Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-244/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Tər-Tər rayonunda doğulmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - bir ədəd bükümdə 3,053 qram narkotik vasitə heroin əldə edib üzərində satış məqsədi olmadan saxlamaqla, ünvan 2 ünvandakı əraziyə qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin cinayətaxtarış şöbəsinin və Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə saat 22:00-da ünvan 2 ünvandakı ərazidə saxlanılaraq həmin Polis Bölməsinə dəvət edilmiş və orada 04 fevral 2023-cü il tarixdə saat 00:40-dan etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarın sol cibindən satış məqsədi olmadan əldə edib üzərində gəzdirməklə daşıyıb saxladığı bir ədəd bükümdə külli – təmiz çəkisi 3,053 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, əslində hadisənin səbəbi saxlandıqları gün onun törətdiyi yüngül yol-nəqliyyat hadisəsi olmuşdur. Belə ki, 03 fevral 2023-cü il tarixdə saat təxminən 17-18 radələrində idarə etdiyi “Mersedes” markalı **-TX- *** dövlət qeydiyyat nişanlı avtomobillə az müddət əvvəl tanış olduğu Cılqamlı qardaşlarının İçərişəhərdə yerləşən evlərində dizayn işi görməklə əlaqədar onların yaşadığı ünvana yollanmışdır. Sabir heykəlindən üzü aşağı düşüb Qoşa qala qapısından girmək üçün Konstitusiya Məhkəməsinə doğru getdiyi vaxt dayanmanın qadağan olunduğu yerdə saxlanmış avtomobil onun hərəkətinə mane olduğundan həmin avtomobilin sol tərəfinə çıxarkən onun avtomobilinin qabaq sağ qanadı həmin avtomobilin arxa sağ bamperinə yüngül sürtünmüşdür. O, dərhal avtomobili saxlayıb düşmüşdür. Həmin avtomobil əslində əzilməmiş, yalnız onun avtomobilinin rəngi həmin avtomobilin üzərinə sürtüldüyündən yüngül cızıq izi yaranmışdır. Həmin avtomobilin sürücüsü onunla aqressiv davranaraq ona qarşı ədəbsiz söyüşlər işlətmiş, “korsan, bu mənim atamın maşını deyil” demiş və onu hədələməyə başlamışdır. Həmin vaxt Qoşa qala qapısının girişində onu gözləyən Cılqamlı qardaşları mübahisəni görərək onlara yaxınlaşmış və onun tərəfini saxlamışlar. Həmin avtomobilin sürücüsü bu məsələnin onlar üçün yaxşı bitməyəcəyini bildirmişdir. O, sakitlik yaratmağa çalışmış və özünə məxsus mobil telefon nömrəsini həmin sürücüyə vermişdir ki, avtomobilin cızığının düzəltdirilməsi üçün lazım olarsa onunla əlaqə saxlasın. Həmin gün axşam saat 22 radələrində Nəsimi rayonu ərazisində – Dəri-zöhrəvi dispanserin yaxınlığında yerləşən ofisində görəcəyi dizayn işini Cılqamlı qardaşları ilə birlikdə müzakirə edərkən təxminən 20-30 nəfər polis əməkdaşı ofisə basqın etmiş, onları döyərək maşınlara mindirib 9-cu Polis Bölməsinə aparmışlar. Polislər sonradan qayıdaraq onun ofisində kompüterinin monitorunun yanında olan videomüşahidə kamerasını yaddaş qurğusu ilə birlikdə götürüb özləri ilə aparmışlar. Onun avtomobilini də polislər idarə edərək Polis Bölməsinin duracağına qoymuşlar. O, məlum yol-nəqliyyat hadisəsi ilə bağlı sorğu-sual edilmiş, ondan sürücü ilə mübahisə edən zaman əlində olmuş bıçağı verməsi tələb olunmuşdur. O, isə mübahisə zamanı heç bir bıçaq olmadığını deyərək hadisəni olduğu kimi danışmışdır. Oradakı polislərdən biri hansısa kamera çəkilişlərinə təkrar baxıb gələrək əməliyyata rəhbərlik edən bölmə rəisinin müavini Müşfiq Adıgözəlova kamera görüntülərinə əsasən həqiqətən onların əlində bıçaq olmadığını bildirmişdir. Bundan sonra təzyiqlər davam etdirilmiş, üzərilərinə az miqdarda narkotik vasitələr qoyularaq razılaşmaları tələb olunmuş, əks təqdirdə ofisdən, evdən 3-4 kq narkotik vasitə gətiriləcəyi bildirilmişdir. O, polislərin buna qadir olduqlarına həqiqətən inanmışdır. Onlar istəsəydilər onun üzərinə 5 kiloqram da narkotik vasitə qoya bilərdilər. Buna görə də hədələrə dözməyərək razılaşmış, təqdim olunan sənədləri imzalamış və çəkiliş vaxtı da polislərin dediyi qaydada davranmışdır. Müstəntiq ona anlaşılmazlıq aradan qaldırıldıqdan sonra 48 saat ərzində buraxılacağını vəd etsə də, bu baş verməmişdir. O, məhkəməyə aparılarkən hakimə hadisəni olduğu kimi danışaraq tutulmasının səbəbini açıqlamış, narkotik vasitələrə heç bir aidiyyətinin olmadığını, sadəcə sexindən 5 kiloqram narkotik vasitə çıxaracaqları ilə hədələdikləri üçün razılaşdığını bildirmişdir. İbtidai istintaq zamanı ilkin ifadələrində qeyd olunanlar həqiqətə uyğun deyildir. O, həmin gün ümumiyyətlə “Kubinka” adlanan ərazidə olmamış, Rəşad adlı şəxs tanımır və belə bir şəxs görməmiş, narkotik vasitə əldə etməmişdir. Sənədlərdə göstərildiyi kimi Bül-bül prospekti 13 ünvanda olmamışdır. Onun avtomobilinin açarları sonrakı günlərdə polislər tərəfindən anasına verilmiş və avtomobil 9-cu Polis Bölməsinin duracağından təhvil alınaraq yaşadığı evin həyətinə aparılmışdır. O, Calalı və Orxanı ikinci dəfə idi ki görmüşdür. Onları onun bir dostu tanış etmişdir. Belə ki, Calalgil İçərişəhərdə olan evlərinə otel kimi dizayn vermək istəmişlər, görüşləri də bununla əlaqədar olmuşdur. O, əvvəllər narkotik vasitə qəbul etmiş, bununla bağlı Türkiyədə müalicə almış və ondan sonra qətiyyən istifadə etməmişdir. O, 15 dekabrda müalicəyə getmiş, sonuncu dəfə narkotik vasitədən 02 dekabr tarixində istifadə etmişdir. O, X10 və Orxanı görməmişdir. Tutularkən onun üzərində beş ədəd telefon olmuş, həmin telefonları polislər ofisin qarşısında ondan götürmüşlər. Polis əməkdaşları ofisin qarşısına dörd ədəd nəqliyyat vasitəsi ilə gəlmiş, gedərkən onun avtomobilini də aparmışlar. Qeyd olunanları, himayəsində üç azyaşlı uşağınını olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, ailəlidir, üç övladı var. Təxminən iki aya yaxındır ki, narkotik vasitə heroin istifadə edir. Narkotik vasitələri tanımadığı müxtəlif şəxslərdən əldə edib istifadə edir. Narkotik vasitələri iyləmək yolu ilə qəbul edir. Sonuncu dəfə 03 fevral 2023-cü il tarixdə saat 19 radələrində dostları Cılqamlı Orxan və Çılğamlı Calalla birlikdə “Kubinka” adlanan ərazidə piyada gəzişən zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxslə qarşılaşmışdır. Əvvəllər Rəşaddan bir neçə dəfə narkotik vasitə almış və rahatlıqla narkotik vasitə tapa biləcəyini bilmişdir. Həmin şəxsdən üzərində narkotik vasitə olubolmadığını soruşduqda, həmin şəxs müsbət cavab vermişdir. Bundan sonra onlar bir qədər kənara çəkilmiş və o, həmin şəxsdən 15 manat qarşılığında 1 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Calal və Orxan da həmin şəxsdən narkotik vasitə heroin almışlar. O, aldığı heroini əynindəki şalvarın sol cibinə qoymuş və onlar gəzişmək üçün “Tarqovı” adlanan əraziyə getmişlər. Həmin gün saat təxminən 22 radələrində o, Orxan və Calal ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 13 ünvanının qarşısında olduğu zaman polis əməkdaşları mülki formada yaxınlaşaraq özlərini təqdim etmiş və onları Polis Bölməsinə dəvət etmişlər. O, Orxan və Calal çıxış yolu olmadığını dərk etdiklərindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə, polis əməkdaşlarının təklifi əsasında və müşayiəti ilə həmin bölmənin inzibati binasında yerləşən otaqların birinə yollanmışlar. Aradan bir qədər keçəndən sonra, oraya tanımadığı bir nəfər mülki geyimli şəxs gəlmişdir. Polis əməkdaşlarından biri həmin şəxsin vəkil olduğunu, dövlət hesabına onun üçün təyin edildiyini bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, onu bölməyə dəvət edən polis əməkdaşlarının iştirakı ilə bədənində, paltarlarında və üzərində olan qanunla qadağan edilmiş əşyaları çıxarıb masanın üstündə qoymağı təklif edilmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan olan göy rəngli şalvarın sol cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Sorğu zamanı ondan həmin bükümdəki maddənin nə olduğu, haradan və kimdən əldə etdiyi soruşulduqda həmin bükümün içərisindəki maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni “Rəşad” adlı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan əlavə, şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ cibindən 01 ədəd üzərində qara rəngli qoruyucu olan gümüşü rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilmiş 01 ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 166 saylı möhürü İlə möhürlənərək götürülmüşür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İbtidai istintaq zamanı ona verilən sualları cavablandırarkən Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, o, narkotik vasitə heroini “Kubinka” adlanan ərazidə “Rəşad” adlı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. İstifadə edəcəyi üçün üzərində saxlamışdır. O, həmin şəxsin adının yalnız “Rəşad” olduğunu bilir, anket məlumatları və əlaqə nömrəsini bilmir, əlamətlərini xatırlamır. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Hazırda da narkotik vasitələrin alqı-satqısı ilə məşğul deyil. Onun narkotik vasitələrdən istifadə etməyi və narkotik vasitələrin aludəçisi olmağı barədə ailə üzvləri və ya hər-hansı şəxsin xəbəri olmamışdır. Ona qarşı heç kim zor tətbiq etməmişdir. O, yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamır. Polis əməkdaşları onu şübhəli bilib Polis Bölməsinə apardıqdan sonra yalnız Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bundan əvvəl onun üzərinə şəxsi axtarış aparılmamışdır. Üzərindən aşkar olunan mobil telefon ona məxsusdur və üzərində ***-***-**-** saylı mobil nömrə vardır (cild 1, iş vərəqə 148-151). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Səbail rayon Polis İdarəsində xidmət edir. X5, X6 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti yaxınlığında olmaları barədə daxil olmuş məlumat barədə Səbail rayon polis idarəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2023-cü il tarixdə, saat 22:00da Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 13 ünvanının qarşısında Təqsirləndirilən şəxs, Orxan Cılqamlının və Calal Çılğamlının olduğunu görüb onlara yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarının bildirmişlər. Bundan sonra həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqlarını izah edib onları Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər buna etiraz etməmiş və onlar Polis Bölməsinə yollanmışlar. 9-cu Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü sürətdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynində olan göy rəngli şalvarın sol cibindən 01 ədəd gümüşü rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda onun içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni “Rəşad” adlı şəxsdən 15 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibindən 01 ədəd üzərində qara rəngli qoruyucu olan gümüşü rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün” 166 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, saxlanılan şəxslərə qarşı hər hansı təzyiq və təsir olmamışdır. Əməliyyat məlumatı tədbirdən iki saat əvvəl daxil olmuşdur. Müşviq Gözəlov adlı polis əməkdaşı əməliyyat tədbirində iştirak etməmişdir. Onlar əməliyyat tədbirinə 6-7 nəfər olmaqla dörd nəqliyyat vasitəsi ilə getmişlər. Saxlanılan şəxsləri Polis Bölməsinə ayrı-ayrı avtomobillərdə gətirmişlər. O, avtomobildə Səbuhinin yanında əyləşmişdir, amma Təqsirləndirilən şəxs hansı avtomobillə gətirildiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs avtomobilinin başqa avtomobillə toqquşması və ya onun sexinin olması barədə onlarda məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 və X9 Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verərək üzərlərində heç bir narkotik vasitə olmadığını, “Qoşa Qala” qapısı yaxınlığında Səbuhinin idarə etdiyi avtomobilin başqa avtomobilə toxunması ilə bağlı saxlandıqlarını güman etdiklərini bildirmişlər. Bununla bərabər, hər iki şəxs - X8 və X9 ibtidai istintaq zamanı barələrindəki cinayət işi eyni icraatda aparıldığı müddətdə Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə əldə etmələri, Bülbül prospekti 13 ünvanının qarşısında saxlanmaları və digər hallarla bağlı ətraflı etiraf ifadələri vermişlər (cild 1, iş vərəqə 118-121, 134-136). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kakos” olduğunu, onu “Kubinka” adlanan ərazidə “Rəşad” adlı şəxsdən 15 manata şəxsi istifadəsi üçün əldə etdiyini, 4-5 ildir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 166 saylı möhürü ilə möhürlənərək götürülmüş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 81-83, 237). Məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2023-cü il tarixli 6/685 saylı rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,053 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. X8, X9 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümlərdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. X3 və X4 aşkar edilmiş şprislərdəki heroin məhlululları da həmçinin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin maddələri ilə heroin məhlullarının eyniləşdirilməsi müəyyən edilmir (heroinin məhlulda ilkin tərkibini dəyişməsi səbəbindən). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,953 qram təşkil etmişdir (cild 1, iş vərəqə 93-98). Ambulator məcburi-narkoloji tibbi yoxlamanin xx.xx.2023-cü il tarixli 639 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 291-292). Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ibtidai istintaq orqanının 10 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 281-282). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il, xx.xx.2010-cu il və xx.xx.2012-ci il təvəllüdlü üç uşağı vardır (cild 1, iş vərəqə 227-229). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 223-224). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə olmamasına, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına, irəli sürülmüş ittihamda göstərilən ərazidə deyil, başqa ünvanda saxlanmasına, saxlanmasının onun törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı olmasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Şahidlər X5 və X6 məhkəmədə verdikləri Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadələrinə məhkəmə tənqidi yanaşır. Məhkəmə, təqsirləndirilən şəxsin dostları olan, yəni işin nəticəsində birbaşa maraqlı olan, başqa cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş bu şəxslərin Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməklə onun vəziyyətini, eyni zamanda özlərinin vəziyyətini yüngülləşdirməyə cəhd göstərmələri, həmin ifadələrin hər hansı digər mötəbər sübutla təsdiq olunmadığı qənaətindədir. Qeyd olunan ifadələrin əksinə olaraq digər şahidlərin ifadələri iş üzrə çoxsaylı mötəbər sübutlarla (şəxsi axtarış protokolu, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə kəs etdirən DVD disk, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şəxsdə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, Təqsirləndirilən şəxs, Orxan Cılqamlının və Cəlal Çılğamlının ibtidai istintaq zamanı verdikləri ifadələr və sair) təsdiq olunduğundan məhkəmə həmin ifadələri sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, hazırkı cinayət işi üzrə məhkəmə araşdırmasının gedişində X5 və X6 hər hansı əməli törətməkdə təqsirli olmaları barədə qənaətdən kənar olaraq, onların bu və ya digər cinayət əməlini törətmələri ilə bağlı nəticəyə gəlinməsi ilə bağlı mövqe ifadəsinin istisna olunduğu bir vəziyyətdə həm də bu şəxslərin Təqsirləndirilən şəxs saxlanması yeri, halları, habelə digər xüsusatlarla əlaqədar məhkəmədəki ifadəsinə uyğun ifadə vermələrinin ümumilikdə özlərinin də maraq və mənafelərinə uyğun olması halının mövcudluğunu qəbul edir. Təqsirləndirilən şəxs polis orqanında qanunazidd davranışa məruz qalması ilə bağlı ifadəsi isə hər hansı dəlillə təsdiqini tapmır. Şəxsi axtarışın videoçəkilişindən də görünür ki, bilavasitə şəxsi axtarışı zamanı müdafiəçisi də yanında olmaqla sərbəst davranışlı, normal görüntü geyimli, hər hansı xəsarət izi müşahidə olunmayan, bu və ya digər təzyiqə məruz qala bilməsinə işarə edə biləcək hər hansı davranış, hərəkət, görüntü biruzə verməyən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbə və qiyməti barədə, 4-5 aydır heroindən istifadə etməsi haqda sərbəst bildirir, habelə müdafiəçisinin sualına cavab olaraq heç bir narazılığının olmadığını qeyd edir. Bütün bu xüsusatları nəzərə alaraq məhkəmə, müdafiəçinin iştirakı ilə hələ ilkin izahatında belə törətdiyi əməli etiraf etmiş, ona ittiham elan edildikdən sonra özünü təqsirli bilərək etirafedici ifadə vermiş, ona qarşı hər hansı qanunazidd davranış barədə heç bir şikayəti olmamış, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə də bu haqda heç nə bildirməmiş Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsinin polis tərəfindən qanunazidd davranışa məruz qalması ilə bağlı hissəsini də özünü müdafiə mövqeyi kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələr yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni sübut kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh olunan və şəxsin təqsirliliyi barədə qənaəti təsdiq edən sübutlarla bağlı nəticəyə gələrkən qeyd edir ki, həmin mötəbər dəlillər forma və məzmunlarına dair aidlik və mümkünlük şərtlərinə tam cavab verir. Bu sübutların hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmiş qaydada yoxlanmışdır. Bu mötəbər dəlillərin – ittihamedici sübutların əldə edilməsi mənbəyi və onların əldə edilməsi üsulları ilə bağlı ziddiyyət mövcud deyildir. Onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 04 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 71, 188-190). Amma cinayət işinin materiallarından birbaşa müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq 03 fevral 2023-cü il tarixdə saat 22 radələrində tutulmuşdur. Onun tutulması barədə protokolda rəsmi tutulma vaxtı kimi 04 fevral 2023-cü il tarixdə saat 00:20 göstərilsə də (cild 1, iş vərəqə 71), təhqiqatçı tərəfindən qəbul edilmiş eyni tarixli qərarda (cild 1, iş vərəqə 69) onun tutulmasının azadlığının haqlı olaraq faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 03 fevral 2023-cü il tarixdə saat 22:00-dan tutulmuş hesab edilməsi barədə nəticəyə gəlinmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,953 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs, X7 və X6 üzərindən aşkar olunmuş narkotik vasitələrlə bağlı vahid məhkəmə-kimyəvi ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli, 6/685 nömrəli həmin ekspertiza üzrə ekspertiza xərci ümumilikdə 110 (yüz on) manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin məhkəmə məsrəfinin tutulması üzrə pay müəyyən edilərək Təqsirləndirilən şəxs 30 (otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza xərcinin qalan məbləğinin X5 və X6 barələrində ayrılmış cinayət işləri üzrə həll edilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut - Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,953 qram təşkil edən heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 (otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-244/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-244/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver