Məhkəmə qərarları › İş №1(101)-2456/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2456/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2456/2024 13.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fonde” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Sabirabad rayonunun Çöldəllək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, fərdi evdə yaşamış, 05 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-408/2024 saylı, 07 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 23:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsində yerləşən parkda dostu Zərərçəkmiş şəxs ilə sonuncunun həmin gün bundan 10-15 dəqiqə öncə onu nalayiq söyüşlərlə təhqir edib vurması səbəbindən özünü təhqir edilmiş hesab edib buna görə qisas almaq məqsədi ilə üzərində olan istintaqa məlum olmayan bıçaq ilə qəsdən 2 dəfə vurub sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid sol saidin dəlib-keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və həmin bıçaqla qəsdən bir dəfə təkrar kürək nahiyəsinə vurub insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan, diafraqmanın, dalağın yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının arxa divarından sol döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsində nömrəsiz fərdi evdə dostu Zərərçəkmiş şəxs ilə birlikdə yaşayıb. Sonuncunu əsgərlikdən tanıyır. O, əsgərlikdən sonra Zaqatala hərbi hissəsində gizir kimi xidmətini davam etdirib, 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalı vardır. Səfiyar isə əsgərlikdən sonra hərbi xidməti bitib mülki həyatına qayıtmışdır. Ailəsi Sabirabad rayonunda yaşasa da əsgər yoldaşı Səfiyarın məsləhəti ilə 2021-ci il tarixdə xidmətdən azad olunub, Bakı şəhərinə gəlmiş və Səfiyarla birlikdə kirayə qalmağa başlamışdır. Hazırda yaşadığı ünvana da Səfiyarın məsləhəti ilə onunla birlikdə gəlib kirayə qalmışlar və Səfiyarla da birlikdə avtomobil rəngləmə sənətini öyrənirmişlər. Əvvəldən Səfiyarla birlikdə Səfiyarın öz qadın tanışı və onun da öz qadın tanışı ilə birlikdə hərdən görüşüb, yeyib-içib cinsi münasibətdə olmuşlar. Yəni qadın tanışları da rəfiqə olmuş və hərdən görüşmüşlər. Sonuncu dəfə Səfiyar ona yenə hərəsi öz tanışı olan qızlarla görüşməyi və istirahət etmələrini deyərkən o, pulunun olmamasını və sonra görüşə biləcəyini demişdir. Lakin buna baxmayaraq Səfiyar öz qız tanışı ilə görüşmüş və onun tanışı olan qızı da görüşə dəvət etmişlər. Həmin görüşə Səfiyar başqa bir tanışı olan oğlan aparmış və onun qız tanışının da tanışı olan oğlanla orada yeyib-içib münasibətdə olmasını sonradan öyrənmişdir. Bu məsələnin sabahı gün, yəni 03 iyul 2024cü il tarixdə axşam saat 20 radələrində iş yoldaşları Səyyad və Elşənlə Ramana qəsəbəsinə gedən yolun üzərində yerləşən “Tağının kafesi” adlanan kafedə oturub çay içmiş, Səyyadla Elşən isə pivə içirmişlər. O, Səyyadı avtomobili ilə öz evinə gedən yolun üzərində olan Səyyadın evinə düşürəcəyi üçün pivə içməmişdir. Bu zaman Səfiyar ona zəng edib, harada olmasını demişdir. O da yerini demiş və Səfiyar da yanlarına gələcəyini demişdir. Səyyad və Elşən əslində Səfiyarın dostudurlar və o, sonuncularla sonradan tanış olub birlikdə işləməyə başlamışdır. Bir qədər sonra Səfiyar gəlmiş və onlar söhbət edərkən Səfiyara “qız” söhbətini orada etməməsini, evdə ikilikdə danışacaqlarını demişdir. Lakin Səfiyar orada öz dostları olmasını demiş və hərəkətinin niyə xətrinə dəyməsini soruşmuşdur. O isə “qız” söhbəti etmədiyini, lakin dost olmaqlarını və onun bu dostluğu heçə saymasını, səhv etməsini demişdir. Lakin Səfiyar yenə onunla razılaşmamış və bir qədər sonra onlar hamısı durub kafedən getmişlər. O, Səyyadın avtomobilini idarə edib, evinə düşürmüşdür və Səfiyarla birlikdə piyada evlərinin yolunun üzərində olan “Ramana parkı” deyilən yerdən keçərkən yenə Səfiyarla sözləri çəpləşmişdir. O, yenə sonuncuya səhv etməsini, tanışı olan qızın onun tanışı olan qızla rəfiqə olsalar da onun xəbəri olmadan tanışı olan qızı başqa dostu ilə görüşdürməsinin səhv olmasını desə də, Səfiyar həmin qızların yüngül həyat tərzi keçirən insanlar olmasını və bunun xətrinə dəyməməli olmasını, özünün düzgün etdiyini demişdir. Oradan keçib məhəlləyə çatarkən Səfiyarla əlbəyaxa olmuş və səslərinə məhəllədə qalan tanımadığı bir-iki nəfər şəxs çıxmışdır. Bu zaman saat 23 radələri olarmış və Səfiyar onun sifət nahiyəsindən yumruq vurmuşdur. Səfiyar ondan hündür və nisbətən güclü olduğu üçün, həmçinin onları araladıqları üçün, həm də aralamasalar da Səfiyardan qorxmuş və onu vura bilməmişdir, sonuncuya heç nə etməmiş və evə getmişdir. Özünü çox pis hiss etmiş və evə çatıb, evdə olan sarı dəstəkli mətbəx bıçağını götürüb, şalvarının kəmərinin altında belinə qoyub, təxminən yarım saat sonra Səfiyarı bıçaqlayıb yaralamaqla ondan qisasını almaq məqsədi ilə parka tərəf getmişdir. Orada kioskun yanında Səfiyarın pivə alıb içməsini və kioskda işləyən Kamran adlı tanışı ilə söhbət etməsini görmüşdür. Səfiyara yaxınlaşıb kənara gəlməsini və onunla işinin olmasını demişdir. Səfiyar isə onu saymayıb, nə işinin olmasını, gəlməyəcəyini demişdir. O isə Səfiyarı bıçaqlayacağını demişdir. Bu zaman Səfiyar ondan qorxmuş və o, əsəbi halda orada bıçağı belindən çıxarıb sonuncuya tərəf getmişdir. Bu an Kamran gəlib onu aralamaq istəsə də o, Səfiyarın üzərinə gedib, sonuncunun bədən nahiyəsi istiqamətində əlindəki bıçaqla 1 və ya 2 zərbə endirmişdir. Səfiyar özünü qorumaq üçün əlini qolunu önə vermiş və Kamran da onu aralaşdırmaq istəmişdir. Lakin o, özündən çıxmışdır. Bu zaman Kamran kənara çəkilmiş və o, bıçaq zərbələrinin Səfiyara dəyibdəyməməsini bilmədən Səfiyar qaçmağa başlamışdır. O da əlindəki bıçaqla Səfiyar artıq qaçdığı üçün başqa istiqamətə qaçıb oradan uzaqlaşmışdır. Həmin vaxt o, əlindəki bıçağı qaça-qaça oralarda, dəqiq xatırlamadığı yerdə tullamışdır. Səfiyar qaçıb getmiş və o da xeyli uzaqlaşıb dayanmışdır. Bir qədər durub fikirləşərək nə etdiyini, nə olmasını düşünmüş və daha sonra parkın içinə doğru qayıtmışdır. Kioska gəlmiş və Kamrandan Səfiyarın necə olmasını soruşmuşdur. Kamran ona Səfiyarın ağır yaralanmasını, təcili yardımla xəstəxanaya getməsini demişdir. O, Kamranla danışdıqdan sonra ağlamağa başlamış və xəstəxanaya gedib, Səfiyarın vəziyyəti ilə maraqlanmışdır. Daha sonra polislərə təslim olmuşdur. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun zamandır dostluq edir. Sonuncu ilə əsgərlikdə birlikdə xidmət etmişdir. Əsgərlikdən sonra da Bakı şəhərində birlikdə kirayədə qalıb işləmişlər. Sonuncu dəfə Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə ikisi kirayə qalıb, bir yerdə də işləmişdir. 03 iyul 2024-cü il tarixdə Mürşüdlə telefonla danışan zaman o, digər iş yoldaşları Elşən və Səyyadla birlikdə kafedə olmasını demiş və sonuncu da evə getdiyi üçün yolunun üzərində olan həmin kafeyə gəlmişdir. Orada Mürşüd onların əvvəllər görüşdükləri qızlarla görüşən zaman nə üçün demədiyini, səhv etdiyini demişdir. Onlar orada bu barədə qısa söz mübahisəsi etmişlər. Daha sonra kafedən çıxmış və Mürşüd ilə birlikdə Elşənlə Səyyadı onların avtomobili ilə evlərinə düşürüb və ikilikdə piyada evə getməyə başlamışlar. Yollarının üzərində olan Ramana parkında yenə də Mürşüdlə həmin məsələ ilə bağlı sözlü mübahisələri düşmüş və orada onlar bir-birləri ilə əlbəyaxa olmuşlar. O, Mürşüdü əli ilə vurub, geriyə itələmiş və bu zaman Mürşüd onu nalayiq sözlərlə təhqir etmişdir. O da Mürşüdə eyni söyüşləri etmişdir. Mürşüd isə oradakı kənar şəxslər onları araladıqları üçün çıxıb evə getmişdir. Bundan 10-12 dəqiqə sonra Mürşüd yenidən parka yanına gəlmişdir. O həmin vaxt parkda kioskun yanında dayanmışdır. Bu zaman Mürşüd ona yaxınlaşıb onunla işinin olmasını, kənara çəkilmələrini demişdir. O da sonuncuya çıxıb getməsini deyərkən onlar yenə əlbəyaxa olmuşlar. Bu zaman kioskda işləyən Kamran gəlib onları aralamaq istəmişdir. O, araya girən zaman Mürşüdün əlindəki bıçaqla qolundan vurmasını və qolundan qan gəlməsini gördüyü üçün üzünü geriyə döndərib oradan qaçmışdır. Bu zaman Mürşüd onun arxa hissəsindən də bıçaq zərbəsi vurmuş və o qaçıb getmişdir. Yəni Mürşüd əlindəki bıçaqla onun tərəfinə zərbə atmış və o da dönüb qaçıb getmək istəyərkən zərbə onun kürək nahiyəsinə dəymişdir. Mürşüd də həmin vaxt başqa istiqamətə qaçıb getmişdir. O da arxasınca Mürşüdün gəlməməsini gördüyü üçün geri qayıdıb Kamranın yanına gəlmişdir. Kamran onun kürək nahiyəsindən də qan gəlməsini gördüyü üçün dərhal təcili tibbi yardım çağırmış və bir qədər sonra TTY avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Onların davası təxminən 2-3 dəqiqə davam etmiş və kənarda yalnız Kamran olmuşdur. Kamran onları ayırmaq istəsə də Mürşüd onu bıçaqla vurmuşdur. Sonuncu da qorxduğu üçün oradan qaçmışdır. Hadisə yerində başqa şəxs olmamışdır. Sonda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, sonuncu ilə aralarında barışıq əldə etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən köşkdə satıcı işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi köşkə teztez gələrək su və ya siqaret almışlar, sonuncularla münasibəti buradan yaranmışdır. 03 iyul 2024-cü il tarixdə saat 23:20 radələrində köşkdə olarkən qarşı tərəfdə olan parkın girişində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiklərini görmüşdür. Sonuncuları aralamaq və sakitləşdirmək üçün köşkdən çıxaraq yaxınlaşmış, lakin işlədiyi köşkə müştəri gəldiyi üçün geri qayıtmışdır. Təxminən 1-2 dəqiqədən sonra Səfiyar yanına gəlmiş, Mürşüd isə parkın içərisində görünməmişdir. Səfiyarın əlindən və qarın nahiyəsindən qan gəldiyini görüb istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə «103» Xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 15-20 dəqiqədən sonra təcili tibbi yardım xidmətinin əməkdaşları hadisə yerinə gəlmiş, Zərərçəkmiş şəxs TTYX-nin avtomobili ilə 3 saylı şəhər klinik xəstəxanasına aparılmışdır. Təxminən 5-10 dəqiqədən sonra isə Mürşüd yanına gəlmiş, hadisə zamanı Səfiyarın xəsarət almasını eşitmiş və xəstəxanaya getdiyini deyib, yanııdan uzaqlaşmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 1712 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan, diafraqmanın, dalağın yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının arxa divarından sol döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol saidin dəlib-keçən 1 (bir) ədəd (sol said nahiyəsində olan yara kanalında yaranın giriş dəliyi saidin iç səthində, çıxış dəliyi isə bayır səthində yerləşir) (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan, diafraqmanın, dalağın yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının arxa divarından sol döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol saidin dəlib-keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədedilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 14 avqust 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş, həmçinin 13 dekabr 2024-cü il tarixli məhkəmə iclasında təqdim olunmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam ödənilmişdir, bununla bağlı gələcəkdə şikayəti, tələbi və iddiası olmayacaq. Cinayət işinin materiallarında olan SX0487873 saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” zamanı Zaqatala rayonunun müvafiq saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət keçdiyi dövrdə hərbi xidmət üçün Füzuli rayonunun ərazisində yerləşən hərbi hissəyə təhkim olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, “Vətən Müharibəsi” zamanı Füzuli rayonunun ərazisində yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət keçməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən sonuncunun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, təqsirləndirilən şəxsin “Vətən Müharibəsi” zamanı Füzuli rayonunun ərazisində yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət keçməsini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-408/2024 saylı, 07 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdən hazırki hökmün elan olunduğu tarixədək olan müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış əşya müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar