Məhkəmə qərarları › İş №1(101)-247/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-247/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-247/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Zeynalabdin oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə sonuncunun hər iki üz nahiyəsinə sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunmayan kəsiklər atmaqla üzünün sol yarısının gicgah-almacıq qövsü proyeksiyasından başlayan, yuxarıdan-aşağıya doğru istiqamətdə gedərək almacıq və yanaq nahiyələrindən keçməklə alt dodağın haşiyəsinin sol yarısınadək davam edən kəsilmiş yarası, üzün sağ yarısının yanaq nahiyəsindən başlayan və üst dodağın haşiyəsinin sağ yarısınadək davam edən kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və kürək nahiyyəsindən bıçaqla 4 dəfə zərbə vurmaqla döş qəfəsinin arxa səthinin daxilə nüfuz edərək traxeyanın zədələnməsi və iki tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2002-2004cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nigahdan 2009-cu il təvəllüdlü Eldar adlı uşaqları dünyaya gəlmişdir. Günel ilə bir-birilərini sevib evlənmişlər. 2019-cu ilin fevral ayında narkotik vasitə istifadə etdiyinə görə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı yekunlaşdırılaraq baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Günel ilə o, 10 ildir ki, ailə həyatı qurmuşlar və birlikdə yaşamışlar. Bu zamana qədər müəyyən vaxtlarda ailə söz-söhbətləri olmuşdur. Lakin bu söz-söhbətlərə baxmayaraq Günel heç vaxt yaşadıqları evi tərk etməmişdir. Son zamanlar, yəni təxminən 2019-cu ilin may aylarından o, Günelin hərəkətlərindən şübhələnirmiş. Belə ki, Günel tez-tez onların qonşuluğunda yaşayan bacısı Aynurun evinə gedirmiş və saatlarla orada qalırmış. O, ondan orada nəyə görə çox vaxt keçirtdiyini soruşduqda Günel ona bacısı ilə söhbət etdiyini, televizora baxdığını deyirmiş. Günel bacısının evində olan vaxtlarda o, onun “Whatsapp” proqramının işlək vəziyyətdə olub-olmamasına baxırmış və proqramın işlək vəziyyətdə olmasını görürmüş. Bu halda o, Günelin kiminləsə, yəni başqa bir oğlanla danışdığından şübhələnirmiş. İfadəsi alınan gündən təxminən 15-20 gün əvvəl, yəni iyun ayının əvvəllərində, səhər saatlarında evdə olan zaman Günelin mobil telefonuna zəng gəlmişdir. Günel zəngə cavab verməyib zəngi kəsmişdir. O, Güneldən zəng edən adamın kim olduğunu soruşduqda Günel ilk öncə zəng edənin atası olduğunu demiş, lakin o, inanmamış, lakin mübahisə yaratmamışdır. Təxminən 10 dəqiqə sonra Günelin telefonuna yenidən ***-***-**-** nömrəsindən zəng gəlmiş, o, Günelin əlindən telefonu götürmüş və açaraq onun qulağına tutub danışmasını istəmişdir. Lakin, Günel yenə də danışmamış və telefonu söndürmüşdür. O, telefondan ona zəng edən adamın nömrəsini götürmüş, həmin gün o, bir neçə dəfə başqa nömərlərdən ***-***-**-** nöməsinə zəng etsə də həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, Güneli izləməyə başlamış, Günel evdən marketə getmək adı ilə, yaxud da bacısı ilə gəzmək adı ilə çıxırmış, lakin haraya getməsini öyrənə bilmirmiş. Bir neçə gün sonra o, ***-***-**- ** nömrəsi ilə danışmış və telefonu götürən şəxsə görüşmək istədiyini bildirmişdir. Telefonla danışan zaman onunla danışan şəxs özünü Anar kimi təqdim etmiş, həmin şəxs onunla Xətai rayonu ərazisində “Ukrayna” daisəinin yaxınlığına görüş təyin etmiş və o, orada onunla görüşmüşdür. Söhbət zamanı Anarla kənara çəkilmiş və ona arvadı Günel ilə nə kimi münasibətinin olduğunu və ona nəyə görə zəng etdiyini soruşmuşdur. Anar ona Günel ilə 10-15 gün əvvəl “Megafun” əyləncə mərkəzində tanış olduğunu bildirdikdə o, Anardan Günel ilə nə məqsədlə tanış olduğunu, onunla intim münasibətinin olub-olmadığını soruşmuşdur. Anar isə Günel ilə yalnız işlə bağlı danışdığını, onunla intim münasibəti olmadığını və yalnız tanış kimi zəngləşib mesajlaşdıqlarını bildirmişdir. Lakin, Anarın sözlərinə tam inanmamış və həmin vaxtdan yenə də şübhə ağlında qalmışdır. Bundan sonra o, Anarın yanından ayrılmış və evə gəlmişdir. Günelin ona xəyanət etməsi şübhələri ağlından çıxmadığı üçün ona qarşı aqresiv olmuşdur. Çalışırmış ki, Günelin xəyanət etməsini sübuta yetirsin. O, Günelə danışdığı Anarla görüşdüyünü deyərək onunla necə tanış olduğunu və aralarında nə kimi münasibətlərinin olduğunu soruşmuşdur. Günel Anar ilə “Megafun” əyləncə mərkəzində tanış olduğunu və aralarında hər hansı yaxın münasibəti olmadığını, işlə bağlı ara bir zəngləşib danışdıqlarını bildirmişdir. Lakin, o, Günelin bu sözünə də inanmamışdır. Buna görə də yenə Günelin hərəkətlərinə kənardan nəzarət etmişdir. Lakin bütün bu olanlara baxmayaraq yenidən onun şübhəli hərəkətlər etdiyini görmüşdür. xx xxxx 2019-cu il tarixdə gecə yatan zaman baş verənləri düşünüb səhərə kimi gözünə yuxu getməmiş və səhərə kimi Günelin hərəkətlərini düşünmüşdür. Səhər saat 07:30 radələrində o, Güneli yuxudan oyatmış və işə getməli olduğunu demişdir. Günel isə işə gec gedəcəyini bildirmişdir. Bir qədər sonra Günel yataqdan qalxaraq qonşuluqda yaşayan bacısı Aynurun evinə getmiş və bir neçə dəqiqə sonra geri qayıtmışdır. Həmin vaxt oğlu Eldar otağında yatırmış. O, Günelə nə üçün başqasıyla danışıb ona xəyanət etməsini soruşduqda Günel yenə də boynuna almayıb artıq ondan bezdiyini və onunla bu dəfə rəsmi boşanacağını bildirmişdir. Bu zaman o, özündən çıxmış və onun bu sözlərinə əsəbləşib üzünə sillə vurmuşdur, Günel isə əlini onun boğazına atmış və onlar dartışmağa başlamışlar. Mübahisə qonaq otağında olduğu üçün əsəblərini cilovlaya bilməyib mətbəxə keçmiş və masanın üzərində olan bıçağı götürmüş və bıçağı Günelə nümayiş etdirərək onun boğazından tutub ona xəyanət edib adına ləkə yaxdığına görə onu öldürməyəcəyini, lakin onun həyatında unudulmaz iz qoyacağını deyərək əlindəki bıçaqla onun üz nahiyyəsindən yuxarıdan aşağıya doğru kəsmişdir. Günel əlindən qaçıb mətbəxə doğru getmiş və mətbəxin pəncərəsini açmaq istədikdə bıçağı bir neçə dəfə onun kürək nahiyyəsindən vurmuşdur. Bundan sonra Günelin yaralarından çoxlu qan gəlmiş və Günel yalvarıb qışqırdığı üçün o, bıçağı yerə ataraq həyətə çıxmışdır. Günel isə onun arxası ilə çölə çıxmışdır. O, oğlu Eldarı götürmüş və evdən uzaqlaşaraq yaxınlıqda taksiyə minib bacısı Elnurənin evinə getmişdir. Daha sonra isə 20-ci Polis Bölməsinə gedib törətdiyi cinayət hadisəsi barədə məlumat vermişdir. Güneli bıçaqla vurmaqda səbəb onun xəyanət edərək adına ləkə gətirməsindən şübhələnməyi olmuşdur. Həmin vaxt Güneli yenidən bıçaqla vurmaq imkanı olmuş, lakin, o, onun xəsarətlərini gördükdən sonra bıçağı yerə atmış və oğlu Eldarı götürərək taksi ilə bacısıgilə getmişdir. Hadisədən sonra oğlu Eldarı taksi ilə bacısının evinə aparıb qoyarkən orada bacısı Elnurəyə Güneli bıçaqla vurmağı barədə məlumat vermişdir. Güneli bıçaqla vurmaqda məqsədi onu etdiyi hərəkətə görə cəzalandırmaq olmuşdur. Onu öldürmək məqsədi olmamışdır. Əgər öldürmək məqsədi olsa, evdə onlardan başqa heç kimin olmadığından istifadə edərək ona bıçaqla ard-arda zərbələr vurub həyatdan məhrum edərmiş. O, hadisədən sonra bacısının evinə gedən zaman üstü qan olduğundan orada paltarlarını hamamda dəyişmiş və bacısına onları yumasını tapşırmışdır. Hadisə zamanı Günel ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan 2009-cu il təvəllüdlü Eldar adlı uşaqları dünyaya gəlmişdir. Ağalar ilə bir-birilərini sevib evlənmişlər. Ailə həyatlarının ilk dövründə münasibətləri yaxşı olmuş, lakin sonradan Ağalar narkotik vasitə qəbul etməyə başlamış və həmin vaxtlardan ailələrində tez-tez söz-söhbətlər yaranmağa başlamışdır. O, dəfələrlə Ağalara narkotik vasitə qəbul eməməsini xahiş etsə də Ağalar onun sözlərinə məhəl qoymamış və öz bildiyi kimi hərəkətlər edirmiş. 2015-ci ilin mart ayına qədər Ağalar müxtəlif yerlərdə işləyib ailənin dolanması üçün pul qazanırmış. Lakin, həmin vaxtdan sonra Ağalar işləmədiyi üçün o, işləmək məcburiyyətində qalmış və “xxxxxxxxxxx” MMC-də işləməyə başlamışdır. Ağalar işləmədiyi üçün evin bütün xərclərini özü çəkirmiş və hətta Ağalara cib xərcliyi də verirmiş. 2018-ci ilin iyun ayında o, öz qazancından Ağalara “Mersedes” markalı avtomobil almış, avtomobili almaqda məqsədi həm Ağaların, həm də özünün istifadə etməsi olmuşdur. Lakin, sonradan Ağalar daha da çox narkotik vasitə qəbul etməyə başlamış və hər gün ondan pul alıb özünə narkotik vasitə alaraq qəbul edirmiş. Bu hal artıq uşaqları Eldarın və onun gözünün önündə davam etdiyi üçün o, çox narahat olurmuş. Həm də Ağalar onu qısqandığı üçün onun guya kimlərləsə əlaqəsi olduğunu deyib ona şər-böhtan atırmış. Buna görə də bacısı Aynur Novruzova onlarla eyni həyətdə yaşadığı üçün o, çox vaxt Ağalar ilə eyni evdə qalmamaq üçün keçib bacısının evində otururmuş. Ağaların narkotik vasitə qəbul etməsi onu qorxutduğu üçün o, ondan uzaq durmağa çalışırmış və artıq Ağalardan rəsmi qaydada ayrılmaq qərarına gəlmişdir. 2019-cu ilin fevral ayında Ağalar narkotik vasitələri qəbul etdiyi üçün Nəsimi rayon Polis İdarəsi tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Lakin, barəsində məhkəmə tərəfindən istintaq müddətində həbs qətimkan tədbiri seçilməmişdir. O, onun artıq buna görə tutulduğunu və Ağaların onlarla birlikdə yaşamasının azyaşlı uşaqlarının gələcəyi üçün təhlükəli olduğunu başa düşərək 2019-cu ilin may ayında nikahın pozulması tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və həmin müddətdə böyük bacısı Jalənin evində qalırmış. Bacısıgildə qaldığı müddətdə Ağalar tez-tez onun arxası ilə gəlirmiş və tutulduqdan sonra narkotik vasitələrdən istifadə etmədiyini və bir daha istifadə etməyəcəyinə and içib onun evə qayıtmasını istəyirmiş. O isə onunla razılaşmırmış, lakin Ağaların təkidlərindən sonra razılaşmış və birlikdə yaşamağa davam etmişlər. 2019-cu ilin iyun ayının əvvəllərində bacısı Aynurla birlikdə uşaqlarını gəzdirmək üçün Xətai rayonu ərazisində yerləşən “Megafun” uşaq əyləncə mərkəzinə getmişlər. Orada oyun zalında uşaqları oynayan zaman orada yanında uşaq olan cavan oğlan ona yaxınlaşaraq onun ona çox tanış gəldiyini deyərək harada işlədiyini soruşmuşdur. O da həmin şəxsə onu tanımadığını və özünün “xxxxxxxxxxx” MMC-də komputer operatoru və dizayner işlədiyini demişdir. Bundan sonra həmin şəxs özünü Anar kimi təqdim edərək onun işi ilə bağlı maraqlanmağa başlamışdır. Söhbətləri zamanı Anar özünün də həmin işlə maraqlandığını və həmin işin gəlirli olub-olmamasını soruşaraq şəhərdə icarəyə yer götürüb suvenir mağazası açmaq istədiyini demişdir. Buna görə də onlar işlə bağlı bir-birilərinə mobil telefon nömrələrini vermişlər. Həmin vaxtdan Anarla ara bir zəngləşib işlə bağlı mesajlaşmışlar. O, həm qohumları, həm iş yoldaşları, həm də tanışları ilə zəngləşib-mesajlaşdığı üçün Ağalar yenə də qısqanclığından əl çəkməyib ona müxtəlif böhtanlar atırmış ki, guya o, başqa bir şəxslə danışaraq ona xəyanət edir. Anarla tanışlıqlarından bir neçə gün keçdikdən sonra evdə olan zaman Anardan ona zəng gəlmiş, o, Ağaların yanında Anarla danışacağı təqdirdə onun barəsində yenə də xoşagəlməz fikirlər yaradacağını bilib zəngi kəsmişdir. Ağalar ondan zəng edənin kim olduğunu soruşduqda o, ona yalandan atasının zəng etdiyini demişdir. Lakin, Ağalar telefonu onun əlindən alaraq Anarın nömrəsinə zəng vurub danışmağını bildirmişdir. Lakin, o, danışmamış və səsini çıxarmamış, daha sonra Ağalara həmin şəxsin işlə bağlı ona zəng etdiyini demişdir. Bundan 1-2 gün sonra Anar ona zəng vuraraq Ağaların ona zəng edib onunla görüşmək istədiyini dediyini bildirmişdir. O da Anara Ağalarla görüşməsini və aralarında hər hansı yaxın münasibət olmadığını ona izah etməsini xahiş etmişdir. Daha sonra bilmişdir ki, Ağalar Anarla görüşərək onların aralarında olan münasibətlə bağlı söhbət etmişlər. Ağalar evə gələrək ondan Anar adlı şəxsin kim olduğunu soruşduqda o, hər şeyi ona danışaraq Anarla “Megafun” əyləncə mərkəzində tanış olduğunu, onunla hər hansı yaxın münasibətinin olmadığını, yalnız işlə bağlı aralarında danışıqlar və mesajlar olduğunu bildirmişdir. Lakin, Ağalar onun Anarla heç bir yaxın münasibəti olmadığını bildiyi halda onunla kobud danışır, ona xəyanət etdiyini deyirmiş. xx xxxx 2019-cu il tarixdə səhər saat təxminən 08:30 radələrində Ağalar yataq otağına gələrək onu yuxudan oyatmış və işə gedib getməyəcəyini soruşmuşdur. O isə ona işə gec gedəcəyini bildirmişdir. Bir qədər sonra yataqdan qalxmış və bacısı Aynurun evinə gedib ondan harasa getsə evin açarlarını ona verməsini istəmiş və evə geri qayıtmışdır. Həmin vaxt oğlu Eldar otağında yatırmış. Yuxudan durduqdan sonra qonaq otağından mətbəxə keçən zaman Ağalar ona yaxınlaşıb saxlayaraq nə üçün ona xəyanət etdiyini soruşmuşdur. O isə ona, ona xəyanət etmədiyini deyib artıq onun sözlərindən bezdiyini, nə olursa olsun ondan ayrılacağını və onunla birlikdə yaşamaq istəmədiyini bildirmişdir. Bu zaman Ağalar ona inanmadığını bildirib hər iki üzündən sillə vurmuş, mətbəxə gedərək oradan bıçağı götürüb onun üzərinə gəlmiş və ilk öncə üzündən bıçaqla vurmağa başlamış, bundan sonra o, ona müqavimət göstərməyə başlamış və mətbəxə qaçaraq pəncərəni açmaq istəmiş, lakin Ağalar onun arxası ilə gələrək kürəyindən bir neçə dəfə bıçaq zərbələri vurmuş, o, Ağalara yalvararaq vurmamasını dedikdə Ağalar dayanmış və o, bədənində ağrılar hiss etdiyindən ucadan qışqırmağa başladıqda Ağalar bıçağı yerə atmış və evin qapısından çölə çıxmışdır. O isə mətbəxin pəncərəsindən qonşulara səslənmiş, sonra pəncərədən Ağaların həyətdə olduğu gördükdə qapıya tərəf gəlib həyətə çıxmaq istəmişdir ki, qonşular ona kömək etsin. Lakin orada Ağalar onun qonşulara səs salacağını görmüş və əlindən tutaraq evin qarşısındakı otluğa gətirmişdir. Sonra isə Ağalar həyətdə olan su kranına yaxınlaşaraq əllərini yumağa başlamış, həmin vaxt o, Ağaların başının qarışdığını görmüş və darvazaya tərəf qaçmağa çalışmışdır. Bu zaman oğlu Eldara darvazanı açmasını demiş, Eldar darvazanı açan kimi o, özünü darvazadan çölə atmış, Eldar isə onun arxası ilə çölə çıxmışdır. Ağalar onun çölə çıxdığını görmüş və arxası ilə gələrək Eldarı götürüb oradan uzaqlaşmışdır. O isə küçədə olan mağazaya yaxınlaşmış və orada satıcı işləyən Rahibdən ona kömək etməsini istəmişdir. Rahib isə qonşu Ağamehdinin avtomobili ilə onu X7 aparmış, avtomobilə mindikdən sonra o, huşunu itirdiyindən daha sonra nələrin baş verdiyini xatırlamamışdır. Ağalar hadisə günü onun ona xəyanət etdiyini səbəb gətirib onu bıçaqla vurub xəsarət yetirmişdir. Ağalar həmin vaxt istəsə bıçaqla onu öldürə bilərmiş, lakin bir neçə zərbədən sonra o, Ağalara yalvardığı üçün dayanmış və qışqırdıqdan sonra bıçağı yerə atmışdır. Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt evdə o, Ağalar və uşağından başqa heç kim olmamış, uşaqları da həmin vaxt otağında yatırmış, sonradan onun qışqırtısına oyanmış, lakin, Ağaların onu vurduğu anı görməmişdir. Ağaların ona xəsarət yetirdiyi bıçaq evdə mətbəxdə istifadə olunurmuş, Ağalar hadisə vaxtı onu mətbəxdən götürmüşdür. Ağalar ilk öncə sillə ilə, daha sonra mətbəxdən götürdüyü bıçaqla onun üzünün hər iki tərəfindən, kürək nahiyyəsindən xəsarət yetirmişdir. O, ona müqavimət göstərən zaman isə bıçaq sağ əlinə dəyib sıyrıq izləri buraxmışdır. Həmçinin, Ağalar onu vurmasın deyə onun əlindən qaçan zaman başı evin qapısına dəymişdir. Bundan başqa da evin həyətində aldığı xəsarətlərdən yerdə sürünən zaman dizindən və qolundan xəsarət almışdır. Ancaq konkret olaraq Ağalar qəsdən bıçaqla üzünü kəsməklə və kürək nahiyyəsindən bıçaqla zərbələr vuraraq xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, yaşadıqları məhəllədə mağaza açaraq orada xırda gündəlik tələbat məhsullarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs onun əmisinin oğludur. Ağalar da onlarla bir məhəllədə ailəsi ilə birlikdə yaşayırmış. Onların ailəsində münasibətlərinin hər zaman normal olduğunu bilmişdir. Lakin, Ağalar 2019-cu ilin fevral ayında narkotik vasitələrin istifadəsi ilə bağlı tutulduqdan sonra onların ailələrində münasibətlər dəyişmişdir. Eşitdiyinə görə onlar hətta boşanmaq dərəcəsinə belə gəlmişlər. Lakin, gediş-gəlişləri elə də çox olmadığı üçün münasibətlərinin hansı səviyyədə olduqlarını bilmirmiş. xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində işlətdiyi mağazada olan zaman Ağaların evinin qapısının açıldığını və arvadı Günelin qanlı vəziyyətdə qaça-qaça mağazaya tərəf gəldiyini görmüşdür. O, ilk öncə nə baş verdiyini, Günelin üzərində olan qan ləkələrinin hansı şəraitdə əmələ gəlməsini başa düşməmişdir. Günel ona yaxınlaşaraq yalvarayalvara onu tez xəstəxanaya çatdırmağını istəmişdir. Onun avtomobili olmadığı üçün həmin vaxt məhəllədə olan qonşu Ağamehdini səsləyib dərhal onu çağırmışdır ki, Ağamehdinin avtomobili ilə Güneli tez xəstəxanaya çatdırsınlar. Mağazanı bağlayıb Güneli Ağamehdinin avtomobilində arxa oturacaq yerinə uzatmışlar və dərhal onu 1 nömrəli X7 çatdırmışlar. Yolda olan zaman Güneldən nə baş verdiyini soruşduqda o, Ağaların bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Yolda olan zaman Günel artıq huşunu itirdiyindən ondan ətraflı məlumat ala bilməmişlər. Lakin, sonradan məlum olmuşdur ki, Ağalar qısqanclıq zəmnində Güneli bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, yaşadıqları məhəllədə mağaza açaraq orada xırda gündəlik tələbat məhsullarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs onun əmisinin oğludur. Ağalar da onlarla bir məhəllədə ailəsi ilə birlikdə yaşayırmış. Onların ailəsində münasibətlərinin hər zaman normal olduğunu bilmişdir. Lakin, Ağalar 2019-cu ilin fevral ayında narkotik vasitələrin istifadəsi ilə bağlı tutulduqdan sonra onların ailələrində münasibətlər dəyişmişdir. Eşitdiyinə görə onlar hətta boşanmaq dərəcəsinə belə gəlmişlər. Lakin, gediş-gəlişləri elə də çox olmadığı üçün münasibətlərinin hansı səviyyədə olduqlarını bilmirmiş. xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində işlətdiyi mağazada olan zaman Ağaların evinin qapısının açıldığını və arvadı Günelin qanlı vəziyyətdə qaça-qaça mağazaya tərəf gəldiyini görmüşdür. O, ilk öncə nə baş verdiyini, Günelin üzərində olan qan ləkələrinin hansı şəraitdə əmələ gəlməsini başa düşməmişdir. Günel ona yaxınlaşaraq yalvara-yalvara onu tez xəstəxanaya çatdırmağını istəmişdir. Onun avtomobili olmadığı üçün həmin vaxt məhəllədə olan qonşu Ağamehdini səsləyib dərhal onu çağırmışdır ki, Ağamehdinin avtomobili ilə Güneli tez xəstəxanaya çatdırsınlar. Mağazanı bağlayıb Güneli Ağamehdinin avtomobilində arxa oturacaq yerinə uzatmışlar və dərhal onu 1 nömrəli X7 çatdırmışlar. Yolda olan zaman Güneldən nə baş verdiyini soruşduqda o, Ağaların bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Yolda olan zaman Günel artıq huşunu itirdiyindən ondan ətraflı məlumat ala bilməmişlər. Lakin, sonradan məlum olmuşdur ki, Ağalar qısqanclıq zəmnində Güneli bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Ağalar 2008-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Onların birgə nigahdan 2009-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ağalar Günel ilə bir-birlərini sevib evlənmişlər. Ailə həyatlarının ilk dövründə münasibətləri normal olmuşdur. Lakin, sonradan Ağalar narkotik vasitə qəbul etməyə başladığı üçün evlərində tez-tez söz-söhbətlər yaranmağa başlamışdır. Bundan əlavə onların ailə məsələlərinə qarışmadığı üçün aralarında başqa hansı problemlərin olduğunu bilməmişdir. xx xxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində yaşadıqları evdə olan zaman qardaşı Ağalar oğlu Eldar ilə birlikdə onların yaşadıqları evə gəlmişlər. Həmin vaxt Ağaların üstü qanlı vəziyyətdə olduğundan ondan nə baş verdiyini soruşmuşdur. Ağalar Günelin başqa oğlanla danışdığını bildiyi üçün onu qısqanclıq zəmnində bıçaqla vurduğunu demişdir. Həmin vaxt o, şok vəziyyətinə qalaraq Günelin sağ olub-olmadığını soruşmuşdur. Ağalar da Güneli öldürmədiyini, Günelin sağ olduğunu bildirib bir qədər sonra polisə təslim olmaq üçün gedəcəyini bildirmişdir. Ağalar üzərində olan qanlı paltarlarını çıxararaq onun həyat yoldaşına aid olan paltarla dəyişmiş və üzərindən çıxan qanlı paltarları yumağını xahiş etmişdir. O da onun qanlı paltarlarını yuyub qan ləkələrini təmizləmişdir. Daha sonra Ağalar polisə təslim olmaq üçün yaşadıqları evdən çıxıb getmişdir. Məhkəmədə Şahid4 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Günel 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 2009-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Günel Ağalar ilə bir-birlərini sevib evlənmişlər. Ailə həyatlarının ilk dövründə münasibətləri normal olmuşdur. Lakin, sonradan Ağalar narkotik vasitə qəbul etməyə başladığı üçün evlərində tez-tez söz-söhbətlər yaranmağa başlamışdır. Ağalar mütəmadi olaraq narkotik vasitə qəbul etdiyi üçün Günel Ağalar ilə bir evdə yaşmaqdan qorxurmuş və çox vaxt böyük bacısı Jalənin evində qalırmış. Bütün bu səbəblərə görə Günel 2019-cu ilin may ayında əri Ağalar ilə nikahın pozulması üçün Yasamal rayon məhkəməsinə müraciət etmişdir. X8 boşanmaq istəmirmiş və Günel ilə barışıb onu evə aparmaq üçün yollar axtarırmış. 2019-cu ilin iyun ayının əvvəllərində bacısı Günel ilə birlikdə uşaqları Xətai rayonu ərazisində yerləşən “Megafun” əyləncə mərkəzinə aparmışlar. Uşaqlar orada oynayan zaman bir nəfər uşaqla birlikdə gələn cavan oğlan Aynura yaxınlaşıb onu haradansa tanıdığını deyib harada işlədiyini soruşmuşdur. Aynur da suvenir ofisində komputer dizayner işi ilə məşğul olduğunu bildirdikdə həmin şəxs də suvenir işi ilə bağlı maraqlandığını və həmin işin gəlirli olub-olmadığını soruşmuşdur. O, onlardan ayrılaraq uşaqların yanına getmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs Güneldən aralaşaraq çıxıb getmişdir. Günel həmin şəxsin şəhərdə suvenir ofisi açmaq istədiyini bildirib işlə bağlı danışmaları üçün həmin şəxsə mobil telefon nömrəsini verdiyini bildirmişdir. Həmin vaxtdan ara bir sonradan adını bildiyi Anar adlı şəxslə bacısı Günel iş qurmaqla bağlı danışırmışlar. Bir neçə gün keçdikdən sonra Günel ona bildirmişdir ki, Anar ona zəng edən vaxt Ağalar zəngi onun telefonunda görmüş və onunla görüşərək söhbət etmişdir. xx xxxx 2019-cu il tarixdə səhər saat təxminən 08:30 radələrində yuxudan oyanmış və Ağaları həyətdə görmüşdür. Bir qədər sonra isə Günel onlara gəlmiş və ondan harasa getsə evin açarını ona verməyini istəmişdir və evə qayıtmışdır. Ağalar isə şübhəli şəkildə bir neçə dəfə ondan harasa gedib getməyəcəyini soruşmuşdur. O, onun bu hərəkətlərini anlamamış və saat təxminən 09:10 radələrində oğlu Rəsulu həkimə aparmaq məqsədilə evdən çıxmışdır. Saat təxminən 10 radələrində evdən ona zəng vurub bildirmişlər ki, Ağalar Güneli bıçaqla vurub və Güneli X7 aparıblar. Bundan sonra da o, dərhal xəstəxanaya getmişdir. Ağalar tez-tez narkotik vasitə qəbul etdiyindən, evdə Günel ilə aralarında tez-tez mübahisə yarandığından Günel onunla bir evdə yaşamaqdan qorxurmuş, ona görə Ağalardan tam olaraq ayrılana qədər onunla bir evdə qalmaq istəmirmiş. Bu səbəbdən də Günel işdən qayıtdıqdan sonra çox vaxt onların evində olurmuş. Günelin yaxın münasibətdə olduğu, telefonla danışdığı və ya görüşdüyü heç kim olmamış, Günel ancaq Anarla işlə bağlı danışırmış. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 577 saylı sağlamlığa zərər vurmanın təyini rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində döş qəfəsinin arxa səthinin daxilə nüfuz edərək traxeyanın zədələnməsi və iki tərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ əlin İİ barmağının distal falanqasının arxa səthinin açıcı vətərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş yaraslı, başın alın nahiyəsinin sağ yarısının, sol qaş və üst göz qapağının, sol gicgah-almacıq nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sol saidin, sol əlin İİ barmağının, sağ bazunun, sol əlin İİİ barmağının, sağ əlin İİ və İİİ barmaqlarının kəsilmiş yaraları, üzün sol yarısının gicgah-almacıq qövsü proyeksiyasından başlayan, yuxarıdan-aşağıya doğru istiqamətdə gedərək almacıq və yanaq nahiyələrindən keçməklə alt dodağın haşiyəsinin sol yarısınadək davam edən kəsilmiş yarası, üzün sağ yarısının yanaq nahiyəsindən başlayan və üst dodağın haşiyəsinin sağ yarısınadək davam edən kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının, sağ gicgah-almacıq nahiyəsinin, sağ bazunun səthi kəsilmiş yaraları, başın sağ gicgahnahiyəsinin qançır-şişkinliyi, sağ saidin, hər iki diz oynağı nahiyəsinin, sol baldırın, sağ ayağın iç topuğunun, hər iki ayaq pəncəsinin sıyrıqları, sol bazunun qançırları xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin), kəsilmiş və səthi kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin), digər xəsarətlər (qançır-şişkinlik, sıyrıqlar və qançırlar) isə bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs tibbi yardım üçün Bakı Baş Sİ-nin X6 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxx 2019-cu il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin yaraların qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilə bilməsi inandırıcı deyil. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə bioloji və məhkəmə kriminalistik ekspertizasının xx xxxx 2019-cu il tarixli 330/2019 nömrəli rəyindən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa sol nahiyəsində bir ədəd, köynəyin arxa sağ nahiyəsində üç ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tiplu deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşakr edilmiş zədələrə əsasən zədənin yetirildiyi anda bıçaqla Zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə dəyişiklik edilməmişdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə bioloji və məhkəmə kriminalistik ekspertizasının xx xxxx 2019-cu il tarixli 480/2019 nömrəli rəyindən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don və mayka üzərində qan aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1605 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 28 saylı rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin arxa səthinin daxilə nüfuz edərək traxeyanın zədələnməsi və ikitərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ əlin İİ barmağının distal falanqasının arxa səthinin açıcı vətərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası, başın alın nahiyəsinin sağ yarısının, sol qaş və üst göz qapağının, sol gicgah-almacıq nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sol saidin, sol əlin İİ barmağının, sağ bazunun, sol əlin İİİ barmağının, sağ əlin İİ və İİİ barmaqlarının kəsilmiş yaraları, üzün sol yarısının gicgah-almacıq qövsü proyeksiyasından başlayan, yuxarıdan-aşağıya doğru istiqamətdə gedərək almacıq və yanaq nahiyələrindən keçməklə alt dodağın haşiyəsinin sol yarısınadək davam edən kəsilmiş yarası, üzün sağ yarısının yanaq nahiyəsindən başlayan və üst dodağın haşiyəsinin sağ yarısınadək davam edən kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının, sağ gicgah-almacıq nahiyəsinin, sağ bazunun səthi kəsilmiş yaraları, başın sağ gicgah nahiyəsinin qançır-şişkinliyi, sağ saidin, hər iki diz oynağı nahiyəsinin, sol baldırın, sağ ayağın iç topuğunun, hər iki ayaq pəncəsinin sıyrıqları, sol bazunun qançırları. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin), kəsilmiş və səthi kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin), digər xəsarətlər (qançır-şişkinlik, sıyrıqlar və qançırlar) isə bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs tibbi yardım üçün Bakı Baş Sİ-nin X6 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdirlər. Həmin xəsarətlərdən döş qəfəsinin arxa səthinin daxilə nüfuz edərək traxeyanın zədələnməsi və ikitərəfli pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sağ əlin İİ barmağının distal falanqasının arxa səthinin açıcı vətərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, başın alın nahiyəsinin sağ yarısının, sol qaş və üst göz qapağının, sol gicgah-almacıq nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sol saidin, sağ və sol İİ barmaqlarının kəsilmiş yaraları - üzün sol yarısının gicgah-almacıq qövsü proyeksiyasından başlayan, yuxarıdan-aşağıya doğru istiqamətdə gedərək almacıq və yanaq nahiyələrindən keçməklə alt dodağın haşiyəsinin sol yarısınadək davam edən kəsilmiş yarası, üzün sağ yarısının yanaq nahiyəsindən başlayan və üst dodağın haşiyəsinin sağ yarısınadək davam edən kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin yaraların qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilə bilməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs üz nahiyəsində olan kəsilmiş yaraların izi olan çapıqlar sifətdə, mimiki əzələlərdə hərəki və hissi pozğunluq, assimmetriya yaratmır və buna görə də izi silinən hesab olunmalıdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 867/2019-MTBŞ saylı maddi sübutların ekspertizası rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (təqdim olunmuş sənədə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don və mayka üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yaınız A antigeni alındı. Göstərilən qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, 1. Abşeron rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünün surətindən;

2. Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün surətindən müəyyən edilmişdir ki, Əliyev X3 rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir.

3. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1 (006)-181/2019 saylı, xx.xx.2019-cu il tarixli Göstəriş məktubundan görünür ki, xx xxxx 2019-cu il tarixli, 1 (006)- 181/2019 saylı hökmü qanuni qüvvəsini aldığından icraya yönəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 xx xxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs haqqında nəqliyyat hüququnun məhdudlaşdırılmasına dair xx xxxx 2015-ci il tarixli hökm qeydiyyata alınmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli "şəxsin könüllü gələrək təqsirini boynuna alması barədə" protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə könüllü olaraq təslim olmuşdur. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində 1 azyaşlı uşağının olması və könüllü gəlib təqsirini boynuna alması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə maddi sübut kimi DİN-in Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı, 1 ədəd mayka və 1 ədəd ətək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Zeynalabdin oğlu tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 40 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi Zeynalabdin oğlunun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə üzərində saxlanılmış 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi DİN-in Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı, 1 ədəd mayka və 1 ədəd ətək məhv edilsin. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi Zeynalabdin oğlunun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar