Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-251/2022 14.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X2 və hakim köməkçisi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1990-cı ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi 2-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan “Əfsanə” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 570,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və külli miqdarda, yəni 155,0 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımış, 06 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 127 saylı ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş, Bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində olan sellofan torbanın içindən 1 ədəd polietilen bükümdə 570,0 qram çəkidə, külli miqdarda heroin və 1 ədəd polietilen bükümdə 155,0 qram çəkidə, külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitədən öz istifadəsi üçün istifadə etmişdir. Mərdəkanda saxlanılaraq 16-cı Polis Bölməsinə gətirilmiş, cibindən bir ədəd və onun yarısı qədər metodon dərman olmuş, başqa heç nə olmamışdır. Təzyiq və şiddət altında olduğu üçün ifadəsində narkotik vasitələrin özünə aid olduğunu və həmin narkotik vasitələri tanımadığı və adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını demişdir. Videoçəkiliş zamanı onun üzərində sellofan olmamış, torba gətirərək onun olduğunu demişlər. Yolda gələn zaman polis işçiləri metodon dərmanını əlindən almışlar. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs sonradan tanımaqla, onunla hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop madə metamfetamini əldə edib Bakı şəhəri Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi Baş İdarənin rəisinə 06 iyul 2021-ci il tarixdə raportla məruzə etmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə cəlb edilmiş Baş İdarənin digər baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 06 iyul 2021-ci il tarixdə, saat 23.30 radələrində Bakı şəhəri Nərimanov rayonu, X6 küçəsi 127 ünvana gedərək orada gözləmə mövqeyi seçmişlər. Həmin gün, saat 23.30 dəqiqədə Təqsirləndirilən şəxs həmin ünvanda piyada hərəkət edən zaman ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarı ona elan etmişlər və üzərində şəxsi axtarışın aparılması məqsədilə onu ərazi üzrə Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs artıq polis əməkdaşlarının hər bir şey haqqında məlumatlı olduğunu dərk etdiyindən, hər hansı etiraz bildirmədən onlarla birlikdə 16-cı Polis Bölməsinin yerləşdiyi inzibati binaya gəlmişdir. Daha sonra müvafiq raport yazandan sonra, araşdırmanın aparılması Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarova həvalə olunduğundan, Təqsirləndirilən şəxs bölmədə təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmışlar. X4 Azərbaycan Respublikası Vəkillər Bürosunun “Yusif Allahverdiyev və partnyorları” bürosundan vəkil X3 dəvət edib ona təqdim edəndən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacağını nəzərinə çatdırmışdır. Sonra, təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs sağ əlində olan selofan torbanı masa üzərinə qoymuşdur. Təhqiqatçı torbanı çevirdikdə məlum olmuşdur ki, torbanın içərisində digər ağ selofanda iki ədəd bükülü vardır. Həmin bükülüdən biri açıldıqda içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə, digər bükümü açdıqda içərisində ağ rəngli kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra onun üzərində təhqiqatçı N.Omarov tərəfindən şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon və 20 manat pul aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs məxsus 20 (iyirmi) manat pul özünə qaytarılmış, lakin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verilməklə 1 (bir) ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Həmin sellofan bükümdə aşkar edilmiş maddələr içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb, həmin 01 ədəd kağız zərfin üzəri “DİN-nin Zərflər üçün” möhürü ilə möhürlənərək, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əldə etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri təxminən iki ay əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əfsanə” adlı şəxsin 06 iyul 2021-ci il tarixdə göndərdiyini, əvvəlcədən təyin olunmuş yerdən, yəni “Sevən ürəklər” şadlıq sarayının yaxınlığından götürdüyünü, bu vaxta kimi əvvəllər də Əfsanə adlı şəxsin narkotik vasitə və psixoptrop maddə göndərdiyini və buna görə müəyyən məbləğlərdə pul əldə etdiyini bildirmişdir. Həmin vaxt əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılaraq CD disk iş materialına əlavə edilmişdir. Polis işçiləri tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor, təsir və təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 iyul 2021ci il tarixli 6\2704 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi” sözləri və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 570,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırkanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 155,0 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2021-ci il tarixli 2697 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixatrik ekspertizasının 24 iyul 2021 -ci il tarixli 1581 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə, də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir və o, Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq və cinayət məsuliyyətindən azad olunmaq məqsədi güdür. Belə ki, cinayət işinin 47-50-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə müdafiəçisi Nizami Həsənovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 06 iyul 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 127 saylı ünvanının yaxınlığında özü tək piyada hərəkət edərkən iki nəfər mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmiş, onun küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bölməyə getməyə razılıq verdikdən sonra həmin Bölmədə onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları tərəfindən ona üzərində qanunla qadağan olan hər hansı əşya olubolmaması soruşulmuşdur. Bundan sonra o, sağ əlində saxladığı sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və digər bükümdə psixotrop maddə olan metamfetamin olmuşdur. Həmçinin üzərindən baxış vaxtı ona məxsus, bir ədəd Samsung markalı mobil telefonu, 20 manat pulu da aşkar edilmişdir. 20 manat pulu ona qaytarılsa da, mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddə olan metamfetamin elektron tərəzi ilə çəkildikdən sonra zərfə qoyulmuş və qablaşdırılmışdır. Həmin zərfin üzəri möhürləndikdən sonra Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, bildirmişdir ki, üzərində saxladığı psixotrop maddə metamfetamini və heroini İran İslam Respublikasının vətəndaşı olan “Əfsanə” adlı şəxs vasitəsilə əldə etmişdir. Belə ki, təxminən iki ay olar ki, tanış olduğu Əfsanənin 06 iyul 2021-ci il tarixdə istifadəsində olan +98 992 ******* saylı mobil nömrəsi ilə WhatsApp vasitəsilə onunla səs danışığı edərək narkotik vasitə və metamfetamini götürməyini və onun deyəcəyi yerlərə qoyacağını bildirmişdir. O da həmin tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Sevən Ürəklər” şadlıq sarayının yaxınlığından hazırda üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni götürmüşdür. Bundan əvvəl isə o, iki dəfə Əfsanə adlı şəxsin dediyi kimi narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində onun dediyi yerdən birinci dəfə təxminən bir ay əvvəl “Kənd Əhmədli” ərazisində yerləşən Qəbirsanlıqdan, ikinci dəfə isə 15 gün əvvəl Bakı şəhəri Nizami rayon ərazisində yerləşən “Flaminqo” restoranın yanında plakatın altından götürmüş və onun dediyi yerlərə qoymuşdur. Lakin həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini kimlərin götürməsini bilməmişdir. Buna görə Əfsanə ona özü istifadə etmək üçün narkotik vasitə və ümumilikdə 450 manat pul vermişdir. Belə ki, Əfsanə ona pulu vermək üçün bir dəfə tanışlarının kartına və özünün istifadəsində olan Kapital Bankın plastik kartına göndərmiş, qalan pulu isə göndərdiyi narkotik vasitənin üzərində qoyaraq vermişdir. Hazırda etdiyi əmələ görə isə peşmançılıq hissi keçirdiyini qeyd etmişdir. Cinayət işinin 68-72-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə müdafiəçisi Nizami Həsənovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Bundan başqa cinayət işinə əlavə olunmuş 07 iyul 2021-ci il tarixli DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 06 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 127 saylı ünvanın yaxınlığında, DİN-in BNMİ əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra sağ əlində olan içərisində 1 bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər və bir bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan sellofan torbanı təqdim edərək masa üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan şalvarın sağ cibindən 1 ədəd Samsunq markalı mobil telefonu və 20 manat pul aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 20 manat pul özünə qaytarılmış, lakin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə Təqsirləndirilən şəxs izah verilməklə 1 (bir) ədəd, “Samsung” markalı mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elekron tərəzi ilə çəkilmiş, təxmini çəkisinin qablaşdırma ilə birlikdə 582 qram heroinə bənzər maddənin və 153 qram isə metamfetaminə bənzər maddənin olması məlum olmuşdur. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmişdir, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əfsanə” adlı şəxsin 06.07.2021-ci il tarixdə göndərdiyini bildirərək, onun deyəcəyi ünvanlara çatdırmaq üçün “Sevən Ürəklər” şadlıq sarayının yaxınlığından əldə etdiyini bildirmişdir. Cinayət işinə əlavə olunmuş 08 iyul 2021-ci il tarixli “DVD-R diskin baxışının aparılması” haqqında protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə sağ əlində saxlamış olduğu sellofan torbanı təqdim edir. Daha sonra isə onun üzərinə baxış keçirildikdə şalvarının sağ yan cibindən 20 manat pulu və Samsunq markalı mobil telefon aşkar olunur. 20 manat pulu Təqsirləndirilən şəxs səbəbi izah olunmaqla qaytarılsada digər mobil telefon götürülür. Həmçinin Təqsirləndirilən şəxs əlində olan sellofan torba içərisində aşkarlanmış iki ədəd bükülülərdə olan maddələr boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik vasitə- heroin və metamfetamin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Əfsanə adlı şəxs tərəfindən göndərildiyini bildirir. Cinayət işinə əlavə olunmuş 23 sentyabr 2021-ci il tarixli “bank məlumatlarının çıxarışlarının baxışının aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına hesab nömrələri 4169 74******2883, ********************, 416973******0527 və **********7297795121 seriyalı olan plastik kartlar olmuşdur. Həmin kartlarla 2021-ci ilin müxtəlif aylarında pullar mədaxil məxaric olunmuşdur. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 569,95 qram təşkil edən narkotik vasitə olan heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 154,95 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Cinayət işinə əlavə olunmuş maddi sübut kimi tanınmış 01 ədəd DVD-R disk və 01 ədəd Azərfon mobil operator tərəfindən göndərilmiş DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 569,95 qram təşkil edən narkotik vasitə olan heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 154,95 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. Cinayət işinə əlavə olunmuş maddi sübut kimi tanınmış 01 ədəd DVD-R disk və 01 ədəd Azərfon mobil operator tərəfindən göndərilmiş DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-251/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-251/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver