Məhkəmə qərarları › İş №1(101)-252/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-252/2020

06.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-252/2020 06.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2020-ci il Bakı şəhərində xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86-da yerləşən Nəsimi RPİ-nin inzibati binasında pasport qeydiyyatdında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-105,133 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 5,292 qram psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirmiş və bu ünvanda saxlamış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 14:30-da, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları 129 ünvanının qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Nəsimi RPİ-nin 20-ci PB-yə dəvət edilib, orada xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarın sol yan cibindən içərisində təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüş, sonuncunun razılığı ilə yaşadığı mənzildə axtarış keçirilərkən oradan satış məqsədilə küllü miqdarda qanunsuz olaraq əldə edib saxladığı 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 11, 205 qram, 12,520 qram və 81,090 qram, ümumilikdə 104,815 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, habelə 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,705 qram, 0,304 qram və 0,283 qram, ümumilikdə çəkisi 5,292 qram psixotrop maddə metamfetamin, 7 ədəd 1 ml-lik içərisində heroinin izləri olan şprislər və üzərində narkotik vasitə-heroinin izləri olan 2 ədəd elektron tərəzi mənzilin giriş qapısından sağ tərəfdə yerləşən masanın üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında Nəsimi rayon Polis İdarəsinin 20-ci PB-nin əməkdaşları evinin qapısını sındıraraq qanunsuz olaraq evinə daxil olmuşlar. Bu zaman o, narkotik vasitənin təsiri altında olmuş və üzərində 0,3 qram narkotik vasitə heroin olmuşdur. İlkin olaraq təhqiqatçı protokolda üstündən 30 qram narkotik vasitənin çıxdığını qeyd etmiş, sonradan isə protokol təhrif olunaraq həmin narkotik vasitənin 105 qram olduğunu qeyd etmişdir. Polis əməkdaşları həmin gün onun evindən 710 manat pul və kəmərini oğurlamışlar. O narkotik vasitənin istifadəçisidir, narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri təsdiq etmir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-yə “İlkin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. O və həmin bölmənin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və onlar xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 129 nömrəli ünvana gəlmiş, bir müddət orada gözlədikdən sonra saat 14:30 radələrində əməliyyat məlumatına uyğun əlamətlərə malik şəxsin qeyd olunan ünvana gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, üzərində hər hansı qanunsuz maddə və ya əşyanın olub-olmadığını soruşduqda üzərində hər hansı bir narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə onu bölməyə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə müdafiəçi dəvət olunmuş və hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol cibindən siqaretin kağızına bükülmüş bükülünü təqdim etmiş, həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün zərfə qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir digər psixotrop maddə və ya narkotik vasitənin olmub-olmaması üçün bir daha üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmayan hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Daha sonra onunla söhbət zamanı narkotik vasitənin harada əldə olunması barədə söhbət edildikdə o, evində də narkotik vasitələrin olduğunu bildirmişdir. O, Şahid1, təhqiqatçı Nazim Qədirov, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, videoçəkilişi həyata keçirən ekspert-kriminalist Bahadur Bəxtiyarovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları 129 saylı ünvanda yaşadığı mənzilə getmişlər. Mənzilə daxil olarkən sağ tərəfdə masanın üzərindən bir neçə bükümdə narkotik vasitə olması ehtimal olunan heroin , o cümlədən psixotrop maddə olması ehtimal olunan metamfetamin, 2 ədəd elektron tərəzi və müxtəlif sayda istifadə olunmuş şprislər aşkar edilərək götürülmüşdür. Bundan başqa mənzildə axtarış aparılarkən oradan masanın üzərindən 2 ədəd mobil telefon, habelə otaqda qara rəngli dolabın içərisindən 7 ədəd işlək vəziyyətdə olmayan mobil telefon, müxtəlif valyuta əskinasları aşkar edilərək qablaşdırılmışdır. Həmin gün ekspert rəyi Təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan olunarkən onlara Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş bükümlərin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 şahid X2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-kimyəvi ekspertizasının x xxxxxxxx 2019-cu il tarixli 22449 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs aşkar olunmuş maddə....” sözlər və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,318 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “vət Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş maddələr” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -11, 205 qr., 12,520 qr., 81,090 qr olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və həmin zərfdə , 3 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4, 750qr., 0,304 qr., 0,283qr. Ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 23021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixitrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 22789 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ ....Şübhəli şəxs Təqsirləndirilən şəxs ....” sözlər və imzalar olan bir ədəd zərfdəki 7 ədəd şprislərin və 2 ədəd elektron tərəzilərin üzərlərində heroin izləri vardır və iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqat aparmaq (eynilik) mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “ iki ədəd zərfdə heroinlər və metamfetaminlər” sözlər və imzalar olan ikinci zərfdəki ümumi 4 (dörd) ədəd bükümdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “ iki ədəd zərfdə heroinlər və metamfetaminlər” sözlər və imzalar olan ikinci zərfdəki ümumi 3 (üç) ədəd bükümdə olan metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzası 6 ay müdətinə azaldılmış və xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitəni satış məqsədilə əldə etmədiyi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri iş üzrə toplanmış sübutlarla üst-üstə gəldiyinə görə onları mötəbər sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 105 qrama yaxın heroin və 5 qramdan bir qədər çox metamfetamin almış və yaşadığı Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları 129-da yerləşən mənzilinə gətirib orada saxlamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində olarkən 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, onlardan nə səbəbə saxlanıldığını soruşduqda onlar narkotik vasitələrin istifadəsində və üzərində saxladıqları barədə məlumatlarının olduğunu izah etmişlər. Bundan sonra polis əməkdaşları ilə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə gəlmiş, bölmənin xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi təqdim edilməsini xahiş etmişdir. Ona müdafiəçi təqdim edilmişdir. Təyin olunmuş müdafiəçi X4 iştirakı ilə üzərində olan qeyri-qanuni əşyaları təqdim edilməsi bildirildikdə o, şəxsi istifadəsi üçün saxladığı heroini təqdim etmiş və üzərində başqa heç bir qeyri-qanuni əşya və maddə olmadığını, lakin, yaşadığı Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 129 saylı evdə əlavə narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra onun yaşadığı mənzilə razılığı ilə axtarış keçirilmişdir. Oradan mənzildə olan masanın üzərindən 2 ədəd sellofan kəsiyinə bükülmüş və 1 ədəd ağ sellofan kəsiyinə bükülmüş heroin və 2 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş və 1 ədəd qırmızı rəngli kağız parçasına bükülmüş metamfetamin və şprislər aşkar edilmişdir. Daha sonra mənzilə axtarış keçirilərək oradan 7 ədəd işlək vəziyyətdə olmayan və 2 ədəd işlək vəziyyətdə ona məxsus mobil telefonlar aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Həmçinin mənzilə baxış keçirilərkən müxtəlif valyutalara məxsus pul əskinasları da evin dolabından və masa üzərindən götürülmüşdür. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2019cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idman formasının sol cibindən 01 ədəd siqaretin gümüşü-qara kağız kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddəni çıxardaraq təqdim etmiş və yaşadığı ünvan 1 ünvanında əlavə narkotik maddələrin olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş mənzildə axtarış və götürmə haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış keçirilərkən oradan satış məqsədilə külli miqdarda qanunsuz olaraq əldə edib saxladığı 3 ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 11, 205 qram, 12,520 qram və 81,090 qram, ümumilikdə 104.815 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, habelə 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,705 qram, 0,304 qram və 0,283 qram, ümumilikdə çəkisi 5.292 qram ağ rəngli kristal formada maddələr olan metamfetamin, 7 ədəd 1 ml-lik içərisində heroin izləri olan şprislər və üzərində narkotik vasitə-heroin izləri olan 2 ədəd elektron tərəzi mənzilin giriş qapısından sağ tərəfdə yerləşən masanın üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında nümayiş edilən DVD diskdə də xx.xx.2019-cu il tarixli protokolda göstərilənlər təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- Bakı şəhəri Nəsimi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 104,933 qram heroin və 5,102 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 7 ədəd şpris müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs evində aşkar olunan 9 ədəd mobil telefon aparatlarının ayrılmış cinayət işinə əlavə edilməsi, 72 manat pulun (həmçinin ABŞ dolları və Gürcüstan larisi) özünə qaytarılmasını nəzərə alır. Ekspertiza xərcləri 156 manat 76 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri Nəsimi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 104,933 qram heroin və 5,102 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 7 ədəd şpris müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 156 manat 76 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar