Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-246/2022 18.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 və müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.2004-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bərdə rayonu Dəymədağıllı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi “Şuşa” şəhərciyi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə “yuvinal” məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, ibtidai istintaq orqanının gəldiyi nəticə ilə təqsirləndirilir ona görə ki, o, bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən iki şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qeyrisi ilə bir qrup şəxs halında 11 aprel 2021-ci il tarixdə, saat 17:17 radələrində ünvan 1 ünvanında yerləşən «Təhsil nəşriyyat evi»nin arxasında Zərərçəkmiş şəxs1 X2 atmasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozan hallara yol verməklə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 vurmuş, sonra hərəkətlərini davam etdirib Qanuni nümayəndə2 və Zərərçəkmiş şəxs2 yumruq və təpik zərbələri endirmiş, bununla da Zərərçəkmiş şəxs1 on iki barmaq bağırsağının, mədənin, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid, sol əlin 2-ci və 1-ci barmağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 diafraqmanın, peritonun, qaraciyərin zədələnməsi və hemopnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin sağ ön divarından döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vurub qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 232 saylı orta məktəbdə 6-cı sinfə qədər oxumuşdur. Sonra maddi vəziyyətləri çətin olduğundan müxtəlif tikintilərdə fəhlə kimi işləməyə başlamış, X4 təxminən 7 il olar ki, tanımış, onunla dostluq münasibətləri vardır. Xalası oğlu Qurban Əhmədov ünvan 2 ünvanında yerləşən Təhsil Nəşriyyat evinin yaxınlığında qəssab dükanı işlətmiş, Qurbanın dəvəti ilə şənbə və bazar günləri həmin qəssabxanaya gedib ona köməklik etmişdir. 10 aprel 2021-ci il tarixdə axşam vaxtı Qurban ona zəng edərək səhər tezdən onun yanına gəlməyini bildirmiş, o da onunla razılaşmış, 11 aprel 2021-ci il tarixdə saat 06:00 radələrində Qurban idarə etdiyi avtomobillə onu evdən götürmüş və birlikdə qəssabxanaya getmişlər. Orada xalası oğlu Qurbana köməklik etmiş, saat 14:00 radələrində dostu Kamran onun yanına gəlmiş, Kamranla birlikdə dükanda oturub söhbət etmişlər. Saat 15:00 radələrində Qurban ona işi çıxıb gedib gəlir, mağazaya nəzarət etməsini bildirmiş, bundan sonra Qurban çıxıb getmiş və o, Kamranla birlikdə mağazada tək qalmışlar. Saat 16:00 radələrində dostu Kamran «tualetə» getmək qərarına gəlmiş, qəssabxanada tualet olmadığından onlar qəssabxana ilə üzbəüz yerləşən «Çinar» marketin yanında olan kafenin tualetindən istifadə etmişlər. Bu səbəbdən də Kamran yolu keçib həmin kafeyə getmiş, bir neçə dəqiqədən sonra Kamran geri qayıdıb yolu keçib qəssəbxanaya doğru hərəkət etməyə başlamışdır. Bu zaman o, yolun obiri tərəfində 4 nəfər əvvəllər tanımadığı uşaqların hərəkət etdiyini və Kamran istiqamətində baxdıqlarını görmüşdür. Kamran səkiyə çatan zaman həmin 4 nəfərdən biri adını sonradan öyrəndiyi Ramiz adlı oğlan Kamrana «ayə» deyib qışqırmış, o, bunu eşidib həmin şəxslərə «nə olub» demişdir. Kamranda geriyə dönüb məsələni aydınlaşdırmaq üçün həmin dörd nəfərin yanına getmiş, onlar kənara çəkilib söhbət etməyə başlamış, o da nə baş verdiyini öyrənmək üçün yolu keçib həmin şəxslərə yaxınlaşmışdır. Ramiz Kamranla söhbət etməyə başlamış və Ramiz demiş ki, keçək Çinar marketin arxasına söhbətimizi orada davam edək, orada kamera yoxdur. Həmin vaxtı o, Ramizə demişdir ki, qəssabxanada adam yoxdur, gedək qəssabxananın arxasına orada söhbət edək, orada da kamera yoxdur. Onda Ramiz onunla razılaşmış və onlar birlikdə yolu keçib qəssabxananın arxasına doğru getməyə başlamış, yolda Ramiz ondan üstündə bıçaq olub olmadığını soruşmuş, o da ona üstündə bıçaq olmadığını demiş, bundan sonra Ramiz ona onun üstündə bıçaq olduğunu bildirmişdir. Ramizin bu sözündən sonra o, Ramizdən ehtiyat edib özünü qorumaq üçün qəssəbxanaya girib masanın üstündən bıçağı götürüb sağ böyrünə kəmərin arasına taxmışdır. Qəssabxanadan çıxıb Nəşriyyat evinin arxasına keçmiş, orada Ramiz Kamranla mübahisə etməyə başlamış, bu zaman həmin dörd nəfərdən biri balaca boylu adını bilmədiyi oğlan onu kənara çəkib qəssəbxananın arxasına aparmışdır. Orada həmin oğlan ona söhbəti bitirmək lazım olduğunu demiş, o da onunla razılaşmış, lakin Ramizin kobud danışdığını qeyd etmişdir. Elə bu zaman ona adının sonradan Firuz olduğunu öyrəndiyi oğlan yaxınlaşmış, onu kənara çəkib onun ünvanına söyüş söymüşdür. Bundan sonra Firuz onu söydükdən sonra qolundan tutub Kamranın yanına aparmaq istəmiş, o da ona əlini ondan çəkməsini demişdir. Bundan sonra Firuz Kamrana yaxınlaşmış və qəflətən yumruqla Kamranın sifət nahiyəsindən bir zərbə vurmuş, Kamran da cavab olaraq Firuzun sifət nahiyəsindən bir zərbə vurmuşdur. X13 üstünə cummuş və ona yumruq zərbələri vurmağa başlamış, Kamranda özünü müdafiə edərək Ramizə yumruq zərbələri vurmuşdur. Bundan sonra Firuz yenidən Kamranın üstünə cummaq istədiyi zaman o, Firuzu arxadan tutmuş və davaya qatışmamasını bildirmişdir. Bu zaman ona balaca boylu oğlanın yaxınlaşdığını görmüş, o, onun onu vuracağını ehtimal edib Firuzu buraxmış və sol əlilə sağ böyründə olan bıçağı götürüb həmin balaca boylu oğlanı qorxutmaq üçün nümayiş etdirmişdir. Bundan sonra həmin oğlan qorxub kənara çəkilmiş, lakin Firuz isə onun üstünə cummuşdur. O da Firuzun onu vuracağından qorxub sol əlində olan bıçaqla Firuzun sağ böyür nahiyəsindən vurmuş, o da Firuzun böyrünü tutaraq geri çəkildiyini görüb onu vurmamışdır. Bundan sonra Ramiz onlara məhəl verməyərək Kamranı vurmağa davam etmiş, o, bunu görüb Ramizə yaxınlaşmış, onları ayırmaq istəmiş, lakin Ramizə də gücü çatmadığı üçün, sol əlində olan bıçaqla onun sağ böyür nahiyəsindən bir dəfə vurmuşdur. Sonra Ramiz böyrünü tutub qaçmış, o da bıçağı götürüb qəssəbxanaya qayıtmış və bıçağı zibil qutusuna atmışdır. Bundan sonra Kamranla o, əməlindən peşman olaraq qorxaraq qaçmış, lakin həmin günü axşam polis əməkdaşları tərəfindən o, tutulmuşdur. Hal-hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələbləri yoxdur. Məhkəmədən onun yetkinlik yaşına çatmamasının, zərərçəkmiş şəxslərlə barışmasının, anasının tək qadın kimi onun qayğısına ehtiyacının olmasının, tezliklə hərbi xidmətə gedərək, vətənə və ailəsinə layiqli övlad olmaq arzusunda olmasının nəzərə alınaraq onun cəmiyyətdən təcrid edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 11 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində dostu Feyruzla onun yaşadığı binanın həyətində görüşmüş, həmin vaxtı qohumu Kənan da yanında olmuşdur. Feyruzla o, razılaşmışlar ki, «777» adlı çay evinə getsinlər, buna görə də F.X.Xoyski küçəsi ilə hərəkət etməyə başlamışlar. Onlar «Məhəllə» marketin qarşısına çatarkən dostları Muradla görüşüb, sonra hərəkətlərini davam etdirib 212 saylı orta məktəbin yanında dörd yola çatmışlar. Orada yolun kənarında ət dükanının qarşısında adlarını sonradan bildiyi Sahil və Kamranı görmüşlər. Həmin vaxt Kamran ona baxmış və onlar göz gözə gəlmiş, Kamran ona «nə səbəbə mənə baxırsan» demiş, o da ona elə-belə baxıram demiş, buna görə də mübahisə etməyə başlamışlar. Onlar razılaşmışlar ki, «Çinar» marketin arxasına gedib orada söhbət etsinlər. Amma yolda Kamran və Sahilin dediyi kimi nəşriyyatla 212 saylı orta məktəbin arasında olan yerə getmişlər. Orada əvvəlcə Kamranla o, mübahisə, sonra isə dava etmiş, dava zamanı bir birilərini yumruqla vurmağa başlamışlar. Həmin vaxtı ətrafda onlardan başqa adam olmamış, bu vaxt Sahil, Murad, Kənan onları ayırmağa başlamışdır. Həmin vaxtı dostu Feyruzda dayanmayıb Kamranı vurmağa davam etmişdir. Həmin vaxtı Sahil onları ayıra bilməmiş, dostu Kamranın döyüldüyünü görüb, gedib ət dükanına girib çıxmışdır. Bundan sonra dostu Murad ona Sahilin əlində bıçaq olduğunu demiş, lakin o, ona əhəmiyyət verməmişdir. Mübahisə gedən vaxtı Sahil ona yaxınlaşıb əli ilə onu vurmuş, bu zaman mübahisə dayanmışdır. Hadisə vaxtı əvvəl o, heç nə başa düşməmiş, sonra bıçaqla vurulduğunu bilib yerə yıxılmış, birdə xəstəxanada özünə gəlib xəstəxanada olduğunu bilmişdir. Aralarında yaranmış mübahisə anlaşılmazlıq zəminində baş vermiş, hazırda Təqsirləndirilən şəxs da onlar kimi yetkinlik yaşına çatmadığından onunla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində dostu Ramizlə yaşadığı binanın həyətində görüşmüşlər. Ramizlə razılaşmışlar ki, «777» adlı çay evinə gedək. F.X.Xoyski küçəsi ilə hərəkət etməyə başlamışlar. Yolda onlar, yəni o, Ramiz, yolda onlara qoşulan Murad və Ramizin qohumu Kənan danışıb, zarafatlaşıb gülürmüşlər. Həmin zaman kəsişmədə olan «Bərdəlinin ət dükanı» adlı qəssabxananın qarşısında adlarını sonradan bildiyi Sahil və Kamranı görmüşlər. Həmin vaxt Kamran «nəyə bizə baxıb gülüsünüz» demişdir. Onun bu sözündən sonra Ramiz ona baxıb gülmədiklərini demişdir. Amma Kamran inad edərək ona baxıb güldüklərini bildirmişdir. Bu səbəbdən mübahisələri yaranmışdır. Həmin vaxt səs küy yarandığından razılaşmışlar ki, kənara çəkilib söhbət edək. Razılaşıb əvvəlcə yaxınlıqda yerləşən "Çinar" marketin arxasına getmək istəmişlər. Amma Sahil yaxınlıqdakı nəşriyyatla 212 saylı orta məktəbin arasında boş yerə getməyi demişdir. Razılaşıb həmin yerə getmişlər. Onlar ət dükanın arxasındakı qəzet köşkündən təxminən 15 metr məsafədə olan yerdə mübahisə etməyə başlamışlar. Kamran Ramizlə mübahisə edərkən Sahil ət dükanına gedib girmişdir. Həmin vaxt Ramiz ona «Sahil deyəsən nəsə dükandan götürdü» demişdir. Ramizin bu sözündən sonra o, ondan bıçaq götürdüyünü soruşmuşdur. Sahil bıçaq götürdüyünü demişdir. O, Sahilə bıçağı aparıb dükana qoymasını demişdir. Sahil dükana girib çıxaraq bıçağı dükana qoyduğunu bildirmişdir. Bu zaman o, Sahildən ayrılıb Ramizlə Kamranın yanına getmişdir. Həmin vaxt onlarla olan Murad və Kənan kənarda durub onlara baxmışlar. O, Sahil və Ramizin qızışıb özlərindən çıxdıqlarını görmüşdür. Onlara sakitləşməyi demişdir. Amma Sahil ona kəllə atmışdır. Onun kəlləsi onun çənəsinə dəymişdir. Bu zaman o, da cavab olaraq sağ əli ilə onun sifətinə zərbə endirmişdir. Zərbədən sonra Sahil qaçmaq istəmişdir. Ramiz onun arxası ilə gedib «qaçma dayan» demişdir. Onun başı Ramizlə Sahilə qarışmışdır. Birdə hiss etmiş ki, sağ qoltuqaltı nahiyəsinə yaxın yerdən bərk zərbə dəymişdir. Baxmış ki, zərbəni Sahil endirib. Zərbədən sonra sağ tərəfinə baxanda qan gəldiyini görmüşdür. Bundan sonra Sahilin əlində qara bıçaq görmüşdür. Başa düşmüş ki, Sahil onu bıçaqlayıb. O, Sahilin əlində bıçaq görüb Ramizə, Murada və Kənana «qaçın» deyib qışqırmış və yerə yıxılmışdır. Özünü cəmləyib cibindən cib dəsmalını çıxarıb qan gələn yerə basmışdır. Bu zaman görmüşdür ki, Kamranla Ramiz əllə və ayaqla dalaşırlar. Onlara yaxın gedəndə Sahil qəflətən Ramizlə Kamrana yaxınlaşıb bıçaqla Ramizin qarın nahiyəsindən vurmuşdu. Bu zərbələrdən Ramiz yerə yıxılmışdır. Bu zaman Kamran yenə ona tərəf gəlib yumruqla sifəti zərbə endirmişdi. Nəticədə o, yerə arxası üstə yıxılmışdır. Yerdə Sahil və Kamran ona ayaqla zərbələr endirmişlər. Sonra Sahil və Kamran qaçıb getmişlər. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və təcili yardım çağırmışlar. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 aprel 2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə Nərimanovda yaşayan qohumu Ramil gilə qonaq getmişlər. Onlarda olan zaman Ramil əminin oğlu Ramiz ona gəzməyi təklif etmiş, onlar birlikdə evdən çıxıb gəzməyə başlamışlar. Bu zaman Ramizin dostları Feyruz və Muradla görüşüb, sonra birlikdə gəzməyə başlamışlar. Onlar bir yol kəsişməsinə çatanda yolu keçən, sonradan adının Kamran olduğunu bildiyi oğlan Ramizə “Mənə baxıb nə deyirsən” demişdir. Ramiz Kamrana ona baxıb danışmadığını bildirmiş, bundan sonra onlara yaxınlıqdakı ət dükanından çıxan, sonradan adının Sahil olduğunu bildiyi oğlan yaxınlaşmışlar. Kamran, Sahil, Feyruz və Ramiz mübahisə etməyə başlamışlar. X9 demişdir ki, gedək kənarda danışaq. Həmin vaxt Sahil adlı oğlan demişdir ki, ət dükanı sahibsiz qalar, keçəyin ət dükanını arxasına və sonra dükana girib çıxmışdır. Uşaqlar razılaşıb ət dükanının arxasında olan məktəblə hündür mərtəbəli binanın arasındakı boş yerə keçmişlər. Həmin vaxt Firuz pencəyini, Ramiz papağını saxlamaq üçün ona verib gedib qıraqda dayanmağını demişlər. O, onların əşyalarını götürüb kənarda dayanıb baxmağa başlamışdır. Ramiz, Kamran və Feyruz əvvəllcə mübahisə etməyə başlamışlar. Bu vaxt onların yanına bir qoca dayı gəlmiş, həmin dayı onlara mehriban olun deyib çıxıb getmişdir. Bundan sonra yenə mübahisə davam etmiş, Ramiz Kamranla dalaşmağa başlamışdır. Həmin vaxt Sahil Ramizə tərəf getmiş, bunu görən Feyruz Sahilə yaxınlaşıb onu tutmaq istəmiş, həmin vaxt Sahilin əlində bıçaq görmüş, Sahil Feyruzu bıçaqla vurmuşdur. Feyruz yerə çömbəlib qışqıraraq Ramizə Sahilin əlində bıçaq olduğunu demişdir. Bu vaxt Sahil Ramizə tərəf gedib onunla mübahisə edib onu da bıçaqla vurmuşdu. Bundan sonra Ramiz və Feyruz yola tərəf qaçmaq istəmiş, amma Sahil Ramizin arxasınca qaçıb ayağını Ramizin ayağına ilişdirmiş və Ramiz yerə yıxılmışdır. Yerə yıxılarkən Kamran arxadan gəlib Ramizin sifətindən təpiklə zərbə endirmişdir. Ramiz yıxılıb yerə uzanmış vəziyyətdə qalmışdır. Bu vaxt Kamran ona yaxınlaşıb onu kənara çəkmiş, həmin vaxt bir az əvvəl uşaqların yanına gəlib onlara dalaşmamalarını deyən dayı geri qayıdıb Sahili tutub saxlamışdır. Daha sonra Sahil və Kamran qaçıb ordan uzaqlaşmışlar. Ramiz və Firuz yerdə uzandıqlarına görə Murad yola çıxıb köməyə adam çağırmağa getmiş, bu hadisədən təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə vaxtı onlardan başqa ətrafda başqa adamlar olmamışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 11 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində evdə olmuşdur. Həmin vaxt dostu Ramiz ona zəng edərək çay içməyə dəvət etmişdir. O, Ramizlə razılaşmışdır. Evdən çıxaraq Ramizgilin yaşadığı məhəlləyə getmişdir. Orada Ramizlə, həmçinin tanışı Firuz və Ramizin qohumu Kənanla görüşmüşdür. Sonra birlikdə gəzməyə başlamışlar. Onlar 212 saylı məktəbin yaxınlığına, F.Xoyski və F.Yusifov küçələrinin kəsişməsinə çatmışlar. Orada yolu keçən, sonradan adının Kamran olduğunu bildiyi oğlan Ramizə “Mənə baxıb nə deyirsən” demişdir. Ramiz Kamrana “baxmaq olmaz, Allah gözü verib baxmağa, baxıram amma səndən çəkinəcəyim yoxdur, nəsə desəydim belədə deyərdim” demişdir. Bundan sonra onlara yaxınlıqdakı ət dükanından çıxan, sonradan adının Sahil olduğunu bildiyi oğlan yaxınlaşmışır. Kamran, Sahil, Feyruz və Ramiz mübahisə etməyə başlamışlar. Kamran Ramizlə və Feyruza demişdir ki, gedək kənarda danışaq. Həmin vaxt Sahil adlı oğlan ət dükanı sahibsiz qalar, gəlin keçəyin ət dükanını arxasına demişdir. Bundan sonra Sahil gedib dükana girib çıxmışdır. Uşaqlar razılaşıb ət dükanının arxasında olan məktəblə hündür mərtəbəli binanın arasındakı boş yerə keçmişlər. O və Kənan kənarda dayanmışlar. Ramiz, Kamran və Feyruz əvvəllcə mübahisə etməyə başlamışlar. Bu vaxt onların yanına bir yaşlı kişi gəlmişdir. Həmin kişi Firuza yaxınlaşıb ona nəisə demişdir. Sonra çıxıb getmişdir. Yaşlı kişi gedəndən sonra Ramiz. Firuz və Kamran yenə mübahisə etməyə başlamışlar. Mübahisə davaya çevrilmişdir. Ramiz Kamranla dalaşmağa başlamışdır. Ramizlə Kamran dalaşarkən Firuzda onlara yaxınlaşıb Kamranı vurmuşdur. Həmin vaxt Sahil Ramizə tərəf getmişdir. Bunu görən Feyruz Sahilə yaxınlaşıb onu tutmaq istəmişdir. Həmin vaxt Sahilin əlini belinə aparıb bıçaq çıxardığını görmüşdür. Sahil Feyruz ona yaxınlaşan kimi bıçaqla onu vurmuşdur. Feyruz yerə çöməlmişdir. O, vəziyyəti belə görüb əlini yerə atıb asfalt qırığını götürərək Sahilə tərəf atıb yola tərəf qaçmışdır. Sonra da qorxusundan hadisə yerindən tamamilə uzaqlaşıb yaşadığı evə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən 10 ilə yaxındır hər gün evinə yaxın olduğundan özünə məxsus Mersedes Benz markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomaşınıla Nərimanov rayonu F.Xoyski küçəsi ilə F.Yusifov küçəsinin kəsişməsində yerləşən ət dükanının yanında dayanıb oradan müştəriləri götürüb istədikləri ünvana çatdırırmışdır. Hər gün eyni yerdə dayandığından ətrafda daimi işləyən şəxslərin hamısını tanıyır. Qeyd etdiyi ət dükanında Bərdədən olan Qurban, qardaşı Sənan və xalası oğlu Qara ləqəbli Sahil işləmişlər. 11 aprel 2021-ci il tarixdə saat 06:00 radələrində avtomobili ilə ət dükanın yanına gəlib dayanmışdır. Gün ərzində müştəriləri müxtəlif ünvanlara aparmış, saat 16 radələrinədək heç bir hadisə baş verməmişdir. Saat 17:00 radələrində avtomobilinin yanında durduğu zaman Sahilin tanışı Kamran ilə birlikdə tanımadığı 4 nəfər cavan uşaqlarla söhbət edə-edə mətbəənin arxasına keçdiklərini görmüşdür. Onların aqresiv söhbət etdiklərini görüb onların arxası ilə getmiş, onların mətbəənin arxasında mübahisə etdiklərini görmüşdür. O, onlara yaxınlaşıb buradan getmələrini bildirmiş, onlar sakitləşib aralanıb hərəsi bir tərəfə getmişlər. O, onların aralandığını görüb öz avtomobili istiqamətində getmiş, təxminən 5 dəqiqədən sonra o, geri qayıtmış, mətbəənin arxasına keçdiyi zaman 2 nəfər cavan uşağın ona tərəf qaçdığını görmüşdür. O, nəisə baş verdiyini başa düşüb hərəkətini davam etdirmiş, bu zaman daha iki nəfər cavan uşağın qaçdığını və eyni zamanda həmin vaxtı Sahillə Kamran da qaçdığını görmüşdür. Həmin vaxtı ətrafda adamlar olmamış, hadisənin baş verdiyini oda görməmiş, hadisə yerinə yaxınlaşanda yerdə uzanıqlı olan şəxslərin qarın nahiyəsində qan izlərini görmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Tez bir zamanda hadisə yerinə polis əməkdaşları gəlmiş, polis əməkdaşları xəsarət alanları avtomobillərinə əyləşdirib xəstəxanaya aparmışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 X10 16.04.2021-ci il tarixli 221 saylı ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilmədi. (cild 01 vərəqə: 204-206) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 X10 05.06.2021-ci il tarixli 278 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - diaqfraqmanın, peritonun, qaraciyərin zədələnməsi və hemopnevmotoraksla ilə müşayiət olunan döş dəfəsinin sağ ön divarından döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası deşici - kəsici alətin ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 11.04.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (Cild 01, vərəqə 219-222) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 X10 09.06.2021-ci il tarixli 314 №-li rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən - on iki barmaq bağırsağının, mədənin, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası deşici - kəsici alətin ola bilsin ki, bıçağın təsirindən, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızma, sol əlin 2-ci və 1-ci barmağının sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 11.04.2021 -ci il tarixə uyğun gəlir, dərəcələrinə görə on iki barmaq bağırsağının, mədənin, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının qançırı və konyuktiva qişası altına qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sol əlin 2-ci və 1-ci barmağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Cild 01, vərəqə 223-226) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 02.07.2021-ci il tarixli 421/2021-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Ramin oğlunun qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə B alfa (İİİ). Zərərçəkmiş şəxs2 qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə A beta (İİ). Ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə2 məxsus köynək üzərində olan ləkələrdə B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus mayka üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bıçaq üzərindəki ləkələrdə ABO sistemi üzrə qrup mənsubiyyəti təyin olunduqda ləkələrdə A və B antigenləri alındı. Beləliklə qanın bir şəxsə məxsus olduğu halında bu qan ləkələri AB (İY) qruplu bir şəxsə məxsus ola bilər. Lakin qanın qarışmış olduğu halında isə A beta(ll), B alfa(lll) və AB(İY) qruplu şəxslərin, o cümlədən Qanuni nümayəndə2 və Zərərçəkmiş şəxs2 qarışmış qanının olması inkar olunmur. (Cild 2, vərəqə 17-21) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 06.07.2021-ci il tarixli 289/2021-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Ramin oğluna məxsus köynəyin ön hissəsinin ortaaşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın sağ qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 02, vərəqə 22-26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Şəxsinin 13.08.2021-ci il tarixli 1794 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilmısinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi-inkişafında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək iqtidarında olmuşdur. (Cild 02, vərəqə 61-65) «Videoyazı məlumatlarına baxış keçirilməsi barədə» 04.07.2021-ci il tarixli protokoldan görünür ki, «CAM 31» müşahidə kamerasının qeydə aldığı videoyazı məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir: 11.04.2021-ci il tarixdə saat 17:17:06-da Təqsirləndirilən şəxs, X5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və daha 02 nəfər şəxs ünvan 2 ünvanında yerləşən Təhsil Nəşriyyat evinin arxasına gəlirlər, orada X5 və Zərərçəkmiş şəxs1 söhbət edirlər. (Foto №1) 17:18:31-də X5 və Zərərçəkmiş şəxs1 sola doğru hərəkət edib görüntüdən itirlər, qalanlar isə yerində qalır. (Foto №2) 17:19:00da Təqsirləndirilən şəxs yanındakı şəxslə birlikdə söhbət edə-edə sağa doğru hərəkət edirlər və saat 17:19:14-də sağa dönərək görüntüdən itirlər, Zərərçəkmiş şəxs2 və yanında olan şəxslər də sol istiqamətdə hərəkət edib görüntüdən itirlər. (Foto № 3, 4) 17:20:05-də Təqsirləndirilən şəxs geri qayıdır, saat 17:20:39-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə birlikdə sağa doğru hərəkət edib görüntüdən itirlər. (Foto № 5, 6) 17:22:15-də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 geri qayıdırlar və sola doğru hərəkət edərək görüntüdən itirlər. (Foto №7) 17:24:23-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağ ayağından sağ ayağı ilə badalaq vurur və Zərərçəkmiş şəxs1 yerə yıxılır. (Foto№8) 17:24:25-də Təqsirləndirilən şəxs yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 sağ ayağı ilə zərbə endirir. (Foto №9) 17:24:26-da X12 Quliyevin baş nahiyyəsindən sol ayağı ilə zərbə endirir və zərbə nəticəsində Zərərçəkmiş şəxs1 yerə yıxılaraq hərəkətsiz qalır. (Foto №10) 17:24:28-də Təqsirləndirilən şəxs sol yumruğu ilə Zərərçəkmiş şəxs2 üz nahiyəsindən zərbə endirir, sonra Təqsirləndirilən şəxs və Kamran Hüseynli oradan uzaqlaşırlar. (Foto №11) Saat 17:26:14-də hadisə yerinə polis əməkdaşları gəlirlər. (Foto №12) Bundan sonra «CAM 17» müşahidə kamerasının qeydə aldığı videoyazı məlmatlarına baxış keçirilmiş və müəyyən edilmişdir: 17:23:46-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sol əlində olan bıçaqla vurur. (Foto №13) 17:24:07-də Təqsirləndirilən şəxs sol əlində olan bıçaqla Zərərçəkmiş şəxs1lə mübahisə edir. (Foto №14) 17:24:13-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən sol əlində olan bıçağın dəstəyi ilə zərbə endirir. (Foto №15) Videoyazıya keçirilmiş baxış zamanı müəyyən edildi ki, hadisə 11 aprel 2021-ci il tarixdə saat 17:16-da başlayır və saat 17:26-da bitir. (Cild 1, vərəqə 250-259) İş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq, Qanuni nümayəndə2 məxsus 01 ədəd köynək, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd mayka, hadisənin qeydə alındığı videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk maddi sübut hesab edilməklə, 01 ədəd bıçaq, 01 ədəd köynək və 01 ədəd mayka Nərimanov RPİ-də, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. (Cild 2, vərəqə 66) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 01, vərəqə 216-217) Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən 15.12.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmış, gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaq. Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən 09.12.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmış, gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaq. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12, 59.1.13-cü maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ilə barışmasını, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3-cü maddələri ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. X11 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. X11 12-ci bəndinin 5-ci abzasına əsasən, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. X11 12-ci bəndinin 6-cı abzasında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları, cəzanı yüngülləşdirən həm ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsi məqsədə müvafiqdir. 29 noyabr 1985-ci il tarixli BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair X1ydalarının 17-19-cu maddələrinə əsasən yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmənin ümumi qəbul olunmuş beynəlxalq-hüquqi prinsipləri rəhbər tutması qeyd edilmişdir. Həmin prinsiplərə aşağıdakılar daxildir; a) yetkinlik yaşına çatmayan şəxs başqa şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər müvafiq təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun qəbul edilməmişdir; b) yetkinlik yaşına çatmayan şəxsin islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum həddə yerləşdirilməlidir; c)yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra və müddəti mümkün qədər minimuma endirilməklə qəbul olunmalıdır; ç) təsir tədbirləri bütün hallarda nəinki cinayətin hallarına və ağırlığına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 221.3cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan 11 aprel 2021-ci il tarixli tutma haqqında protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 aprel 2021-ci il tarixdə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 aprel 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hökm elan edilənədək həbsdə saxlanıldığı müddət, yəni 09 ay 07 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nərimanov RPİ-də saxlanılan 01 ədəd bıçaq, 01 ədəd köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarında saxlanılan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-cü maddələri ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə AR CM-in 62ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hökm elan edilənədək həbsdə saxlanıldığı müddət, yəni 09 ay 07 gün ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 il 02 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-də saxlanılan 01 ədəd bıçaq, 01 ədəd köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işi materiallarında olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-246/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-246/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver