Məhkəmə qərarları › İş №1(101)-2534/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2534/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2534/2023 26.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinə 14 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə şifahi vəsatət verərək ibtidai araşdırma zamanı təsirləndirilən şəxsin müdafiə hüququ kobud surətdə pozulduğundan cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən kobud qanun pozuntusuna yol verilmiş və Təqsirləndirilən şəxs hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayaraq məhkəmə prosesinin digər iştirakçılarının fikrini dinləyib cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə yol verilmiş pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil və bu səbəbdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə verilən şifahi vəsatət təmin edilməli və cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müraciəti əsasında onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə araşdırma aparılmış və 1 noyabr 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Təqsirləndirilən şəxs qərarın göndərilməsi və narazı qaldığı halda, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna, yuxarı prokurora və Bakı şəhəri Nərimanov rayon məhkəməsinə şikayət etmək hüququnun izah edilməsi nəzərdə tutulsa da, cinayət işinin materiallarından görünür ki, həmin qərar Təqsirləndirilən şəxs göndərilməmiş və ona həmin qərardan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna, yuxarı prokurora və Bakı şəhəri Nərimanov rayon məhkəməsinə şikayət etmək hüququ izah edilməmişdir (cild 1, iş vərəqə 126-129). İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: -Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. -Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 300.1, 300.1.5, 300.4.1, 303.3.1, 303.4, 306.2 və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı :

1. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə verilən şifahi vəsatət təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbinin kobud surətdə pozulmasına yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərarın surəti məlumat üçün bu iş üzrə cinayət prosesinin iştirakçılarına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar