Məhkəmə qərarları › İş №1(101)-2500/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2500/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2500/2024 02.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-2500/2024 nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Cinayət işi 20 noyabr 2024-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İttihamdan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,897 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 15- ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 aprel 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 0,897 qram təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrarən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,820 qram olan ağ rəngli, ksristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2024-cü il tarixdə saat 10:35 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin inzibatı ərazisi olan Abşeron rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsinin yaxınlığında küçədə saxlanılaraq Sabunçu RPİ-nin 15-cı polis bölməsinə gətirilib həmin bölmənin inzibati binasında xidməti otaqda üzərində şəxsi axtarış aparılaraq əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,820 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hazırkı cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin tərkib əlamətlərini yaradan cinayət əməlinin ikinci epizodu üzrə 0,820 qram olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2024-cü il tarixdə saat 10:35 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati ərazisi olan Abşeron rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsinin yaxınlığında küçədə saxlanılaraq Sabunçu RPİnin 15-cı polis bölməsinə gətirilib həmin bölmənin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,820 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsinin yaxınlığında saxlanıldığı andan polis əməkdaşlarının bilavasitə nəzarətində olmuş, azadlığı məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin andan polis əməkdaşlarının bilavasitə nəzarəti altında olduğundan onun törətmiş olduğu cinayət əməlinin davam etməsi inkar olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 5 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin törədildiyi yer Abşeron rayonunun ərazisidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarının 8-1.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–2500/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu, 69-cu, 74-cü, 75-ci, 299.3.5-ci və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-2500/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

Sədrlik edən Kamran Muxtarov Hakimlər Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar