Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2503/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Salmanzadə Zülfiyyə Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkilləri X10 və X4 iştirakları ilə, Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: 08 dekabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmin iş üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilən ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 10,847 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz əldə edib həmin maddədən bir ədəd bükümdə 5,301 qram çəkidə ayırıb qablaşdıraraq öz üzərində, bir ədəd bükümdə 5,546 qram çəkidə isə Təqsirləndirilən şəxs2 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində saxlamaqla daşıyarkən onun Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 may 2023-cü il tarixdə, saat 20:10-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 23:36-dan etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 5,301 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Sənani Hacyevin üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 5,546 qram çəkidə külli miqdarda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs1 ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 10,847 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz əldə edib həmin maddədən bir ədəd bükümdə 5,546 qram çəkidə ayırıb qablaşdıraraq öz üzərində, bir ədəd bükümdə 5,301 qram çəkidə isə Təqsirləndirilən şəxs1 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində saxlamaqla daşıyarkən onun Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 may 2023-cü il tarixdə, saat 20:10-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 23:36-dan etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 5,546 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 5,301 qram çəkidə külli miqdarda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Beləliklə, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməlləri Sumqayıt şəhəri ərazisində törədilmişdir. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Şəxsin hərəkəti, yaxud da hərəkətsizliyi ilə başlayan və az-çox müəyyən müddətə fasiləsiz olaraq davam etdirilən konkret cinayət uzanan cinayətdir. Qeyd edilməlidir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər uzanan cinayətlər hesab olunur. İttihama əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməlləri məhz Sumqayıt şəhəri inzibati ərazisində törədilmiş və onlar iradələrinin ziddinə olaraq Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək, üzərlərindən narkotik vasitələr aşkar edilmiş, yəni, kriminal vəziyyətə uzanan cinayətə şəxslərin iradəsindən asılı olmayan səbəblə - daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanması anı ilə son qoyulmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitələrin Bakı şəhəri ərazisinə daşınması onların niyyəti və qəsdi ilə əhatə olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsində ‘‘məhkəmə aidiyyətinə əməl olunması” cinayət mühakimə icraatının əsas prinsiplərindən biri kimi nəzərdə tutulmaqla, həmin maddənin müddəasının tələblərinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət mühakimə icraatının həmin təməl prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində nəzərdə tutulan müddəalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti, həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti Azərbaycan Respublikası CPM-in 67- 77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi Azərbaycan Respublikası CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi, yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Qeyd edilən Məcəllənin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən, uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Bundan başqa, məhkəmə hazırlıq iclasında müdafiəçi X10 şifahi vəsatət verərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 verilmiş ittihamda göstərilən narkotik vasitənin çəkisini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almaqla həbsdə qalmasına zərurət olmadığını bildirərək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda müdafiəçi X8 şifahi vəsatət verərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilən narkotik vasitənin çəkisini və ailə vəziyyətini nəzərə almaqla həbsdə qalmasına zərurət olmadığını bildirərək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin müdafiəçiləri X10 və X8 tərəfindən verilmiş şifahi vəsatətlərlə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, vəsatətlərdə göstərilmiş dəlilləri cinayət işinin materialları əsasında yoxlayıb və həmin dəlillərə hüquqi qiymət verərək hesab edir ki, müdafiəçilər tərəfindən verilmiş vəsatətlər əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsinə əsas ola biləcək, yəni təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid olunmasına zərurətin olmaması kimi hallar məhkəmə iclasında müəyyən olunmamış, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “həbs” qətimkan tədbirinin seçilməsinə səbəb olan halları istisna edən heç bir əsaslı sübut müdafiə tərəfindən məhkəməyə təqdim olunmamışdır. «Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2009-cu il tarixli 2 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən “həbs” qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və təhlükə olmaqda qalır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsinə görə, hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması onun azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinin obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, həmin maddələrin ağır cinayət hesab olunması və sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulması cəmiyyətin və dövlətin maraqlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıq hüququndan üstün olmasına dəlalət edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hazırkı mərhələdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə əsas yoxdur və ona görə də müdafiəçilər X10 və X8 tərəfindən verilmiş şifahi vəsatətlər hazırkı mərhələdə təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Qanunun bu tələbi də nəzərə alınmaqla məhkəmənin həmin məsələ ilə bağlı gəldiyi qənaət isə ondan ibarətdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69, 74, 75, 299, 300.1.4, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-2503/2023 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. X2 Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə verdiyi vəsatət təmin edilməsin.
3. X1 Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə verdiyi vəsatət təmin edilməsin.
4. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilib müvafiq qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.
5. Qərarın surəti qətimkan tədbiri ilə bağlı hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin.
6. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Sədrlik edən hakim Fəxri Məmmədov
X14
Mahirə Kərimova