Məhkəmə qərarları › İş №1(101)-250/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-250/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-250/2023 06.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən 20 aprel 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, narkotik vasitə olan heroini əldə edib, saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,533 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X9 özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, onun üzərindən narkotik vasitə heroin aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, narkotik vasitə istifadəçisi olmuş, lakin heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, 2-ci dərəcəli əlildir. Təxminən 5-6 ildir ki. narkotik vasitə olan “kakos” adı ilə tanıdığı heroin istifadə edir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif yollarla tanımadığı şəxslərdən alaraq istifadə edir. 20 aprel 2022-ci il tarixdə, günorta vaxtı Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsində yerləşən “Zəfəran” hospitalının yaxınlığında olduğu zaman yerdə 1 (bir) ədəd şəffaf rəngli sellefon bükülü olduğunu görmüş və həmin bükülü ona maraqlı gəldiyinə görə onu götürüb içərisinə baxdıqda içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olan heroin olduğunu tanıyıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymüşdur ki, ehtiyacı olduğu zaman istifadə etsin. 22 aprel 2022-ci il tarixdə, saat 21:30 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşıb özlərini təqdim edib Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə olmasından şübhələndiklərini deyib onlarla Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O da, həmin şəxslərlə Bakı şəhəri Nərimanov RPİ-nə getmişdir. Polis idarəsində ona bildirmişlər ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Bu səbəbdən ona hüquqlarını izah edib vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O da, təqdim olunmuş siyahıdan X7 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkil İlham Məmmədovu idarəyə dəvət etmişdir. Vəkil gəldikdən sonra vəkilin və onu Bakı şəhəri Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü olaraq təqdim etsin. O da, əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu, şəffaf rəngli sellefona bükülmüş içərisində "kakos” adı ilə tanıdığı narkotik vasitə - heroin olan 1 (bir) ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü könüllü olaraq təqdim etmişdir. Bundan əlavə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “İPhone 6” modelli mobil telefon aparatını, həmin şalvarının sağ yan cibindən 1 (bir) ədəd göy rəngli alışqanı, əynində olan qara rəngli gödəkcənin sol tərəf iç cibindən üzərində "attenti’ yazıları olan 1 (bir) ədəd qara rəngli aparatı, A 37084822 nömrəli 05 (beş) nominallı, A 35972712 nömrəli 01 (bir) nominallı, B 38565492 nömrəli 01 (bir) nominallı, B 48892521 nömrəli 01 (bir) nominallı, G 19794245 nömrəli 01 (bır) nominallı Azərbaycan pul vahidlərini və xx.xx.2013-cü il tarixdə adına verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsini də könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı könüllü təqdim etdiyi içərisində “kakos" adı ilə tanıdığı narkotik vasitə - heroin olan 1 (bir) ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxumuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişdir. Daha sonra könüllü təqdim etdiyi 1 (bir) ədəd göy rəngli alışqanını, üzərində "attentf’ yazıları olan 1 (bir) ədəd qara rəngli aparatını, A 37084822 nömrəli 05 (beş) nominallı, A 35972712 nömrəli 01 (bir) nominallı, B 38565492 nömrəli 01 (bir) nominallı, B 48892521 nömrəli 01 (bir) nominallı və G 19794245 nömrəli 01 (bir) nominallı Azərbaycan pul vahidlərini özünə qaytarmışlar. İttiham olunduğu cinayət əməlinin X9 tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri. Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 22 aprel 2022-ci il tarixdə, saat 21:30-da Bakı şəhəri, Nərimanov RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə xidməti zərurət ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi 2 ünvanının qarşısında olarkən bir nəfər şəxsin hərəkətləri və davranışı onlarda şübhə yaratmışdır və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən kim olduğunu və üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşduqda, sonuncu onlara səlis cavab verə bilməmiş və adının Tofik olduğunu, üzərində isə hər hansı bir sənədin olmadığını bildirmişdir. Onlar daha sonra həmin şəxsi Bakı şəhəri Nərimanov RPİ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmişdir. Həmin şəxsi Bakı şəhəri Nərimanov RPİ-nə gətirdikdən sonra sonuncunun həqiqətən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu barədə Bakı şəhəri Nərimanov RPİ-nin rəisinin adına raportla müraciət etmişlər. Bundan sonra Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün sonuncu vəkillə təmin edilmişdir. Baş təhqiqatçı, polis mayoru Rafik Ağəliyev onun, kiçik inspektor, polis baş serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl sonuncuya hüquqlarını izah etmiş və şəxsi axtarış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkliş aparılmasına etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələr və ya başqa əşya, mal varsa, tədim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirib, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffav bükümü masanın üstünə qoyaraq, içərisində “heroin” olduğunu bildirmişdir. Eləcə də əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “İPhone 6” modelli mobil telefon aparatını, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd göy rəngli alışqanı, əynində olan qara rəngli gödəkcənin sol tərəf iç cibindən üzərində “attenti” yazıları olan 1 (bir) ədəd qara rəngli aparatı, A 37084822 nömrəli 05 (beş) nominallı, A 35972712 nömrəli 01 (bir) nominallı, B 38565492 nömrəli 01 (bir) nominallı, B 48892521 nömrəli 01 (bir) nominallı, G 19794245 nömrəli 01 (bir) nominallı Azərbaycan pul vahidlərini və xx.xx.2013-cü il tarixdə verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsini də çıxarıb, masanın üstünə qoymuşdur. Bundan sonra baş təhqiqatçı X3 masanın üstünə qoyduğu 1 ədəd bükümü açdıqda içərisində olan heroin görünmüşdür. X2 həmin heroini haradan, nə məqsədlə əldə etdiyini soruşduqda, sonuncu həmin heroini 2 gün öncə Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsində yerləşən “Zəfəran” hospitalının yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildikdə sonuncunun üzərində əməliyyat marağı kəsb digər əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi kütlə olan həmin 1 ədəd büküm zərfə qoyulmuşdur. Zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparma prosesi əvvəldən axıradək videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 aprel 2022-ci il tarixli Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin rəisinin adına verilmiş raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanın yaxınlığında olduqları zaman bir nəfər şəxsin davranışları və hərəkətləri ilə özünü şübhəli aparmasını müşayiət etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ondan özünü təqdim etməyini təklif edən zaman həmin şəxs özü haqqında məlumat verərkən eyni zamanda davranışları ilə eləcə də verilən suallara qeyri müəyyən cavab verməsi ilə şübhələrini daha da artıraraq ordan uzaqlaşmağa cəhd göstərmişdir. Həmin şəxsi saxlayaraq Bakı şəhəri Nərimanov RPİ-nə gətirib növbətçi hissəyə təqdim etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1974-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və digər güclü təsiredici maddələrin istifadəsində şübhəli olması ehtimalını nəzərə alaraq barəsində müvafiq araşdırmanın aparılmasına göstəriş verilməsini xahiş etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23 aprel 2022-ci il tarixli, 6/2343 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "şübhəli şəxs: Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,533 qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 130-132-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə ambulator-psixiatrik ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi"' X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1964 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X9 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. X9 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, icitmai təhlükəsiziliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. X9 hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosesual fəaliyyət qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz prosesual hüquqlarını şəxsən həyata keçirə bilər. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi və saxlaması iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə haqqında” protokolla və həmin protokola əlavə edilmiş istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disklə təsdiq edilmişdir. Həmin 1 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin 2,433 qram qalığı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxs X9 ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” AzərbaycanRespulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxs X3 barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 137-138-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə narkoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4533 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİODLƏRİN və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2066-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş qaydaların 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tərbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 120-121-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 5 ay 5 gün vaxtından əvvəl şərti azad olunub. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 6 ay 15 gün vaxtından əvvəl şərti azad olunub. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunub. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-181/2021 saylı xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Probasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 21-1/3 1439 -1B nömrəli məktubdan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-186/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-186/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-181/2021 saylı xx.xx.2021-cı il tarixli hökmü ilə təyin edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 7(005)-506/2021 saylı qərarına əsasən 1 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 1 ay 29 gün hissəsi Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddəsinə əsasən 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası CM-in 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi təqsirləndirilən şəxs X3 məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs X5 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və İİ qrup əlil olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən haldır. Məhkəmə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə X4 narkomaniya xəstəliyi aşkar olunduğu, lakin ona İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tərbiq edilməsi mümkün olmamasını nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs X5 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs X9 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 22 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 16-17-ci vərəqələrində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,533 qram narkotik vasitə heroin - ekspertiza tədqiqatından sonra qalıq qalmış - 2,433 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-in 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış - 2,433 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar