Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-247/2022 22.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 avqust 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarxli qərarı ilə 1 il 10 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 dekabr 2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 01 gün vaxtından əvvəl şərti azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlamaqla satmış, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımışdır; belə ki, o, əvvəllər dəfələrlə məhkum olunmasına və məhkumluqları ödənilmədiyinə və götürülmədiyinə baxmayaraq istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xalis çəkisi 1,745 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda xalis çəkisi 20,091 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 17 iyun 2021-ci il tarixdə saat 17 radələrində, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 №-li binanın qarşısında üzərində olan həmin 1,745 qram çəkidə narkotik vasitə heroini Şahid3 20 (iyirmi) manata satmış, həmin gün saat 17:45 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, həmin ünvanda saxlanılaraq ünvan 3əhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ cibindən həmin 01 ədəd polietilen bükümündə olan külli miqdarda 20,091 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, təxminən 5 il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş, əvvəllər narkotik vasitələri təsadüfü şəxslərdən almış, mağazası olmuş, özü ustalıqla məşğul olmuş, velosiped düzəldib sataraq pul qazanmışdır, 17 iyun 2021-ci il tarixdə tanışı və qonşusu Şahid3 onun yaşadığı evə gələrək dişinin ağrımasını bildirmiş və ağrını kəsmək üçün ondan narkotik vasitə heroin istəmiş, həmin vaxt üzərində olan heroini Elnura vermiş, həmin vaxt evdə olan bacısı ona polis əməkdaşlarının evlərinin qapısının qarşısında dayandığını bildirmiş, evin qapısını açan kimi polis əməkdaşları evə daxil olmuş, əlini qandallamışlar, evdə axtarış aparmışlar, lakin qanunsuz heç nə aşkar edilməmiş, onu polis bölməsinə aparıb üzərinə baxış keçirsələr də üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməmiş, orada siqaretin kağızına duz tökərək çəkisini müəyyən etmişlər, bundan sonra dəvət olunmuş vəkilin yanında üstündən 20 qr metamfetamin aşkar edilməsi barədə protokol tərtib olunmuş, onu müvəqqəti saxlama yerinə aparmışlar, orada özünü təqsirli bilmədiyini bildirmiş, polis əməkdaşları tərəfindən əməlinin narkotik vasitələrin istifadəçisi kimi rəsmiləşdirildiyi bildirildiyindən və təkidlə bu barədə sənədlərə imza etməsi tələb edildiyindən oxumadan polis əməkdaşlarının tərtib etdiyi bütün sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı verdiyi məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 5 il olar ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Əvvəllər narkotik vasitələri təsadüfü şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə 17 sentyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində Nəsimi rayonu «Papanin» deyilən ərazidən tanımadığı şəxsdən uzun müddətə şəxsi istifadə etmək üçün 50 manat verərək 1 ədəd bükümdə «şüşə» deyilən psixotrop maddə metamfetamin almış və bir hissəsini istifadə etdikdən sonra bir hissəsini də şalvarının sağ cibinə qoyub saxlamışdır. Həmin gün saat 17 radələrində küçəyə çıxanda tanıdığı Şahid3 görmüşdür. Şahid3 onunla salamlaşdıqdan sonra dişi ağrımasını demiş və ağrını kəsmək üçün ondan bir büküm narkotik vasitə heroin istəmişdir. Həmin vaxtı üzərində olan cəmi bir büküm heroini Şahid3 vermişdir. Elnur isə bunun əvəzində ona 20 manat pul vermişdir. Elə həmin vaxt iki nəfər mülki geyimli şəxs yaxınlaşıb polis işçiləri olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün onları 30-cu PŞ-nə aparmışlar. Polis şöbəsinə aparıldıqdan sonra hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ cibindən özünə aid olan polietilən bükümdə psixotrop maddə metanfetamin aşkar olunub götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və protokol ucadan oxunmuş, yazılanlar doğru olduğundan protokolu imzalamışdır. Aşkar olunmuş psixotrop maddə metamfetamin isə zərfə qoyulub möhürlənmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və ancaq istifadəsi ilə məşğul olmuşdur. Gün ərzində yüksək doza ilə narkotik vasitələr və «şüşə» deyilən metamfetamindən istifadə etmişdir. Buna görə də üzərindən aşkar olunmuş metamfetamini alanda çəkisi 20 qramdan çox almışdır ki, uzun müddət istifadə etsin. ***-***-**-** nömrəsi, ***-***-**-**, ***-***-**-** mobil nömrələr öz adınadır və istifadəsində olmuşdur. Həmin mobil nömrələrə gəlib-gedən mesajlar narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Lakin həmin nömrələrin kimə məxsus olması, ona yazan və yazdığı şəxslərin kimlər olmasını xatırlamır. Həmçinin narkotik vasitə və psixotrop maddələri də kimdən aldığını xatırlamır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkilli Şahid1 ifadə verərək göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nə əməliyyat yolu ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması və bu məqsədlə narkotik vasitələri və psixotrop maddələri saxlaması, istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü raportla Suraxanı PRİ-nin 30-cu PŞ-nin rəhbərliyinə məruzə olunduqdan və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tərəfindən əməliyyat tədbirləri həyata keçirilərək 17 iyun 2021-ci il tarixdə saat 17:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 9 ünvanın qarşısında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlaması və daşıması və onunla birlikdə dayanmış Şahid3 üzərində narkotik vasitənin əldə olunaraq saxlanmasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün saxlanılaraq Suraxanı RPİ-nnin 30-cu PŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alınaraq barəsində müvafiq tədbir görülməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə müraciət etdikdən sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüququ vəzifələri izah olunmaqla hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edildikdən sonra video çəklişlə üzərinə şəxsi axtarış və götürmə aparalmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü sürətdə təqdim olünması təklif edilmiş, bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd polietilen bükümü təqdim etmiş, həmin bükümün nə olduğunu soruşduqda, təqdim etdiyi 01 ədəd polietilen bükümdə içərisində «şüşə» deyilən psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini 17.06.21-ci il tarixdə tanımadığı şəxsdən 50 manata almasını, istifadə etmək üçün üzərində saxlamaqla daşımasıys bildirmişdir. Bundan sonra həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri kimdən əldə etməsini və yaxud kiminlə əlbir olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 Füzuli oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 20 sentyabr 2018-ci il tarixli Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbayacn Respublikası CM-in 234.2 maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilmiş, 8 aprel 2021-ci il tarixdə cəzasını çəkib qurtararaq azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra yenə narkotik vasitələr qəbil etməyə başlamış, Təqsirləndirilən şəxs qonşu kimi tanımış, 17 iyun 2021-ci il tarixdə Asiflə məhəllədə görüşmüş, Asifə dişi ağrıdığını edmiş, bundan sonra Asifin yaşadığı evə getmişlər, Asif özü üçün aldığı narkotik vasitəni çıxardaraq ona da vermiş və birlikdə istifadə etmişlər, narkotik vasitədən istifadə etdikdən sonra evin qapısı döyülmüş, evə pols əməkdaşları daxil olmuş, onun üzərinə və evə baxış keçirilsə də qanunsuz heç nə aşkar edilməmiş, ibtidai istinaq zamanı verdiyi ifadəsini oxumadan izalamış, Asif Məmmmədov ona nakrotik vasitə satmamışdır. Şahid3 ibtidai istintaq zamanı vediyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmş ifadəsində göstərmişdir ki, 20 sentyabr 2018-ci il tarixli Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbayacn Respublikası CM-nin 234.2 maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilmiş, 8 aprel 2021-ci il tarixdə cəzasını çəkib qurtarmış və azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra yenə narkotik vasitələr qəbil etməyə başlamışdır. Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur.Hərdən bir Asifdən narkotik vasitə heroin alaraq istifadə edir. 17 iyun 2021-ci il tarixdə saat 17 radələrində istifadəsində olan 050- ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi 00-522-93-99 nömrəsinə zəng edib narkotik vasitə istəmiş, Təqsirləndirilən şəxs onu yaşadığı evə çağırmış, Asif ilə onun yaşadığı binanın qarşısında görüşmüş, 20 manat müqabilində Asifdən bir büküm narkotik vasitə olan heroin almış,həmin heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş,həmin vaxtı onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edərək Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlar olduqlarını bildirib, binanın qarşısında polislər onları saxlamış, polislər onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlandığını izah etmiş, bundan sonra polislər onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmış, orada ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan həmin göy rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar olunub götürülmüş, bu barədə protokol tərtib edilərək protokol ucadan oxunmuş, orada yazılanlar doğru olduğundan protokolu imzalamış, onadan aşkar olunmuş narkotik vasitə heroin maddəsi isə zərfə qoyulub möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 19 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, 17 iyun 2021-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd polietilen bükümü təqdim etdiyi zaman qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə əynində olan qara rəngli cins şalvarının sağ cibindən həmin 01 ədəd polietilen bükümün içərisində psixotrop maddəyə bənzər kütləni təqdim edir və həmin bükümün işərisində nə olduğunu soruşduqda o, təqdim etdiyi qara rəngli cins şalvarının sağ cibindən aşkar olunmuş həmin 01 ədəd polietilen bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini 50 manata özünün istifadəsi üçün aldığını bildirmişdir (1-ci cild iş vərəqi 66). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 18 iyun 2021-ci il tarixli 6/2463 nömrəli ekspert rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 20,091 qram ağ rəngli krsitallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir».«28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»-in İ siyahisina daxildir» (1-ci cild iş vərəqi 43-48). İşdə olan 02 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus dövriyyəsi qadağan edilən təhqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 19,991 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ- nin məsul saxlancına təhvil verilmiş, 17 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMCdən daxil olmuş telefon danışıqlarına dair məlumatların saxlanıldığı həmin 02 ədəd «CD» disk iş üzrə sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cildi iş vərəqi 157-165). İşdə olan 30 sentyabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsinə 2021-ci ilin yanvar ayının 01-dən, 2021-ci il iyun ayının 18-nə kimi olan müddət ərzində gedib-gələn zənglərin və SMS-lərin siyahısının və məzmununun, nömrələrin kimə məxsus olması (ad, soyad, ata adı və s.) həmçinin anten dairəsi barədə məlumatların olduğu 01 ədəd «CD» disk "xxxx" MMC-dən 22.09.2021-ci il tarixli, BKC/LGL-17168/21 nömrəli məktub ilə icraatıma daxil olmuşdur və həmin «CD» diskə xidməti otağımda «HP» markalı kompüterdə baxış keçirtdim. «CD» diskin SMS-lər olan faylına baxış zamanı iş üçün zəruri əhəmiyyət kəsb edən bir sıra mesajları aşkar etdim. Həmin mesajlar aşağıdakı kimidir; 17.02.2021 -ci il tarixdə ***-***-**-** nömrəsindən, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsinə «Asif 2-3 günə gəlirəm, sən özün necəsən, qaqulya arada vəziyyət necədi maşın «şüşəsi» necəyədi, vermək olar yaxşı pula «kofe» var yaxşı həll etmək olarmı. Münasib qiymətə maraqlan, dəqiqləşdirib mənə zəng vur da». 12 mart 2021-c il tarixdə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə «brat imkan olsa 1 tikə ver verim da dostuma, sən öl dostum ağrıdadı, ona lazımdı».14 mart 2021-ci il tarixdə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə «Asif Maliyin oğluynan oturmuşam, bir az «aş» ver, evdə ol gələcəm». 29 mart 2021-ci il tarixdə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə «Emi «kola» qurtarıb cəmi 2 çet kola qalıb nisyə götürmüşdün axı, sabah gələcəm həmin oğlan bizə yenə görüm nisyə verir. Yenə verməsə qaldıq lomkada». 4 aprel 2021-ci il tarixdə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə «Brat necəsən, yerimin içindəyəm, anamın canı mənə 1 tikə «kola» gətirə bilərsən qardaşımsan, birazdan verəcəm məndə sənə 1 falqalıq çekmeye qardaşımsan yox deme».«CD» diskə baxış zamanı aşkar olunmuş digər sms mətinlərin əksər hissəsi də eyni qadada «kola», «şüşə», «patı» və s. kimi jarqon sözlər altında narkotik vasitə və psixotrop maddənin alqı-satqısı ilə bağlıdır. Həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs adına olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəsinə 2021-ci ilin yanvar ayının 01-dən, 2021-ci il iyun ayının 18-nə kimi olan müddət ərzində gedib-gələn zənglərin və SMS-lərin siyahısının və məzmununun, nömrələrin kimə məxsus olması (ad, soyad, ata adı və s.) həmçinin anten dairəsi barədə məlumatların olduğu 01 ədəd «CD» disk "xxxx" MMC-dən 27.09.2021-ci il tarixli, 20146 nömrəli məktub ilə icraatıma daxil olmuşdur və həmin «CD» diskə xidməti otağımda «HP» markalı kompüterdə baxış keçirtdim. «CD» diskin SMS-lər olan faylına baxış zamanı iş üçün zəruri əhəmiyyət kəsb edən bir sıra mesajları aşkar etdim. Həmin mesajlar aşağıdakı kimidir; 26 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə, «Brat Tural mənim nə pulumu nə də əmanətimi vermədi», 28 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan 050-494-29- 61 nömrəsindən ***-***-**-** nömrəsinə «15 dəqiqəyə ya pulumu, ya da malımı gətirməsən sənin dalınca başqa adamlar göndərəcəm, məni məcbur eləmə» Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə «deyəsən yadından çıxıb mənim evimdə peredoz getməyin», «sən kim məni 1 saat qapıda lomkada saxladın, buna cavab vereceksen». ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsinə «Asif sənə sənöl deyirəm qardaşım sənə axşama dobru «patı» verəcəy, onnan arxayın ol!. Amma indi mənə bu qədər də «kola» düz-qoş gedim işimi görüm». «Brat çox pis ağrıyram çıxart da məni vəziyyətdən, sabaha qardaşın sənə «patı» verecek dobrı, çox pis ağrıyram sənöl».Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə «Qaqaş 2 qram yarım lazımdı, özün aldığın qiymətə al ki, bizə də qalsın. Abi mən də ölürəm, ikimizin canı». ***-***-**-** nömrəsindən, Təqsirləndirilən şəxs İstifadəsində olan ***-***-**-** nömrəsinə «Brat 20 man 3 dene emele gelir, işdesen». Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən 077- ***-**-** nömrəsinə «Azər salam 100 manat var «patı» lazımdı». «CD» diskə baxış zamanı aşkar olunmuş digər sms mətinlərin əksər hissəsi də eyni qadada «kola», «şüşə», «patı» və s. kimi jarqon sözlər altında narkotik vasitə və psixotrop maddənin alqı-satqısı ilə bağlıdır (1ci cild iş vərəqi 141). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür: - Təqsirləndirilən şəxs Səfər oğlu, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 avqust 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə (Cinayət Məcəlləsinin 67.1 və 68-ci maddələrinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 iyun 2004-cü il tarixli hökmünü əhatə etməklə) 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarxli qərarı ilə 1 il 10 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş; - Suraxanı rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 iyun 2020ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 1 gün vaxtından əvvəl şərti azad olunmuşdur (1-ci cild iş vərəqi 87-89 və 147-152). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluqları üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi - az ağır cinayətlər, həmin Məcəllənin 120.2.4-cü maddəsi - xüsusilə ağır cinayətlər və həmin Məcəllənin 234.1-ci maddəsi həmçinin az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68-ci maddələrinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 iyun 2004-cü il tarixli hökmünü əhatə etməklə Təqsirləndirilən şəxs barəsində çıxarılmış Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 avqust 2004-cü il tarixli hökmü üzrə xüsusilə ağır cinayətlər kateqoriyasına daxil olan Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinə görə (hökmlərin məcmusu nəzərə alınmaqla) müəyyən edilmiş məhkumluq müddəti başa çatmamış və həmin məhkumluq dövründə hazırki ağır cinayəti törətməsi cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 08 oktyabr 2023-cü il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 17 iyun 2021-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsi ilə nəzərdə tutulmuş 8 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin xüsuslilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçsündən - 9 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 09 sentyabr 2021-ci il tarixli 3332 №-li həkim rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 155-156). İşdə olan tutma haqqında 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 20). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 79-80). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı psixotrop maddələr)» əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı psixotrop maddə metamfetamin 20,091 qram olduğundan külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 iyun 2021-ci il tarixdə saat 17 radələrində tanışı Şahid3yə 20 manat müqabilində narkotik vasitə heroin verməsi barədə verdiyi ifadəsi işin faktiki hallarına daha uyğun gəlir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə Şahid3 məhkəmə zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlmir, dostu və qonşusu olan Asəf Məmmədovun məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi işin fakiki hallarına daha uyğün gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmaması və cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 17 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinin tələblərinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı xüsusi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın (cinayətləri xüsusilə təhlüəli residivi) olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının əvvəlinin 17 iyun 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.4-cü maddəsinə əsasən cəzanı xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məcburi-narkoloji tibbi yoxlama üzrə 09 sentyabr 2021-ci il tarixli 3332 №-li həkim rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 19,991 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, telefon danışılarına dair məlumatların saxlanıldığı 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 19,991 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, telefon danışılarına dair məlumatların saxlanıldığı 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddanın olmaması nəzərə alınmalıdır. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-247/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-247/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver