Məhkəmə qərarları › İş №1(101)-25/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-25/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-25/2022 12.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Ağalarovun sədrliyi ilə, hakimlər X9 və X5 ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1960-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, əvvəllər «Sona» qadınlar təşkilatı ictimai birliyinin sədri işləmiş, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi 2 saylı yataqxanada qeydiyyatda olub, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 44, mənzil 31-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 1999-cu ildən təsis etdiyi «Sona» qadınlar təşkilatı ictimai birliyinin sədri vəzifəsində işləyərkən Yaponiyanın «ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı» əsasəndə Hacıqabul rayonu Kürsülü kəndində orta məktəb binasının tikintisi üçün Yaponiya səfirliyi ilə bağlanmış 16.08.2007-ci il tarixli qrant müqaviləsinin şərtlərinə zidd olaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş, öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxsə külli miqdarda maddi zərər vurub ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, qrant müqaviləsini bağladıqdan sonra həmin müqaviləni «Qrant haqqında» Azərbaycan Respublikasının Qanununa zidd olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməmiş, Hacıqabul rayonu Atbulaq kənd bələdiyyəsinin 5 oktyabr 2017-ci il tarixli rayonun Kürsülü kəndində orta məktəb binasının tikintisi üçün 0,8 ha torpaq sahəsi ayrılmasına dair qərarına əsasən QHT-nın «Günaybank»dakı bank hesabına 15 sentyabr 2007-ci il tarixdə daxil olan 59.823 ABŞ dolları məbləğində pul vəsaitlərini təsərrüfat xərcləri adı altında çeklərlə nağd qaydada alaraq onun bir hissəsini, yəni 25.517 manat məbləğində pul vəsaitini tikinti işlərinə sərf etmiş, bundan sonra müqavilədə nəzərdə tutulmuş məbləğin qalan hissəsini isə səfirlikdən almaq üçün tamah niyyəti ilə faktiki görülmüş iş həcmini şişirdərək 48.771 ABŞ dolları dəyərində işlərin görülməsi barədə yalan məlumatlar daxil edilən aralıq hesabat tərtib etməklə vəzifə saxtakarlığı etmiş, daha sonra 5 dekabr 2007-ci il tarixdə hesabına daxil olan 25.639 ABŞ dolları məbləğində pul vəsaitlərini də təsərrüfat xərcləri adı altında 29 dekabr 2007-ci il tarixədək nağdlaşdırıb çeklərlə bankdan götürmüş, ümumi məbləği 71.305 manat ekvivalentində 85.462 ABŞ dolları olan və səfirlik tərəfindən ayrılmış qrant vəsaitlərini yalnız qrant predmeti ola bilən layihənin həyata keçirilməsinə sərf etməli olduğu halda, tikintiyə sərf olunan məbləğdən əlavə özünə qalmış, cəmi 45.788 manat məbləğində pul vəsaitini təyinatı üzrə xərcləməyib, öz şəxs məqsədlərinə istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər «Sona» qadınlar təşkilatı ictimai birliyinin sədri işləmişdir. 2007-ci ildə Hacıqabul rayonu Kürsülü kəndində məktəb tikintisi ilə məşğul olmağa başlamışdır. Bu məqsədlə həmin ilin 16 avqust tarixində müqavilə ilə Yaponiya səfirliyindən qrant vəsaitləri almışdır. Pulun bir hissəsini tikintiyə sərf etmişdir. 2008-ci ilin əvvəlindən səhhətində problemlər yaranmış, xəstəxanada müalicə almış və tikintiyə rəhbərlik edə bilməmişdir. Bir qədər də səhlənkarlıq etmiş və tikintini başa çatdıra bilməmişdir. Pulun qalan hissəsini şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Səhhətini, nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid X1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. Onlar 2004-cü ildə boşanmışlar. X6 rayonu Kürsülü kəndində orta məktəb tikintisi üçün Yaponiya səfirliyindan qrant almasını bilmiş, lakin tikintinin dayandırılmasının səbəbini bilmir. Heç vaxt Tellidən pul vəsaiti almamışdır. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki tanıyır. X3 məktəb tikintisi üçün qrant almışdır. Həmin işdə Telliyə köməklik etmişdir. Belə ki, sonuncunu qohumları Vüqar Nəsirov və “Murad” firmasının direktoru Elxan Əsədovla tanış etmişdir. Bundan sonra Telli həmin şəxslərlə işbirliyi qurub Hacıqabul rayonu Kürsülü kəndində məktəb tikintisinə başlanılmışdır. Telli Vüqara cəmi 25.00 ABŞ dolları pul ödəmişdir. 2008-ci ildə iş icracıçısı Vüqar Nəsirov ona zəng edib, Tellinin yoxa çıxdığını deyib, işin yarımçıq dayandırıldığını bildirmişdir. O, Telli bir müddət axtarsa da, tapa bilməmişdir. Sonradan Telli ona zəng etmiş, aldığı qrant vəsaitin bir hissəsini bir nəfərə verdiyini və hazırda həmin pulu ala bilmədiyini demişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid X7 ifadəsindən görünür ki, qohumu Allahverdi vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncunun Hacıqabul rayonu Kürsülü kəndində tikdirdiyi məktəbin tikintisində iş icraçısı olmuşdur. Telli ona bir neçə dəfəyə 25.000 ABŞ dolları pul vermişdir. Həmin pulları qəbzlə qəbul etmiş və aidiyyatı üzrə tikintiyə sərf etmişdir. Belə ki, məktəbin bünövrəsi və dövrələmə divarının təxminən yarısı tikilmişdir. Lakin 2007-ci ilin sonunda Telli yoxa çıxmış və maliyyə çatışmazlığına görə tikinti yarımçıq dayandırılmışdır. Sonradan Telli xəstə olduğunu və məktəb tikintisi üçün ayrılan pulu müalicəsinə sərf etdiyini demişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid X4 ifadəsindən görünür ki, «Murad» firmasının rəhbəridir. Onu və X15 Məmmədova ilə qohumu Allahverdi Süleymanov tanış etmişdir. O, «Sona» qadınlar təşkilatı ictimai birliyinin sifarişi ilə Hacıqabul rayonu Kürsülü kəndində orta məktəb tikintisini həyata keçirmək üçün məktub vermiş, lakin, sonradan onunla müqavilə bağlanmamışdır. O, yalnız özünə məxsus yük avtomobili ilə tikintiyə müxtəlif materialların daşımasını həyata keçirmişdir. Həmin materialları iş icraçısı Vüqar Nəsirov almışdır. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid X8 ifadəsindən görünür ki, «Günaybank» açıq səhmdar cəmiyyətində kassir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bankın müştərisi kimi tanımışdır. Təqsirləndirilən şəxs ayrılmış qrant vəsaitini onun işlədiyi bankdan şəxsən özü götürmüşdür. Kassir olduğundan həmin pul Telliyə onun tərəfindən hazırda xatırlamadığı tarixdə verilmişdir. Telli pulu aldıqdan sonra bunu təsdiq edən çeklərə imza etmişdir. İşdəki Yaponiyanın Azərbaycan Respublikasıda səfirliyi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, bir il müddətinə orta məktəb tikintisini öhdəsinə götürmüş QHTnın sədri Təqsirləndirilən şəxs tikinti ilə bağlı səfirliyə təqdim etdiyi hesabatda məktəbin tikintisinə 48.771 ABŞ dolları məbləğində pul vəsaitini xərcləndiyi barədə məlumat vermiş, 2008-ci ilin əvvəlindən Təqsirləndirilən şəxs məlum olmayan səbəbdən tikintini saxlamış, onu tapmaq və əlaqə saxlamaq cəhdləri boşa çıxdığı üçün 2008-ci ilin sentyabr ayında səfirlik Azərbaycan Respublikası Nazirlər Kabenitinə müraciət etmişdir. İşin 2-ci cildinin 10-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat və qeydiyyat baş idarəsinin 11/1270 saylı 7 noyabr 2008-ci il tarixli məktubundan görünür ki, «Sona» QHT-dan 16 avqust 2007-ci il tarixli qrant müqaviləsinin qeydiyyatı ilə bağlı heç bir müraciət daxil olmamışdır. İşin 1-ci cildinin 241-286-cı vərəqələrindəki qrant vəsaitlərinin alınması ilə əlaqədar «Günaybank» açıq səhmdar cəmiyyətindən götürülmüş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qrant vəsaitlərini 27 dekabr 2007-ci il tarixədək nağd şəkildə təsərrüfat xərcləri üçün tam şəkildə bankdan almışdır. İşin 2-ci cildinin 8-ci vərəqəsindəki Hacıqabul RPŞ-nin 25 noyabr 2008-ci il tarixli 5568 saylı məktubundan görünür ki, məktəb binasının tikintisində materialların oğurlanması və ya tikintinin sökülməsi ilə bağlı RPŞ-nə hər hansı bir müraciət daxil olmamışdır. İşin 1-ci cildinin 6-7-ci vərəqələrindəki sənədlərdən görünür ki, Hacıqabul rayonu İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən 22 oktyabr 2008-ci il tarixdə məktəb binasının tikintisində yerinə yetirilmiş işləri həcmi və dəyərinin hesablanması aparılmış, orada 23.904,7 manat dəyərində hər hansı növ işlərin görülməsini əks etdirən akt tərtib edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının 15 dekabr 2008-ci il tarixli 14211 saylı rəyindən görünür ki, «Sona» QHT-nın bankda olan hesabından pul vəsaiti çıxarılmasına dair 7 ədəd çeklərdə və valyutanın alınıb satılması üçün iki ədəd sifarişlərdə rəhbər qrafasında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Məhkəmə tikinti-mühəndis ekspertizasının 19 yanvar 2009-cu il tarixli 185 saylı rəyindən görünür ki, «Sona» qadınlar təşkilatı ictimai birliyi tərəfindən Hacıqabul rayonu Kürsülü kəndində tikintisi tam başa çatmamış məktəb binasının 2007-ci ilin dekabr ayları ərzində inşa olunmasında yerinə yetirilmiş tikinti işlərinin həmin dövrə mövcud bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 25.517 manat məbləğində müəyyən edilir. QHT tərəfindən səfirliyə təqdim olunmuş aralıq hesabatda göstərilən pulun müqabilində iş həcminin aparılması ilə əlaqədar 13.500 manat artıq ödənilməsi müəyyən edilir. Məktəb binasının tikintisi zamanı orada əlavə materialların sərf olunduğu müəyyən edilmir. Məhkəmə-mühasibatlıq ekspertizasının 21 yanvar 2009-cu il tarixli 736 saylı rəyindən görünür ki, Yaponiya səfirliyindan orta məktəb tikintisi üçün «Sona» qadınlar təşkilatı ictimai birliyi tərəfindən qrant alınması zamanı mühasibat uçotu qurulmamış, kassa əməliyyatlarının uçotu va kassa hesabatı aparılmamışdır ki, bunlar da «Mühasibat uçotu haqqında» Azarbaycan Respublikası Qanununun tələblərinin pozulması hesab edilir. Qrant vasaitlarinin bu şəkildə istifadəsi zamanı maddi ziyanın yaranmasına və onun vaxtında aşkar edilməməsinə şərait yaratmış mühasibat uçotu va nəzərəti qaydalarının pozulması hallarına «Sona» qadınlar təşkilatının sədri Təqsirləndirilən şəxs tərəfindən nəzərət edilməli idi. Orta məktəb binasının tikintisinin aparılması məqsədi ilə səfirlikdən alınan qrant vəsaitlarinin lazımi qaydada istifadə olunmaması nəticəsində Yaponiyanın Azərbaycandakı səfirliyinə 45.788 manat məbləğində ziyan vurulması müəyyən edilir. İşin 2-ci cildinin 154-cü vərəqəsindəki qərardan görünür ki, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi zərərçəkmiş şəxs kimi tanınmışdır. İşin 2-ci cildinin 166-178-ci vərəqələrindəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 91-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Lakin 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nin 177-ci maddəsinin «qeyd» hissəsində edilmiş dəyişiklikliyə əsasən, həmin Məcəllənin 177-182, 185-187 və 189-1-ci maddələrində zərərin «xeyli miqdar» təşkil etməsi üçün beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» təşkil etməsi üçün əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 45.788 ( qırx beş min yeddi yüz səksən səkkiz manat) manat külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talaması göstərilmişdir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Ona görə də, təqsirləndirilən şəxs E.F.Təqsirləndirilən şəxs verilmiş ittihamda «külli miqdarda» sözləri «xeyli miqdarda» sözləri ilə əvəz edilməli və onun əməli, öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə cinayətini özündə ehtiva edən CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə həmin hissədə tənqidi yanaşır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 75.1.2 və 75.1.3-ci maddələrinə görə az ağır cinayətin törədildiyi gündən yeddi, ağır cinayətin törədildiyi gündən isə on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində deyilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 75-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə müddətin keçməsi ilə bağlı ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3, 179.2.4 və 313cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalı, məhkəmə məsrəfi 160 manat təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Maddi sübutlar: cinayət işi materiallarına əlavə edilmiş pul vəsaitlərinin bankdan çıxarılmasına dair çeklər və valyutanın alınıb-satılmasına dair sifarişlər iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi ilə əlaqədar CM-nin 179.2.3, 179.2.4-cü və 313-cü maddələri ilə Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Məhkəmə məsrəfi 160 manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Maddi sübutlar: pul vəsaitlərinin bankdan çıxarılmasına dair çeklər və valyutanın alınıb-satılmasına dair sifarişlər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar