Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-243/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Abbaszadə küçəsi (Səbail RPİ) qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - bir ədəd bükümdə 3,554 qram və bir ədəd 2 ml-lik şprisdəki məhlulun tərkibində 0,098 qram narkotik vasitə heroin əldə edib üzərində satış məqsədi olmadan saxlamaqla ünvan 2 ünvandakı əraziyə qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin və Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Cəlal Çılğamlı 03 fevral 2023-cü il tarixdə saat 22:00-da ünvan 2 ünvandakı ərazidə saxlanılaraq həmin Polis Bölməsinə dəvət edilmiş və orada saat 22:45-dən etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynindəki göy rəngli gödəkçənin sol iç cibindən satış məqsədi olmadan əldə edib üzərində gəzdirməklə daşıyıb saxladığı bir ədəd bükümdə külli miqdarda – təmiz çəkisi 3,554 qram olan heroin və bir ədəd 2 ml-lik şprisdəki məhlulun tərkibində 0,098 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 03 fevral 2023-cü il tarixdə qardaşı Orxanla birlikdə “Qoşa Qala” qapısının yanında dayanıb Səbuhini gözləmişlər. Belə ki, onlar İçərişəhərdə yerləşən evlərinin dizayn işini Səbuhiyə gördürmək istəmişlər. Səbuhi ilə iki-üç gün əvvəldən tanış olmuşlar. Səbuhi həmin yerə çatan vaxt sonuncunun idarə etdiyi avtomobil başqa avtomobilə toxunmuşdur. Səbuhi dərhal öz avtomobilindən düşmüş və digər avtomobilin sürücüsü ilə onun arasında mübahisə yaranmışdır. Səbuhi həmin sürücüyə irad tutaraq “sən avtomobili burada saxlaya bilmərsən!” demişdir. Həmin sürücünün avtomobilinə bir cızıq düşmüş, o da əlində əski ilə həmin cızığı silməyə çalışmışdır ki, izi getsin. Amma sürücü buna görə də ona irad tutmuşdur. Həmin vaxt Səbuhi ilə sürücü arasında sözlə mübahisə yaranmış, o və qardaşı Orxan da dərhal müdaxilə etmişlər. Sürücü çox aqressiv olmuş, Səbuhi ilə pis tonda danışmışdır. Səbuhi isə onu sakitləşdirməyə çalışaraq öz telefon nömrəsini vermiş, avtomobilin nömrəsini götürməsini bildirmişdir. Sürücünün avtomobili bir az cızılmış, o da əski ilə siləndə həmin cızığ getmişdir. Amma sürücü bununla razılaşmamışdır. Bundan sonra Səbuhinin avtomobilinə oturub onun sexinə getmişlər. Həmin sex Nəsimi rayonunda “Təzə bazar”ın üstündə yerləşmişdir. Həmin vaxt 20 nəfər silahlı polis əməkdaşı sexə daxil olaraq bir saat onları döymüş, onlardan bıçağı vermələrini tələb etmiş və hər yeri dağıdıb bıçaq axtarmışlar. Halbuki, onlarda heç bir bıçaq olmamışdır. Polis əməkdaşları bıçağın olmadığını görüb onları Polis Bölməsinə aparmışlar. Polis Bölməsində də onları döymüşlər. Polis Bölməsində xidməti otaqların birində Əli adlı əməliyyatçı otağa daxil olaraq kameralara baxdığını, bıçaq olmadığını bildirmişdir. Bundan sonra Müşviq adlı rəis müavini nəsə bir büküm gətirib onun cibinə qoymuşdur. O, elə döyülmüş vəziyyətdə olmuşdur ki, artıq buna etiraz edə bilməmişdir. Həm də onu 48 saat ərzində buraxılacağına inandırmışlar. Daha sonra onları məhkəməyə aparmışlar. O, “qardaşımın ailəsi var, onu buraxın, mən hər şeyi öz boynuma alaram” deyə bildirsə də buna əhəmiyyət verilməmiş və onların hər birinin cibinə 3 qram narkotik vasitə yerləşdirilmişdir. Onu Bakı İstintaq Təcridxanasına aparanda xəsarətləri olduğu üçün qəbul etməmişlər. Buna görə prokuror təcridxanaya gələrək onunla görüşmüş və araşdırma aparmışdır. Onları Bül-bül prospekti 13 ünvanda yox, Səbuhinin Nəsimi rayonunda “Təzə bazar”ın yanında yerləşən sexində tutmuşlar. O, ümumiyyətlə Bül-bül prospekti 13 ünvanının hara olduğunu bilmir. Həbs olunmamışdan təxminən 15-20 gün əvvəl narkotik vasitə olan kakosdan istifadə etmişdir. Amma tutulduqları gün onların üzərində narkotik vasitə olmamışdır, narkotik vasitəni Polis Bölməsində ciblərinə qoymuşlar. Onda şpris olmamış, narkotik vasitəni bişirib saxlamamışdır. Əvvəllər narkotik vasitəni bişirdiyi vaxtlar olmuşdur. Onu bişirən kimi istifadə etmək lazımdır, dərhal istifadə olunmasa keyfiyyətini itirir. Əgər narkotik vasitəni bişirsəydi istifadə edərdi, cibində gəzdirməzdi. Ona görə də məhkəmədən günahsız olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4-5 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir. Narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən əldə edib istifadə edir. İlk vaxtlar narkotik vasitələri tez-tez istifadə etməmiş, lakin sonralar bədənində ağrılar yarandığından narkotik vasitələri mütəmadi olaraq qəbul etməyə başlamışdır. Sonuncu dəfə 03 fevral 2023-cü il tarixdə saat 19 radələrində o, qardaşı Cılqamlı Orxan və dostu Misirov Səbuhi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə getmişdir. Orada o, özünə, qardaşı Orxan və dostu Səbuhi Misirov də özləri üçün “Rəşad” adlı şəxsdən narkotik vasitə olan heroin almışlar. O, aldığı heroinin müqabilində 10 manat pul vermişdir. Daha sonra həmin narkotik vasitənin bir hissəsini bişirərək şprisə doldurmuşdur. Həmin gün saat təxminən 22 radələrində o, qardaşı Orxan və dostu Səbuhi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 13 ünvanının qarşısında olduğu zaman polis əməkdaşları mülki formada yaxınlaşaraq özlərini təqdim etmiş və onları Polis Bölməsinə dəvət etmişlər. O, qardaşı Orxan və dostu Səbuhi çıxış yolu olmadığını dərk etdiyindən səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə, polis əməkdaşlarının təklifi əsasında və müşayiəti ilə həmin bölmənin inzibati binasında yerləşən otaqların birinə yollanmışlar. Aradan bir qədər keçəndən sonra oraya tanımadığı bir nəfər mülki geyimli şəxs gəlmişdir. Polis əməkdaşlarından biri həmin şəxsin vəkil olduğunu, dövlət hesabına onun üçün təyin edildiyini bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, onu bölməyə dəvət edən polis əməkdaşlarının iştirakı ilə bədənində, paltarlarında və üzərində olan qanunla qadağan edilmiş əşyaları çıxarıb masanın üstündə qoymağı təklif edilmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan göy rəngli gödəkçənin sol iç cibindən içərisində narkotik vasitədən hazırlanmış maye olan 01 ədəd şprisi və içərisində narkotik vasitə “kakos” adlı maddə olan 01 ədəd gümüşü kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan göy rəngli gödəkçənin sol cibindən 01 ədəd “KitKat” şokolad, gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və gödəkçənin sağ iç cibindən isə “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı üzərində olan narkotik vasitəni “Rəşad” adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş içərisində maye olan 01 ədəd şpris və 01 ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 166 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İbtidai istintaq zamanı ona verilən sualları cavablandırarkən Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, o, narkotik vasitə heroini “Kubinka” adlanan ərazidə “Rəşad” adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmiş, istifadə edəcəyi üçün üzərində saxlamışdır. O, həmin şəxsin adının yalnız Rəşad olmasını bilir, anket məlumatları və əlaqə nömrəsini bilmir, əlamətlərini xatırlamır. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, hazırda da narkotik vasitələrin alqı-satqısı ilə məşğul deyil. Onun narkotik vasitələrdən istifadə etməyi və narkotik vasitələrin aludəçisi olmağı barədə ailə üzvləri və ya hər hansı şəxsin xəbəri olmamışdır. Ona qarşı heç kim zor tətbiq etməmişdir. Yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamır. Polis əməkdaşları onu şübhəli bilib Polis Bölməsinə apardıqdan sonra yalnız Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bundan əvvəl onun üzərinə şəxsi axtarış aparılmamışdır. Üzərindən aşkar olunan mobil telefon ona məxsusdur və üzərində ***-***-**-** saylı mobil nömrə vardır (cild 1, iş vərəqə 119-122). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 fevral 2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin 9-cu Polis X1, Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuş, əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupuna o, Rais Məmmədov, İlkin Babayev, Şahid2 və hazırda adlarını xatırlamadığı digər polis əməkdaşları daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2023-cü il tarixdə, saat 22:00-da Orxan Cılqamlının, Təqsirləndirilən şəxs və Səbuhi Misirovun Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 13 ünvanının qarşısında olduqlarını görüb onlara yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib onları Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər də Polis Bölməsinə getməyə etiraz etməmişlər. O, yalnız Təqsirləndirilən şəxs polis bölməsinə aparılmasında iştirak etmişdir. Polis Bölməsində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü sürətdə təqdim etməsi təklif olunmuş, sonuncu da üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan göy rəngli gödəkçənin sol iç cibindən içərisində məhlul olan 01 ədəd şprisi və 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sol cibindən bir ədəd “Kitkat” şokaladı, sağ yan cibindən 01 ədəd alışqan, sağ iç cibindən isə “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni “Rəşad” adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X11 və X4 Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verərək üzərlərində heç bir narkotik vasitə olmadığını, “Qoşa Qala” qapısı yaxınlığında Səbuhinin idarə etdiyi avtomobilin başqa avtomobilə toxunması ilə bağlı saxlandıqlarını güman etdiklərini bildirmişlər. Bununla bərabər, hər iki şəxs - X11 və X4 ibtidai istintaq zamanı barələrindəki cinayət işi eyni icraatda aparıldığı müddətdə Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə əldə etmələri, Bül-bül prospekti 13 ünvanının qarşısında saxlanmaları və digər hallarla bağlı ətraflı ifadələr vermişlər (cild 1, iş vərəqə 133-135, 147-150). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, müdafiəçinin bilavasitə iştirakı ilə keçirilmiş şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd içərisində narkotik vasitədən hazırlandığına oxşayan maye olan şprisi və 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sol cibindən 01 ədəd “Kitkat” şokaladı, gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və gödəkçənin sağ iç cibindən “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kakos” olduğunu, onu “Kubinka” adlanan ərazidə “Rəşad” adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm və içərisində maye olan bir ədəd şpris təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 166 saylı möhürü ilə möhürlənərək götürülmüş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34, 230). Məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2023-cü il tarixli 6/685 saylı rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,554 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd 2 ml-lik şprisdəki 0,5 ml həcmində tünd qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,098 qram narkotik vasitə heroin müəyyən edilmişdir. Təqsirləndirilən şəxs, X11 və X2 aşkar edilərək götürülmüş bükümlərdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs və X7 aşkar edilmiş şprislərdəki heroin məhlulları da həmçinin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin maddələri ilə heroin məhlullarının eyniləşdirilməsi müəyyən edilmir (heroinin məhlulda ilkin tərkibini dəyişməsi səbəbindən). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,454 qram, bir ədəd 2 ml-lik şprisdəki təkibində heroin olan məhlulun qalıq həcmi 0,2 ml təşkil etmişdir (cild 1, iş vərəqə 93-98). Ambulator məcburi-narkoloji tibbi yoxlamanin 06 fevral 2023-cü il tarixli 641 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin, psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 276-277). Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ibtidai istintaq orqanının 10 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 266-267). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 yanvar 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə cəzadan 6 ay 8 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqə 216-217, 237-248, 254-258). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə olmamasına, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına, irəli sürülmüş ittihamda göstərilən ərazidə deyil, başqa ünvanda saxlanmasına, saxlanmasının tanışı Səbuhi Misirovun törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı olmasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Şahidlər X8 və X3 məhkəmədə verdikləri Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadələrinə məhkəmə tənqidi yanaşır. Məhkəmə, təqsirləndirilən şəxsin müvafiq olaraq qardaşı və dostu olan, yəni işin nəticəsində birbaşa maraqlı olan, başqa cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş bu şəxslərin Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməklə onun vəziyyətini, eyni zamanda özlərinin vəziyyətini yüngülləşdirməyə cəhd göstərmələri, həmin ifadələrin hər hansı digər mötəbər sübutla təsdiq olunmadığı qənaətindədir. Qeyd olunan ifadələrin əksinə olaraq digər şahidlərin ifadələri iş üzrə çoxsaylı mötəbər sübutlarla (şəxsi axtarış protokolu, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə kəs etdirən DVD disk, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şəxsdə opioidlərin, kannabinoidlərin, psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, Cəlal Çılğamlının, Orxan Cılqamlının və Səbuhi Misirovun ibtidai istintaq zamanı verdikləri ifadələr və sair) təsdiq olunduğundan məhkəmə həmin ifadələri sübut kimi qəbul edir. Məhkəmə, hazırkı cinayət işi üzrə məhkəmə araşdırmasının gedişində X8 və X3 hər hansı əməli törətməkdə təqsirli olmaları barədə qənaətdən tam uzaq olaraq, onların bu və ya digər cinayət əməlini törətmələri ilə bağlı nəticəyə gəlinməsi ilə bağlı mövqenin istisna olunduğu bir vəziyyətdə həm də bu şəxslərin Təqsirləndirilən şəxs saxlanması yeri, halları, habelə digər xüsusatlarla əlaqədar məhkəmədəki ifadəsinə uyğun ifadə vermələrinin ümumilikdə özlərinin də maraq və mənafelərinə uyğun olması halının mövcudluğunu qəbul edir. Təqsirləndirilən şəxs polis orqanında qanunazidd davranışa məruz qalması ilə bağlı ifadəsi isə hər hansı dəlillə təsdiqini tapmır. Şəxsi axtarışın videoçəkilişindən də görünür ki, bilavasitə şəxsi axtarışı zamanı sərbəst davranışlı, normal görüntülü geyimli, hər hansı xəsarət izi müşahidə olunmayan, bu və ya digər təzyiqə məruz qala bilməsinə işarə edə biləcək hər hansı davranış, hərəkət, görüntü biruzə verməyən Təqsirləndirilən şəxs müdafiəçisi polis qurumuna gətirilərkən zorakılığa məruz qalıb-qalmadığını birbaşa soruşmuş, Təqsirləndirilən şəxs isə həmin suala “xeyr” deyə cavab vermişdir. Bundan başqa, Səbail rayon prokurorluğunun 08 mart 2023-cü il tarixli qərarından görünür ki, Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində müayinədən keçən zaman Təqsirləndirilən şəxs bədənində xəsarətlər aşkar edildiyindən rayon prokurorluğunda araşdırma aparılmış və material üzrə cinayət işinini başlanması rədd edilmişdir. Yəni, həm ibtidai istintaq mərhələsində bu xüsusatla əlaqədar aparılmış araşdırma ilə bağlı müvafiq prosessual qərarın mövcudluğunu, həm də məhkəmə istintaqı zamanı aparılmış araşdırmanın nəticələrini nəzərə almaqla bu qənatə gəlinir ki, iş üzrə əldə edilmiş məlumatların – konkret halda Təqsirləndirilən şəxsının ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etiraf ifadələrinin, habelə iş üzrə digər sübutların sübut kimi qəbul edilməsinə yol verməyən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hər hansı hal da müəyyən edilməmişdir. Bu iş üzrə əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs ilə eyni vaxtda saxlanılmış və barələrində cinayət təqibi ilkin mərhələdə eyni cinayət işi çərçivəsində aparılmış Orxan Cılqamlı və Səbuhi Misirova münasibətdə də hər hansı fiziki və psixi təsirlə bağlı qanunazidd davranış faktlarının müəyyən edilməməsi məhkəmənin gəldiyi bu mövqeyin daha əsaslı olduğunu bir daha təsdiq edir. Bütün bu xüsusatları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin polis tərəfindən qanunazidd davranışa məruz qalması ilə bağlı hissəsini də özünü müdafiə mövqeyi kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələr yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni sübut kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh olunan və şəxsin təqsirliliyi barədə qənaəti təsdiq edən sübutlarla bağlı nəticəyə gələrkən qeyd edir ki, həmin mötəbər dəlillər forma və məzmunlarına dair aidlik və mümkünlük şərtlərinə tam cavab verir. Bu sübutların hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmiş qaydada yoxlanmışdır. Bu mötəbər dəlillərin – ittihamedici sübutların əldə edilməsi mənbəyi və onların əldə edilməsi üsulları ilə bağlı ziddiyyət mövcud deyildir. Onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24, 184-186). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,454 qram təşkil edən heroin və bir ədəd 2 ml-lik şprisdəki təkibində heroin olan 0,2 ml həcmdə məhlul məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs, X9 və X3 üzərindən aşkar olunmuş narkotik vasitələrlə bağlı vahid məhkəmə-kimyəvi ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli, 6/685 nömrəli həmin ekspertiza üzrə ekspertiza xərci ümumilikdə 110 (yüz on) manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin məhkəmə məsrəfinin tutulması üzrə pay müəyyən edilərək Təqsirləndirilən şəxs 40 (qırx) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza xərcinin qalan məbləğinin X8 və X3 barələrində ayrılmış cinayət işləri üzrə həll edilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,454 qram təşkil edən heroin və bir ədəd 2 ml-lik şprisdəki tərkibində heroin olan 0,2 ml həcmdə məhlul məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 40 (qırx) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-243/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-243/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver