Məhkəmə qərarları › İş №1(101)-253/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-253/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-253/2021 15.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X7 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X10 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1977-ci il mayın 31-də Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, bir azyaşlı uşağın atası olan, məhkumluğu olmayan, işləməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 ünvanındakı Bakı şəhərinin Nəsimi Rayon Polis İdarəsində qeydiyyatda olmaqla ünvan 3 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin əldə edib daşımaqla kirayədə yaşadığı ünvan 3 ünvanında saxlamış, 2020ci il aprelin 06-da saat 21 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aparılan axtarış zamanı həmin mənzilin qonaq otağındakı qəhvəyi rəngli dolabın içərisindən şəffaf plastmas qabda üç ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə təmiz çəkiləri 1,312 qram, 2,295 qram və 1,409 qram olan, ümumilikdə 5,016 qram təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin, üç ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə təmiz çəkiləri 0,809 qram, 0,440 qram və 0,365 qram olan, ümumilikdə 1,614 qram təmiz çəkidə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanan psixotrop maddə olan metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd şpris aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə saxladığı üçün məhkum olunmuş, azadlığa çıxdıqdan sonra da bədənindəki ağrılara görə Cəlilabad rayonunda adını bilmədiyi şəxsdən narkotik vasitə və psixotrop maddələr almaqla istifadə etmişdir. 2020-ci il martın ortalarında o, Cəlilabad rayonuna gedərək həmin şəxsdən 250 manat müqabilində yeddi ədəd şəffaf sellofana bükülü vəziyyətdə narkotik vasitə heroin və iki ədəd şəffaf sellofana bükülü vəziyyətdə psixotrop maddə metamfetamin almış, əldə etdiyi kütlələri şalvarının sol yan cibinə qoyub kirayədə yaşadığı ünvan 3 ünvanındakı qonaq otağında olan dolabdakı şəffaf qabın içində saxlamaqla arada qəbul etməyə başlamışdır. 2020-ci il aprelin 06-da saat 04 radələrində giriş qapısını döyən tanışı X6 gətirdiyi qara rəngli «Sony» markalı televizorun onda qalmasını, sabah gələrək götürəcəyini deyəndə o, etiraz etsə də sonuncu əl çəkmədiyindən razılaşmışdır. 2020-ci il aprelin 06-da saat 20 radələrində evinə polis əməkdaşları daxil olub iki nəfər hal şahidinin iştirakı ilə axtarış keçiriləcəyini bildirməklə ona qanunsuz maddə və ya əşya varsa, könüllü təqdim etməsi təklif olunmuş, o da gizlətməyin bir əhəmiyyəti olmadığını başa düşdüyündən qonaq otağındakı qəhvəyi rəngli dolabın orta gözündə olan şəffaf rəngli plastik qabın içərisində saxladığı üç ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini üzərindəki tərəzi və şpris ilə birlikdə təqdim edərək göstərilən kütlələri Cəlilabad rayonunda tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, suala cavab verərkən Zamiqin ona saxlamağa verdiyi televizorun yataq otağında olmasını demişdir, evindən aşkar edilən maddələrin qablaşdırılıb möhürlənməsini, habelə tərtib olunan protokol ucadan oxunduqdan sonra düzgünlüyünü o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. O, heç vaxt narkotiklərin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotiki və metamfetamini öz rahatlığı üçün tərəzidə çəkmiş və ayrı-ayrı bükümlərdə saxlamışdır. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, polis mayoru olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləyir. 2020-ci il aprelin 06-da ünvan 5 ünvanında baş verən oğurluq hadisəsi ilə bağlı X2 istintaq orqanına təqdim edilmişdir. Sonuncu şübhəli şəxs qismində verdiyi ifadədə həmin ünvandan oğurladığı bir ədəd «Sony» markalı televizoru saxlamaq üçün tanışı Təqsirləndirilən şəxs verdiyini söyləmişdir. Bununla əlaqədar o, şöbənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə getdiyi ünvan 3 ünvanında Təqsirləndirilən şəxs qərar elan edilib mənzildə axtarış keçiriləcəyi bildirilərkən sonuncu heç bir etiraz etməmiş və ondan bu barədə ərizə alınmışdır. Bundan sonra oraya dəvət edilən hal şahidləri Şahid1 və Şahid2 hüquqları və vəzifələri izah olunmuşdur. Axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə qanunsuz saxladığı hər hansı maddə və ya əşya varsa, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu da mənzilin qonaq otağındakı qəhvəyi rəngli dolabda narkotik vasitə və psixotrop maddə saxladığını deməklə dolabın orta gözündə olan şəffaf rəngli plastik qabı çıxararaq təqdim etmişdir. Onların və hal şahidlərinin iştirakı ilə qabın içərisindən bir ədəd elektron tərəzi, üç ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli, üç ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalik maddələr, bir ədəd şəffaf polietilen paketdə kristallik kütlə, bir ədəd şpris aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən üç ədəd bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, üç ədəd bükümdəki ağ rəngli kristallik kütlənin psixotrop maddə metamfetamin, bir ədəd paketdəki kristallik kütlənin limon duzu olmasını, aşkarlanan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Cəlilabad rayonu ərazisində adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 250 manata aldığını, Zamiq adlı tanışının saxlamaq üçün verdiyi televizorun yataq otağında olduğunu söyləmişdir. Mənzildən aşkarlanan bükümlər paketə qoyulub qablaşdırılmaqla möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bütün hərəkətlər protokollaşdırılaraq tərtib olunan protokol ucadan oxunmuş və onun düzgünlüyü iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotikin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə dövründə polis leytenantı rütbəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 Şahid3la analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid1 və Şahid2 2020-ci il aprelin 06-da saat 21 radələrində ünvan 3 ünvanında keçirilən əməliyyat-axtarış tədbirində hal şahidləri qismində iştirak etdiklərini bildirib Şahid3la uyğun ifadə verdilər. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əri olmaqla onların hazırda qohumgildə yaşayan 2015-ci 26 noyabr təvəllüdlü uşağı vardır, müqavilə əsasında Raminlə bərabər ünvan 3 ünvanında yaşayış sahəsi kirayələsə də sonuncunun narkoman olması səbəbindən aralarında narazılıq yaranaraq onlar ayrı-ayrı otaqlarda qalmışlar və əri onu öz otağına buraxmamış, gününü narkotik qəbul edib yatmaqla keçirmişdir. Axırıncı dəfə mübahisə nəticəsində o, yaşadıqları mənzildən çıxıb qohumunun evinə getmişdir. 2020-ci il aprelin 06-da saat 21 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən onun mobil telefonuna gələn zəngdən Raminin narkotik vasitələrdən istifadə etdiyinə görə şübhəli şəxs qismində saxlanması barədə bilmişdir. Əri öz otağında narkotik vasitə və psixotrop maddə saxlaması haqqında ona heç bir söz deməmişdir. Raminin narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını bilməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, ünvan 3 onunla arvadı X1 məxsus olmaqla kirayə müqaviləsinə əsasən 2019-cu ilin sentyabr ayından iki il müddətinə ayda 300 manat ödəmək şərti ilə Təqsirləndirilən şəxs ailəsinə verilmişdir. 2020-ci ilin aprel ayında o, Raminin narkotik maddələrdən istifadə etdiyinə görə saxlandığını öyrənmiş, bundan əvvəl sonuncunun narkoman olduğunu bilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 08 iyun tarixli qərarından görünür ki, istintaqı Azərbaycan Respublikasının CMnin 177.2.2.-ci, 177.2.3.-cü və 234.4.3.-cü maddələri ilə aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 1-3). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 06 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında aparılan axtarış zamanı sonuncu könüllü şəkildə qonaq otağındakı dolabın orta hissəsindən bir ədəd elektron tərəzi və bir ədəd şpris ilə yanaşı yeddi ədəd şəffaf sellofan büküm təqdim etməklə üç bükümdə narkotik vasitə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə limon duzu, yataq otağındakı çarpayının üzərində bir ədəd «Sony» markalı televizor olduğunu bildirmiş, aşkarlanan maddələr və əşyalar götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 73-79). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 06 aprel tarixli 6/380 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs evindən aşkar olunmuş…» yazılı paketdəki üç ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,312 qram, 2,295 qram və 1,409 qram, ümumi təmiz çəkisi 5,016 qram olan qəhvəyi və tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və tərkib komponentlərə görə eyni olan iki ədəd bükümdəki qəhvəyi rəngli narkotik vasitə heroin bir ədəd bükümdəki tünd qəhvəyi rəngli narkotik vasitə heroin ilə xarici əlamətlərinə və tərkib komponentlərə görə fərqlidir; üç ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,809 qram, 0,440 qram və 0,365 qram, ümumi təmiz çəkisi 1,614 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkib komponentlərə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; bir ədəd polietilen paketdəki rəngli xırda kristallardan ibarət maddə limon turşusudur; bir ədəd plastmas qabın içərisində, bir ədəd elektron tərəzinin və bir ədəd şrpisin üzərində narkotik vasitə heroinin izlərinin üç ədəd bükümdəki narkotik vasitə heroin ilə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmamışdır; narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 4,866 qram və 1,464 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 86- 89). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 06 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2220-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 105- 106). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 08 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham ona elan olunmuşdur (1-ci cild, iş vərəqi 180-181). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 08 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il aprelin 06-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 211-213). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 10 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar olunan üç ədəd bükümdə cəmi 5,016 qram təmiz çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə cəmi 1,614 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd plastmas qab, bir ədəd elektron tərəzi və bir ədəd şpris maddi sübut kimi tanınmaqla narkotik vasitə heroinin 4,866 qram, psixotrop maddə metamfetaminin 1,464 qram çəkidə qalıqları və qeyd edilən digər əşyalar saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (2-ci cild, iş vərəqi 5-6). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2020-ci il mayın 11-də tərtib etdiyi tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2007-ci il 23 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2009-cu il mayın 07-də Azərbaycan Respublikası Milli Məclisinin «Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında» 2009-cu il 17 mart tarixli Qərarına əsasən cəzadan azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2010-cu il 24 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 185.2.1.-ci, 326.1.-ci, 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2013-cü il iyunun 16-da cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir (2-ci cild, iş vərəqi 22-34). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 01 iyun tarixli 1412 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 42-43). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon MKTB-nin 75 saylı MKİS-nin tərtib etdiyi 2020-ci il 15 iyun tarixli 21 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşamaqla göstərilən müddət ərzində barəsində sahəyə heç bir şikayət və ya təqsirləndirici material daxil olmamışdır (2-ci cild, iş vərəqi 89- 90). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 12 may tarixli 7672 nömrəli məktubundan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 17 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsindəki X4 adına qeydiyyata alınan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəsinə 2020-ci il yanvarın 12-dən 2020-ci il martın 30-dək daxil və xaric olan smslərin, 2020-ci il yanvarın 01-dən 2020-ci il aprelin 08-dək daxil və xaric olan zənglərin siyahısına və həmin siyahının anten dairəsinin əks olunduğu materiallara baxış vaxtı iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar olunmamış, bir ədəd CD diski cinayət işinin materiallarına əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 91-93). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin 2020-ci il 04 avqust tarixli 102-6643-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair daxil olan əməliyyat məlumatını yoxlamaq, habelə sonuncunun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (2-ci cild, iş vərəqi 109). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 11 avqust tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 11 avqust və 2020-ci il 13 avqust tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncunun evindən aşkar olunan üç ədəd bükümdə cəmi 5,016 qram təmiz çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə cəmi 1,614 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd plastmas qab, bir ədəd elektron tərəzi və bir ədəd şpris maddi sübut kimi tanınmaqla narkotik vasitə heroinin 4,866 qram, psixotrop maddə metamfetaminin 1,464 qram çəkidə qalıqları və qeyd edilən digər əşyalar saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən olunması üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrılmış, Şahid5 barəsində Azərbaycan Respublikasının CM-nin 307-ci maddəsi ilə, Şahid6 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (2-ci cild, iş vərəqi 110-121, 123-124 və 133- 134). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 5,016 qram çəkidə narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 1,614 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 5,016 qram çəkidə narkotik vasitə heroin və 1,614 qram çəkidə psixotrop maddə olan metamfetamin müvafiq qaydada külli miqdar və şəxsi istehlak miqdarından artıq miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər, o cümlədən hal şahidləri ittihamda satışla bağlı göstərilənləri təsdiq etməməklə saxlanılan şəxsin, yəni Təqsirləndirilən şəxs ünvan 3 ünvanındakı mənzilinin qonaq otağında olan qəhvəyi rəngli dolabın içərisindən şəffaf plastmas qabda şəxsi istifadəsi üçün saxladığı altı ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli və psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalik kütlələrin aşkarlanmasını, göstərilən şəxsin narkotikin satışı ilə məşğul olması barədə onlarda məlumat olmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs ünvan 3 ünvanındakı qonaq otağındakı qəhvəyi rəngli dolabın içərisindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri də ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olubolmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi 5,016 qram qram çəkidə narkotik vasitə heroinin və 1,614 qram çəkidə psixotrop maddə olan metamfetaminin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 4,866 qram çəkidə narkotik vasitə heroin və 1,464 qram çəkidə psixotrop maddə metamfetamin özüözlüyündə müvafiq qaydada külli miqdar və şəxsi istehlak miqdarından artıq miqdar olmasına baxmayaraq təqsirləndirilən şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə, yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 5,016 qram qram çəkidə narkotik vasitə heroinin və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,614 qram çəkidə psixotrop maddə metamfetaminin onun tərəfindən satış məqsədi ilə deyil, gələcəkdə özünün şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin yalnız külli miqdar təşkil edən müvafiq qaydada 5,016 qram və 1,614 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 4-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur»; 8-ci bəndində «məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın»; 10-cu bəndində «məhkəmə hökmdə təqsirkarın cinayət etməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 4,866 qram çəkidə narkotik vasitə heroinin və 1,464 qram çəkidə psixotrop maddə metamfetaminin qalıqları, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd plastmas qab, bir ədəd elektron tərəzi və bir ədəd şpris məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd CD diski nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 40 iş saatı, məhkəmə istintaqında isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 32 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il aprelin 06-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il aprelin 06-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 4,866 qram çəkidə narkotik vasitə heroinin və 1,464 qram çəkidə psixotrop maddə metamfetaminin qalıqları, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd plastmas qab, bir ədəd elektron tərəzi və bir ədəd şpris məhv edilsin, cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd CD diski nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar