Məhkəmə qərarları › İş №1(101)-242/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-242/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-242/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «ZƏFƏR» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Ağdərə rayonunun Manikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Ağdam rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində 1188 nömrəli evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,535 qram narkotik vasitə heroin və külli miqdarda 6,748 qram psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 19 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Şəhər Şossesi” adlanan avtomobil yolunun kənarında Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli olduğuna görə saxlanılıb 12-ci polis şöbəsininə dəvət edilərək gətirilmiş və həmin polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş boz rəngli şalvarının sağ yan cibindən üç ədəd bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,395 qram və 6,023 qram ümumi təmiz çəkisi 6,748 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponet tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,535 kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sol yan cibindən 1 ədəd qara rəngli üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunmamış, onun üzərindən 2,5 qram narkotik vasitə heroin aşkar olunmuş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham əsassızdır. O, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, arvadı X5, azyaşlı övladları - 2015-ci il təvəllüdlü, qızı Mələk Əliyeva, 2016-cı il təvəllüdlü oğlu Sahib Əliyev və 2021-ci il təvəllüdlü qızı Milay Əliyeva ilə birlikdə yaşayır. Fərdi qaydada taksi sürücüsü işləyir. O, təxminən 7-8 ildir ki, narkotik vasitə olan "kakos" kimi tanıdığı heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul etmişdir. O, narkotik vasitəni, adətən, "Mehdi” adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşından almışdır. Belə ki, o, “Mehdi”ni təxminən 2-3 ay əvvəl sosial şəbəkələrin birində tanımış və mobil nömrəsini öyrənərək, həmin şəxsə, mobil telefonuna yüklədiyi və istifadəsində olan, 55-780-70-80 mobil telefon nömrəsilə aktiv etdiyi «Whats app» ani mesajlaşma proqramında yazmışdır. O, “Mehdi” adı ilə tanıdığı şəxslə danışdıqdan sonra həmin şəxs hesab kartını göndərmiş və o da, həmin hesaba alacağı narkotik vasitənin miqdarına uyğun olaraq pul göndərmiş, qəbzin şəklini «Whats app» ani mesajlaşma proqramı ilə göndərmişdir. Bundan sonra da "Mehdi" kimi tanıdığı şəxs də ona zəng edərək, narkotik vasitənin olduğu yeri demiş və fotoşəkillərini göndərmişdir. O da, bundan sonra həmin ünvana gedərək həmin narkotik vasitəni və psixotrop maddə olan patını götürüb istifadə etmişdir. Qeyd edir ki, o, narkotik vasitəni və "patı”-nı “Mehdi”dən 1 qramı üçün 15 manat ödəmişdir. “Mehdi” adlı şəxs həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərə çatdırırmış və o da, oradan götürüb istifadə etmişdir. 15-16 aprel 2022-ci il tarixdə, dəqiq xatırlamadığı vaxt axşam saatlarında Mehdi ilə «Whats app» ani mesajlaşma proqramında danışmış və “Mehdi”dən 05 qram "patı" və 05 qram da "kakos" sifariş vermişdir və həmin şəxs də ona hesab kartının şəklini göndərmişdir. O da, həmin hesaba Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən "Milliön" ödəmə terminalı vasitəsilə 150 manat pul göndərmiş və qəbzin fotoşəkilini çəkərək göndəmişdir. Bundan sonra “Mehdi” ona narkotik vasitəni çatdırdığı yerin fotoşəklini çəkib göndərmiş və həmin yeri də bildirmişdir. Bundan sonra o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Əhmədli” metrostansiyasının yanına gedərək avtomobil yolunun kənarından 2 ədəd selofan bükümləri tapmışdır. Həmin bükümləri açdıqda 1 ədəd bükümün içərisində 3 ədəd selofan kəsiyinə bükülmüş "kakos" kimi tanıdığı heroin, digər bükümün içərisində isə 3 ədəd selofan kəsiyinə bükülmüş bükümlərin içərisində isə "patı" olmasını müəyyən etmiş və həmin narkotik vasitə və psixotrop maddəni də özü ilə gətirdiyi elektron tərəzidə çəkmişdir. O, bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan qardaşı Zaurgilə getmiş və müvəqqəti olaraq onlarda qonaq qalmışdır. O, həmin heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini də əynində olan boz rəngli şalvarın cibinə qoyaraq saxlamışdır. 19 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində "Şəhər Şosse"-nin kənarında dayanaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan qardaşıgilə getmək üçün taksi gözləyən zaman iki nəfər ərazidə xidmət aparan Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşmış və ona şəxsiyyətini dəqiqləşdirmək üçün suallar vermişlər. O da, üzərində narkotik vasitə olduğuna görə yayınmağa çalışmış və buna görə də polis əməkdaşları onu 12-ci PŞ-nə dəvət etmişlər. O da, etiraz etməmiş və polis əməkdaşları ilə 12-ci PŞ-nə gəlmişdir. Həmin polis şöbəsində ona müdafiə hüquqları izah edilərək, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra müdafiəçi X6 ona təqdim edilmişdir. Daha sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş, narkotik vasitə, psixotrop maddə, onun prekusorlarının və digər əşyaların olub-olmaması soruşulmuş və təklif edilmişdir ki, olduğu halda təqdim etsin. Buna görə də o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd bükümdə olan Mkakos"-u və 3 ədəd bükümdə olan "patı'-nı çıxararaq təqdim etmişdir. Sonra isə sol yan cibindən elektron tərəzini və 2 ədəd mobil telefonları təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qablaşdırılmış və möhürlənmişdir, o da, imzalamışdır. Həmçinin mobil telefonlar da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərində şəxsi axtarış polis əməkdaşları tərəfindən davam etdirilmiş, lakin hər hansı əşya tapılmamışdır. Bununla da videoçəkilişlə şəxsi axtarış yekunlaşmış və bu barədə protokol tərtib edilmişdir, o da, imzalamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan "heroin"-i və psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün, elektron tərəzini isə narkotik vasitəni alarkən dəqiq çəkisini bilmək üçün gəzdirmişdir. Hansı məqsədlə ora gəldiyi soruşulduqda qeyd etmişdir ki, o, kirayə ev tapmaq üçün 19 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gəlmiş, lakin ev axtarıb tapa bilməmiş, buna görə də evə qayıtmaq üçün "Şəhər Şossesi"-nin kənarına gəlmişdir. Bildirmişdir ki, “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı ilə yalnız telefonla danışmış, onun mobil telefon nömrəsi isə mobil telefonuna yüklədiyi «Whats app» ani mesajlaşma proqramında vardır. Bu müddətdə 51-780-70-80 və 55-780-70- 80 mobil telefon nömrələrini istifadə etmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda o, Təqsirləndirilən şəxs məlum hadisəyə qədər tanımamışdır. 19 aprel 2022-ci il tarixdə, saat 02:00-da Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəhər şossesində xidmətdə olarkən bir nəfər kişi cinsinə məxsus şəxsin özünü şübhəli apardığını görüb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşdıqdan sonra özlərini təqdim edərək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Həmin şəxs onlara dağınıq cavablar verərək, nədənsə narahat olduğunu, tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüşlər. Həmin şəxsin özünü üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək həmin şəxsi Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla 12-ci PB-nə gəlmiş və onlar Polis bölməsində həmin şəxsin xx xxxxxx 1978-ci ildə Ağdərə rayonu, Manikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər AR-nın CM-in 177.1 -ci maddəsi ilə məhkum olunmış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, müdafiə hüquqları izah edilərək müdafiəçi dəvət edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və ona qərar elan edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra videoçəkiliş ilə üzərində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Əvvəlcə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofan kəsiyinə və 1 ədəd qara rəngli bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Həmçinin həmin şalvarın so! yan cibindən isə 1 ədəd ağ qara rəngli elektron tərəzi, 1 ədəd qara rəngli arxa tərəfinə qəhvəyi rəngli örtük olan “Redmi” markalı mobil telefon və 1 ədəd ağ rəngli ön hissəsinə “Samsung” sözləri yazılmış mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən əvvəlcə böyük ölçüdə olan şəffaf rəngli büküm açılmış və içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması görünmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin “patı” kimi tanıdığı maddə olmasını bildirmişdir. Daha sonra qara rəngli büküm açılmış və onun içərisində isə qəhvəyi rəngli narkotik vasitə “heroin”ə bənzər kütlənin olması görünmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra digər 2 ədəd şəffaf rəngli bükümlə açılmış və həmin bükümlərin içərisində də metamfetaminə bənzər kütlələrin olması müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində təhqiqatçının göstərişi əsasında şəxsi axtarış keçirilmişdir, lakin üzərindən hər hansı dövriyyəsi qadağan olunmuş əşya, alət, predmet, narkotik vasitə və psixotrop maddəyə bənzə kütlə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bükümlər və 1 ədəd elektron tərəzi 1 ədəd zərfdə qablaşdırılmışdır. Eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd mobil telefonlar isə başqa bir zərfə qoyularaq təhqiqatçı tərəfindən qablaşdırılmışdır və möhürlənmişdir. Həmin qablaşdırma polis əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə imzalanmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri təxminən 3 gün əvvəl İran İslam Respublikası vətəndaşının kart hesabına 150 manat pul köçürdükdən sonra həmin şəxs də həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yol kənarına qoyaraq fotoşəkilini ona göndərmiş və bundan sonra Təqsirləndirilən şəxs həmin maddələri oradan götürmüşdür. Bununla da şəxsi axtarış və götürmə hərəkəti başa çatmış, bu barədə protokol tərtib edilmişdir və imzalanmışdır. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Cinayət işinin 25-26-cı vərəqlərində olan protokoldan görünür ki, 19 aprel 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarının sağ yan cibindən 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,395 qram və 6,023 qram - ümumi təmiz çəkisi 6,748 qram olan ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,535 kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sol yan cibindən 1 ədəd qara rəngli, üzərində heroinin izləri olan elektron tərəzi, 1 ədəd “Samsung Duas lite” və 1 ədəd “Redmi Note 8” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 37-40-cı vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 aprel 2022-ci il tarixli, 6/2223 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində, "vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan kağız zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,395 qram, 6,023 qram - ümumi təmiz çəkisi 6,748 qram olan ağ rəngli kristallik formada maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,535 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildirlər. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Təqdim edilmiş 1 (bir) ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin 149-150-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 3631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-124-cü vərəqlərində olan «Azercell MMC»-nin 16 iyun 2022-ci il tarixli, 10627 nömrəli məktubu ilə göndərilmiş, özündə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 1 ədəd CD diskə baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı yazışmalar müəyyən edilmişdir: xx/xx/2021 -ci il, saat 19:49:36-də **********-ci mobil nömrədən **********13 mobil nömrəyə "AY QAQA NİYE CVB VERMİRSEN BİLMİREM AMA O İCİNİ YARİ PATİNİN HER DEFE SEN GELENDE DOSDUNNAN TANİSİNNAN HER DEFE BİR YARİ ACİRAM ÇEKİRİK” xx/xx/2021 -ci il, saat 19:51:08- də **********-ci mobil nömrədən **********13 mobil nömrəyə "indi bu görə meni aldadirsan,yalan danisrsan men sene ne deyim indi xx/xx/2022-ci il, saat 11:16:23-də **********20 mobil nömrədən **********80 mobil nömrəyə, "isdesen bunan goturmey sene(k)20den,(p)da 30den vercecey. ama bu gun isdesen 200manata axsam dediyim kimi quvededir.lap duzelt 100 versdesen bunan goturmey sene(k)20den,(p)da 30den vercecey. ama bu gun men deyerem axsam da 100 verersen.isdesen xeber ele tezqaqa qadan alaram vuranda cekin seklin atmaq yaddan cixmasin.gozduyurem” 02/2022-ci il, saat 23:21:46-də,**********20 mobil nömrədən **********80 mobil nömrəyə, “anar danisdim qaqa.pirablem yoxdur verir.ancaq birdene yungu! emma var.deyir qaqa kankuret 100 manat vursun karta kecenseferki karta qalaininda sabah axsam” xx/xx/2022-ci il saat 01:08:58-də **********20,**********80, karta de mene bilim qaqas.en asaqisi basqa bir dost qardaşa deyim xx/xx/2022-ci il,09:12:07-də,**********80 mobil nömrədən **********20 mobil nömrəyə, "Ay dosd sen elediyin hereketin adin ne qoyursan.bu ne hereketdi eleyirsen,sene 30 manat lazimiyd ay qaqa,ona kimi tema verdin,30 manat artiq veren gunu " xx/xx/2022-ci il, saat 17:53:25-də, **********20 mobil nömrədən **********80 mobil nömrəyə “qaqa sen cani tele cavab ver.soz deyirem usdunde hec olmasa 50 manat varsa atim kart vur o karta usaq gedir tema goturmeye,bizede gotursun.sen cani varsa yiq meni 50 manat hec olmasa vur getsin usaq gorsun.sen cani varsa yiq meni 50 manat hec olmasa vur getsin usaq göttürsün” xx/xx/2022-ci il saat 12:59:12-də, **********20 mobil nömrədən **********80 mobil nömrəyə, “anar salam.necesen ne var ne yox?qaqa bir usaq var mehlede,rayona getmelidir surocnu, temasi var biraz satir,deyir naqd bu qeder versel.ele ele tek pati 50den versen 200 cixir.kolada qalir temiz xeyir verib gederdim.heresinen 5%5 varidir,deyir naqd 200ye ama naqd.bindira bilsen de ina kimi vermese deyim gel gotur xx/xx/2022-ci il saat 22:08:53,**********20 mobil nömrədən **********80 mobil nömrəyə “anar sen calis yavas yavas gel,terezi xiyar verib usaqa getdi getir sin.gelir indi bizim mehleye.tezeni getirir sen gel cat gir ordubada cat ordubadin qabiqinda mene viziv at yiqim.deyecem kasaddaki usaqa vursun pulu ceki atsin mene,ya sen vurarsan verersen ceki ozu atar” xx/xx/2022-ci il, saat 22:09:56-də,**********20 mobil nömrədən **********80 mobil nömrəyə, “vursun pulu ceki atsin mene,ya sen vurarsan verersen ceki ozu atarmen deyecem” Bundan başqa digər 2 ədəd faylara baxış keçirilərkən müəyyən edildi ki, 51-780-70-80 mobil nömrəsi X3 adınadır, Cinayət işinin 126-135-ci vərəqlərində olan «Bakcell MMC»-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-9227/22 nömrəli məktubu ilə göndərilmiş, özündə Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakı məlumatlar aşkarlanmışdır: *xx-xx-2021-ci il tarixdə, saat 10:54:02-də ********* mobil nömrədən ********* mobil nömrəyə “Qaqa birdamci daş b” İkinci fayla baxış zamanı isə aşağıdakı “sms" mətnləri müəyyən edildi. xx-xx-2021 -ci il, 22:02:54-də **********13 mobil nömrədən ********* mobil nömrəyə “Qaqa menim tel yoxdu kapitala zeng eledim deyir ki 35 bir 30 da bir kocub kartina gelib sene pul” xx-xx-2021-ci il saat 17:45:18 **********00 mobil nömrədən **********80 mobil nömrəyə “Qaqa qadanalaram azalmışam bir pütün olsun imkandaresinde babat ol” 05-11 -2021 -ci il tarixdə, saat 00:54:01-də ********* mobil nömrədən ********* mobil nömrəyə “Qaqa birdamci daş birdamcı rastvorda ele bularinda pulun ayri verim” xx-xx-2022-ci il, saat 20:18:55-də ********* mobil nömrədən ********* mobil nömrəyə “Qaqa gelirem taksideyem qadanalaram pabratiski onun ölçüsün düz ele” xx-xx-2022-ci il, saat 20:18:59-də **********96 mobil nömrədən ********* mobil nömrəyə “cünki uwaqlarda divjenya elyendi metralari var pawti 50 manata cix” xx-xx-2022-ci il, saat 22:30:41-də ********* mobil nömrədən ********* mobil nömrəyə “Qaqas blok nie edmisen cixar meni blokdan onun payi catib qaqa belke onun payiyla sef duwub men soruwdum deyir artiq dir 3 qramdan onun payindan belke sef duwub al bax hele o paya” xx-xx-2022-ci il saat 22:31:31-də ********* mobil nömrədən ********* mobil nömrəyə “İkuzde blok edirdiz men dedim onun ozune o paya al bax gor 1 qramdir yari 2 dirse senindir onu gotur yari ver oba” məzmunlu mesajlar yazılmışdır. Bundan başqa digər 2 ədəd taylara baxış keçirilərkən müəyyən edildi ki, 55-780-70-80 mobil nömrəsi X3 adınadır, 55-22-52-20 mobl nömrə isə BAKİ şəhM QARAÇUXUR QƏS, HACİNSKİ KÜÇ, ev.100, m.58 ünvanında qeydiyyatda olan Surqət Mirzəyevin adına qeydiyyata alınmışdır. Cinayət işinin 78-81-ci vərəqlərində olan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilmiş 2 ədəd mobil telefonlara baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd qara rəngli mobil smartfonu və 1 ədəd ağ rəngli ön tərəfinə “Samsung" sözləri yazılmış mobil telefon aşkar edilir. Əvvəlcə qara rəngli mobil smartfona baxış keçirilir. Həmin mobil smarfonun arxa tərəfində qəhvəyi rəngli qoruyucu dəri örtük olması müəyyən edilir. Həmin örtük çıxarıldıqda arxa tərəfində tünd göy rəngli örtük vardır. Həmin örtükün üzərində “Redmi” sözləri və “Made in Chine”, Model: Mİ1908C3JG sözləri və rəqəmləri yazılmışdır. Mobil telefonun arxa tərəfində 4 ədəd kamera vardır. Mobil telefonun ön tərəfində bir ədəd kamera vardır. Həmin mobil telefonun klidi açıldı və içərisində olan proqramlara baxış keçirilməyə başlandı. Baxış zamanı həmin mobil smartfonun markalı “Redmi Note 8”, modeli isə Mİ1908C3JG olması müəyyən edildi. Həmin obil telefonda 55-780- 70-80 mobil nömrənin istifadə olunması müəyyən edildi. Bundan sonra əvvəlcə mobil smartfona yüklənmiş “Whats app" ani mesjlaşma proqramına baxış keçirildi. Həmin proqramda müxtəlif nömrə sahibləri ilə danışıqlar və yazışmalarar olması müəyyən edildi. Həmin kontaktlarda “Mehdi” adı ilə +98 914 *** ** ** İran İslam Respublikasın mobil operatoruna aid mobil nömrə qeydiyyata alınması görünür. Bundan başqa “Elcin qer” adı ilə qeydiyyat olunmuş 55-222-52-20 narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqlar və yazışmalar vardır. Belə ki, “Elçin qər” adlı istifadəçiyə xx.xx.2022-ci il tarixdə saat 21:53-də göndərilmiş səs yazışmasında “narkotik vasitə istəyir və həmin vasitələri yaxın uşaqlar dediyi şəxslərə verəcəyini, bunun üçün pul düz-qoş etməsini, səhər həmin pulu karta göndərəcəyini” bildirir. Daha sonra isə Təqsirləndirilən şəxs həmin günü saat 22:29-da, “50 manat pul tapdığını, Stansiya Razin tərəfdə olmasını" bildirir. Həmçinin Elçin qər” adlı istifadəçidən 22:34 tarixində göndərilmiş mesajda isə “ Qaqa danisdime qadan alaram senin sadəcə olaraq bu temaynan o qiymətə verimiyəcək uje” sözləri yazılmış, Təqsirləndirilən şəxs isə cavabında göndərdiyi səs yazısında zəngini gözlədiyi və fikrini bildirməsini deyir. “Elçin qər” adlı istifadəçidən göndərilmiş mesajda isə “ hələ alındıra bilmirəm valla”, daha sonra isə “o temanı nəğd 200 yə danışmışam” məzmunlu mesaj yazılmışdır. Təqsirləndirilən şəxs isə cavabında “əlində pul olduqdca aralarında olan “tema” tez tez alacağı” barəsində səs göndərir. Həmçinin Təqsirləndirilən şəxs həmin istifadəçiyə göndəriyi səs yazısında “200 manat pulu olmadığını, 50 manatını hazırda vermək istədiyini 150 manatı isə sabah kart vasitəsilə göndərməyini və ya görüşüb verəcəyini deyərək razı olmasını soruşur” bildirir, deyir. Bundan sonra 22:58-də “Elçin qər” adlı istifadəsi olduğu “Google map” proqramı vasitəsilə olduğu yeri məlumatlarını göndərərək həmin məhləyə getməsini, Qaraçuxura gəlməsini, gələndə karta 50 manat pul göndərməsini, çəkini də ona atması barədə mesaj yazır. Həmçinin Təqsirləndirilən şəxs də səs yazısında həmin yerə gələcəyini bildirir. “Eiçin qər” adlı istifadəsçi isə ondan harda olmasını soruşaraq, eləcə də 11 sən qaqa ordubadin qabağında saxlayıb merketin xəbər elə dusəcəm.ordubada” mesajlarını yazır. Təqsirləndirilən şəxs isə göndəridiyi səs yazısında “Stansiyanın yanında olmasınə, talkuçkanın yanından isə başqa maşınla ora gəlməsini bildirir”. Bundan başqa “Elçin qər” adlı şəxs isə “marketin içində elə gorusey, alim vurum onun kartına, sonra gec olar baqiı olar dükan, birdə ora getməyim, ya o gəlməsin” məzmunlu mesaj yazır. Bundan başqa onlar arasında digər yazışmalar və səs yazıları aşkar edildi; Bundan başqa Təqsirləndirilən şəxs mobil nömrəsindən +98 914 *** ** ** İran İslam Respublikası mobil operatorunun sahibinə narkotik vasitlərin alqı-satıqsı ilə bağlı səs yazıları vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə +98 914 *** ** ** göndərilmiş səs yazısında Təqsirləndirilən şəxs həmin şəxsin ona 430 manat pul borcu olmasını və həmin pulu verməsini bildirir. Həmin +98 914 *** ** ** mobil nömrəsinin istifadəçisi isə hər şeyi aydınlaşdıracağını bildirir. Həmçinin saat 18:13-də göndəriyi səs yazısında isə Təqsirləndirilən şəxs həmin şəxsin “mal” teması ilə ona 700, 1200 və 270 manat pullarını ələ keçirməsini bildirir; Bundan başqa “Whats app” ani mesjlaşma proqramında başqa şəxslər arasında narkotik vasitələrin alqı-satqısı ilə bağlı yazışma müəyyən edilmədi; Bundan sonra həmin mobil telefonun “mesaj qutusu”-na baxış keçirildikdə orada “Elçin qer” qeydiyyat olunmuş 55-222-52-20 mobil nömrədən xx.xx.2022-ci il tarixdə “ qaqa axşamın xeyir, uzurlu say narahat elədim, bu vax seni, imkan var menle bidenə sivyaza çix, danışa bilərssen? Vİziv at yiqim elçindir qaqa yeqin tanidinda anar he” qeribin sinif yoldasi.imkan olsa xeber ele danissaq surocno vacib sozum var, sene sef edcəy sozdu” məzmunlu mesaj yazılmışdır. Həmçinin həmin nömrədən “qaqas necesen ne var ne yox? Qaqasnan danismisam senin ucun, hemise isdesen bunan goturmey sene (k) 20 den, (p) dan 30 den vercey.ama bu gun isdesen 200 manataaxsam dediyim kimi quvededir, lap duzelt 100 ver. Men deyerem axsam da 100 100 verersen, isdesen xeber ele” məzmunlu mesaj yazılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə qeyd edilən nömrədən “qaqa qadan alaram vuranda yaddan cixmasin, gozduyurem mene at mende ona.bir sahat iki sahat qabaq dedin vurruram birazdan, ona gorə yazdım ki yene vurub ceki atmaq yaddan cixmasin deye ozuve yaxsi qaqa bax heleliy” məzmun mesaj yazılmışdır. Mesaj qutusunda iş üçün əhgəmiyyət kəsb edəcək baxşa hər hansı yazışma aşkar edilmədi; Bundan başqa mobil telefonda olan “şəkiller" tətbiqinə baxış keçirilsə də orada narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı məlumat, yəni fotoşəkil aşkar edilmədi; Bundan sonra “Samsung" markalı mobil telefona baxış keçirildi. Baxış keçirilən zaman həmin mobil telefonun markası”$amsung”, modeli isə “Duos lite” olması, ağ rəngli olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətdədir. Həmin mobil telefonda 50-780-70-80 mobil nömrəsinin istifadə olunması müəyyən edildi. Həmin mobil telefonun mesajlar qutusunda 55- ***-**-** mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə yazılmış mesajda “Anar danisdim qaqa, deyir ki keçən dəfeki karta 100 manat vursun,qalanı da sabah axsam” məzmunlu mesaj yazılmışdır. Bundan başqa mobil telefonun digər tətbiqlərində hər hansı iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar aşkar olunmadı. Mobil telefonların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 111-ci vərəqində olan Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-dən alınmış əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin konkret olaraq satdığı şəxsləri, eləcə də “Mehdi” adlı İran islam Respublikası vətəndaşını, 55-222-52-20 mobil telefon sahibini müəyyən etmək mümkün olmamışdır, Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin və heroini aldığı şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,748 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,535 qram narkotik vasitə heroin, üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi, 1 ədəd “Redmi Note 8”, markalı Mİ1908C3JG modelli mobil smartfon və 1 ədəd "Samsung" markalı,“Duos lite" modelli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış heroin və metamfetamin, eləcə də 1 ədəd “Redmi Note 8”, markalı Mİ1908C3JG modelli mobil smartfon və 1 ədəd ’’Samsung” markalı,“Duos lite” modelli mobil telefon maddi sübut qismində tanınmış və ekspertiza tədqiqinə sərf edilmiş hissə çıxıldıqdan sonra heroin və metafetamin, eləcə də 1 ədəd “Redmi Note 8”, markalı Mİ1908C3JG modelli mobil smartfon və 1 ədəd ’’Samsung” markalı,“Duos lite” modelli mobil telefon saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Eləcə də maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videgörüntülərin köçürüldüyü 1 ədəd DVD disk və «Azercell MMC»-nin 16 iyun 2022-ci il tarixli, 10627 nömrəli məktubuna əlavə olunmuş 1 ədəd CD disk və «Bakcell MMC»-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-9227/22 nömrəli məktubuna əlavə olunmuş 1 ədəd CD disk iş üzrə iş materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 14-cü vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-68-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 aprel 2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-104-cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3000 manat misli cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş təqsirləndirilən şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı ödənilmiş məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 6,748 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,535 qram narkotik vasitə heroin, üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Note 8”, markalı Mİ1908C3JG modelli mobil smartfon və 1 ədəd "Samsung" markalı,“Duos lite" modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videgörüntülərin köçürüldüyü 1 ədəd DVD disk və «Azercell MMC»-nin 16 iyun 2022-ci il tarixli, 10627 nömrəli məktubuna əlavə olunmuş 1 ədəd CD disk və «Bakcell MMC»-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-9227/22 nömrəli məktubuna əlavə olunmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 6,748 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,535 qram narkotik vasitə heroin, üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Note 8”, markalı Mİ1908C3JG modelli mobil smartfon və 1 ədəd "Samsung" markalı,“Duos lite" modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videgörüntülərin köçürüldüyü 1 ədəd DVD disk və «Azercell MMC»-nin 16 iyun 2022-ci il tarixli, 10627 nömrəli məktubuna əlavə olunmuş 1 ədəd CD disk və «Bakcell MMC»-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-9227/22 nömrəli məktubuna əlavə olunmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar