyni istiqamətdə “BMW 330” minik markalı ** GR *** dövlət nömrə nişanlı avtomaşınla hərəkət edən Zərərçəkmiş şəxs ilə avtomaşınla kobud manevr hərəkətləri edilməsi səbəbindən aralarında yaranmış narazılığı aydınılaşdırmaq məqsədi ilə həmin gün saat 20:10 radələrində, Səməd Vurğun küçəsi 75 ünvanda “Bolmart” supermarketin yaxınlığında hər ikisi avtomaşınları saxlamış, bundan sonra avtomaşından qardaşı Təqsirləndirilən şəxs2lə düşüb bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yumruq və təpiklə qəsdən vurmaqla, sonuncunun sol təbil pərdəsinin travmatik perforasiyası (cırılması) ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, sol diz oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etdikdən sonra, Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə özündə olan soyuq silah hesab edilməyən kustar üsulu ilə hazırlanmış bıçaqla Zərərçəkmiş şəxs qəsdən vuraraq, sonuncunun sol qasıq nayisənin qarın boşluğuna nüfuz edən, qarının düz əzələsinin kəsilməsi və nazik bağırsağın çoxsaylı yaralanmaları ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti, döş qəfəsinin ön səthinin sol yarısının 1(bir) ədəd, sol bud qasıq nahiyəsinin 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulması səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud surərtdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs təşkil edərək 11.06.2019-cu il trixdə saat 20:10 radələrində ünvan 1 ünvanda yerləşən “Bolmart” supermarket ticarət mərkəzinin qarşısında heç bir əsaslı səbəb olmadan, ictimai yerdə Zərərçəkmiş şəxs ilə mübahisə edib, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, Zərərçəkmiş şəxs yumruq və təpiklə qəsdən vurmaqla, sonuncunun sol təbil pərdəsinin travmatik perforasiyası (cırılması) ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarəti, sol diz oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməli üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qardaşıdır, Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanıyır. 11.06.2019-cu il tarixdə, saat 20 radələrində özünə məxsus “Mercedes C-240” markalı, **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində hərəkətdə olarkən körpünün yanında işıqforun qırmızı işığında onlardan sağ tərəfdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil dayanmış, hərəkət edən zaman Ayxan avtomobillə onun avtomobilini sağ tərəfdən sıxmış, o isə ondan uzaqlaşaraq sürətlə getmişdir. Ayxan Rusiya səfirliyi istiqamətində onun ardınca gələrək avtomobilinin işıqlarını yandırıb söndürmüş və yanında saxlayanda Ayxandan niyə belə etdiyini soruşarkən sonuncu onu söymüş və sol əlinin orta barmağı ilə nalayiq formada işarə göstərib sürüb getmişdir. Ayxanın avtomobilinin ardınca sürmüş və çatdıqda Ayxan yenə onu təhqir etmişdir. Evə bazarlıq etməli olduğundan S.Vurğun küçəsindəki Bolmart marketin qarşısında dayanmış, o, avtomobildə qalmış, qardaşı isə marketə tərəf getmişdir. Bu zaman Ayxan qaçaqaçaq avtomobilə yaxınlaşmış və o isə sonuncuya demişdir ki, getsin. Qardaşı Aqil oraya gəlib kimin söyüş söydüyünü soruşduqda Ayxanla Aqil arasında dava olmuş, Aqil yerə yıxılanda elə bilmişdir ki, Ayxan qardaşını bıçaqla vurub, ona görə də Ayxanı bıçaqla vurmuş, sonra həyəcanlı olduğundan avtomobillə oradan getmişdir. 15.11.2019-cu il tarixdə isə könüllü olaraq polisə təslim olmuşdur. O, xuliqanlıq etməmiş, üstündə olan suvenir bıçaqla Ayxanı vurmuşdur, vurduğuna görə də peşmandır. Zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tam olaraq ödəmiş, hadisədən əvvəl nişanlı olmuş, tezliklə toyu olacaqmış, ona görə də bütün bunları nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməli üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qardaşıdır. Sonuncu ilə ailəni dolandıran şəxs olduqlarından Bakı şəhərinin Nəsimi rayonundakı Təzə bazarda kənd təsərrüfatı mallarının satışı ilə məşğuldur, buna görə də - kənd təsərrüfatı malları almaq məqsədi ilə həftədə bir neçə dəfə Masallı rayonuna gedib gəlir. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanıyır. 11.06.2019-cu il tarixdə, saat 20 radələrində qardaşına məxsus “Mercedes C-240” markalı, **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində hərəkətdə olarkən körpünün yanında işıqforun qırmızı işığında onlardan sağ tərəfdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil dayanmış, hərəkət edən zaman Ayxan avtomobillə onların avtomobilini sağ tərəfdən sıxmış, lakin qardaşı sürüb getmiş, Ayxan Rusiya səfirliyi istiqamətində onların ardınca gələrək avtomobilinin işıqlarını yandırıb söndürüb yanılarında saxlayanda qardaşı Xəqani Ayxandan niyə belə etdiyini soruşduqda Ayxan onu söymüş və sol əlinin orta barmağı ilə nalayiq formada işarə göstərib sürüb getmişdir. Xəqani Ayxanın avtomobilinin ardınca sürüb getmiş, çatdıqda Ayxan yenə onu təhqir etmişdir. Evə bazarlıq etməli olduğundan S.Vurğun küçəsində yerləşən “Bolmart” marketin qarşısında dayanmışlar, Xəqani avtomobildə qalmış, o, avtomobildən düşüb marketə tərəf gedərkən görmüşdür ki, Ayxan yolu keçərək Xəqanin yanına gedir. Buna görə o, marketə girməyib onlar tərəfə getmişdir. Ayxandan kimə söyüş söydüyünü soruşan zaman mübahisə baş vermiş, o, Ayxanı yumruqla vurmuşdur, bundan sonra yıxılmış və ayağa qalxarkən görmüşdür ki, Xəqani avtomobillə gedir. Həmin vaxt Xəqaninin Ayxanı bıçaqla vurmasını bilməmiş, sonradan hadisə yerində olan adamlardan eşitdikdə dərhal qohumları Ayxanın yatdığı xəstəxanaya gedib müalicə xərclərini ödəməyi təklif etmişlər, lakin Ayxan razı olmamışdır. 15.11.2019-cu il tarixdə isə Xəqani könüllü olaraq polisə təslim olmuşdur. Hadisə zamanı o da barmağından xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasını və ailəsini dolandıran yeganə şəxs olmasını nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11.06.2019-cu il tarixdə saat 19:50 radələrində o, dostu Rəhimlə birlikdə iş yerindən çıxmışdır. Rəhimlə idarə etdiyi BMV 330 minik markalı ** GR *** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Əjdər Bəy məscidinə gedib namaz qılmalı idi. Avtomaşını o, idarə etmiş, Rəhim isə qabaq oturacaqda əyləşmişdir. Saat təxminən 20 radəsində Tiflis prospektini keçəndən sonra Bakıxanov küçəsində olan Bakıxanov körpüsünün qarşısında Rusiya səfirliyi istiqamətində olan işıqfora çatanda yolun sağında olan zaman solunda olan yaşıl rəngli “Mercedes Benz C-240” minik markalı ** CO *** dövlət nömrə nişanlı avtomaşın işıqforun qırmızı işığında dayanmışdır. İşıqforun yaşıl işığı yananda qabağında bardur olduğundan asta sürətlə hərəkətə başlamış, həm də gözləmişdir ki, həmin maşın keçsin, sonra həmin maşının arxası ilə hərəkət etsin. Lakin həmin maşının sürücüsü onu sağ tərəfə sıxdığından hərəkətini davam etdirə bilməmişdir. Həmin sürücünün bu hərəkətinə görə əlini siqnala qoyub saxlamış, bundan sonra həmin sürücü - Təqsirləndirilən şəxs1 maşını irəli sürmüş, o da təxminən 100 metr irəli, yəni Rusiya Səfirliyinin binasına çatmamış həmin maşının soluna çatmış, hər ikisi maşının şüşələrini endirmiş, o, həm əllə, həmdə sözlə nə səbəbə onu sıxmasını sürücüdən soruşduqda Xəqani də nə səbəbə sağdan keçməyini soruşmuş, o, bir daha izah etmişdir ki, yol vermişdir. Xəqani qışqıraraq danışdığından o, maşını irəli sürüb sol əlinin orta barmağını Xəqaniyə göstərib hərəkətini davam etdirərək S.Vurğun küçəsinə Türk səfirliyinin yanından sağa sirk tərəfə dönərək getmişdir. Maliyyə Nazirliyi binasının yanında Xəqani sağdan çatıb pəncərədən onu söymüş və o, sonuncuya demişdir ki, “rədd ol, düdük”. Bundan sonra Xəqani işarə ilə bildirmişdir ki, maşınları yolun sağında saxlayıb söhbət etsinlər. Xəqani maşının həyacan işıqlarını yandırıb “Bolmart” supermarketin qarşısında, o, isə sola dönüb sirkin qarşısında maşını saxlamışdır. Rəhimə də demişdir ki, maşından düşməsin gəlir. Bundan sonra maşın yollarını keçib sürücüsü tərəfdən maşının qapısına yaxınlaşıb demişdir ki, “Qaqaş məni niyə sıxırdın?” Xəqaninin də maşından düşmək istəməsini görəndə demişdir ki, “düşməyə ehtiyac yoxdur. Xəqani isə demişdir ki, “düşürəm”. Xəqani maşından düşəndən sonra o, Xaqaninin sol qolundan mehribancasına tutmuş və maşının sağına keçmişlər. Maşının sağına keçəndən sonra yenidən yol verməmək barədə sözlə söyüşsüz mübahisə etmişlər. Bu zaman Aqil aralarına keçmiş və onunla üzbəüz dayanıb demişdir ki, “söyüş söyən kim idi?” Həmin vaxt da dostu Rəhim sürücünün yanında dayanmışdır. Aqilə demişdir ki, “söyüşün yeridi? görürsən ki, söhbət edirik”. Həmin zaman Aqil və ya Xəqani demişdir ki, anlaşıldı, sonra isə Aqil bir daha “kim idi söyüş söyən” deyə soruşmuşdur. O, oldu keçdi deyə cavab vermişdir. Onun cavabından 1-2 saniyə sonra Aqil onun sol qulağından əli ilə vurmuş, o, kənara çəkiləndə Aqil bir daha üstünə gələrək təpik və yumruqla onu vurmağa başlamış, o da Aqili özündən kənarlaşdırmaq üçün ayağı ilə Aqilin qarın nahiyəsindən itələmişdir. Aqil bir daha üstünə gəlib yumruq vurmuş, bu dəfə də o, əli ilə Aqili özündən arxaya çəkilib itələyəndə Aqil yerə yıxılmışdır. Bundan sonra Xəqaninin üstünə gəldiyini görmüş, Xəqani də əli ilə qarnına tərəf zərbələr vuranda Rəhim qışqıraraq demişdir ki, “Qaç onun əlində bıçaq var”. Xəqani onu bıçaqla vurduğunu və onun əlini qarnına aparmağını görəndən sonra çıxıb getmişdir. Rəhimlə oradan qaçıb gedərkən yolun digər tərəfində Xəqani avtomobili üzərinə sürmüşdür. Daha sonra 1 saylı şəhər klinik xəstəxanasına getmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2000-ci ildən dostluq edir, onunla bir yerdə işləyir. 11.06.2019-cu il tarixdə, saat təxminən 19:50 radəsində işlədiyi turizm şirkətindən birlikdə çıxandan sonra Nəsimi rayonu, S.Vurğun küçəsində olan Əjdər Bəy məscidinə gəlib namaz qılmalı idilər. Saat 20 radələrində Ayxanın idarə etdiyi qırmızı rəngli “BMV 330” markalı **-GR-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Bakıxanov küçəsində olan körpünün yanı ilə yuxarı qalxan işıqforun qırmızı işığında maşını saxlamışdır. İşıqforun yaşıl işığı yanandan sonra Ayxan hərəkətə başlayan zaman “Mercedes Benz C-240” markalı **-CO-*** dövlət nömrə nişanlı avtomaşın Ayxanın idarə etdiyi maşını soldan sıxmağa başlamış, Ayxan maşın yoluna daxil ola bilməmişdir. Ayxan maşını saxlayıb siqnal verərək maşının sürücüsünə siqnalla irad bildirmişdir. Bundan sonra avtomaşının sürücüsü irəli sürmüş, Ayxan da həmin maşının arxası ilə hərəkət edərək qarşıda olan Rusiya səfirliyininin binasının yanında olan yolda həmin avtomaşının sürücüsünə yaxınlaşıb pəncərədən nə səbəbə onu sıxmasını soruşmuşdur. Həmin avtomaşının sürücüsü də Ayxanı nalayiq formada təhqir etmiş, Ayxan əlinin orta barmağı ilə cavab olaraq ona heç bir şey edə bilmədiyini demişdir. Bundan sonra aralarında olan mübahisə daha da qızışmışdır. O, Ayxana demişdir ki, “sür maşını gedək fikir vermə”. Ayxan da maşının pəncərəsini bağlayıb maşını idarə etməyə başlamış, arxadan isə həmin maşının sürücüsü işıqlarını yandıraraq Ayxana maşını saxlamasını bildirmiş, Ayxan isə əlini pəncərədən çıxarıb ona getməsini bildirmişdir. Bundan sonra Bakıxanov küçəsindən S.Vurğun küçəsi istiqamətinə tərəf dönüb Maliyyə Nazirliyinin yanına çatanda avtomaşının sürücüsü pəncərədən əlini çıxarb sağa keçərək pəncərəni açmasını demiş, Ayxan pəncərəni açandan sonra həmin avtomaşının sürücüsü Ayxana demişdir ki, “maşını kənara ver saxla, mən başa salaram adamı necə belə-belə edirlər”. Bundan sonra həmin avtomaşının sürücüsü “Bolmart” supermarketin qarşısında maşını saxlayıb həyacan işıqlarını yandırmağa başlamış, Ayxan da cavab olaraq qarşıdan sola dönərək maşını sirkin qarşısında saxlamışdır. Ayxan maşından düşüb ona demişdir ki, “gedim görüm bunlar nə istəyirlər, sən maşından düşmə”. Ayxanın maşın yolunu keçdiyini gördüyündən o da yolu keçərək Ayxanla həmin şəxslərin yanına gedgörmüşdür ki, onlar söhbət edirlər, Ayxan Aqillə söhbət edir, Xəqani isə üzbəüz dayanıb. Aqil iki dəfə “kim idi söyən” deyə soruşduqda Ayxan cavab olaraq demişdir ki, ancaq barmaq göstərmişdir, Ayxanın bu sözündən sonra Aqil Ayxanın sol qulağına sillə ilə vurmuş, Ayxanla Aqil arasında dava düşmüş, bir-birilərinə təpik və yumruqla vurmuşlar, əlbəyaxa olub dalaşaraq arxaya tərəf getmişlər. Xəqani də Ayxanın üstünə gəlmək istəyəndə o, Xəqanini əli ilə hər iki qollarından tutub saxlamiş, bu zaman yerə 25-30 sm uzunluğunda tiyəsi maral ayağına bənzəyən bıçaq düşmüşdür. Bıçaq yerə düşəndən sonra həmin şəxsin onu bıçaqla vurmasından qorxub kənara çəkilərək demişdir ki, “qaqaş lazım deyil dalaşmayın”. Xəqani bıçağı yerdən götürüb Ayxanın üstünə qaçmış, o, Ayxana qışqıraraq demişdir ki, “qaç onda bıçaq var”. Lakin buna baxmayaraq Xəqaninin Ayxana yaxınlaşıb bıçaqla qarnından bir neçə dəfə vurmuşdur. Həmin bıçaq zərbəsindən sonra Ayxan yerə yıxılmış, Xəqani də Ayxanı bıçaqla vurandan sonra öz maşınına əyləşmişdir. O, Ayxanla yolu keçərkən Xəqani maşını Ayxanın üstünə sürərək Ayxanı vurmaq istəsə də, Ayxan öz maşınının arka kapotunun üstünə tullanmışdır. Bundan sonra 1 saylı x6 getmişlər. Cinayət işinin 1-ci cildinin 242-245-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 06.07.2019-cu il tarixli № 554 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qasıq nahiyəsinin qarın boşluğuna nüfuz edən, qarının düz əzələsinin kəsilməsi və nazik bağırsağın yaralanmaları ilə nəticələnən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının 1 (bir) ədəd, sol bud-qasıq nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən, sol təbil pərdəsinin travmatik perforasiyası (cırılması) və sol diz oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən onun Bakı Baş Sİ-nin Tibbi Mərkəzə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 11.06.2019-cu il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qasıq nahiyəsinin qarın boşluğuna nüfuz edən, qarının düz əzələsinin kəsilməsi və nazik bağırsağın çoxsaylı yaralanmaları ilə nəticələnən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin ön səthinin sol yarısının və budqasıq nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, sol təbil pərdəsinin travmatik perforasiyası (cırılması) dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol diz oynağı nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaraların qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş so təbil pərdəsinin travmatik perforasiyasının (cırılmasının) və sol diz oynağı nahiyəsinin sıyrığı xəsarətlərin müxtəlif şəraitlərdə əmələ gələ bilmələri mümkündür. Belə ki, həmin xəsartlərin həm Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə (asfalt örtüyünə, betona və s.) dəyməsi nəticəsində, həm insan bədənin hissələrinin (əl, ayaq və s.) təsirindən də əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 1-ci cildinin 255-260-cı vərəqlərində olan keçirilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 28 iyun 2019-cu il tarixli № 425/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sistemi üzrə qan qrupu A-Beta/İİ/. /şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən/. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, idman şalvarı üzərində A-beta/İİ/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmadı. Təqdim edilən bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin 1-ci cildinin 261-265-ci vərəqlərində olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 04 iyul 2019-cı il tarixli, № 281/2019-MTKŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön hissəsində solda yuxarıda 02 (iki) ədəd, köyməyin ön hissəsində 03 (üç) ədəd, arxa hissəsində 02 (iki) ədəd, sol qolun arxa hissəsində 02(iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü və küpü olan yastı tipli deşici-kəsici alət (alətlər) təsirindən əmələ gəlmişlər. Göstərilən zədələr və Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim edilmiş bıçağın təsirindən və ya oxşar konsturktiv xüsusiyyətlərə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq kustar üsulu ilə hazırlanmış və soyuq silah hesab edilmir. Cinayət işinin 2-ci cildinin 45-48-ci vərəqlərində olan kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə psixoloji ekspertizasının 02.07.2019-cu il tarixli 1178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 intelektual imkanları normaya uyğun olmaqla yaranmış şərait adekvat olaraq qavramaq, anlamaq, hadisəni düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Əqli və psixi inkişafda gerilik əlamətləri müəyyən edilmir. Xarici qıcıqlara, tənqidə və təhqirə qarşı həssaslıq, emosionallıq, çılğınlıq kimi fərdi-psixi xüsusiyyətlərə malik olması aşkar olunur. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyilli şəxs deyildir. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əmələ görə cinayət hadisəsini törədən zaman psixi-emosional vəziyyətində hirslik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 hadisəni törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 1-ci cildinin 202-ci vərəqində olan qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-015 nömrəli videomüşahidə qurğusunun 3-cü və 4-cü, TŞ 3-019, TŞ 3-035, TŞ 3-047 nömrəli videomüşahidə qurğularının 3cü kameralarının, TŞ-3 104 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının və TŞ 3-105 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının 11.06.2019-cu il tarixli saat 20.07-dən saat 20.14-dək olan müddətdəki videogörüntülərindən çəkilmiş 02 ədəd DVD disk cinayət işinə əlavə edilməklə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka və bir ədəd idman şalvarı, həmçinin istintaqa təqdim olunan cinayətin predmeti olan kustar üsulu ilə hazırlanmmış və soyuq silah hesab edilməyən bıçaq maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin NH-nə təhvil verilmişdir. İttiham olunduqları cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi iş üzrə olan şahid və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, habelə məhkəmə ekspertiza rəyləri və kamera görüntülü ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuşdur, Təqsirləndirilən şəxs1 CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 1-cildinin 73-cü vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyun 2019-cu il tarixdə könüllü olaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gələrək təslim olmuşdur. Cinayət işinin 1-cildinin 85-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 160-164-cü vərəqlərində olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin 17 iyun 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalından azad edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 194-195-ci vərəqlərində olan Bakı Apelyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarı ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinin 17 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş və x3 barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli 15 iyun 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 180-182-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 186-187-ci vərəqlərində olan tələbnamələrdən görünür ki ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 26-29-cu vərəqlərində olan arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Ağayev x2 rayon, Ərkivan qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağı var. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi 41, mənzil 66-da yaşayır. Könülllü olaraq gəlib təqsirini etiraf etməsi, zərərçəkmiş şəxslə barışıq əldə edərək ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-in 59.1.10, 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edərək ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması, ailənin yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzalarını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza məsələsini müzakirə edərək, habelə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə, yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna, bununla da cəzanın məqsədlərinə nail oluna bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 15 iyun 2019-cu il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliyini, xarakterini, onun şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin az ağır cinayətlər katerqoriyasına aid edilməsini, əməlindən səmimi peşman olmasını, ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, habelə digər təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, Təqsirləndirilən şəxs2, işinin Bakı və Masallı rayonu ərazisində olmasını, ailə vəziyyətini, ailəni dolandıran yeganə şəxs olmaqla himayəsində iki nəfər azyaşlı uşağı olmasını nəzərə alaraq hesab edir ki, ona saat 00.00-dan 05.00-a qədər daimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, habelə Bakı şəhərindən Masallı rayonunadək olan ərazi hüdudları daxilində, yəni Bakı, Salyan, Cəlilabad, Biləsuvar və Masallı rayonları ərazilərində hərəkət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə qurğusunun kameralarının videogörüntülərindən çəkilmiş DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka və bir ədəd idman şalvarı təsərrüfat təyinatını itirdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.2-ci maddəsinin tələbinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 üçün 270 AZN (iki yüz yetmiş manat) pul və Müdafiəçi2 üçün 270 AZN (iki yüz yetmiş manat) pul olmaqla, ümumilikdə 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 126.2.4-cü maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 iyun 2019-cu il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 00.00-dan 05.00-a qədər daimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, habelə Bakı şəhərindən Masallı rayonunadək olan ərazi hüdudları daxilində - Bakı, Salyan, Cəlilabad, Biləsuvar və Masallı rayonları ərazilərində hərəkət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın çəkilməsi müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə qurğusunun kameralarının videogörüntülərindən çəkilmiş DVD disklər cinayət işinin materiallarında saxlanılsın, Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka və bir ədəd idman şalvarı məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi1 üçün 270 AZN (iki yüz yetmiş manat) pul və Müdafiəçi2 üçün 270 AZN (iki yüz yetmiş manat) pul olmaqla, ümumilikdə 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-242/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-242/2020
25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver