Məhkəmə qərarları › İş №1(101)-243/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-243/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-243/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 03 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 04 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasının əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda Bakı şəhəri, Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan şəxsdən 200 manat pul müqabilində satış məqsədilə 14,761 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 4,763 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, barəsində Nəsimi rayon məhkəməsi tərəfindən çıxarılmış 02.02.2021-ci il tarixli axtarış qərarına əsasən Nəsimi rayon Polis idarəsi 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 239 ünvanının qarşısında saxlanılaraq, qanunvericiliyin tələblərinə əsasən Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkcənin sol iç cibindən 1 bükümdə təmiz çəkisi 14,761 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və 1 bükümdə təmiz çəkisi 4,763 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu saxlayarkən üstündə narkotik vasitə olmamışdır. Polis işçiləri onu tutanda, onlara tutmaq üçün adam verməyi təklif etmiş, belə olacağı halda ona kömək edəcəklərini bildirmişlər. O da, heç kimi tanımadığını və onlara adam verə bilməyəcəyini dedikdən sonra onu tutmuşlar və guya üzərindən narkotik vasitə aşkar edildiyini bildirib həbs etmişlər. Verilən suallara cavabında Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir və sonuncu dəfə tutulmamışdan bir gün əvvəl narkotik qəbul etmişdir. Həbs olunmamışdan əvvəl hansı nömrəni işlətdiyi xatirində qalmamışdır. 099 832-30-33 saylı mobil nömrə ona məxsusdur. 051 ***-**-** nömrəsi isə onun dostunundur. Həmin dostu mütəmadi onun yanında olmuş, dostunun həmin nömrəsindən o da, istifadə etmişdir. İşdə olan SMS yazışmalarından onun xəbəri vardır. Tutulmamışdan qabaq istifadə etdiyi narkotik vasitəni o, dostu Əli ilə birlikdə almışdır. Polis əməkdaşları onun üstündə şəxsi axtarışı videoçəkiliş vasitəsilə həyata keçirmiş, təzyiqlər olunduğu üçün videoçəkilişdə narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, narkotik vasitələrdən istifadə etdiyinə görə özünü təqsrli bilir. Tutularkən onun üstündə narkotik vasitə olmamışdır. Bundan əvvəl o, oğurluq və narkotik vasitənin satışına görə məhkum olunmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitədən istifadə edir və onda fiziki asılılıq vardır. O, istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 07.04.2021-ci il tarixdə o, Bakı metropoliteninin “Nizami” metrostansiyası yaxınlığında tanımadığı şəxslə görüşərək, həmin şəxsdən narkotik vasitə olan ”heroin” və “şüşəni” almışdır. 07.04,2021-ci il tarixdə ünvan 5 ünvanın qarşısında dayanan zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq, vəsiqələrini göstərib ona polis olmalarını bildirdikdən sonra onu PB-nə dəvət etmişlər. PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub- olmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən videokamera ilə qeydə alınmışdır. O, həmin suala cavab olaraq üzərində narkotik maddə hesab olunan “heroin” və “şüşə” olmasını bildirmişdir. Daha sonra o, masaya yaxınlaşaraq əynində olan tünd göy rəngli gödəkçəsinin sol iç cibindəki 2 ədəd şəffaf rəngli, üst hissəsi keçmə yolu ilə bağlanan, germetik şəraitdə saxlanılması üçün fabrik üsulu ilə hazırlanan xüsusi selofan torbanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin selofanın içərisindəki bükümləri açdıqda isə onun içində tünd qəhvəyi rəngli dənəvari maddə və ağ rəngli kristal şəkilli maddə olan bükümləri təhqiqata təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Bu da, videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə baxılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı bildirmişdir ki, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində Nəsimi RPİ- nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan zaman üzərində üzərində aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ona aid deyildir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, saxlanılan zaman onun üzərində Samsung markalı ***-***-**-** və ***-***-**-** nömrələri ilə istifadə olunan mobil telefon olmuşdur. O, həmin mobil telefona daxil olmuş sms və zənglərin kimlər tərəfindən yazıldığını xatırlamır (cild 1, iş vərəqi 82-83, 140-142). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 aprel 2021-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs yaxalanması ilə bağlı o, 20-ci Polis böməsinin əməliyyat müvəkkilləri Şahid2 və Nail Allahverdiyevin iştirakı ilə əməliyyat-axtarış tədbirləri keçirmişlər. Tədbir nəticəsində Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Polis bölməsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması ilə bağlı əsaslı şübhələr yarandığı üçün təhqiqatçı Zaur Hacızadə tərəfindən müdafiəçi təyin edilmiş və şəxsi axtarışın aparılmasını videoqeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun, əməliyyat müvəkkili Şahid2, bölmənin təhqiqatçısı Zaur Hacızadənin və mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin iç sol cibindən 2 ədəd polietilen torba çıxararaq təqdim etmiş, həmin torbaların birinin içərisində narkotik vasitə olan heroin, digərində isə metamfetamin olduğunu, həmin narkotik maddələri Nizami rayonu ərazisindən tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş və əlavə hər hansı qanunsuz əşyalar müəyyən olunmamışdır. Onun təqdim etdiyi 2 ədəd polietilen torba zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarışın nəticələrinə dair protokol tərtib olunmuş, iştirakçıların hamısının imzaları ilə protokol da qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılaraq 20-ci Polis bölməsinə gətirilməsi və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən həmin istintaq hərəkətləri zamanı Şahid1 və Şahid2 sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişlər (cild 1, iş vərəqi 149-150). Cinayət işində olan 07.04.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və 1 ədəd videogörüntüləri özündə əks etdirən CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini daşımaqla özündə saxlaması faktı təsdiq olunmuşdur (cild 1, iş vərəqi 48-53). İş materiallarına əlavə edilmiş 27 avqust 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05.04.2021-ci il tarixdə ***-***-**-** nömrəsindən daxil olmuş sms mətnində “Qardaşımsan almsa bidənə xırda daş atda onun yanma at sonra haqq-hesab eliyərik. Xırda bir daş olsa yarıyar” sözləri ilə şəxsiyyəti məlum olmayan şəxs «daş» dedikdə, narkotik vasitə heroini nəzərdə tutur və Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olmasını bir daha təsdiq edir. 20.03.2021-ci il tarixdə ***-***-**-** nömrəsindən daxil olan sms mətnində “Qaqi artırda onu 2 elə yığ məni uşaq tələsir” sözləri öz əksini tapmış və həmin sms mətninə cavab olaraq Təqsirləndirilən şəxs həmin nömrənin sahibinə “yaxşı iki qram kola gəlirəm ataş əlimdə işlərim var gəlirəm” sms-ni yazaraq, bir daha narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu etiraf etmişdir. 22.03.2021-ci il tarixdə ***-***-**-** nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş sms mətnində “3 dənə dedin də qaqaş” sualına həmin nömrənin sahibi cavab olaraq “qaqaş 3,5 kola yarım patı” cavabı verərək Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bir daha sübuta yetirir. 19.03.2021-ci il tarixdə ***- ***-**-** nömrəsində daxil olmuş “qaqulya qardaşıvın payını ayırmısan da yəgin ki. Bayram günü lomıda qoymazsan məni” sms mətninin məzmunu Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddələr satması faktını sübuta yetirməklə onun həmin şəxslərlə mütəmadi olaraq alqı-satqı etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs həmin ***-***-**-** mobil nömrəsinin ona məxsus olduğunu və yazışmalardakı şəxsin özü olduğunu təsdiq etmişdir. Göstərilənlərlə bağlı Təqsirləndirilən şəxs mobil telefonuna gəlmiş sms mətnləri cədvəl formasında protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 128-131). Məhkəmə-kimyəvi ekspertizasının 08.04.2021-ci il tarixli 6/1381 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2 (iki) ədəd zərfdə təmiz çəkisi 14,761 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin və təmiz çəkisi 4,763 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 59-63). Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 3194 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi məqsədlərlə istifadə edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 155-156). İbtidai istintaq orqanının 01.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunmuş 2 (iki) ədəd zərfdə təmiz çəkisi 14,761 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin və təmiz çəkisi 4,763 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 14,661 qram narkotik vasitə heroin və 4,663 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 187-198). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış 02 sentyabr 2021-ci il tarixli tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon məhkəməsinin 03.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.12.2020-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasının əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşları onu saxlayarkən üstündə narkotik vasitə olmaması, təzyiqlər olunduğu üçün videoçəkilişdə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi, yalnız narkotik vasitələrdən istifadə etdiyinə görə özünü təqsrli bilməsi barədə öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı narkotik vasitələrin özünə məxsus olmaması və təzyiqlər olunduğu üçün videoçəkilişdə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi barədə gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon məhkəməsinin 03.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.12.2020cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət hesab edilən əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmədə həmçinin müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasının əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və hazırda cəza çəkir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmaqla çəkilməmiş qalan 3 (üç) il 1 (bir) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzasına münasibətdə hesab edir ki, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və bu səbəbdən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübutlar ekspertiza tədqiqatından sonra qalıq qalan 14,661 qram narkotik vasitə heroin və 4,663 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası ambulator məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 3194 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi məqsədlərlə istifadə edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsin əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin olunmuş cəzaya Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 (üç) il 1 (bir) ay 20 (iyirmi) günü qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və bu səbəbdən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 14,661 qram narkotik vasitə heroin və 4,663 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar