Məhkəmə qərarları › İş №1(101)-243/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-243/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-243/2020 04.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x3, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 39, mənzil 19da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsində əkərək 02 sentyabr 2019-cu il tarixə kimi olan dövrə qədər aqrotexniki qaydada qulluq edib yaş vəziyyətdə ümumi təmiz çəkisi 2555,0 qram əkilib becərilməsi qadağan olunmuş ümumi sayı 25 (iyirmi beş) ədəd külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq yetişdirib kultivasiya etmiş və bu barədə daxil olmuş məlumat əsasında 02 sentyabr 2019-cu il tarixdə saat 17:00 radələrində Xəzər Rayon Polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ona məxsus olmaqla qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi həmin yaş vəziyyətdə, ümumi təmiz çəkisi 2555,0 qram əkilib becərilməsi qadağan olunmuş ümumi sayı 25 (iyirmi beş) ədəd külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri Təqsirləndirilən şəxs iştirakı ilə aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2019-cu ilin mart ayının əvvəllərindən etibarən çətənə bitkisinin toxumlarını öz istifadəsi üçün öz yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsində əkərək yetişdirmişdir. O, həmin bitkilərə qulluq edib su verirmişdir ki, onlar yetişdikdən sonra toplayar və özü üçün istifadə eləyəcəkdir. Özü narkotik vasitə istifadəçisi olduğundan narkotik maddələr və onların toxumları və qulluğu barədə məlumatlıdır. 02 sentyabr 2019-cu il tarixdə günorta saatlarında yaşadığı evin yanında küçədə ona mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmışlar və adını, soyadını dəqiqləşdirib bildirmişlər ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Xəzər Rayon Polis idarəsinə getməlidir. O da könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin inzibati binasına gəlmişdir. Bundan sonra video çəkilişlə vəkil, aqronom və polis əməkdaşları onun yaşadığı həyətyanı sahəsinə baxış keçirəcəklərini qeyd etmişlər. O da buna dair heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra 02 sentyabr 2019-cu il tarixdə saat 17:00 radələrində onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsinə video çəkilişlə baxış zamanı ona məxsus olan əkib, yetişdirib saxladığı həmin 25 (iyirmi beş) ədəd olan çətənə bitkiləri onun iştirakı ilə aşkar edilib götürülmüşdür. Sonra polis əməkdaşları sənədləşdirmə işi aparmışlar. Bir şeyi qeyd edir ki, o, narkotik vasitənin ittiham aktında yazılan miqdarı ilə razı deyil. Belə ki, polis əməkdaşları çətənə kolunu kökü torpaqlı və zir-zibil qarışıq çəkiblər. Bu da onun miqdarının artıq göstərilməsinə səbəb olub. Əgər ekspertizada otların torpaqları çəkilməyibsə onda onların çəkisi ilə razıdır. Özü narkotik vasitənin istifadəçisidir və satış niyyəti ümumiyyətlə olmamışdır. Etdiyi bu əmələ görə peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat aparatına qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə çətənə bitkilərini əkib becərməklə məşğul olur. Həmin əməliyyat məlumatını yoxlamaq üçün Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış, o da qrupun rəhbəri olmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsinə qərar verilmişdir. 02 sentyabr 2019-cu il tarixdə günorta saatlarında məlumatı yoxlamaq məqsədi ilə o və əməliyyat qrupunun digər üzvləri əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsi ünvanına getmişlər. Orada küçələrin birində onların diqqətini bir nəfər, zahiri əlamətlərinə görə verilmiş əməliyyat məlumatında göstərilmiş Natiqin zahiri əlamətləri ilə üst-üstə düşən şəxs cəlb etdiyindən ona yaxınlaşıb özlərini təqdim etmişlər və anket məlumatlarını dəqiqləşdirdikdən sonra əməliyyat məlumatı qismən öz təsdiqini tapdığından ona bildirmişlər ki, narkotik vasitələrin əkib becərilməsi ilə bağlı şübhəli olduğu üçün o, polis idarəsinin inzibati binasına gəlməlidir. Natiq buna etiraz etməmişdir. Bundan sonra oradan onu Xəzər RPİ-nin inzibati binasına gətirmişlər və ona müdafiəçi təqdim olunmaqla şəxs tutulmuşdur. Bundan sonra 02 sentyabr 2019-cu il tarixdə saat 17:00 radələrində o, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, aqronom və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsinə baxışın keçirilməsi üçün getmişlər. Həmin şəxs etiraz etməmiş və Təqsirləndirilən şəxs, onun müdafiəçisi, aqronom və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla bağ evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı əkilib becərilməsi qadağan olunmuş ümumi sayı 25 ədəd çətənə bitkisi kolları Təqsirləndirilən şəxs iştirakı ilə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitki kolları narkotik vasitə hesab olunan çətənə bitkiləridir və ona məxsusdur, onları özü istifadə etmək məqsədilə əkib-becərmiş və qulluq göstərmişdir. Sonra onlar həmin bitki kollarını qablaşdıraraq möhürləmişlər və tərkibini aydınlaşdırmaq üçün ekspertizaya göndərəcəkləri barədə iştirakçılara məlumat verilmişdir. Baş verənlərlə bağlı protokol tərtib olunmuş və oxuduqdan sonra iştirakçılar imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 02.09.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinin həyətyanı sahəsindən yaş vəziyyətdə ümumi sayı 25 (iyirmi beş) ədəd müxtəlif ölçüdə çətənə kolarına bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özü üçün əkib yetişdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 27-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Milli Elmlər x1 02.09.2019-cu il tarixli, 103-140 saylı arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən bostandan götürülmüş 25 (iyirmi beş) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinə aqrotexniki qaydada qulluq olunmuşdur (cild 1, iş vərəqi 32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 02.09.2019-cu il tarixli, 22311 saylı rəyindən görünür ki: - tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 25 ədəd kol” yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 25 (iyirmi beş) ədəd, ümumi təmiz çəkisi 2555,0 qram olan bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. - Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Aparılmış tədqiqatın dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manatdır (cild 1, iş vərəqi 33-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12.09.2019-ci il tarixli, 2193 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 91- 92). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 1ci Polis şöbəsinin 09.09.2019-cu il tarixli, 056-15216-1219 saylı arayışından görünür ki, keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş çətənə kollarının Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 70). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 02.11.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2555,0 qram olan 25 (iyirmi beş) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, baxışın əks etdirildiyi 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 25 (iyirmi beş) ədəd 2554,5 qram çətənə kolları saxlanılmasından ötrü Xəzər RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmiş, CD disk iş materiallarına əlavə olunmuşdur (iş vərəqi 93-95, 104). İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02.09.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən barəsində 03.09.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 sentyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 17, 57-60). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 67). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 və 2 saylı Psixiatriya xəstəxanalarının 10.09.2019-cu və 13.09.2019-cu il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanalarda müalicə almamışdır (cild 1, iş vərəqi 71-72). Cinayət işi materallarına əlavə edilmiş Xətai rayonu 87 saylı MKİS-in verdiyi 22.10.2019-cu il tarixli, 105 saylı arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən N.Tusi küçəsi, 39 saylı evin 19cu mənzilində qeydiyyatdadır, yaşadığı müddət ərzində 87 saylı MKİS-ə barəsində ərizə və şikayət daxil olmamışdır, himayəsində 10.01.2012-ci il təvəllüdlü Günayvə Günel adlı iki azyaşlı övladı var (cild 1, iş vərəqi 86-89). Müdafiə tərəfinin məhkəmyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs rəsmi nikahdan kənar yaşadığı x4 işləmir, hipertoniya xəstəliyi İİ, sabit gərginlik stenokardiyası FSİİ, nevrotik reaksiyalarla xəstəliklərindən əziyyət çəkir. Vəziyyəti orta ağırdır. Təqsirləndirilən şəxs həmin qadınla birgə münasibətindən Günayvə Günel adlı 2012-ci il təvəllüdlü iki azyaşlı övladı, 2005-ci il təvəllüdlü Nuranə adlı yetkinlik yaşına çatmayan bir övladı və 2001-ci il təvəllüdlü Nabat adlı bir qız övladı vardır. Təqsirləndirilən şəxs bildirdiyinə görə Nabat yetkinlik yaşına çatmasına baxmayaraq işləmir və onun himayəsindədir. Özü ailənin qazanc gətirən yeganə üzvüdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİİ Siyahıya əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərdən çətənə növlü bitkilərin 16 ədədi və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan, habelə yetkinlik yaşına yenicə çatmış işləməyən bir qız övladının olmasını, rəsmi nikahdan kənar yaşadığı həyat yoldaşının xəstəliklərdən əziyyət çəkərək işləmədiyini, təqsirləndirilən şəxsin ailənin qazanc gətirən yeganə üzvü olduğunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən uzun müddət təcrid olunmasının onun özünü cəmiyyətdən təsdiq olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, himayəsində olan ailə üzvlərinin onsuz da ağır vəziyyətdəki maddi-mənəvi durumunun daha da ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 237.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2554,5 qram olan 25 (iyirmi beş) ədəd çətənə kolları məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1cimaddələrinə əsasənməhkəmə hesabedirki, ibtidaiistintaqzamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar66,46 (altmış altı manatqırxaltı qəpik) manatməbləğində məhkəmə məsrəfiBəylərovNatiqBəyləroğlundantutularaqdövlətbüdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər RPİ-nin saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2554,5 qram olan 25 (iyirmi beş) ədəd çətənə kolları məhv edilsin; - Video görüntülər olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar