Məhkəmə qərarları › İş №1(101)-2430/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2430/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2430/2024 04.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, X2 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 30 oktyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-2430/2024 saylı cinayət işi daxil olmuşdur. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət etməklə vəsatətini əsaslandıraraq göstərdi ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Dövlət ittihamçısı qeyd etdi ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X4 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktı və 8 oktyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ Siyahısına daxil olan külli miqdarda 5,982 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri Nərimanov rayonu Ş.İ.Xətai prospektində yerləşən “Günaydın” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 15:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə, saat 17:31-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,982 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, həmin ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 15:45-də saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi göstərilmişdir. Halbuki, iş materialları ilə Təqsirləndirilən şəxs 9 avqust 2024-cü il tarixdə, saat 15:45-də saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi müəyyən edilmişdir. Bu isə öz növbəsində CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinin pozuntusunu yaradır. Belə ki, CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 6cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılması və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətə uzadılması barədə qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi2 dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi hissəsində təmin olunmasını bildirərək, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Həmçinin, Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razı olduğunu bildirərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini xahiş etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyib hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında CPM-in normalarının digər pozulması hallarına da yol verilmişdir. Bundan başqa, CPM-in 284-cü maddəsinin tələbinə görə, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 285.1-ci maddəsinin tələbinə görə, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. İş materiallarında olan “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə 1 cilddə 203 vərəqdən ibarət olan material və maddi sübutlarla tanış olmaqla bu barədə tərtib edilmiş protokolda hər ikisi tərəfindən ibtidai araşdırma orqanı tərəfindən vəsatət kimi qiymətləndirilmiş müvafiq qeydlər etmişlər. Halbuki, təqsirləndirilən şəxs və onun müdafiəçisi iş materialları ilə tanış olduqdan sonra müstəntiq tərəfindən 22 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar işə (Cild 1, iş vərəqi 210-211;) əlavə edilməsinə baxmayaraq, həmin sənədlə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tanış edilmədən iş üzrə ittiham aktı tərtib edilmişdir. Bu isə öz növbəsində CPM-in 303.3.8-ci maddəsinin pozuntusunu yaradır. Belə ki, CPM-in 303.3.8-ci maddəsinin tələbinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu kimi müəyyən edilmişdir. Qeyd edilən hallar isə bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Beləliklə, məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2024-cü il tarixli qərarı ilə əvvəli 9 avqust 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın müddəti 9 dekabr 2024cü il tarixdə başa çatır. Məhkəmə kollegiyası müdafiəçi və təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı vəsatətlərini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hazırkı mərhələdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.6, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılsın. Müdafiəçi və təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı verdikləri birgə vəsatətləri təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 9 yanvar 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar